Məsələ 681. Məsumun (ə) dövründə Qurban bayramı namazları vacibdir və camaatla qılınmalıdır. İndiki dövrdə isə (böyük qeyb dövrü olduğuna görə) bu bayram namazını qılmaq müstəhəbdir.
Məsələ 682. Qurban bayramı namazının vaxtı bayram günü Günəş doğandan zöhrədəkdir.
Məsələ 683. Qurban bayramı namazını Günəş üfüqdən qalxdıqdan sonra qılmaq müstəhəbdir.
Məsələ 684. Qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə “Həmd” və “Surə”dən sonra beş təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir. İkinci rəkətdə isə “Həmd” və “Surə”dən sonra dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir və səcdələrdən sonra təşəhhüd və salam deyilərək namaz tamamlanır.
Məsələ 685. Qurban bayramı namazında “Həmd” və “Surə”ni ucadan oxumaq müstəhəbdir.
Məsələ 686. Bayram namazında “Həmd”dən sonra xüsusi bir “Surə”nin oxunması qeyd edilməyib. Amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms” surəsi və ikinci rəkətdə “Ğaşiyə” surəsi oxunsun. Yaxud birinci rəkətdə “Ə`la” surəsi və ikinci rəkətdə “Şəms” surəsi oxunsun.
Məsələ 687. Qurban bayramı namazının qunutunda istənilən dua və zikr deyilə bilər və kifayət edir. Amma daha yaxşı olar ki, savab əldə etmək ümidilə bu dua oxunsun:
“Əllahummə əhləl-kibriyai vəl-əzəməti, və əhləl-cudi vəl-cəbəruti, və əhləl-əfvi vər-rəhməti, və əhlət-təqva vəl-məğfirəti. Əs`əlukə bi-həqqi hazəl-yəvmi, əlləzi cəəltəhu lil-musliminə i͠dən, və li-Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və Alə-Muhəmmədin, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və Alə-Muhəmmədin, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun, və əuzu bikə mimma istəazə minhu ibadukəl-muxləsun.”
Məsələ 688. Bayram namazının qunutunda uzun və ya qısa dua oxumağın maneəsi yoxdur. Amma qunutların sayını azaldıb-artırmağa icazə verilmir.
Məsələ 689. Əgər bir şəxs bayram namazının təkbirləri və ya qunutlarının sayında şəkk etsə, təkbir və ya qunutun yeri keçmədiyi təqdirdə, az sayı götürməlidir. Amma əgər sonradan məlum olsa ki, onu deyibdir, iradı yoxdur.
Məsələ 690. Əgər bir şəxs bayram namazında “qiraət”i (“Həmd” və “Surə”ni oxumağı), ya təkbirləri və ya qunutları deməyi unutsa, namaz düzgündür. Amma əgər rükunu, ya iki səcdəni və ya təkbirətul-ehramı unutsa, namaz düzgün deyildir.
Məsələ 691. Qurban bayramı namazının qəzası yoxdur.