Sual: Bildiyim qədər, qadının geyimi üçün cəlbedici olmayan rənglər tünd rənglərdir. Bəs isti havalarda açıq rəngli, ağ rəngə yaxın rənglərdə geyim geyinməyin iradı varmı?
Cavab: Ümumiyyətlə, qadının rəng, model və ya tərz baxımından naməhrəmin diqqətini çəkən, yaxud fəsada və günaha zəmin yaradan geyimlər geyinməsinə icazə verilmir.
Sual: Gənc qız həddi-büluğa çatmış qardaşının qarşısında evdə qolları və ayaqları açıq gəzə bilərmi? Onun açıq geyimlər geyinməsi icazəlidirmi?
Cavab: Əgər belə geyim fəsad yaradarsa, icazə verilmir.
Sual: Doqquz yaşdan yuxarı qızlara yetkinlik yaşına çatanadək əlvan rəngli geyimlər geyinmək olarmı? Ümumiyyətlə, izah edərdiniz ki, hicablı qadın hansı rəngdə və tərzdə geyim geyinməlidir? Hicablı qadın dar, müasir dəbli geyimlər geyinə bilərmi?
Cavab: Vacib örtünmə üçün müəyyən bir geyimi geyinmək şərt qoyulmayıbdır. Bəzəksiz olmaq şərtilə üz və biləyədək əllər istisna olmaqla, qadın bütün bədənini örtən və eyni zamanda naməhrəmin diqqətini çəkməyən hər bir geyimi geyinə bilər.
Sual: Qadın naməhrəm kişinin qarşısında ayaqyalın (yəni topuqdan aşağı hissə açıq vəziyyətdə) gəzə bilərmi, yoxsa ayağını örtməlidir?
Cavab: Bəzəksiz olmaq şərtilə üz və biləyədək əllər istisna olmaqla, qadına naməhrəm kişinin qarşısında bütün bədənini və ayağını örtmək vacibdir. Qadın naməhrəm kişinin qarşısında ayağını tam örtməlidir.
Sual: Naməhrəmin qarşısında nazik kapron corab geyinmək günahdırmı? Bu corablar ət rəngində və ya qara rəngdə olur və nazik olduğuna görə ayaq tam örtünmür.
Cavab: Əgər corab çox nazik olduğuna görə ayağı örtməzsə, yaxud naməhrəmin diqqətini cəlb edərsə, bu, örtünmə hesab olunmur. Naməhrəmin qarşısında ayaqlar örtünməlidir.
Sual: Qadın corab geyinmədən ayaqqabı və ya başmaqda cəmiyyət içərisində gəzə bilərmi?
Cavab: Qadın naməhrəm kişinin qarşısında ayağını tam örtməlidir. Naməhrəmin qarşısında corabsız gəzməyə icazə verilmir.
Sual: Qadın corabsız namaz qıla bilərmi?
Cavab: Qadının namazda oynağa qədər ayaqlarını örtməsi vacib deyildir. Amma əgər naməhrəm onu görürsə, oynağa qədər ayaqlarını da örtməlidir.
Sual: Qadın namazda çənəsini örtməlidirmi?
Cavab: Çənə üzün bir hissəsidir və namazda çənəni örtmək qadına vacib deyildir. Amma çənənin altı üzün bir hissəsi sayılmır və həmin nahiyəni örtmək vacibdir.
Sual: Qadın kişi paltarı (məsələn, öz həyat yoldaşının köynəyini, gödəkçəsini və s.) geyinə bilərmi?
Cavab: Ehtiyat-vacibə görə, qadının kişiyə xas olan geyimi geyinməsi haramdır. Amma qadın və kişi arasında müştərək olan geyimləri qadının geyinməsinin maneəsi yoxdur.
Sual: Atamın bir köynəyi var. Sadədir və rəngi xoşuma gəlir, onu evdə ev paltarı kimi geyinmək istəyirəm. Niyyətim özümü kişiyə bənzətmək deyildir. Bu köynəyi geyinə bilərəmmi?
Cavab: Əgər özünüzü əks cinsin nümayəndəsinə oxşatmaq və əks cinsin nümayəndəsi kimi aparmaq məqsədilə onu geyinmək istəsəniz, buna icazə verilmir. Əks halda, onu geyinməyinizin maneəsi yoxdur.
Sual: Hava soyuq olduğuna görə qadın evdə, həyətdə öz ərinin gödəkçəsini geyinə bilərmi? Yaxud ər öz xanımına aid olan isti şalı belinə bağlaya bilərmi? Ümumiyyətlə, ər və arvad, bacı və qardaş bir-birinə aid geyimləri daha isti geyim olduğuna, ya əl altında olduğuna və ya başqa səbəblərə görə müvəqqəti olaraq geyinə bilərlərmi? Bu geyimdə namaz qıla bilərlərmi?
Cavab: Sualda qeyd edilənləri nəzərə alaraq, əgər sözügedən geyimləri geyinmək bu şəxsin qadın və ya kişi adlanmasına səbəb olmazsa, haram deyildir. Əgər bir kişi kişilik cəhətlərini qoruyaraq qadın geyimi geyinsə və bu, onda heç bir qadınlıq cəhəti yaratmasa, bu geyimi geyinmək haram deyildir. Eyni hökm qadına da aiddir.