Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fəhlənin vəziyyətinin yaxşı olması ölkənin vəziyyətinin yaxşı olması deməkdir

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə fəhlə və zəhmətkeşlə görüşdə fəhlə və zəhmətkeşlər sinfinin istehsal sıçrayışı və ölkənin iqtisadi vəziyyətinin yaxşılaşmasındakı açar roluna aydınlıq gətirərkən qane və nəcib fəhlə sinfinin problemlərinin həlli istiqamətində məsul şəxslərin üzərinə düşən vəzifələrdən danışdı: “Fəhlə və zəhmətkeşlərin vəziyyəti yaxşı olarsa, xalqın da vəziyyəti yaxşı olacaq”.

O, habelə qeyd etdi ki, ABŞ və Qərbin İrana sanksiya tətbiq etməkdə və təzyiq göstərməkdə məqsədi xalqı və İslam dövlətini qeyd-şərtsiz təslim və tabe etməkdir: “İslam dövləti, böyük və köklü İran xalqı hegemoniya və artıqtamahlıq qarşısında təslim olmayacaq, sanksiyaları mütərəqqi və qabaqcıq fürsətlərə çevirməklə gələcəyin parlaq üfüqünə nail olacaq”.

Nəcibliyi, qətiyyəti, səy və fəaliyyətinə görə fəhlə sinfinə səmimi qəlbdən təşəkkür edən Həzrət Ayətullah Xamenei bildirdi ki, Allah rəsulunun (s) fəhlənin qabarlı əllərindən öpməsi iş, işçi və fəhləyə verilmiş ən yüksək qiymətdir: “İslam iş və fəaliyyətə zati dəyər və hörmət tanıyır. Hədis və Quran təlimlərinə əsasən, hər bir fərdin halal ruzi və çörək qazanmaq üçün göstərdiyi səy ibadət və saleh əməl hesab edilir”.

O qeyd etdi ki, ictimai rəyin “İslamın iş və fəhləyə baxışı”na yönəldilməsi ölkənin inkişafına zəmin yaradan mühüm zərurətdir: “Maddi dünya fəhləyə sərvət əldə edilməsi istiqamətində istifadə edilən bir vasitə kimi baxır. Amma İslam işə fundamental dəyər tanıdığı üçün fəhləyə də fundamental dəyər verir. Belə ki, Peyğəməbrin (s) buyuruğuna əsasən, Allah işini düzgün, etibarlı və möhkəm görən adamı sevir”.

İnqilabın Rəhbəri son illərin adlandırılmasında həssas iqtisadi nöqtələrin əsas götürülməsinin iqtisadiyyat mövzusunun əhəmiyyətliliyindən qaynaqlandığını dedi. O vurğuladı ki, motivasiyalı və yüksək əhval-ruhiyyəli peşəkar fəhlə və işçi istehsal sıçrayışının sütunudur: “Mütəxəssis və ekspertlərin rəyinə əsasən, bu ilin şüarının gerçəkləşdirilməsində xalqın iştirakına ehtiyac var. Belə olan surətdə problemlər azalır. Ölkənin iqtisadiyyatı güclənərsə, fəhlə və işçinin də əli dolu olar”.

O qeyd etdi ki, işçi və sahibkar düşmənlərin İran xalqına qarşı apardıqları müharibənin ön cəbhəsinin iki həmkarıdır: “ABŞ-la mübarizədə bu iki əsas subyekt nə qədər yaxşı çalışsa, bu ikisinin effektiv fəaliyyətinə nə qədər geniş şərait yaradılsa, ölkə və xalqın uğurları bir o qədər çox olar”.

Statistikaya əsasən, fəhlə və zəhmətkeşlərlə onların ailələrinin ölkə əhalisinin yarısını təşkil etdiyini deyən Həzrət Ayətullah Xamenei məsul şəxslərə səslənərək vurğuladı: “Əgər fəhlə sinfinin vəziyyəti yaxşı olarsa, ən azı ölkə əhalinin yarısının vəziyyəti yaxşı olacaq. Bu, çox mühüm bir məsələdir”.

O, qüvvələr və dövlət qurumlarının fəhlə və zəhmətkeşlər qarşısındakı vəzifələrinə aydınlıq gətirərək iş təhlükəsizliyinin təmin edilməsinin ən mühüm məsələlərdən olduğunu dedi: “Qənaət və nəcibliklə öz işini görən fəhlənin gördüyü işin gələcəyinə əminliyi olmalıdır”.

İnqilabın Rəhbəri bəzi istehsal vahidlərinin, hətta bəzi vaxtlarda böyük müəssisələrin fəaliyyətinin dayanmasına işarə edərək dedi: “Son bir-iki ildə fəaliyyətləri tam və ya qismən dayandırılmış minlərlə müəssisə məsul şəxslərin qətiyyətli səyləri nəticəsində yenidən həyata qaytarılmışdır. Bu mühüm iş davam etdirilməlidir”.

Sığorta məsələsinin də fəhlələr üçün əhəmiyyətli olduğunu deyən Ali Rəhbər ümumi sosial təminat siyasətlərinin icra edilmədiyini tənqid edərək dedi: “Bu siyasətlər uzun müddət əvvəl müəyyən edilmişdir. Prezident də nizamnamə hazırlanması ilə bağlı göstəriş vermişdir. Amma əməldə işlər görülməyib və siyasətlər icra edilməyib”.

İnqilabın Rəhbəri işçi qüvvəsinin təhlükəsizliyi və peşə vərdişlərinin yaxşılaşdırılmasının fəhlə sinfinin iki digər ehtiyacı olduğunu dedi: “İşçi qüvvəsinin bilikləri və iş bacarıqlarının artırılması ölkənin inkişafı və işin keyfiyyət səviyyəsinin yaxşılaşmasına kömək edir. Bu, işə götürənlər və fəhlələrin öz xeyrinədir”.

O bildirdi ki, təhsil ölkədə iş bacarığının artırılmasında çox böyük təsirə malikdir: “Məktəblər, təhsil ocaqları və universitetlər nəzəri təhsillə yanaşı, texniki və peşə təhsili də verə, peşə bacarığı ilə bağlı şəhadətnamə verməklə gənclərin fəaliyyətlə düzgün və rahat şəkildə məşğul olmasına kömək edə bilərlər”.

Fəhlələr arasındakı parlaq istedadların kəşf edilməsi, onların innovativ bacarıqları və yaradıcı təşəbbüskarlığına şərait yaradılması Həzrət Ayətullah Xameneinin məsul şəxslər, sahibkarlar və işəgötürənlərə verdiyi başqa bir tövsiyə oldu.

İnqilabın Rəhbəri məsul şəxslərin vəzifələrini qeyd etdikdən sonra fəhlə sinfinin vəzifələrinə aydınlıq gətirdi, işin əmanət hesab eidlməsi, işin möhkəm və etibarlı şəkildə yerinə yetirilməsi, iş yerində məsuliyyətli davranıb qaydalara riayət edilməsi kimi məsələlərə işarə edərək dedi: “Əziz fəhlə və zəhmətkeşlər, işinizin qiymətini bilin. Çünki sizin gördüyünüz işlə ölkə abad olur, İrana, heysiyyət, şərəf, izzət və qüdrət gəlir”.

O bildirdi ki, düşüncələrdə işin dəyərə çevrilməsi işə olan meylin və istəyin artmasına səbəb olur: “Belə olan surətdə xalqın gözündə hər bir fəhlə dəyərli bir insan olur. Halbuki, təəssüflər olsun ki, günümüzdə bəzi gənclərin nə işə, nə də iş axtarmağa meyli var. Bəziləri də yalnız masa arxasında oturmağı iş bilir”.

Həzrət Ayətullah Xamenei ilin şüarına işarə edərək bildirdi ki, məsul şəxslərin mühüm vəzifələrindən biri xalqın istehsaldakı iştirak şəraitinin müəyyən edilməsi və izah edilməsindən, o cümlədən kooperativ şirkətlərin yaradılmasına, ev istehsalına, kustar sənaye sahəsinə, elm təməlli şirkətlərin yaradılmasına kömək etməkdən, kənd təsərrüfatı və heyvandarlıq fəaliyyətini gücləndirməkdən ibarətdir: “Dövlət və özəl sektorların iqtisadi ekspertləri istehsal sahəsində mövcud olan çoxlu sayda iştirak yollarını xalqa göstərməli, məsul şəxslər də iştiraka zəmin yaratmalı və onu asanlaşdırmalıdırlar”.

O, bank kreditlərinin istehsala yönəldilməsinin zəruri olduğunu vurğuladı: “Bu iş düzgün şəkildə yerinə yetirilmir. Bank rəhbərləri buna diqqət yetirməli və tədbir görməlidirlər”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində amerikalıların və avropalıların təbirincə desək, analoqu olmayan sanksiyaları nəzərə almadan iqtisadi məsələlər haqqında danışmaq qeyri-mümkündür: “Qərblilər İrana qarşı tətbiq edilən sanksiyaların məqsədini açıqlayarkən yalandan nüvə silahı, insan hüquqları və terrorizmə dəstək kimi məsələləri ortaya atırlar”.

O, qərblilərin bəhanələrindəki ziddiyyətlərə və yalana aydınlıq gətirərkən Qəzza nümunəsinə işarə etdi: “Onlar hesab edirlər ki, Qəzzada bomba yağışına məruz qalan insanlar terroçudurlar, amma altı ay ərzində 40 minə yaxın insan, o cümlədən neçə min uşağı qətli-am etmiş xəbis, qondarma, qəddar sionist hökuməti terrorçu deyil”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İranın bədxah düşmənlərinin sanksiya tətbiq etməkdə əsl məqsədləri İslam Respublikasını müstəmləkə və imperiya xətlərinə tabe etmək, imperailistlər və müstəmləkəçilərin hegemoniyası qarşısında təslim etmək məcburiyyətində qoymaqdır: “Bəziləri – inşallah ki, xeyirxahlıqdan irəli gələrək - daim tövsiyə edirlər ki, ABŞ-ın bir istəyini qəbul edin, problem həllini tapsın. Halbuki amerikalıların istəkləri bitmir”.

O özünün bir neçə il bundan əvvəl: “Amerikalılar müəyyən etsinlər görək, nüvə məsələsində iranlıların hansı həddə geri çəkilməsinə qane olurlar?” mövzusunda etdiyi çıxışı yada salaraq dedi: “Onlar bu həddi müəyyən etməyə qətiyyən hazır deyillər. Çünki onlar addım-addım irəliləyərək sonda Şimali-Afrikada olduğu kimi ölkənin bütün nüvə təchizatını yığışdırtmaq və nüvə sənayesinə tamamilə son qoymaq istəyirlər. Halbuki ölkənin müxtəlif sahələrinin, o cümlədən səhiyyə, tibb və digər sahələrinin nüvə fəaliyyətlərinin nəticələrinə ehtiyacı var”.

İnqilabın Rəhbəri yenidən amerikalıların sanksiyaları tətbiq etməkdə məqsədinin siyasi və iqtisadi sahələrdə İran xalqını və İslam Respublikasını təslimçiliyə və tabeçiliyə vadar etmək olduğunu dedi: “Onlar istəyirlər ki, digər ölkələr kimi İranın da sərvəti, abrı və siyasətləri ABŞ-ın əlində olsun. Amma İslam dövləti, İslam qeyrəti, böyük və köklü İran xalqının onların hegemoniyası qarşısında təslim olması mümkün deyil”.

Sanksiyaların ölkə iqtisadiyyatının xəsarət almasına və iqtisadi problemlərin yaranmasına səbəb olduğunu deyən Ali Rəhbər əlavə etdi: “Eyni sanksiyalar istedadların çiçəklənməsinə və ölkə daxilində imkanların üzə çıxmasına səbəb olmuşdur”.

Həzrət Ayətullah Xamenei düşmənin düşmənçiliyindən fürsət yaradılmasının diri millətə xas olan bir cəhət olduğunu dedi: “Mənim gənclərə, məsul şəxslərə, ölkənin qeyrətli və dindar əhalisinə daimi tövsiyəm də budur”.

O qeyd etdi ki, silah istehsalı sahəsindəki nailiyyətlər sanksiyaların fürsətə çevrilməsinin bir nümunəsidir: “Bir yerdə özünü göstərən bu inkişaf bütün düşmənləri təəccübləndirdi: Axı İran İslam Respublikası sanksiya şəraitində bu qədər mütərəqqi silahı istehsal etməyi necə bacarıb?”

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İnşallah bu silahlardan daha artığı, daha yaxşısı və mütərəqqisi də istehsal ediləcək. Təbii ki, inkişaf və nailiyyətlər təkcə silah təchizatları ilə məhdudlaşmır, tibb, səhiyyə, bəzi sənaye və mühəndislik sahələrində İran dünyanın öndə gedən ölkələrindəndir. Yeri gəlmişkən, geri olduğumuz bəzi sahələrdə qətiyyət və səy göstərəcəyimiz təqdirdə naliyyət əldə edəcəyik”.

O, sanksiyaların azalmaqda olduğunu dedi: “Son günlər beynəlxalq mənbələrin hesabatlarının birində İranın ümummilli istehsalının artdığı qeyd edilmişdir. Bu da onu göstərir ki, ölkədə daha çox və daha yaxşı iş görülür, sərhədlərdən kənara ümid bəslənilmir, sanksiyalar ölkəni əldən sala bilməyib. Ölkədəki bu ruhiyyə gücləndirilməlidir”.

Həzrət Ayətullah Xamenei Avropa və ABŞ-ın küçələrində fələstinlilərə dəstək yürüşləri və aksiyalarının keçirilməsinə, Fələstin və Hizbullah bayraqlarının qaldırılmasına işarə edərək bildirdi ki, məzlum Qəzza əhalisinə dəstək verdiyi üçün İran İslam Respublikasını terrorizmi dəstəkləməkdə ittiham edilməsi ittihamçıların rüsvayçılığına səbəb oldu: “Bu gün təkcə İran xalqı deyil, bütün xalqlar Fələstinə dəstək verir”.

O soruşdu: “Qəsbkar qəsəbəlinin evləri qəsb etmək məqsədilə törətdiyi zülmlərə qarşı müqavimət göstərən fələstinli terrorçudurmu? Zülmə qarşı mübarizə aparan qeyrətli müqavimət cəbhəsi terrorçudur, yoxsa insanların üzərinə bombalar yağdıraraq faciə törədənlər? Əlbəttə, bir yerə yetişə bilmədilər, bilməyəcəklər də”.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “İran xalqının məlumu olsun və məlumdur da: hegemonların onlarla düşmənçilik etməsinin səbəbi yaydıqları yalanlar deyil. Səbəb budur ki, müstəqil İran onların hərbə-zorbasına tabe olmur, onların ilahi dəyərlərə və insan fitrətinə zidd olan uğursuz, mürtəce və iflasa uğramış siyasətlərinin boyunduruğu altına girmək istəmir. Bəzi qərb analitikləri etiraf edirlər ki, bu siyasətlər ABŞ-ın 200 illik etibarını məhv etməkdədir”.

İnqilabın Rəhbəri vurğuladı ki, keçmişi və dərin kökləri olan İran xalqından bu uğursuz siyasətlərə tabe olmağı gözləmək əbəsdir: “İran xalqı ayaqdadır, mətindir. Əlbəttə, mətin duruşu əməlimizdə, işimizdə, tədqiqatlarımızda və milli birliyimizdə göstərməliyik. Belə olan surətdə, tənbəllikdən uzaq olacağımız təqdirdə bədxahların zorla təlqin etdiyi çətinliklərin içərisindən daha çox fürsətlər, inkişaf üçün lazım olan açılışlar təzahür edəcək və İran xalqı Allahın lütfü ilə gələcəyin parlaq üfüqünə yetişəcək”.

Bu görüşün əvvəlində əmək, kooperasiya və sosial rifah naziri verdiyi hesabatda işsizliyin 8,1%-ə qədər azalmasının, 1402-ci ildə bir milyon iş yerinin açılmasının hökumətin məşğulluq sahəsindəki nailiyyətlərindən olduğunu dedi.

İcbari dövlət sığortasının inkişafı, 50 milyondan çox insana şamil olan elektron kataloq planı, pensiyaların pensiyaçılara banklardan borc alınmadan ödənilməsi, istehsal sektoruna 160 000 000 000 000 tümənlik təchizat ödənilməsi və ölkə üzrə 300-ə yaxın kooperativ fəhlə və işçi evlərinin yaradılması cənab Seyid Sulət Murtəzəvinin hesabatında yer alan məsələlərdən oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /