İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 14-cü prezident seçkilərinin ilk dəqiqələrində səsverməyə qatılaraq İmam Xomeyni (r.ə) adına hüseyniyədə səs verdi.
İslam İnqilabının Rəhbəri 110 saylı səyyar seçki qutusunda səsini verdikdən sonra seçki gününün iranlılar üçün sevinc və xoşbəxtlik günü olduğunu qeyd edərək İslam Respublikasının gücünün xalqın seçkilərdəki iştirakı ilə şərtləndiyini vurğuladı: “Əziz İran xalqı səsvermə məsələsini və bu mühüm siyasi sınaqda iştirakı ciddi qəbul etməli və heç bir tərəddüdə yol verməməlidir”.
Ayətullah Xamenei xalqın seçkilərdəki izdihamının və seçicilərin çoxluğunun İslam Respublikası üçün qəti ehtiyac olduğunu dedi: “Adından da göründüyü kimi, İslam Respublikasının mahiyyətində xalqın varlığı nəzərə alınır. Buna görə də İslam Respublikasının dünyadakı nüfuzu və şərəfi xalqın varlığından asılıdır”.
O, seçkilərdə iştirakdan çəkinməyə heç bir əsas olmadığını vurğuladı: “Seçkilərdə iştirak zəhmətsiz və vaxt almayan bir iş olsa da, çoxlu faydaları var, məxsusən də prezidentin seçilməsi ölkənin bir neçə illik gələcəyini müəyyən etmək deməkdir.”
İslam Respublikası sisteminin etibarlılığı və düzgünlüyünü sübut etmək üçün xalqın seçkilərdəki iştirakının zəruri və vacib olduğunu deyən İslam İnqilabının Rəhbəri ümidvar olduğunu bildirdi: “Allah-taala ən yaxşı və faydalı seçimi ölkəmizə nəsib etsin”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda dedi: “Ümidvaram ki, Allahın lütfü ilə qarşıdan gələn illər İran üçün yaxşı illər olacaq və xalq öz seçimindən razı qalacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir