Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Rəhbəri beş gün ümumi matəm elan etdi

İslam İnqilabının böyük rəhbəri Ayətullah Xamenei helikopter qəzasında həyatını itirən İran İslam Respublikasının Prezidenti Höccətül-İslam vəl-müslimin Seyid İbrahim Rəisi, Xarici İşlər Naziri Doktor Əmir Abdullahian, Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Ali-Haşim, Şərqi Azərbaycanın İcra Başçısı Doktor Rəhməti və onların əziz yol yoldaşlarının ölümü ilə bağlı başsağlığı verdi. İslam İnqilabının ünvanladığı başsağlığının mətni belədir:

Rəhman və rəhim Allahın adı ilə

Biz Allahınıq və Allaha tərəf qayıdacağıq

Mücahid alim, xalqın yanında olan ləyaqətli və çox fəal Prezident, İmam Rza (ə) xadimi cənab Höccətül-İslam vəl-müslimin Hacı Seyid İbrahim Rəisinin və onun əziz yol yoldaşlarının (Allahın rizvanı onlara nəsib olsun) acı şəhadət xəbərini dərin hüzn və təəssüf hissi ilə aldım.

Bu acı hadisə ölkəyə xidmət olan iş görüşü əsnasında baş vermişdir. Bu uca və fədakar insan vəzifə başında olduğu müddət ərzində, istər qısa müddət sürən prezidentlik dövründə, istərsə də bundan öncəki dövrlərdə daim xalqa, ölkəyə və İslama usanmadan xidmət göstərmişdir.

Əziz Rəisi yorulmaq bilmirdi. Bu acı hadisədə İran xalqı səmimi, ixlaslı və dəyərli xadimini itirdi. Allahın razılığına dəlalət edən xalqın məsləhəti və razılığı onun üçün hər şeydən irəli və üstün idi. Elə bu səbədən də bəzi bədxahların naşükürlüyü və tənəsindən incisə belə, bu, onun inkişaf və islahatlar üçün gecə-gündüz çalışmasına mane olmurdu.

Bu faciəvi hadisədə görkəmli şəxsiyyətlər olan Təbrizin sevimli və mötəbər imam-cüməsi Höccətül-İslam Ali-Haşim, mücahid və fəal Xarici İşlər Naziri cənab Əmir Abdullahian, Şərqi Azərbaycanın inqilabçı və dindar İcra Başçısı cənab Malik Rəhməti və onların başqa yol yoldaşları İlahi rəhmətə qovuşdular.

Mən beş gün ümumi matəm elan edir və əziz İran xalqına başsağlığı deyirəm. Konstitusiyanın 131-ci maddəsinə əsasən cənab Müxbir hakimiyyət orqanının rəhbərliyi vəzifəsini daşıyacaqdır. O, qanunvericilik və məhkəmə orqanının başçıları ilə birlikdə ən çox əlli gün ərzində yeni Prezidentin seçilməsini təmin etməlidir.

Cənab Rəisinin əziz anasına və dəyərli həyat yoldaşına, habelə Prezidentin digər doğmalarına, onun yol yoldaşlarının hörmətli ailələrinə, xüsusilə də cənab Ali-Haşimin hörmətli atasına ürəkağrısı ilə başsağlığı deyirəm. Onlara səbir və təskinlik, dünyasını dəyişənlərə isə İlahi rəhmət diləyirəm.

Seyid Əli Xamenei
31/02/1403

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /