İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Amerika universitetlərində Fələstin xalqına dəstək verən vicdanlı tələbələrə ünvanladığı bir məktubda bu tələbələrin anti-sionist etirazlarına həmrəyliyini ifadə edərək, onların müqavimət cəbhəsinin bir parçası olduğunu bildirmişdir. O, həssas Qərbi Asiya regionunun vəziyyətinin və taleyinin dəyişməkdə olduğuna işarə edərək dünya tarixinin səhifəsinin əvəzləndiyini vurğulamışdır.
Həzrət Ayətullah Xameneinin məktubunun tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Bu məktubu o gənclərə ünvanlayıram ki, ayıq vicdanları onları Qəzzanın zülmə məruz qalmış uşaqları və qadınlarının müdafiəsinə qalxmağa sövq edir.
ABŞ-dakı əziz tələbə gənclər! Bu bizim sizə birlik və həmrəylik mesajımızdır. Siz hal-hazırda dəyişməkdə olan tarixin düzgün tərəfində dayanmısınız.
Siz indi müqavimət cəbhəsinin bir parçasını təşkil edirsiniz; qəddar və qəsbkar sionist rejimi açıq şəkildə müdafiə edən hökumətinizin rəhmsiz təzyiqi altında şərəfli bir mübarizəyə qalxmısınız.
Sizdən uzaq bir nöqtədə böyük müqavimət cəbhəsi bu gün sizin malik olduğunuz eyni idrak və hislərlə uzun illərdir ki, mübarizəyə qalxıb. Bu mübarizənin məqsədi illər öncə fələstinlilərin torpaqlarını işğal edərək özlərini də ən ağır təzyiq və işgəncələrə məruz qoymuş “sionistlər” adlı qəddar bir terrorçu şəbəkənin Fələstin xalqına qarşı etdiyi aşkar zülmləri dayandırmaqdır. Sionist aparteid rejiminin bu gün törətdiyi soyqırım keçən onilliklərdəki qəddar davranışın davamıdır.
Fələstin qədim tarixi olan, müsəlman, xristian və yəhudilərdən təşkil olunmuş müstəqil bir ölkədir. Sionist şəbəkəsinin sərmayədarları İkinci Dünya müharibəsindən sonra İngiltərə dövlətinin köməyi ilə bir neçə min terrorçunu tədricən bu torpağa yerləşdirdi. Həmin terrorçular şəhərlərə və kəndlərə hücum edib on minlərlə adamı qətlə yetirdilər, on minlərlə insanı qonşu ölkələrə köçməyə vadar etdilər, evləri, bazarları və əkin sahələrini yerli əhalinin əlindən aldılar və qəsb etdikləri Fələstin ərazisində “İsrail” adlı bir dövlət qurdular.
İngiltərənin ilkin yardımlarından sonra bu qəsbkar rejimin ən böyük hamisi ABŞ-dır. ABŞ bu rejimə olan siyasi, iqtisadi və silah yardımlarını tam şəkildə davam etdirdi, hətta bağışlanmaz şəkildə ehtiyatsızlıq edərək atom silahı istehsalı üçün ona yol açdı və bu yolda ona kömək etdi.
Sionist rejim ilk gündən müdafiəsiz Fələstin xalqına qarşı “dəmir yumruq” siyasətini işə salaraq, vicdani, insani və dini dəyərlərə heç bir məhəl qoymadan qəddarlığı, terroru və repressiyanı günbəgün artırdı.
ABŞ hökuməti və tərəfdaşları bu dövlət terrorizminə və davamlı zülmə qarşı, hətta göz də ağartmadı. Bu gün də ABŞ-ın Qəzzada baş verən dəhşətli cinayətlərlə bağlı verdiyi bəzi açıqlamalar reallıqdan daha çox riyakarcasınadır.
Müqavimət cəbhəsi bu qaranlıq və məyusedici mühitin içərisindən baş qaldırıb. İranda İslam Respublikasının təşkili ona güc bəxş edib və onu daha da genişləndirib.
ABŞ və Avropada media qurumlarının çoxunun sahibi olan, bir çox media qurumlarını pul və rüşvətlə öz təsirləri altında saxlayan beynəlxalq sionist nüfuz sahibləri bu cəsur və insani müqavimət cəbhəsini terrorçu kimi qələmə veriblər! Öz torpaqlarında özünü sionist işğalçıların cinayətlərindən müdafiə edən bir xalq terrorçudurmu? Bu xalqa insani yardım və onun əlinin gücləndirilməsi terrorizmə köməkdirmi?
Dünyaya ağalıq edən güc sahibləri hətta insani anlayışlara da rəhm etmirlər. Terrorçu və qəddar İsrail rejimini özünü müdafiə edən, özünün azadlığı, təhlükəsizliyi və öz taleyini təyin etmə haqqının müdafiəsinə qalxmış Fələstin müqavimətini isə terrorçu kimi qələmə verirlər.
Sizi əmin edirəm ki, bu gün vəziyyət dəyişməkdədir. Həssas Qərbi Asiya regionunu başqa bir tale gözləyir. Dünya miqyasında bir çox vicdanlar oyanıb, həqiqət aşkara çıxmaqdadır. Müqavimət cəbhəsi də güclənib və daha da güclənməkdədir. Tarix də dəyişməkdədir.
ABŞ universitetlərindəki onlarla tələbə ilə yanaşı digər ölkələrdə də universitetlər və insanlar ayağa qalxıb. Universitet müəllimlərinin sizə dəstək verməsi və sizinlə həmrəy olduqlarını bildirmələri təsirli və mühüm bir hadisədir. Bu, hökumətin polis qüvvələrindən istifadəsinin şiddətini və sizə qarşı edilən təzyiqləri müəyyən qədər azalda bilər. Mən də siz gənclərin dərdinə şərik olduğumu bildirir və dirənişinizi yüksək qiymətləndirirəm.
Quranın biz misəlmanlara və dünya əhalisinə verdiyi dərs haqq yolunda ayağa qalxmaqdır: “فَاستَقِم کَما اُمِرت1”. Quranın bəşəri münasibətlərlə bağlı təlimi belədir: “لا تَظلِمونَ وَ لا تُظلَمون” (Nə zülm edin, nə də zülmə boyun əyin)2. Müqavimət cəbhəsi genişlənəcək, bu və yüzlərlə bənzər göstərişə əməl edərək irəliləyəcək və Allahın izni ilə qələbə çalacaq.
Tövsiyə edirəm Quranla tanış olasınız.
Seyid Əli Xamenei
05.03.1403
30.05.2024
_________________________________
(1) “Hud” surəsi, 112-ci ayədən: “Sənə əmr edildiyi kimi, müqavimət göstər”.
(2) “Bəqərə” surəsi, 279-cu ayədən
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir