İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Həzrət İmam Xomeyninin (r.ə) səmalara yüksəlişinin otuz beşinci ildönümünə toplaşmış böyük insan izdihamı qarşısında çıxışı zamanı mərhum İmamın baxışları və yanaşmalarında Fələstin məsələsinin mühüm əhəmiyyət daşıdğını vurğuladı: “Böyük İmamın 50 il bundan öncə Fələstinlə bağlı verdiyi proqnoz tədricən gerçəkləşməkdədir; möcüzə yaradan “Əl-Əqsa fırtınası” əməliyyatı düşmənlərin regiona və İslam dünyasına ağalıq etmək üçün çəkdikləri geniş planı alt-üst edərək sionist rejimi məhv etməkdədir. Qəzza əhalisinin təqdirəlayiq imanlı dirənişi sayəsində işğalçı rejim dünya əhalisinin gözləri önündə əriməkdədir”.
Həzrət Ayətullah Xamenei habelə şəhid prezidentin xüsusiyyətləri və xidmətlərini yüksək qiymətləndirərək, xidmət şəhidlərinin vida mərasimindəki məzmunlu və əzəmətli iştirakına görə xalqa təşəkkür etdi: “Qarşıdan gələn çox mühüm seçkilər eposu xalqın xidmət şəhidlərinin vida mərasimindəki qəhrəmanlıq dastanının təkmilləşdiricisidir. İnşallah xalqın hərarətli iştirakı, yüksək səsverməsi və əxlaqın seçki rəqabətləri üzərindəki hökmranlığı sayəsində işgüzar, fəal, ayıq və İnqilab prinsiplərinə bağlı bir prezident seçiləcək. İqitsadi və mədəni boşluqların dolması ilə yanaşı xalqın regional və qlobal maraqları qorunub təmin olunacaq”.
İslam Respublikasının banisinin pak hərəmində keçirilən bu izdihamlı mərasimdə İnqilabın Rəhbəri qeyd etdi ki, xalqın hər il təşkil etdiyi izdihamlı mərasimin məqsədi İmamın xatirəsini təzələmək, onun ölkənin idarəçiliyi və inkişafı istiqamətindəki dərslərindən faydalanmaq və İnqilabın hədəflərini gerçəkləşdirməkdir.
Həzrət Ayətullah Xamenei çıxışının birinci hissəsində Fələstin məsələsinin İmamın fikirləri və baxışlarındakı əhəmiyyətindən danışdı: “İmam islami hərəkatın ilk günündən Fələstin məsələsi üzərində dayanmış, dəqiq uzaqgörənliyi ilə Fələstin xalqının inkişaf istiqamətini proqnozlaşdırmışdır. İmamın bu çox mühüm proqnozu tədricən gerçəkləşməkdədir”.
O qeyd etdi ki, islami hərəkatın ilk günündən qəddar və zalım diktatura rejiminin, habelə hakimiyyət və etibar sahibi olduğu bir vaxtda SSRİ-nin çökəcəyi ilə bağlı verdiyi proqnoz İmam Xomeyniyə xas olan öncəgörənliyin iki digər nümunəsidir.
İslam İnqilabının Rəhbəri bildirdi ki, sazişlə bağlı müzakirələrə ümid bəsləməmək, Fələstin xalqının hüquqlarının əldə edilməsi və əməl meydanındakı fəaliyyəti, bütün xalqların, xüsusilə müsəlman xalqların Fələstin xalqına dəstək verməsi İmam Xomeyninin Fələstin xalqının qələbəsi ilə bağlı baxışlarının xülasəsidir: “Bu böyük hadisələr indi hal-hazırda gerçəkləşməkdədir”.
İnqilabın Rəhbəri sionist rejimin “Əl-Əqsa fırtınası” nəticəsində küncə sıxışdığına işarə edərək dedi: “ABŞ və bir çox Avropa dövlətləri bu rejimi dəstəkləməkdə davam etsələr də, özləri də bilirlər ki, işğalçı rejimə xilas yolu yoxdur”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, regionun mühüm ehtiyacını təmin etmək və cinayətkar rejimə əsaslı bir zərbə endirmək “Əl-Əqsa fırtınası” əməliyyatına xas olan iki mühüm xüsusiyyətdir: “ABŞ, qlobal sionizm ünsürləri və bəzi region dövlətləri regiondakı balansı və münasibətləri dəyişmək üçün böyük və dəqiq bir plan işləyib hazırlayıblar. Onlar sionist rejimlə region dövlətləri arasında nəzərdə tutduqları əlaqələri yaratmaqla mənfur sionist rejimin Qərbi Asiya və bütün İslam dünyasının siyasəti və iqtisadiyyatına ağalıq etməsinə zəmin yaratmaq istəyirlər”.
O əlavə etdi: “Bu mənfur plan icra mərhələsinə anbaan yaxınlaşırdı ki, möcüzə yaradan “Əl-Əqsa fırtınası” ABŞ, sionist rejim və onların qulbeçələrinin bütün planlarını göyə sovurdu. Belə ki, son 8 ay ərzində baş verən hadisələr nəticəsində həmin planın yenidən diriləcəyinə artıq heç bir ümid qalmayıb”.
İnqilabın Rəhbəri qeyd etdi ki, mənfur rejimin analoqsuz cinayətləri və sərhədsiz qəddarlığı, eyni zamanda ABŞ-ın bu vəhşilikləri dəstəkləməsi sionist rejimin regiona ağalıq etməsi məqsədilə çəkilmiş qlobal planın iflasa uğramasına verilmiş əsəbi reaksiyalardır.
O, “Əl-Əqsa fırtınası”nın ikinci xüsusiyyətinə, yəni sionist rejimə endirilmiş bərpaolunmaz zərbəyə aydınlıq gətirərkən ABŞ, Avropa, hətta mənfur rejimə bağlı olan ekspert və analitiklərin etiraflarına istinad etdi: “Onlar da etiraf etdilər ki, işğalçı rejim iddia etdiyi bütün güc və qüdrəti ilə bir qrup müqavimətçidən ağır məğlubiyyət aldı və 8 aydan sonra özünün minimum hədəflərindən heç birinə nail ola bilmədi”.
Həzrət Ayətullah Xamenei qərbli bir analitikin “Əl-Əqsa fırtınası”nin XXI əsri dəyişmək qüdrəti ilə bağlı fikrinə işarə edərək dedi: “Digər analitiklər və tarixçilər də rejimin başını itirdiyini, çaşqınlıq içərisində olduğunu, əks mühacirət dalğasının cərəyan etdiyini, rejimin işğal altında olan ərazilərin sakinlərini qoruya bilmədiyini, sionist layihəsinin son nəfəslərini verdiyini bildirir, dünyanın sionist rejimin sonunun astanasında olduğunu vurğulayırlar”.
O. Fələstin məsələsinin dünyanın birinci dərəcəli məsələsinə çevrilməsinə, London, Paris və ABŞ universitetlərindəki etiraz aksiyalarına işarə edərək dedi: “Amerikan-sionist media və təbliğat mərkəzləri Fələstin məsələsini unutdurmaq üçün uzun illər mütəmadi olaraq çalışdılar, amma “Əl-Əqsa fırtınası” və Qəzza əhalisinin dirənişi sayəsində Fələstin hal-hazırda dünyanın birinci dərəcəli məsələsidir. ABŞ da xalqların beynəlxalq konsnesusu qarşısında passiv mövqeyə keçib, gec-tez əlini sionist rejimin arxasından da çəkmək məcburiyyətində qalacaq”.
İnqilabın Rəhbəri Qəzza əhalisinin müsibətləri, o cümlədən 40 min nəfərin şəhadəti, 15 min uşaq və südəmər körpənin qətlə yetirilməsinin Fəlsətin xalqının sionistlərin əlindən xilas olması istiqamətindəki ağır xərci olduğunu dedi: “Qəzza əhalisi İslam imanı və Quran ayələrinə inamı sayəsində çətinliklərə davam gətirir, heyrətamiz dirənişi ilə qəhərmanlıq tarixi yazan müqavimət mübarizələrini müdafiə edir”.
O, sionist rejimin böyük müqavimət cəbhəsinin imkanları ilə bağlı olan yanlış hesablamalarının bu rejimin dalana girməsinə səbəb olduğunu, nəticədə ardıcıl məğlubiyyətlərə uğradığını, Allahın gücü və qüdrəti ilə bu dalandan xilas yolunun olmayacağını dedi.
İnqilabın Rəhbəri Fələstinlə bağlı fikirlərini bu cümlələrlə yekunlaşdırdı: “Qərbin bütün təbliğatlarına rəğmən, sionist rejim dünya əhalisinin gözləri önündə əriyib tamamlanmaqdadır. Xalqlarla yanaşı dünyanın bir çox siyasətçiləri, hətta sionistlər də bu gerçəyi anlayıblar”.
İnqilabın Rəhbəri çıxışının ikinci hissəsində əziz, işgüzar və qiymətli prezident və yoldaşlarının ürək yandıran şəhadətindən danışdı: “Prezidentin yoldaşlarından hər biri öz növbəsində qiymtəli şəxsiyyət idi”.
Həzrət Ayətullah Xamenei prezidentin yoldaşlarını hörmətlə yad edərək dedi: “Mərhum Ali Haşim Təbriz şəhərinin layiqli, fəal, xalqın adamı olan imam cüməsi, Rəhbərin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və qiymətli bir şəxsiyyət idi. O, cəmiyyətin bütün sinifləri, o cümlədən gənclər, tələbələr, incəsənət adamları və idmançılarla səmimi və işgüzar münasibətlər qururdu”.
İnqilabın Rəhbəri əlavə etdi: “Xarici işlər naziri cənab Əmir Abdullahiyan üsul və prinsiplərə bağlı, güclü müzakirə qabiliyyəti olan, fəal, işgüzar və təşəbbüskar bir adam idi. Onun digər yoldaşları da – həm Şərqi Azərbaycan əyalətinin valisi, həm prezidentin mühafizə xidmətinin rəisi olan o qardaş, həm də digər üç nəfər uçuş personalı – tanıyan adamların dediklərinə görə, layiqli, seçkin və mömin adamlar idi”.
O, bu əzizlərin itgisinin, həqiqətən, ölkə üçün xəsarət olduğunu dedi: “Qurani-Kərimin “Bəqərə” surəsində belə deyilir: “Allah yolunda öldürülənlərə ölü deməyin. Çünki onlar diridirlər, siz dərk etmirsiniz”. Bu ayədə hərbi hərəkətdən və müharibədən söz açılmadığı üçün xalqa xidmət, xalq yolunda cihad etmək, ölkənin idarəçiliyi və İslam Respublikasının inkişafı üçün çalışmaq kimi Allah yolunda öldürülən hər kəs şəhiddir”.
İnqilabın Rəhbəri bu Quran ayəsinin cənab Rəisi və yoldaşlarına şamil olduğunu dedi: “Biz bu əzizləri xidmət şəhidləri hesab edirik. Ximdət şəhidi və dövlət şəhidi kimi qiymətli ifadə xalqın qəlbindən qaynamışdır”.
Prezidentin yoxluğunun ölkə üçün, həqiqətən, ağır bir itgi olduğunu deyən İnqilabın Rəhbəri şəhid Rəisinin üstün xüsusiyyətlərindən danışarkən dedi: “Hər kəs etiraf etdi ki, o iş, əməl, səfa, dürüstlük və xidmət adamı idi. Xidmət yolunda gecə-gündüz tanımırdı. Əziz Rəisi ölkəyə və xalqa xidmətdə yeni bir meyar yaratdı. Əvvəlki xadimlərin səylərinə rəğmən, bu vaxta qədər bu həddə, bu miqyasda, bu keyfiyyətdə, bu dürüstükdə və işgüzarlıqda bir xadim olmamışdı”.
İnqilabın Rəhbəri qeyd etdi ki, ölkənin bu günü və gələcəyi üçün xarici siyasətdə böyük dinamiklik yaratmaq, fürsətlərdən istifadə etmək və dünyanın siyasi xadimlərinin gözündə İranı daha üstün səviyyəyə qaldırmaq Şəhid Rəisiyə xas olan xüsusiyyətlərdən idi.
Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqa hörmət, şərəf və izzətini qorumaq, ona meydan vermək, gənclərə ehtiram və etimad göstərmək mərhum prezidentin üstün cəhətlərindən idi: “O, hətta ona qarşı hörmətsizlik göstərən, təhqirə yol verən adamlarla da hörmətlə davranır, sərt, çirkin və əsəbi cavab vermirdi”.
O qeyd etdi ki, İnqilabın düşmənləri və müxaliflərinə açıq şəkildə sərhəd qoymaq, ikibaşlı danışmaqdan çəkinmək, düşmənin təbəssümünə güvənməmək şəhid Rəisinin digər dərs götürüləcək xüsusiyyətlərindən idi: “Bu xüsusiyyətlərin hər biri bizim gələcək siyasətçilərimiz və prezidentlərimiz, xalqın bütün sahələrdə seçdiyi nümayəndələr üçün meyardır”.
İnqilabın Rəhbəri ölümündən sonra şəhid Rəisini şəxsiyyəti, xidmətləri və səyləri barəsində bütün mətbuat orqanlarında və virtual məkanda müxtəlif şəxslər və cərəyanlar tərəfindən gecə-gündüz təriflər və xoş sözlər deyilməsinə işarə edərək dedi: “Mənim Rəisiyə ürəyim yandı. Bəzi adamlar o həyatda ikən bu sözlərdən heç birini demək istəmirdi. Bütün bu üstünlükləri gördükləri halda, onları gizlədir, hətta əksini danışır, onu incidirdilər. Əlbəttə, o bunlara cavab vermirdi, amma bəzən yanıma gəlib azca gileylənirdi”.
O, əziz və dəyərli şəhid Rəisiyə və yoldaşlarına Allahdan uca dərəcələr arzulayaraq, ailələrinə səbir dilədi.
O qeyd etdi ki, bu əzizlərin vida mərasimində milyonlarla insanın iştirakı təhlilə ehtiyacı olan üstün bir fəsildir: “Şəxsi və milli müsibətlərdə göstərilən reaksiylardan biri məyusluq, özünəqapanma, müsibət qarşısında sınmaq və ümidi itirməkdir. Digər reaksiya isə müsibət qarşısında dayanmaq, Quranın təbirincə desək, fürsət və qəhərmanlıq yaradılmasına, acı hadisədən şirin nəticələr çıxarılmasına səbəb olan səbirdir. Bu hadisədə İran xalqı ikinci reaksiyanı seçdi”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Tehran, Məşhəd, Təbriz, Qum, Bircənd və Rey şəhərlərindən tutmuş Zəncan, Marağa və Nəcəfabada qədər xalqın xidmət şəhidlərinin şərəfinə təşkil edilmiş mərasimlərdəki məzmunlu iştirakı onun İnqilab tarixi boyunca baş vermiş acı və ağır hadisələr qarşısında yaratdığı qəhərmanlıq nümunələrindən biridir.
O, bu iştirakın verdiyi mesajlardan danışarkən dedi: “Bu qəhərmanlıq nümunəsi göstərdi ki, İran xalqı müsibət qarşısında sınmayan, əksinə qətiyyəti və motivasiyası daha da artan motivasiyalı, yorulmaz, diri və ayaqda olan bir xalqdır”.
İnqilabın Rəhbəri xalqla dövlətin yüksək məmurları arasındakı münasibətlər, əlaqə və bağlılığın milyonluq iştirakın digər mesajı olduğunu dedi: “Düşmənin İslam Respublikasının öz milli sərmayəsini itirməsi ilə bağlı etdiyi iddia və təlqinlərin, ölkə daxilində də bəzilərinin təkrarladığı bu iddiaların əksinə olaraq xalqın vida mərasimindəki milyonluq iştirakı dünyanın heç bir yerində bənzəri olmayan bu sərmayənin olduğu kimi qaldığını, İmamın analoqsuz və başqa heç bir fenomenlə müqayisəyə gəlməz rehləti məsələsi ilə yanaşı, xalqla məsul şəxslər, habelə xalqla Rəisi və Süleymani kimi generallar arasında yüksək bağlılıq və əlaqənin mövcud olduğunu göstərir”.
O qeyd etdi ki, xalqın qəhrəmancasına iştirakının digər mesajı İnqilab şüarlarına tərəfdarlıqdır: “Mərhum Rəisi İnqilab şüarlarını açıq şəkildə bəyan edirdi. O, İnqilabın şüarlarının məzhəri idi. Ona hörmət və ehtiram, əslində, xalqın İnqilabın şüarlarına bağlılığının təzahürüdür”.
Həzrət Ayətullah Xamenei xalqın xidmətçilərə olan təqdir və təşəkkürü, xidmətlərin unudulmaması, prezidentin itirilməsinə baxmayaraq, ölkədə əmin-amanlıq və təhlükəsizliyin tam şəkildə qorunmasının xalqın məzmunlu iştirakının digər mesajları olduğunu dedi.
Həzrət Ayətullah Xamenei çıxışının başqa bir mühüm hissəsində qarşıdan gələn seçkilərin böyük iş və müvəffəqiyyətlərlə dolu bir hadisə olduğunu bildirdi: “Əgər Allahın izni ilə bu seçkilər yaxşı və əzəmətli keçərsə, bu acı hadisədən sonra xalq növbəti rəhbəri yüksək səslə seçərsə, İran xalqı üçün böyük bir nailiyyət olacaq və bu, dünyada qeyri-adi bir rezonans doğuracaq. Buna görə də 8 tir seçkiləri çox mühümdür”.
O, seçkilər eposunun şəhidlərin son mənzilə yola salınması mərasimindəki eposun təkmilləşdiricisi olduğunu vurğuladı: “İran xalqının mürəkkəb beynəlxalq balanslardakı mənafelərini və strateji dərinliyini təsbit etməsi, ölkənin xoşbəxtliyi istiqamətində özünün təbii və insani imkan və potensiallarını üzə çıxarması, iqtisadi və mədəni boşluqları doldurması üçün fəal, işgüzar, ayıq və İnqilabın prinsiplərinə bağlı bir prezidentə ehtiyacı var”.
İnqilabın Rəhbəri vurğuladı ki, namizdələr arasındakı rəqabətlərə əxlaqın hakim olması zəruridir: “İftira, böhtan və çamur atmaq işlərin inkişafına kömək etməz, üstəlik milli heysiyyəti də ləkələyər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçkilər qüdrət sahibi olmaq üçün çəkişmə meydanı deyil, izzət, qəhrəmanlıq və rəqabət səhnəsidir. Buna görə də seçki rəqabətlərinə daxil olmuş adamlar əxlaq normalarına riayət etməyi özlərinə vəzifə bilsinlər ki, Allah-taala da xalqın qəlbini ən yaxşı seçimə doğru yönəltsin və inşallah ki, İran xalqına layiqli bir prezident təyin edilsin”.
İnqilabın Ali Rəhbərindən əvvəl çıxış edən Həzrət İmamın (r.ə) ziyarətgah kompleksinin rəhbəri Höccətül-İslam Seyid Həsən Xomeyni qeyd etdi ki, cümhuriyyət İmam Xomeyninin (r.ə) ümumi siyasətinin mühüm sütunlarından biri idi.
O, xalqın müxtəlif səhnələrdəki iştirakının düşmənlərin məyusluğuna səbəb olduğunu qeyd edrək Fələstin məsələsi haqqında bunları dedi: “Sionist rejimin saxta əzəməti darmadağın olub və hər kəsə aydın olub ki, bu rejim güc dilindən başqa heç nə anlamır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir