Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqavimət Suriyanın üstün xüsusiyyətidir Bu xüsusiyyət qorunub saxlanmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) Suriyanın prezidenti cənab Bəşşar Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqavimətin Suriyanın üstün xüsusiyyəti olduğunu dedi: “Suriyanın regionda xüsusi mövqeyə malik olmasının səbəbi də məhz bu üstün xüsusiyyətidir. Bu mühüm xüsusiyyət qorunub saxlanmalıdır”.

İran xalqına başsağlığı vermək üçün Tehrana səfər etmiş cənab Bəşşar Əsədə təşəkkürünü bildirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri cənab Rəisinin İranla Suriya arasındakı əlaqələrinin gücləndirilməsində oynadığı roldan danışaraq əlavə etdi: “Cənab Əmir Abdullahiyan da bu məsələyə xüsusi əhəmiyyət verirdi”.

Həzrət Ayətullah Xamenei müqavimətin əsas sütunları olan İran və Suriyanın əlaqələrinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini dedi: “Suriyanın üstün cəhəti hesab edilən müqavimət mərhum Hafiz Əsədin dövründən başlamış, “müqavimət və dirəniş cəbhəsi”nin təşəkkülü ilə formalaşmışdır. Bu xüsusiyyət Suriyanın milli birliyinə də daim kömək etmişdir”.

O, bu xüsusiyyətin qorunmasının zəruriliyini vurğuladı: “Qərblilər və onların regiondakı qulbeçələri Suriyaya qarşı başlatdıqları müharibə ilə bu ölkənin siyasi sistemini çökdürməyi və Suriyanı regionun alternativləri arasından ixtisar etməyi düşünürdülər, amma istədiklərinə nail ola bilmədilər. İndi də digər üsullardan istifadə edərək, o cümlədən heç vaxt əməl etməyəcəkləri vədlərlə Suriyanı regionun alternativləri arasından çıxarmaq istəyirlər”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri cənab Bəşşar Əsədin qətiyyətli duruşunu yüksək qiymətləndirərək vurğuladı: “Hamı Suriya hökumətinə xas olan müqavimət xüsusiyyətini gözləri önünə gətirməlidir”.

Həzrət Ayətullah Xamenei ABŞ və Avropanın İran və Suriyaya göstərdikləri siyasi və iqtisadi təzyiqlərə işarə edərək dedi: “Əməkdaşlıqları artırmaqla və sistemləşdirməklə bu şəraiti aradan qaldırmalıyıq”.

O, əziz və mərhum Rəisinin İranla Suriyanın müxtəlif sahələrdəki əməkdaşlıqlarını artırmağa hazır olduğunu bildirərək dedi: “İndi də cənab Müxbir prezidentin səlahiyyətlərini yerinə yetirərək həmin strategiyanı davam etdirir. Ümidvarıq ki, bütün işlər ən yaxşı şəkildə irəliləyəcək”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bəzi region dövlətlərinin Qəzza məsələsi ilə bağlı mövqelərini və passivliklərini tənqid edərək ərəb ölkələri başçılarının Manamadakı son sammitindən danışdı: “Bu sammitdə Fələstin və Qəzza məsələsinə çox səhlənkar yanaşmalar oldu. Amma bəzi ölkələr özlərini yaxşı göstərdilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam Respublikasının gələcəyə olan baxışı müsbət və parlaqdır: “Ümidvarıq ki, hamımız vəzifəmizə əməl edərək parlaq gələcəyə nail olacağıq”.

Bu görüşdə Suriyanın prezidenti cənab Bəşşar Əsəd İnqilabın Ali Məqamlı Rəhbərinə, İran hökumətinə və xalqına başsağlığı verərək dedi: “İranla Suriyanın əlaqələri zat alinizin göstərişləri əsasında inkişaf edən strateji əlaqələrdir. Bu göstərişlərin icrasının başında cənab Rəisi və Əmir Abdulahiyan dayanırdı”. 

Suriyanın prezidenti cənab Rəisinin təvazökar, mütəfəkkir və əxlaqi dəyərlərə malik bir şəxsiyyət olduğunu vurğulayaraq, onun İslam İnqilabının mövqeləri və şüarlarının bariz nümunəsi olduğunu dedi: “Cənab Rəisi İslam Respublikasının keçən üç il ərzində region hadisələri, Fələstin məsələsi, habelə İranla Suriyanın əlaqələrinin dərinləşməsi sahəsində oynadığı rolda mühüm təsirə malik idi”.

Cənab Bəşşar Əsəd habelə regionun müqavimət mövzusuna işarə edərək dedi: “50 ildən artıq bir vaxt keçdikdən sonra regionun müqaviməti daha da inkişaf etmiş və hal-hazırda siyasi və etiqadi bir strategiyaya çevrilmişdir”.

Suriyanın prezidenti vurğuladı ki, Qərbin qarşısında istənilən geri çəkilmənin onların irəliləməsinə səbəb olacağı fikri bizim dəyişməz mövqeyimizdir: “Bir neçə il bundan əvvəl elan etmişdim ki, müqavimətin xərci sazişin xərcindən azdır. Bu gün həmin məsələ Suriya xalqına çox aydın və aşkardır. Son Qəzza hadisələri və müqavimətin qələbələri də bunu region xalqlarına sübut etdi və göstərdi ki, müqavimət bir prinsipdir”.

Cənab Bəşşar Əsəd regionun müqavimət cəbhəsinin dəstəklənməsində aşkar və mühüm rol oynadığı, habelə bütün sahələrdə Suriyanı dəstəklədiyi üçün İnqilabın Ali Məqamlı Rəhbərinə təqdir və təşəkkür etdi.

Cənab Bəşşar Əsəd fikrini bitirdikdən sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri dedi: “Səsləndirdiyiniz fikirlərdə mühüm nüanslar var idi. Amma bir nüans mənim üçün daha mühüm idi. O da vurğuladığınız bu məsəl idi: “Biz nə qədər geri çəkilsək, qarşı tərəf bir o qədər irəliləyəcək”. Bunda heç bir şübhə və tərəddüd yoxdur. Bu bizim keçən 40 il ərzində verdiyimiz şüar və inancımızdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /