Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqa həqiqi təşəkkür məsul şəxslərin öz fəaliyyətlərini davam etdirməsidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və ölkə əhalisinin müxtəlif təbəqələrindən olan bir qrup insanla görüşdə xalqı mübarək Fitr bayramı münasibətilə təbrik etdi. İran xalqına Beynəlxalq Qüds günü yürüşündəki heyrətamiz və izdihamlı iştiraka görə təşəkkürünü bildirən Ali Rəhbər vurğuladı: “Xalqa həqiqi təşəkkür məsul şəxslər tərəfindən problemlərin həlli istiqamətində dayanmadan göstərilən səylərin davam etdirilməsi və bu səylərin nizama salınması ilə gerçəkləşəcək”.

İran xalqını və bütün müsəlman xalqları mübarək Fitr bayramı münasibətilə təbrik edən, onlara şadlıq və bərəkət arzu edən İslam İnqilabının Rəhbəri bu görüşdə mübarək Ramazan ayında yaradılmış mənəvi ab-havanı yüksək qiymətləndirdi və builki Qüds günü yürüşünün İran xalqının mübarək Ramazan ayındakı parlaq fəaliyyətlərindən biri olduğunu dedi: “Misilsiz Qüds günü yürüşü heyrətamiz siyasi və beynəlxalq bir hərkət idi. Ekspertlərin məlumatına əsasən, keçən illərlə müqayisədə daha çox insanın iştirakı ilə gerçəkləşən builki Qüds günü yürüşü, sözün həqiqi mənasında, ümumi bir etiraza çevrildi”.

Həzrət Ayətullah Xamenei bütün mənəvi, ictimai və siyasi sahələrdə öndə getdiyinə görə İran xalqına təşəkkür etdi. O, sözdə edilən təşəkkürün kifayət etmədiyini vurğulayaraq məsul şəxslərə səsləndi: “Bu xalqa əməli şəkildə təşəkkür etmək lazımdır. Cənab prezidentin qeyd etdiyi və 100% bəyənilən işlərlə bağlı proqram işlənib hazırlanmalı və iş görülməlidir. Məsul şəxslərin məsuliyyət hissi, göstərdikləri səylərin davam etdirilməsi və nizama salınması ilə inkişaf əldə ediləcək”.

O, çıxışının başqa bir yerində qeyd etdi ki, Qəzza məsələsinə göz yummaq olmaz. Qəzza məsələsi hər kəsdən məsuliyyət hissi tələb edən və İslam dünyasının bütün problemlərinin başında gələn bir məsələdir: “Xalqların, hətta qeyri-msüəlman xalqların da qəlbi məzlum Fələstin və Qəzza əhalisi ilədir. Afrika, Asiya, Avropa, hətta Amerikanın özündə sionistlərin cinayətlərinə qarşı təşkil edilən aksiyalar bundan xəbər verir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, sionistlərin dünyanın media qurumları üzərindəki uzunmüddətli hegemonluğuna, Fələstinin səsi və mesajının ötürülüməsinin qarşısının alınmasına baxmayaraq, Fələstin məsələsinin bütün xalqların diqqət mərkəzində olması İslam dünyasında yeni dəyişikliklərin gözlənildiyindən xəbər verir: “Xalqların məsuliyyət hissinə baxmayaraq, təəssüflər olsun ki, hökumətlər öz vəzifələrinə əməl etmirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sionist rejimin qadınlara və uşaqlara qarşı törətdikləri cinayətlər özünün zirvə nöqtəsinə çatdığı bir şəraitdə bəzi İslam ölkələrinin sionist rejimə kömək etməsi bu günün ən təəssüf doğuran gerçəkliyidir: “Bu yardımlar və sionist rejimin zəifləməkdə olan qurumlarının gücləndirilməsi həm İslam ümmətinə, həm də yardım göstərən ölkələrin özlərinə xəyanətdir. Çünki bu yardımlar, əslində, onların özlərinin məhvinə köməkdir”.

O qeyd etdi ki, İran İslam Respublikasının qəti təklifi və gözləntisi İslam ölkələrinin sionist rejimlə olan siyasi və iqtisadi əlaqələrini kəsməsidir. O vurğuladı ki, İslam ölkələrində referendum keçiriləcəyi təqdirdə bu, bütün müsəlman xalqların yekdil gözləntisi olduğunu göstərər: “Minimum gözlənti budur ki, müsəlman ölkələrinin hökumətləri cinayətlər davam etdiyi müddətdə sionist rejimlə olan əlaqələrini müvəqqəti olaraq kəsib onlara köməklik göstərməsinlər”.

Bu görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-müslimin Rəisi Qüds günü yürüşündə iştirak etmiş insanları yüksək qiymtələndirərək müqavimətin strateji qələbəsinin qorunub saxlanmasının, Qəzza və şərafətli Qüds mərkəzli islami vəhdətin builki Ramazan ayının nailiyyətlərindən olduğunu dedi.

Cənab Rəisi çıxışının başqa bir yerində üç qüvvənin bu ilin şüarının - xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı prinsipinin - məqsədlərinin həyata keçirilməsinə hazır olduqlarını qeyd edərək istehsalçılara və iqtisadi fəallara səsləndi: “Keçən il əsas məhsulların idxalı, istehsal və xidmət müəssisələrinin ehtiyaclarının təmini üçün 69 milyard dollar ayrıldığı kimi, hal-hazırda da ölkənin ehtiyac duyduğu pul təminində heç bir problem yoxdur”.

Ölkə başçısı 90-cı illərlə müqayisədə iqtisadi göstəricilərdə böyük miqyasda yaxşılaşma baş verdiyinə işarə edərək daha böyük uğurlar əldə etmək üçün birlik və yaxınlığın lazım olduğunu dedi. O, hal-hazırki qlobal dəyişikliklərin ədalətli dünya nizamının formalaşmasına bir zəmin yaradacağına ümdivar olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /