Ali Məqamlı Rəhbərin informasiya bloku

Müstəhəb qurbanlığın hökmləri

Müstəhəb qurbanlıq
Sual: Qurbanlığın kəsilməsi yalnız həcdə vacibdirsə, Qurban bayramı günü biz qurbanlığı hansı niyyətlə kəsməliyik?
Cavab: Qurban bayramı günü qurban kəsmək müstəhəbdir və bu, vacib həcc ziyarətində Mina adlı məkanda kəsilən qurban deyildir. Yaşadığınız yerdə sizin kəsdiyiniz qurbanlıq Qurban bayramının müstəhəb qurbanlığı niyyətilədir.

Sual: Həcc ziyarətində olmayan şəxslərin qurban kəsməsi vacibdir, yoxsa müstəhəbdir?
Cavab: Müstəhəbdir.

Sual: Ailədə olan şəxslərdən ikisinin qurbanlıq kəsməyə maddi imkanı çatır. Belə olduqda, hər ikisinin qurbanlıq kəsməyi vacibdirmi?
Cavab: Həcc ziyarətini yerinə yetirən şəxsin həcc əməli ünvanında qurbanlıq kəsməyi vacibdir. Qurban bayramı günü həcdə olmayan şəxsin isə qurban kəsməyi müstəhəbdir.

Sual: Qurban bayramında bir neçə şəxs şərik olaraq qoyun kəsə və fəqirlərə paylaya bilərlərmi? Bu şəkildə kəsilən qurbanlığın hökmü nədir?
Cavab: Maneəsi yoxdur.

Sual: Sədəqə ayırdığımız pul ilə Qurban bayramında dana və ya qoç alıb qurban kəsib, onun ətini ehtiyaclılara ehsan etmək olarmı, yoxsa olmaz?
Cavab: Olar.

Sual: Bəzi yerlərdə qurban kəsdirmək üçün belə bir adət mövcuddur. Belə ki, qurbanlıq niyyətilə kəsiləcək heyvanın pulu əvvəlcədən razılaşıb verilmir, əksinə, əvvəlcə heyvan seçilir və kəsilir, sonra ət tərəziyə vurulur və neçə kiloqram gəlirsə onun pulu qəssaba (belə ki, qoyunu satan şəxs həm də qəssablıq edir) verilir. Bu şəkildə qurban kəsdirməyin hökmü nədir? Əgər bir şəxs bu şəkildə qurban kəsdirsə, onun boynunda olan əhd, and və ya nəzir qurbanı boynundan götürülərmi?
Cavab: Suala əsasən, bu şəkildə qurbanlıq kəsdirməyin maneəsi yoxdur. Baxmayaraq ki, heyvanın pulu öncədən ödənilmir, amma seçilən heyvan qurbanlıq niyyətilə kəsildiyinə görə, qurbanlıq hesab olunur. Buna görə də şəxs öz nəzirini, andını və s. yerinə yetirmiş olur.

Sual: Bir şəxs başqa bir şəxsə zəng edərək deyir ki, mənim adıma qurbanlıq niyyətilə qoyun kəs, gəlib götürəcəyəm. Həmin şəxs gedir və kəsilmiş heyvanın çəkisini hesablayaraq pulunu verir və əti götürür. Bu, qurbanlıq hesab edilirmi?
Cavab: Əgər qəssab onun niyyətilə və onun tərəfindən qoyunu kəssə və əti çəkdikdən sonra qoyunun pulunu alsa, bunun maneəsi yoxdur. Amma kəsilmiş qoyunu qurban niyyətilə almaq, qurbanlıq hesab olunmur.

Qurbanlıq olaraq kəsilən heyvanın şərtləri
Sual: Hansı heyvanlardan qurban kəsmək olar və onların yaşı nə qədər olmalıdır?
Cavab: Müstəhəb qurbanlıqda heyvan üçün xüsusi şərtlər, yəni vacib qurbanlıqda mövcud olan şərtlər qeyd edilməyibdir. Müstəhəb qurbanlığın qoyun, keçi, inək və ya dəvə olması kifayət edir.

Sual: Qurbanlıq olaraq hansı heyvanları kəsə bilərik? Bu heyvan toyuq və ya xoruz ola bilərmi?
Cavab: Müxtəlif hallar mövcuddur. Bəzi hallarda, o cümlədən əqiqə və ya kəffarə qurbanlığında, Qurban bayramının vacib və müstəhəb qurbanlığında ən azı qoyun kəsilməlidir. Bundan azı qurbanlıq hesab olunmur. Qurban bayramının müstəhəb qurbanlığında əgər bir şəxsin qoyun almağa pulu çatmırsa, başqaları ilə şərik ola və bu təkid olunan müstəhəb əməli yerinə yetirə bilər. Salamatlıq və bəlanın dəf olması üçün toyuq-xoruz kəsib, sədəqə vermək faydalı olar, inşallah.

Sual: Camışı qurban kəsmək olarmı?
Cavab: Camışı qurban kəsməyin heç bir maneəsi yoxdur.

Sual: Dişi heyvan qurbanlıq kəsilə bilərmi?
Cavab: Maneəsi yoxdur.

Sual: Qurban bayramında kəsilən qurbanlığı necə paylamalıyıq? Qurban ətindən kimlərə, neçə nəfərə vermək lazımdır və insan özünə nə qədər ət götürə bilər? Qurban kəsiminin sərtləri barəsində ətraflı məlumat verməyinizi xahiş edirik.
Cavab: Müstəhəb qurbanlıqda heyvan üçün xüsusi şərtlər qeyd edilməyibdir. Xüsusi şərtlər həccin vacib qurbanlığına aiddir, amma müstəhəb qurbanlığın həcc qurbanlığının şərtlərinə malik olması müstəhəbdir. Müstəhəb qurbanlığın qoyun, keçi, inək və ya dəvə olması kifayət edir. Həmçinin qurbanlığın ətini fəqir insanlara paylamaq bəyənilən və savablı işdir, amma hədislərdə tövsiyə edilən və müstəhəb buyurulan əməl qurban kəsməyin özüdür.

Sual: “İsmayıl qurbanı” haqqında soruşmaq istəyirəm. Maaşa baxan adamam. Mən qurbanlığın nə qədərini paylayıb, nə qədərini özümə saxlaya bilərəm?
Cavab: Qurban ətini fəqirlərə paylamaq bəyənilən və savablı işdir. Amma hədislərdə vurğulanan və müstəhəb buyurulan əməl qurban kəsməyin özüdür.

Sual: Əhd qurbanı olan bir şəxs əgər onu Qurban bayramında kəsərsə, niyyəti necə etməlidir? Qurban bayramının qurbanlığı niyyətini etsin, yoxsa əhd qurbanı niyyətini etsin? Yaxud da hər iki niyyəti edib qurbanı kəsə bilər? Bu halda o, Qurban bayramının savabından yararlana biləcəkmi?
Cavab: Bu şəxsin boynunda olan vəzifə niyyətilə – həm vacib, həm də müstəhəb vəzifə niyyətilə qurban kəsməsinin maneəsi yoxdur.

Sual: Bizim ürfdə Qurban bayramında heyvanı kəsməzdən öncə ona duz yalatdırır və qurban duasını heyvanın kəsiləcəyi bıçağa bir gün əvvəldən və ya həmin gün oxutdururlar. Bu işlərin şəri əsası varmı?
Cavab: Sualda qeyd edilən məsələlər şəriətdə yoxdur.

Sual: Mən qəssabla danışmışam ki, qurbanlığı bu gün kəssin. Amma o, qurbanlığı bir gün tez kəsib və deyir ki, elə bilmişəm həmin günə danışmışıq. Bildiyiniz kimi, bəziləri bayramı bir gün tez qeyd edirlər, amma bayram bu gündür. Belə olan halda kəsdirdiyim qurbanlıq iradlıdırmı?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Müstəhəb qurbanlığı iki dəfə kəsmək olarmı?
Cavab: Maneəsi yoxdur.

Sual: Əgər Qurban bayramında iki və ya üç nəfər yığışıb qoyun, ya qoç kəsmək istəsələr, onların hamısı qurbanlıq kəsmiş sayılırlarmı?
Cavab: Ümumiyyətlə, müstəhəb qurbanlıqda bir neçə nəfərin şərik olmasının maneəsi yoxdur.

Sual: Qurban bayramı günü neçə nəfər şərik olub bir qoyun kəsə bilər? Ən çox neçə nəfər şərik ola bilər?
Cavab: Ümumiyyətlə, müstəhəb qurbanlıqda bir neçə nəfərin şərik olmasının iradı yoxdur və bunun üçün müəyyən bir say deyilməyibdir.

Sual: Deyirlər ki, Qurban bayramı günündə bir neçə nəfər şərik olub kasıblara paylamaq üçün qoyun deyil, inək və ya dəvə kəsdirə bilər. Yəni qoyunu şərikli kəsdirib kasıblara paylamaq olmaz. Bu söz düzdürmü?
Cavab: Ümumiyyətlə, müstəhəb qurbanlıqda, hətta qurbanlıq qoyun olsa belə, bir neçə nəfərin şərik olmasının iradı yoxdur.

Qurban kəsməyin vaxtı və müddəti
Sual: Qurban bayramı günündə qurbanlıq heyvanı gün cıxmamış kəsmək olarmı?
Cavab: Qurban bayramının müstəhəb əməllərindən biri qurban kəsməkdir və bunun üçün xüsusi bir zaman qeyd edilməyibdir. Qurbanlığın Qurban bayramı günü kəsilməsi müstəhəbdir.

Sual: Zilhiccə ayının 9-u Qurban bayramı niyyətilə qurbanlıq kəsmək olarmı?
Cavab: Əgər müstəhəb qurbanlığı nəzərdə tutursunuzsa, onu zilhiccənin 9-u kəsməyin maneəsi yoxdur, amma onu Qurban bayramı günü kəsmək müstəhəb buyurulub.

Sual: Mən nəzirin xüsusi şəri cümləsini dilə gətirərək nəzir etmişdim ki, Qurban bayramı günündə bir qurban kəsərəm. Amma buna maddi imkanım olmadı. İndi nəzirin qəzasını yerinə yetirmək üçün gələn ilin Qurban bayramı gününü gözləməliyəm, yoxsa imkan olan kimi istənilən vaxt qurbanı kəsə bilərəm?
Cavab: Əgər sizin nəziriniz keçmiş Qurban bayramına aid olubsa və onu yerinə yetirməyə imkanınız olmayıbsa, həmin nəzirə görə – istər gələn ilin Qurban bayramı günü, istərsə də hansısa bir gün – sizin üzərinizə heç bir vəzifə düşmür.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər