Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məclis rahatlıq və ümid yaratmalıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei XII çağırış parlamentin işə başlaması münasibətilə ünvanladığı müraciətdə balanslaşdırılmış bir parlamentin formalaşmasının digər qüvvələrlə nizam-intizamlı və səmimi əlaqələrin, qanunverici qüvvənin daxilində düzgün və səbirli kollektiv davranışın olması ilə şərtləndiyini dedi: “Parlament daim rahatlıq və ümid yaratmalı, qətiyyətli qərarları motivasiya etməli, ölkənin ümumi mühitində qardaşlıq və həmrəyliyə çağırış etməlidir”.

İslam İnqilabının Rəhbəri habelə insanların qəlblərinin cəlb edilməsi, xalqa xidmət və düzgün əməl vasitəsilə edilən minnətsiz təşəkkürün Allahın mükafatı olduğunu vurğuladı: “Mərhum prezident və əziz yoldaşlarının vida mərasimində bir neçə milyon insanın iştirak etməsi bu ilahi mükafatın bir nümunəsidir”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

و الحمد لله ربّ العالمین و صلّی الله علی سیّدنا محمّد المصطفی و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین.

On ikinci çağırış İslami Şuras Məclisi həmişəki kimi qərarlaşdırılmış vaxtda heç bir təxirə yol vermədən işə başladığı üçün əziz və həkim olan Allahın hüzurunda təzim və səcdə edirəm, Allahın böyük İran xalqına hədiyyəsi olan dini demokratiyanın davamlılığı və möhkəmlənməsinə görə şükür edirəm.

Hər yeni parlament ölkənin parlaq üfüqündə yeni bir işıq yaradaraq xalqın ümid və motivasiyasını artıra bilər. Yeni seçilmiş nümayəndələrlə təcrübəli nüyanədələrin birlikdəliyinin verdiyi mesaj budur ki, xalqın evi konstitusiyadakı səlahiyyətlərindən istifadə edərək, ölkənin bütün dayaqlarında üzərinə düşən ağır məsuliyyətə qarşı sədaqət nümayiş etdirərək yenilənməni və aktuallığı təcrübə və sınaqla birləşdirə, qanunvericiliyi və nəzarəti təlatüm və xaosdan, durğunluq və sükunətdən çıxara biləcək.

Şübhəsiz ki, digər qüvvələrlə nizam-intizamlı və səmimi əlaqə, habelə qanunverici orqanın daxilində düzgün və səbirli kollektiv davranış balanslı bir parlamentə xas olan bütün xüsusiyyətlərin gerçəkləşməsinə kömək edəcək və nümayəndələrin gözəl xatirəsini əbədiləşdirəcək.

Daim vurğuladığım bir nüans var. O da budur ki, parlament rahatlıq və ümid yaratmalı, qəti qərarları motivasiya etməli, ümumi mühitdə qardaşlıq və həmrəyliyə dəvət etməlidir. Parlamentin özündə də faydasız media yarışmaları, zərərli siyasi mübahisələr qısa məsuliyyət dövrünü puç etməməlidir. Əks təqdirdə nümayəndələrin bu uca vəzifədə olması kimi qiymətli bir imkan məhv olar. Bu, böyük bir ziyandır.

Digər məsələ nümayəndəlik andı ilə bağlıdır. Bu and formal və reklam xarakterli bir and deyil, həqiqi və məsuliyyət yaradan, dünya və axirətdə cavabdehliyi olan bir anddır. Möhtərəm nümayəndələr bütün nümayəndəlik dövründə bu dini andı gözləri önündə saxlamalı, ona bağlılıqlarını öz fəaliyyətlərinin mühakimə meyarı təyin etməlidirlər.

Növbəti məsələ əxlaqi öhdəliklərlə bağlıdır. Mühüm bir hissəsi əxlaqi fəzilətlərdən ibarət olan islami həyat tərzi siyasi mübahisələr və qanuni rəqabətlər çərçivəsində daha çox əhəmiyyət daşıyır. Məhz bu zaman təqva, güzəşt, insaf, dürüstlük, məsuliyyət, minnətsiz faəliyyət özünün əsl qiymətini aşkara çıxarır. Ordibehiştdə baş vermiş vertalyot qəzasının bütün ölkəni matəmə qərq etmiş şəhidlərinə xas olan xüsusiyyətlərdən biri əxlaqi normalara riayət etmələri olmuşdur. Bu məsələdə özünü qorumağa ciddi yanaşılmalıdır. Sonda qeyd etmək istəyirəm ki, parlament üzvlərindən hər biri bütün İran xalqının nümayəndəsidir. Yəni nümayəndənin əsas işi milli mənafeyi təmin etməkdir. Seçki ilə bağlı məsələlərin izlənməsi ölkənin problemlərinə makro baxış çərçivəsində həyata keçirilməlidir. Abadlıq layihələrinin təsdiqi zamanı abadlıq işləri üçün nəzərdə tutulmuş büdcənin imkanları xaricində olan ifrat xərclərdən qorunmaq lazımdır.

Əziz qardaş və bacılar! Xalqa xidmət niyyəti ilə işləmək Allahın mükafat təyin etdiyi yaxşı və saleh işdir. Hər şeydən xəbərdar olan Allah dünya və axirətdə ona mükafat verəcək. Xalqın qəlbinin cəzb edilməsi və xalq tərəfindən edilən səmimi təşəkkür Allahın bu dünyadakı mükafatlarından biridir. Mərhum prezident və əziz yoldaşlarının vida mərasimində bir neçə milyon adamın iştirak etməsi bu ilahi mükafatın bir nümunəsidir. Ayıq və vəfalı xalq ayrı-ayrı şəhərlərdə bu pak bədənlər üçün axıtdıqları göz yaşları və çiçək yağışı ilə 60-cı illərin şəhidlərini ölkənin gənc nəslinin gözləri önündə canlandıraraq minlərlə yalan, iftira və şaiyələrə əməli şəkildə cavab verdi. Allahın salamı və rəhməti olsun onlara!

Sonda XII çağırış parlamentinin nümayəndələrinə, xüsusilə zəhmətkeş sədr və fəal rəyasət heyətinə təşəkkür etməyi lazım bilirəm.

Allahın salamı və rəhməti üzərinizə olsun

Seyid Əli Xamenei
06 xordad 1403

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /