Ali Məqamlı Rəhbərin informasiya bloku

Kişinin geyimi

Sual: Mən cavan oğlanam. Necə paltarlar alıb geyinməliyəm? İslam dininin bu barədə rəyi nədir?
Cavab: İslam dinində kişinin geyimi barəsində müəyyən bir tərz və model göstərilməyibdir. Sadəcə fəsada səbəb olmayan və ya qərbin azğın mədəniyyətinin təbliği sayılmayan geyimlər geyinməlidir.

Sual: Kişinin qısaqol köynək (məsələn, futbolka kimi qolu dirsəkdən yuxarı və çiyindən aşağı köynək) geyinməsinin şəriətdə hökmü nədir?
Cavab: Ümumiyyətlə, kişinin qısaqol köynək geyinməsinin öz-özlüyündə maneəsi yoxdur. Amma əgər belə geyimi geyinməsinin hansısa bir fəsadı olarsa, buna icazə verilmir.

Sual: Kişi ictimai yerlərdə şortik və ya idman tərzində geyimlər geyinə bilərmi?
Cavab: Kişi ictimai yerlərdə fəsada və ehtirasın həyəcanlanmasına səbəb olmayan bir tərzdə geyinməli və görünməlidir. Qeyd edək ki, əgər kişi bədənini örtmədiyi təqdirdə naməhrəm qadınların onun çılpaq bədəninə baxacaqlarını bilsə, baş, boyun və əlləri istisna olmaqla, bədənini örtməsi ehtiyat-müstəhəbə müvafiqdir.

Sual: Həddi-büluğa çatmış kişinin naməhrəm qarşısında, camaat arasında və ya öz evində geyimi necə olmalıdır? Paltarının uzunluğu və ya qısalığı necə olmalıdır?
Cavab: Kişiyə yalnız ayıb yerlərini (övrəteyni) örtmək vacibdir, bədəninin başqa yerlərini örtməsi isə vacib deyildir. Amma əgər kişi bilsə ki, bədəni açıq qaldığı təqdirdə naməhrəm qadınlar ona baxacaqlar, baş, boyun və əlləri istisna olmaqla, bədəninin digər yerlərini örtməsi ehtiyat-müstəhəbdir.

Sual: Kişinin çimərlik geyimi necə olmalıdır?
Cavab: Kişiyə yalnız “övrəteyn”i, yəni cinsiyyət nahiyəsini və arxasını örtmək vacibdir. Amma əgər kişi bilsə ki, bədəni çılpaq olduğu təqdirdə naməhrəm qadınlar ona baxacaqlar, bədənini adi ölçüdə örtməsi ehtiyat-müstəhəbdir. Əlbəttə, əgər kişinin öz bədənini örtməməsinin bir fəsadı olarsa, bədənini adi ölçüdə örtməsi vacibdir.

Sual: Kişinin geyimi necə olmalıdır? Kişi köynəksiz şəklini paylaşa bilərmi?
Cavab: Kişiyə yalnız “övrəteyn”i (qabaq və arxa ayıb yerlərini) örtmək vacibdir, bədəninin başqa yerlərini örtməsi isə vacib deyildir. Amma əgər kişi bilsə ki, bədəni açıq olduğu təqdirdə qadınlar bilərəkdən onun bədəninə baxacaqlar, bədənini örtməsi ehtiyat-müstəhəbə müvafiqdir. Həmçinin kişi qadının qarşısında fəsada səbəb olmayacaq bir tərzdə geyinməlidir. Əgər kişinin öz köynəksiz şəklini paylaşmasının hansısa bir fəsadı olarsa, yaxud günaha düşmək qorxusu olarsa, buna icazə verilmir.

Sual: İslam dininə görə qara paltar geyinməyin hökmü nədir?
Cavab: Ümumiyyətlə, Əhli-beytin (ə) əza günlərində “İlahi nişanələri” uca tutmaq, eləcə də hüzn və kədəri bildirmək məqsədilə qara paltar geyinmək savabdır. Qeyd edək ki, namazdan qeyri hallarda qara paltar geyinməyin məkruh olduğu sübuta yetməyibdir.

Sual: Mən Azərbaycanda yaşayıram. Qalstuk taxa bilərəmmi? Bunun şəri hökmü nədir?
Cavab: Ümumiyyətlə, qeyri-müsəlmanların geyimi hesab olunan və bayağı qərb mədəniyyətinin yayılmasına zəmin yaradan geyimləri geyinməyə icazə verilmir.

Sual: Əgər dövlət işində qalstuk taxmaq tələb olunarsa, insanın vəzifəsi nədir?
Cavab: Əgər qalstuk taxmaq qərb mədəniyyətini yaymağa səbəb olmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur.

Kişinin qızıldan istifadə etməsi
Sual: Kişi nişan günü qızıl üzüyü barmağına taxa bilərmi? Yoxsa bu, istisna hal hesab olunmur? Yəni nişan günü üzüklər taxılan zaman qızıl üzüyü taxsın, amma sonra taxmasın.
Cavab: Kişinin qızıldan istifadə etməsi haramdır. Bunun qısa bir müddət ərzində, məsələn, nişan günündə və ya uzun bir müddət ərzində olmasının arasında fərq yoxdur.

Sual: Qızıl suyuna salınmış metal saat qızıl hökmündə olurmu? Yəni kişinin bundan istifadə etməsi haramdırmı, yoxsa icazəlidir? 
Cavab: Əgər bu əşyada qızıl elementi o qədər az olsa ki, ürfə görə ona qızıl əşya və ya qızıla örtülmüş əşya deyilməsə, kişinin ondan istifadə etməsinin maneəsi yoxdur. Əks halda, kişinin ondan istifadə etməsi haramdır və onunla qıldığı namaz ehtiyata görə, düzgün deyildir.

Sual: Kişiyə ağ qızıl taxmaq haramdırmı?
Cavab: Əgər ağ qızıl adlanan metal, əslində, elə sarı qızıldırsa və müəyyən bir kimyəvi maddənin təsiri nəticəsində rəngi dəyişilərək ağ olubdursa, kişinin ondan istifadə etməsi haramdır. Amma əgər bu metalın tərkibində qızıl elementi çox az olduğuna görə ürfdə ona qızıl deyilmirsə, kişinin ondan istifadə etməsinin iradı yoxdur. Həmçinin kişinin platindən istifadə etməsinin iradı yoxdur.

Sual: Mənə qızıl saat hədiyyə veriblər. Saatın özü və mexanizmi qızıldır, kəməri isə dəridir. Mən onu saat kimi sata bilərəmmi?
Cavab: Əgər saatda qızılın miqdarı çox az olsa və elə bu səbəbdən də ona ürfdə (yəni camaatın baxışında) “qızıl saat” deyilməsə, onu satmağın maneəsi yoxdur. Əks halda, kişilərin istifadəsi məqsədilə onu satmağa icazə verilmir.

Sual: Hədiyyə edilən kişi qızıl saatının hökmü nədir? Onu qola taxmaq və ya olduğu kimi saat şəklində satmaq olarmı?
Cavab: Kişiyə qızıl taxmaq haramdır. Qızıl saatı kişilərin istifadəsi məqsədilə satmağa icazə verilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər