Ali Məqamlı Rəhbərin informasiya bloku

Hicab

Sual: Qadının örtünməməsinin günahı, cəzası varmı?
Cavab: Qadına naməhrəm kişinin qarşısında örtünmək vacibdir. İslami hicaba riayət etməmək günahdır.

Sual: Bir qadın hicab taxıb, amma bir müddətdən sonra hicabı açıbsa, günahı nədir?
Cavab: Üz və biləyədək əllər istisna olmaqla, qadına naməhrəm kişi qarşısında bütün bədənini örtməsi vacibdir. Hicaba riayət etməmək böyük günahlardandır.

Sual: Qız neçə yaşından örtünməlidir?
Cavab: Qız şəri həddi-büluğa çatdıqda ona naməhrəm kişinin qarşısında örtünmək vacib olur. Şəri həddi-büluğun əlamətləri aşağıdakılardır və bu əlamətlərdən birinin görünməsi kifayət edir:
1- Qarının altı və övrətin üstü sayılan nahiyədə qalın tüklərin çıxması;
2- Ehtilam, yəni məninin xaric olması;
3- Hicri-qəməri təqvimi ilə qızın doqquz yaşının tamam olması.

Sual: Əgər qadın normal və düzgün hicab geyimi geyinirsə, amma qırmızı, yaşıl, göy və ya başqa rənglərə üstünlük verirsə, günah edirmi? Belə ki, qadının yaşadığı cəmiyyətdə rəngarəng geyimlər geyinmək normal qarşılanır.
Cavab: Əgər paltar rəng baxımından qadın üçün zinət və bəzək sayılarsa, yaxud naməhrəmin diqqətini cəlb edərsə, yaxud da hansısa bir fəsadı olarsa, bu paltar naməhrəmin qarşısında geyinilməməlidir.

Sual: Hicab  geyimi barəsində məlumat əldə etmək istəyirəm.
Cavab: Ümumiyyətlə, vacib örtünmə üçün müəyyən bir model geyim şərt qoyulmayıbdır. Bəzəksiz olmaq şərtilə üz və biləyə qədər əllər istisna olmaqla, qadın bütün bədənini və vücud xətlərini örtən, eyni zamanda naməhrəmin diqqətini cəlb etməyən hər bir geyimi geyinə bilər.

Sual: Mən hicablıyam, amma hicabım kamil deyildir. Həyat yoldaşım hər dəfə mənə deyir ki, kamil hicab geyin. Bilmək istəyirəm ki, mən necə geyinməliyəm?
Cavab: Naməhrəm kişinin qarşısında qadının geyimində aşağıdakı məqamlara riayət olunmalıdır:
1- İlk növbədə qeyd edək ki, ən üstün islami hicab çadradır.
2- Dəstəmazda yuyulması vacib olan ölçüdə üz və barmaqların ucundan biləyədək əllər istisna olmaqla, qadın naməhrəm kişinin qarşısında bütün bədənini örtməlidir.
3- Əgər üzdə və ya əllərdə bəzək, bəzək əşyaları və ya makiyaj olarsa, üz və əllər də naməhrəmin qarşısında örtülməlidir.
4- Çənənin altı üzün dairəsindən sayılmır və buna görə də naməhrəmin qarşısında örtülməlidir.
5- Paltar naməhrəmin diqqətini cəlb edəcək şəkildə bədənə yapışmamalıdır.
6- Paltarın modeli və ya rəngi naməhrəmin diqqətini cəlb edəcək şəkildə və ya insanı başqalarından fərqləndirəcək şəkildə olmamalıdır.
7- Geyim elə bir tərzdə olmalıdır ki, fəsada səbəb olmasın və ya günaha düşmək qorxusu yaratmasın.

Sual: Çadra geyinmək vacibdirmi?
Cavab: Vacib örtünmə üçün müəyyən bir geyimi geyinmək şərt qoyulmayıbdır. Qadın naməhrəm kişinin qarşısında üz və biləyədək əlləri istisna olmaqla, bütün bədənini və başını örtməlidir. Üz və əllər isə bəzəksiz və makiyajsız olmalıdır. Qadının geyindiyi geyim naməhrəmin diqqətini cəlb etməməlidir.

Sual: Qadının çadra geyinməsi müstəhəb əməldir? “Çadra ən üstün islami hicabdır” dedikdə, burada qara rəngli çadra nəzərdə tutulur, yoxsa bu, başqa rəngli çadralara da şamildir? Yəni ən üstün islami hicab qara rəngli çadradır, yoxsa əsas çadra geyinməkdir və çadranın hansı rəngdə olmasının fərqi yoxdur?
Cavab: Çadra ən üstün hicabdır. Hər halda, çadra naməhrəmi cəlb edəcək rəngdə və tərzdə olmamalıdır.

Sual: Bizim ölkədə dövlət müəssisələrində işləyən bir qadın çadra geyinə bilməz. Bəzi iş yerlərində ümumiyyətlə örtünməyə də icazə verilmir. İş vaxtı çadranı və ya hicabı açıb, işdən sonra geyinmək olarmı? 
Cavab: Hər bir halda, islami hicabın vacib hüdudlarına riayət olunmalıdır. Belə ki, üz və biləyə qədər əllər istisna olmaqla, qadın başını və bütün bədənini örtməlidir. Üz və əllər isə bəzəksiz olmalı, eləcə də geyim naməhrəmin diqqətini cəlb etməməlidir. Qeyd etməliyik ki, çadra geyinmək vacib deyildir, amma çadra ən üstün islami hicabdır.

Sual: Əgər bir ölkədə, bir cəmiyyətdə üzü niqabla örtmək insanlarda təəccüb doğurarsa və addımbaşı bunun səbəbi soruşularsa, bu halda niqab “şöhrət geyimi” (yəni diqqəti cəlb edən və insanın barmaqla göstərilməsinə səbəb olan geyim) hesab olunurmu və niqab bağlamaqdan imtina etmək lazımdırmı?
Cavab: Niqab “iffət geyimi”dir və “şöhrət geyimi” hesab olunmur. Odur ki, niqab örtməyin iradı yoxdur.

Sual: Əgər bir mömin kişinin xanımı hicab bağlamırsa, o, xanımının evdən çölə çıxmasına (məsələn, ata evinə, ya mağazaya getməsi və s. üçün) icazə verə bilərmi? Kişinin buna icazə verməsi günahdırmı? 
Cavab: “Yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, ərin vəzifəsi qadını yaxşı işə dəvət etmək və pis işdən çəkindirməkdir. Ərin öhdəsinə bundan qeyri bir vəzifə düşmür.

Sual: Qadın hicab geyinmək istəyir, amma həyat yoldaşı icazə vermir. Bu halda qadın nə etməlidir?
Cavab: Hər halda, kamil hicab dinin zəruri qanunlarındandır və bu qanuna əməl etmək vacibdir. Bu məsələlərdə ərin razılığı lazım deyildir.

Sual: Mən Allahın əmrlərindən biri olan hicab əmrini yerinə yetirmək istəyirəm . Amma anam razı deyildir. Nə edim?
Cavab: Allahın vacib buyurduğu əməlləri yerinə yetirmək üçün valideynin razılığı lazım deyildir.

Sual: Əgər bir qız hicablı olmaq istəyirsə, amma atası ona icazə vermirsə və “Ailə quranda ərin icazə verərsə, hicablanarsan” deyirsə, qızın vəzifəsi nədir?
Cavab: Hər bir halda, qız naməhrəm kişinin qarşısında hicaba riayət etməlidir. Atanın bu məsələdə icazəsi şərt deyildir. Hətta bu məsələdə ataya itaət göstərməyə icazə verilmir.

Sual: Bir çox alimin nəzərində çadranın kamil hicab forması olduğu qeyd edilib. Elə isə qadın atasının və ya ərinin razılığı olmadan çadra geyinə bilərmi?
Cavab: Onların razılığı öz-özlüyündə lazım deyildir.

Sual: Əgər bir qadın aybaşıdan kəsiləndən sonra hicaba riayət etməzsə, günah sayılırmı?
Cavab: Hər halda, hicab müsəlman qadına vacibdir və bu hökm baxımından yaisə (yəni aybaşıdan kəsilən) qadın ilə yaisə olmayan qadın arasında fərq yoxdur. Əlbəttə, izdivac etməsinə daha ümid edilməyən qoca qadının öz saçlarının və əllərinin bir hissəsini – yəni bu yaşda qadınların adətən örtmədikləri hissələrini – örtməsi vacib deyildir. Bu şərtlə ki, saçlar və əllər bəzəkli olmamalıdır.

Sual: Hicablı qadın ayaqları iflic olan və nitq qüsuru olan 50 yaşında xəstə bir kişinin qarşısında hicabsız gəzə bilərmi?
Cavab: Sualda qeyd edilən hal qadının naməhrəm kişi qarşısında islami örtüyə riayət etməməsini icazəli etmir. Bu qadın hicaba riayət etməlidir.

Sual: Əgər ölkədə hicab qadağası olarsa, məktəbli qız hicabını açıb məktəbə getməlidir, yoxsa hicabını qoruyub məktəbdən uzaqlaşmalıdır?
Cavab: Hər halda, qadın naməhrəm kişinin qarşısında islami hicabı və örtünməni qorumalıdır. Hicabı açmaq haramdır.

Sual: Bir xanıma təhsil aldığı universitetdə yalnız bu şərtlə hicab geyinməyə icazə verilir ki, baş örtüyünün üzərindən parik qoymalıdır. Əks halda, təhsil almasına icazə verilməyəcəkdir. Bu şəraitdə o, baş örtüyünün üzərindən parik qoya bilərmi?
Cavab: Parik qoymaq hicabı əvəz etmir. Ehtiyat-vacibə görə, hətta parikin özünü belə, naməhrəmdən örtmək lazımdır. Sualda qeyd olunan səbəb hicaba riayət etməməyi icazəli etmir.

Sual: Hicablı qadınların idman geyimləri, eləcə də idman geyiminə bənzər çimərlik geyimləri ilə bağlı hökmlərini bilmək istəyirik.
Cavab: Bəzəksiz olmaq şərtilə üz və biləyə qədər əllər istisna olmaqla, qadın başını və bədənini naməhrəmin diqqətini cəlb etməyən bir geyimlə tamamilə örtməlidir. Bu hökm baxımından idman və qeyri-idman geyimləri arasında fərq yoxdur. Müsəlman qadın hicaba kamil şəkildə riayət etməlidir.

Sual: Mən tibb üzrə təhsil alıram və buna müvafiq olaraq xəstəxanada praktiki dərslər alıram. Yaşadığım cəmiyyətə uyğun olaraq kamil hicabıma riayət edirəm. Qeyd edim ki, Rusiyada yaşayıram. Eyni zamanda xəstəxanada qaydalara əsasən tibbi forma geyinməliyəm. Əməliyyat otağı steril zona olduğu üçün ora hicablı geyimdə deyil, tibbi papaq və geyim ilə daxil olmalıyam. Papaq taxdıqda boyun nahiyəm açıq qalır. Həmçinin əməliyyatdan öncə qolları dirsəyədək yumalı olduğum üçün geyindiyim formanın qolları qısadır. Xəstəxanada bu şəkildə geyindiyimə görə günah etmiş oluram, yoxsa günah deyildir?
Cavab: Bəzəksiz olmaq şərtilə üz və biləyə qədər əllər istisna olmaqla, qadın başını və bədənini bütünlüklə örtməlidir. Geyim də naməhrəmin diqqətini cəlb etməyən bir şəkildə olmalıdır. Hər bir halda, islami hicabın vacib hüdudlarına riayət olunmalıdır. Boyun və dirsəyə qədər qol da hansısa bir şəkildə naməhrəmin qarşısında örtülməlidir.

Sual: Mən Tibb Universitetində oxuyuram, cərrah olmaq istəyirəm. Xəstəxanalarda təcrübədə olarkən öyrənmək məqsədilə əməliyyatlarda iştirak etməliyəm. Əməliyyata girərkən qolları dirsəyədək yumaq lazımdır. Qollar yuyulduqdan sonra da açıq şəkildə və havada saxlanılan vəziyyətdə əməliyyat otağına daxil olmalıyam və yalnız içəridə qollu əməliyyat önlüyünü geyinə bilərəm. Yuyunma yeri ümumidir və əməliyyat otağında da qadın və kişi personal birlikdə çalışırlar. Həmçinin bəzi xəstəxanalarda sterilliyə riayət etmək üçün hicabın boyun hissəsinin olmaması tələb edilir. Başımı bağlayıram, amma boynum bəzən açıq qalır. Bu halda yalnız əməliyyata girərkən qollarımı, hətta naməhrəm görsə belə, açıb yumağım və önlük geyinənədək qollarımın açıq qalması icazəlidirmi? Həmçinin məcbur qaldığım zaman boynumu aça bilərəmmi? Burada zərurət halı yaranırmı? Cünki əks təqdirdə mən əsla əməliyyata girə bilməyəcəyəm.
Cavab: Əgər bu hal xəstəliklərin müalicəsi yollarını öyrənmək və xəstələrin həyatını qurtarmaq üçün təcrübə yığmaq baxımından zəruri hallardan olarsa, sözügedən işin iradı yoxdur.
 
Həddi-büluğa çatmayan oğlan uşağının qarşısında qadının geyimi
 
Sual: Həddi-büluğ yaşına çatmayan, amma çox şeyi başa düşən (el arasında “ayıq uşaq” adlanan) oğlan uşaqlarının qarşısında qadın hicaba riayət etməlidirmi?
Cavab: Əgər həddi-büluğ yaşına çatmayan, amma yaxşı və pisi ayırd edən oğlan uşağı elə bir həddə inkişaf etmiş olsa ki, qadının ona baxması və ya onun qadına baxması şəhvətin təhrik olunmasına səbəb olur, bu halda qadın bu oğlanın qarşısında tam hicaba riayət etməlidir. Yəni bəzəksiz olmaq şərtilə üz və biləyədək əllər istisna olmaqla, qadın bütün bədənini və başını örtməlidir. Amma əgər o, qeyd edilən həddə inkişaf etməyibdirsə, qadın ehtiyat-vacibə görə, onun qarşısında tam hicaba riayət etməlidir. Əgər qadın oğlan uşağının yaxşı və pisi ayırd edə bilib-bilmədiyinə dair şəkk edərsə, onun qarşısında hicaba riayət etməsi vacib deyildir.

Sual: Qadın hicabını neçə yaşadək olan oğlan uşağının yanında aça bilər?
Cavab: Ehtiyat-vacibə görə, qadın öz bədənini və saçlarını həddi-büluğ yaşına çatmayan, amma yaxşı və pisi ayırd edə bilən oğlan uşağından örtməlidir. Müməyyizlik yaşı, yəni yaxşı və pisi ayırd etmək yaşı şəxsə görə dəyişir və bu, onun ayıqlığına və diqqətinə bağlıdır.

Sual: Doqquz yaşında olan oğlan uşağının qarşısında hicablanmaq lazımdırmı? Ümumiyyətlə, oğlan uşağı neçə yaşından naməhrəm sayılır? Həddi-büluğa çatmayan oğlan uşağının qarşısında neçə yaşından etibarən örtülü olmaq məsləhətdir?
Cavab: Əgər qadının yaxşı və pisi ayırd edən oğlan uşağına baxması və ya bu oğlan uşağının qadına baxması qadını və ya oğlanı ehtiraslandırarsa, bu halda qadın onun qarşısında tam örtünməlidir. Yəni bəzəksiz olmaq şərtilə üz və biləyədək əllər istisna olmaqla, qadın bütün bədənini örtməlidir. Amma əgər belə bir hal yaranmazsa, qadın yaxşı və pisi ayırd edən oğlan uşağının qarşısında ehtiyat-vacibə görə, tam örtünməlidir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər