Fitrə zəkatını verməyin və ya kənara qoymağın zamanı
Sual: Fitrə zəkatı nə zaman verilməli və ya kənara qoyulmalıdır? Fitrə zəkatını bayramdan bir gün əvvəl ayırmaq olarmı, yoxsa bayram olduğu məlum olan gecə ayrılmalıdır? Ayrılmış fitrə zəkatı nə vaxtadək saxlanıla bilər, başqa sözlə, neçə gün ərzində fitrə zəkatını vermək olar və çatdırılma üçün müəyyən bir zaman vardırmı?
Cavab: Fitr bayramı gecəsinin qürub vaxtından etibarən fitrə zəkatını vermək və ya kənara qoymaq olar. Fitr bayramı namazını qılan şəxs, ehtiyat-vacibə görə, fitrəni bayram namazından qabaq verməlidir. Amma bayram namazı qılmayan şəxs fitrəni zöhr azanınadək verə bilər. Əgər fitrə zəkatını verməyin vaxtı ötsə, amma fitrə öz vaxtında kənara qoyulmuş olsa, insan onu haqq sahibinə çatdırmağı, xüsusilə də bəzi səbəbləri nəzərə alaraq yubada bilər. Əgər insan fitrəni verməyi yubatdığı təqdirdə, fitrə tələf olarsa – halbuki insanın onu verməyə imkanı var idi, həmçinin haqq sahibi də mövcud idi – bu halda fitrə onun boynundadır. Qeyd edək ki, əgər insanın fəqirə əli çatırsa, fitrə zəkatını kənara qoymaq kifayət etmir. Amma əgər zöhr namazınadək fəqirə əli çatmasa və fitrə zəkatını ona çatdıra bilməsə, fitrəni bir kənara qoymalı və fəqirə əli çatdıqda verməlidir. Əgər fitrəni kənara qoymayıbsa, ehtiyat-vacibə görə, fitrə zəkatı insanın boynundan götürülmür. O, qəsdi-qürbət ilə, qəza və əda niyyəti etmədən fitrəni verməlidir.
Sual: Fitrə pulu çıxarılıb kənara qoyulub və bir şəxsə verilib ki, aparıb fəqirə versin. Bu şəxsin pulu vermək yadından çıxıb. Bu pul fəqirə indi verilə bilərmi?
Cavab: İradı yoxdur.
Fitrə zəkatının miqdarı və ərzağın növü
Sual: Fitrə zəkatının miqdarı adambaşına nə qədərdir? Hansı ərzaqlar fitrə zəkatı olaraq verilə bilər?
Cavab: İnsan özü və onun çörəkyeyəni sayılan şəxslər üçün adambaşına təxminən üç kiloqram buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi ərzaqların birini fitrə zəkatını almağa haqqı olan şəxsə (müstəhəqqə) verməlidir. Əgər bu ərzaqlardan birinin pulunu verərsə, kifayət edir.
Fitrə zəkatını adətən istifadə edilən ərzaqdan vermək
Sual: Əgər bir şəxs il ərzində düyüdən daha çox istifadə edirsə, bu şəxs fitrə zəkatı olaraq düyünün özünü və ya üç kilo düyünün pulunu hesablayıb verməlidir?
Cavab: Fitrə zəkatını buğda, arpa, xurma, düyü və bu kimi ərzaqların birindən vermək və ya onların birinin pulunu hesablayıb vermək kifayət edir. Fitrənin il ərzində insanın daha çox istifadə etdiyi ərzaqdan olması şərt deyildir.
Buğda, arpa və bu kimi ərzaqlardan qeyri bir şeyi fitrə zəkatı olaraq vermək
Sual: “Şəriət hökmlərinin izahı” adlı kitablarda qeyd edilən ərzaqlardan, məsələn, buğda, arpa və sairədən qeyri bir şeyi, amma fəqirin ehtiyacı olan bir şeyi alıb, fitrə zəkatı əvəzinə fəqirə vermək olarmı?
Cavab: Fitrə zəkatı olaraq yalnız “Şəriət hökmlərinin izahı” adlı kitablarda qeyd edilən ərzaqlar və ya onun pulu fəqirə verilməlidir. Amma əgər fitrə pulunu qəbul etmək və bu pul ilə başqa bir şey almaq üçün fəqirdən vəkalət alınsa, fitrə pulu ilə fəqirin ehtiyacı olan şeyi alıb ona vermək olar.
Fitrə zəkatı kimə verilməlidir
Sual: Fitrə zəkatı kimə verilməlidir?
Cavab: Ehtiyat-vacibə görə, fitrə zəkatı fəqir şiə şəxsə verilməlidir.
Qeyd edək ki, fəqir özünün və ailəsinin illik dolanışıq xərclərini təmin edə bilməyən və bu xərcləri təmin edə bilmək üçün pul da qazana bilməyən şəxsdir. Bunu isə insanın özü müəyyən etməlidir.
Sual: Fitrə zəkatı ödəyə bilən şəxsə fitrə zəkatı vermək olarmı?
Cavab: Əgər həmin şəxs fəqir sayılırsa, ona fitrə zəkatı verməyin maneəsi yoxdur.
Sual: Zəhmət olmasa, fitrə zəkatı verənin və alanın şərtlərini açıqlayardınız.
Cavab: Şəri vəzifə daşıyan şəxs özü üçün və onun çörəkyeyəni sayılan şəxslər üçün adambaşına üç kiloqram camaatın yediyi yeməklərdən (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi ərzaqlardan) birini, yaxud da bu ərzaqların pulunu fitrə düşən şəxsə verməlidir. Amma əgər insanın özü fəqir olarsa, ona fitrə zəkatı vermək vacib olmur. Buna baxmayaraq, əgər onun üç kiloqram buğdası və ya bu kimi ərzağı vardırsa, yaxud bunların qiyməti qədər pulu vardırsa, onu fitrə zəkatı ünvanında verməsi müstəhəbdir. Əgər bu şəxsin himayəsində müəyyən şəxslər vardırsa, bu ərzağı və ya pulu fitrə zəkatı niyyətilə ailə üzvlərinin əlində gəzdirə bilər. Yaxşı olar ki, axırıncı şəxs bu malı və ya pulu onların özündən olmayan bir şəxsə versin.
Sual: Mənim bacım kasıbdır, üç övladı var. Ailədə ancaq yoldaşı bəzən işləyir. Bacım hicablıdır, namaz da qılır. Ramazan ayı bitəndə çıxarılan fitrə pulundan ona verə bilərəmmi? Onun çoxlu qaz pulu borcu yığılıb. O, fitrə pulundan qaza olan borcunu ödəyə bilərmi?
Cavab: Maneəsi yoxdur.
Fitrə zəkatını bilərəkdən aşkarda günah edən şəxsə verməyin hökmü
Sual: Fitrə pulunu mömin kişi və qadına vermək şərtdirmi?
Cavab: Ehtiyat-vacibə görə, fitrə zəkatı fəqir şiə şəxsə verilməlidir. Fitrə zəkatını alıb günaha sərf edən bir şəxsə və ya aşkarda böyük günahı edən şəxsə, ehtiyata görə, fitrə zəkatı verilməməlidir.
Sual: Bacım əvvəllər oruc tutub, namaz qılıb. Hazırda isə namaz qılmır və hicabını da açıb. İndi maddi vəziyyəti çox pisdir. Təkidlə deyirəm ki, oruc tutsun, amma sözə baxmır. Tez-tez məndən yemək, yol pulu və başqa işlər üçün pul istəyir. Mən Ramazan ayında oruc tutmayana pul verə bilərəmmi? Qorxuram ki, birdən yemək alıb yeyər və mənə günah yazılar. Ona fitrə pulunu vermək olarmı?
Cavab: Əgər haram əmələ (orucu yeməyə) kömək etmək niyyətiniz yoxdursa, ona maddi köməklik göstərməyinizin öz-özlüyündə maneəsi yoxdur və sizə günah sayılmır. Əgər bacınız aşkar şəkildə orucunu yeyirsə və namaz qılmırsa, ehtiyat-vacibə görə, ona fitrə zəkatı düşmür.
Sual: Hicabsız fəqir qadına fitrə zəkatını vermək olarmı?
Cavab: Ehtiyat-vacibə görə, şəriət hökmünü bilən, amma bilərəkdən aşkarda günah edən şəxsə fitrə zəkatı verməyə icazə verilmir.
Sual: Fitrə zəkatını namaz qılmayan şəxsə və ya hicabsız xanıma verməyin hökmü nədir?
Cavab: Ümumiyyətlə, günahı aşkarda edən şəxsə, ehtiyat-vacibə görə, fitrə zəkatı verilməsin.
Sual: Əgər ailədə kişi dindar olarsa, lakin xanımı hicablı olmazsa, bu halda fitrə zəkatını kişiyə vermək olarmı?
Cavab: Əgər kişi fəqir şiə şəxs olarsa, ona fitrə zəkatını verməyin maneəsi yoxdur.
Sual: Əgər fitrə zəkatını aşkarda günah etməyən bir şəxsə vermək vacibdirsə, üzü qırxmaq aşkarda günah etmək sayılırmı?
Cavab: Bu şəxsə fitrə zəkatı verə bilərsiniz.
Fitrə pulunu kartdan karta köçürmək
Sual: Fitrə pulunu kartdan fəqirin kartına köçürmək olarmı? Əgər köçürmək olarsa, fitrə verən şəxs ilə müstəhəqq şəxsin eyni şəhərdə yaşaması şərtdirmi? Ayrılan fitrə pulunu müstəhəqqin kartına yükləmək olarmı?
Cavab: Fitrə pulunu kartdan fəqirin kartına köçürməyin maneəsi yoxdur. Həmçinin əgər fitrə pulu ayrılıb kənara qoyulubsa, həmin pulu fəqirin kartına yükləmək və ya bank hesabına köçürmək olar, amma bu pulu dəyişdirməyə icazə verilmir. Qeyd edək ki, əgər fitrə pulunu ayırıb kənara qoyduqdan sonra fəqir şəxsin icazəsi ilə nağd pulun əvəzinə öz kartınızdan onun kartına pul göndərsəniz, bunun iradı yoxdur. Əgər şəxs fitrə pulunu ayırıb kənara qoyubdursa və onun öz şəhərində fəqir şəxs varsa, ehtiyat-vacibə görə, bu pulu başqa şəhərə və ya ölkəyə göndərməsin.
Sual: Bildiyiniz kimi, texnologiya dövründə insanların çoxu öz pullarını bank kartlarında saxlayırlar. Həmin puldan fitrə ayrıla bilərmi? Olarsa, hökmü necədir? Fitrəni elektron formada kiməsə, yaxud fitrə toplayıb onu müvafiq yerlərə çatdıran insanın bank hesabına ödəmək olarmı?
Cavab Kartı kənara qoymaq və ya onun daxilindəki məbləği fitrə zəkatı olaraq niyyət etmək fitrə zəkatını ayırmaq hesab olunmur. Əksinə, pulu kartdan çıxarıb kənara qoymaq lazımdır. Amma fitrə zəkatı niyyətilə pulu kartdan karta köçürmək və ya internet vasitəsilə fəqir şəxsin bank hesabına köçürməyin maneəsi yoxdur və bu, düzgündür.
Sual: Bəzi möminlər xaricdə yaşadıqları üçün fitrə zəkatını müstəhəqq şəxslərə birbaşa çatdıra bilmirlər. Fitrə zəkatını kartla göndərmək olarmı, yaxud kiməsə tapşırmaq olarmı ki, bayram günü mənim adımdan fitrə çıxarsın? Bu, icazəlidirmi? Bunun yolları varmı? Burada niyyət necə olmalıdır? Zəhmət olmasa, ətraflı məlumat verin.
Cavab: Siz özünüzə vəkil təyin edə bilərsiniz ki, sizin tərəfinizdən fitrə zəkatını versin. Ehtiyat-vacibə görə, Ramazan ayı başa çatmamış fitrə zəkatı verilməməlidir. Amma əgər bir şəxs Ramazan ayından əvvəl və ay əsnasında bir fəqirə pul borc versə və ona desə ki, bu pulu sənə borc verirəm və Fitr bayramı gecəsi səni borcdan azad edəcəyəm, sonra da ona fitrə vacib olduqda həmin pulu fitrə zəkatı olaraq hesab etsə, bunun maneəsi yoxdur.
Fitrəni verdikdən sonra kənara qoyulan fitrə pulunun tapılması
Sual: Mən fitrə pulunu ayırıb kənara qoymuşdum, amma sonra onu itirdim. Buna görə də onu yenidən ayırıb verdim. Fitrəni verdikdən sonra kənara qoyduğum fitrə pulunu tapdım. Mən bu pulu xərcləyə bilərəmmi?
Cavab: Siz bu pulu istifadə edə bilməzsiniz. Onu fitrə zəkatı ünvanında verməlisiniz. Amma əgər bundan əvvəl verdiyiniz fitrə pulu fəqirin əlində qalıbsa və onu xərcləməyibsə, onu geri ala bilərsiniz.
Müalicə puluna ehtiyacı olan şəxsə fitrə pulunu vermək
Sual: Əgər bir şəxs işləyib müəyyən məbləğ qazanc əldə edirsə və özünün, ailəsinin yemək və geyim xərclərini ödəyirsə, amma bəzi ailə üzvləri (yəni onun çörəkyeyəni sayılan şəxslər) xəstə olduqlarına görə onları müalicə etdirməli, onlara davamlı olaraq dərman almalı olduğu üçün əlavə pula (başqalarının ona yardım etməsinə və ya borc götürməsinə) ehtiyacı olursa, bu şəxsə fitrə zəkatını vermək olarmı? O, fəqir sayılırmı?
Cavab: Fəqir özünün və ailəsinin illik dolanışıq xərclərini təmin edə bilməyən və bu xərcləri təmin edə bilmək üçün işləyib pul da qazana bilməyən şəxsdir. Bunu müəyyən etmək isə insanın öz öhdəsindədir. Qeyd edək ki, müayinə, müalicə və dərman xərcləri də dolanışıq xərclərinə daxildir.
Fitrə zəkatını fəqir övlada vermək
Sual: Ata öz fitrə zəkatını fəqir övladına verə bilərmi?
Cavab: Əgər övlad fəqir olsa, ata və ana onun vacib xərclərini qarşılamalıdırlar. Valideyn öz fitrə zəkatını övladın dolanışıq xərci üçün ona verə bilməz.
Fitrə pulunun istifadə yerləri
Sual: Bir yardım fondu fitrə pullarını yığdı. 5000 manata yaxın fitrə pulu yığıldı. Yardım fondunun rəhbəri bu pulun 4000 manatını bir dindar ailəyə verdi ki, evini təmir etdirsin. Xanımın həyat yoldaşı rəhmətə gedib və o, balaca bir otaqda dörd uşağı ilə yaşayır. Betonun üstündə yatırdılar, yəni evin vəziyyəti acınacaqlı durumda idi. Onlar da evi təmir etdirdilər.
Mənə dedilər ki, fitrə pulunu evin təmirinə vermək olmaz. Gərək ailələr arasında bölüşdürülərdi: yeməyə və borca verilməli idi. Yardım fondunun rəhbəri tanıdığı dindar ailələrə ərzaq yardımı etdiyi üçün onlara fitrə pulundan vermədi və bu ailənin ev problemini həll etdi. Sualım budur ki, yığılan fitrə pulunun çox hissəsini bu ailənin evinin təmirinə və qalan hissəsini bir dindar xəstənin borcuna verilməsinin hökmü nədir?
Cavab: Bu işin iradı yoxdur.
Sual: Bir şəxs Rusiyada yaşayır. O, fitrə zəkatını ayırıb, bir şəxsə göndərib ki, onu fəqirə çatdırsın. Fitrə zəkatını fəqirə çatdırmalı olan şəxs soruşur ki, onun göndərdiyi pul ilə təam yox, başqa bir şey alıb həmin şəxsin əvəzinə fəqir şəxsə verə bilərmi?
Cavab: Əgər şəxs fitrə pulunu ayırıbsa və onun öz şəhərində fəqir vardırsa, ehtiyat-vacibə görə, fitrəni başqa şəhərə göndərə bilməz. Amma əgər öz şəhərində fəqir yoxdursa, fitrəni başqa şəhərə göndərə bilər. Əlbəttə, ayırılan pulun özünü fəqirə vermək lazımdır. Amma əgər fəqirdən vəkalət alınsa ki, bu pul ilə ərzaq alıb ona çatdırsınlar, bu halda ərzaq alıb fəqirə vermək olar.
Fitrə zəkatını vermək kimin öhdəsindədir
Sual: Süd verdiyinə görə Ramazan ayında oruc tutmayan ana üçün fitrə çıxarılmalıdırmı? Körpə uşaq üçün də fitrə çıxarılmalıdırmı?
Cavab: İnsan onun çörəkyeyəni sayılan şəxs və ya şəxslərin fitrə zəkatını verməlidir, baxmayaraq ki, həmin şəxs və ya şəxslər hansısa bir şəri üzrə görə və ya şəri üzr olmadan oruc tutmayıblar. Hətta yeni doğulan körpənin də fitrə zəkatını verməlidir. Fitrə zəkatı adambaşına üç kiloqram buğda, arpa, xurma, düyü və bu kimi ərzaqlardan ibarətdir. Bu ərzaqların pulunu da vermək olar. Ərzağın qiymətini bazardan əldə edə bilərsiniz.
Sual: Hərbi xidmətdə olan övladın fitrə zəkatını atası ödəməlidir?
Cavab: Əgər o, atanın himayəsindədirsə, onun fitrə zəkatı atanın boynundadır.
Sual: Fitrə zəkatı ailənin bütün üzvlərinin sayına görə verilməlidir, yoxsa yalnız oruc tutan üzvlərin sayına görə verilməlidir?
Cavab: Ailə başçısı onun himayəsində olan şəxslərin sayına görə fitrə zəkatı verməlidir, baxmayaraq ki, onların bəzisi şəri bir üzrə görə və ya heç bir şəri üzr olmadan oruc tutmayıbdırlar.
Sual: Mən də, yoldaşım da işləyib pul qazanırıq. Fitr bayramı gecəsi mənim də maaşımdan olur, yoldaşımın da. Fitrəni kim çıxarmalıdır? Yəni mənim pulum, əslində, sadəcə evə əlavə dəstək kimidir.
Cavab: Suala əsasən, siz ərinizin ailəsi olduğunuza və onun himayəsində olan bir fərd sayıldığınıza görə, sizin fitrə zəkatınız ərinizin öhdəsindədir.
Sual: Əgər bibimin ərinin fitrə zəkatı verməyə imkanı çatmırsa, fitrə zəkatını bibim verməlidir, yoxsa ona vacib deyildir? Əgər fitrə zəkatını vermək bibimə vacib olarsa, o, bayram günü kimdənsə borc alıb fitrəni verə bilərmi? Çünki bibimin maaş almasına hələ çox vardır.
Cavab: Əgər bibinizin dolanışıq xərclərini onun əri verirsə, amma ər fəqirdirsə, onlara fitrə zəkatı vermək vacib olmur. Həmçinin əgər bibiniz özünün və ərinin dolanışıq xərclərini verirsə, amma özü fəqirdirsə, onlara fitrə zəkatı vermək vacib olmur. Amma əgər bibiniz fəqir deyildirsə və özünün və ərinin dolanışıq xərclərini verirsə, onların fitrə zəkatını bibiniz verməlidir. Bunun üçün borc almağın iradı yoxdur.
Sual: Oğlu ilə birgə yaşayan və pensiya alan ananın fitrə zəkatı kimin öhdəsindədir? Başqa sözlə desək, oğul onunla yaşayan ana üçün ailə başçısı sayılırmı?
Cavab: Əgər ananın xərcləri oğulun öhdəsindədirsə və ana ürfə görə oğulun çörəkyeyəni sayılırsa, ananın fitrə zəkatı oğulun öhdəsindədir. Əks halda, oğulun öhdəsində deyildir.
Sual: Ailədə kişinin anası, həyat yoldaşı və oğlu pul qazanır və onlar öz qazanclarının bir qismini ümumi xərclərə verirlər. Sualım budur:
1) Əgər bu kişinin özü də işləyib pul qazanırsa və ailə üzvlərinin verdiyi pulu ümumi xərclər baxımından tənzimləyirsə, onun hamının niyyətinə çıxardığı fitrə kifayət edirmi?
2) Əgər bu kişinin özünün qazancı yoxdursa və ya qeyri-mütəmadidirsə, amma ümumi pulun tənzimlənməsini həyata keçirirsə, onun hamının niyyətinə çıxardığı fitrə kifayət edirmi?
Cavab: 1 və 2) Əgər onların hamısı ürfə görə kişinin himayəsindədirlərsə və kişinin çörəkyeyəni sayılırlarsa, onların fitrə zəkatı bu kişinin öhdəsindədir və onun fitrə zəkatı verməsi kifayət edir.
Qonağın fitrə zəkatı
Sual: Qonağın fitrəsini vermək ev sahibinin öhdəsindədirmi?
Cavab: Ümumiyyətlə, əgər Fitr bayramı gecəsinin qonaqlığı ötən gecələrin və ya qarşıda gələn gecələrin qonaqlığına birləşərsə, belə ki, həmin qonaq ürfə görə, artıq ev sahibinin çörəkyeyəni sayılarsa, qonağın fitrəsi ev sahibinin öhdəsində olacaq.
Sual: Əgər Ramazan ayının son günü, yəni fitrə çıxarılan gün evə bir nəfər qonaq gəlsə, amma bizdə qalmasa, yenə də onun üçün fitrə zəkatı verməliyik?
Cavab: Bir gecəlik qonaq (belə ki, sonrakı gecələr o evdə qalacağı məlum deyildir) ev sahibinin çörəkyeyəni sayılmır. Odur ki, onun fitrə zəkatı ev sahibinə vacib olmur.
Fitrə zəkatının seyidə verilməsi
Sual: Mən seyidəm, amma həyat yoldaşım seyid deyildir. Mən fitrəni seyidə vermək istəsəm, həyat yoldaşımın fitrəsini seyidə verə bilərəmmi, yoxsa özümün və uşaqlarımın fitrəsini seyidə, həyat yoldaşımın fitrəsini isə qeyri-seyidə verməliyəm?
Cavab: Əgər ər seyiddirsə və o öz həyat yoldaşının və övladlarının xərcini verirsə, fitrə zəkatını ər verməlidir. O özünün, həyat yoldaşının və övladlarının fitrə zəkatını şiə və fəqir olan seyidə verə bilər.
Sual: Əgər xanım qeyri-seyidə, lakin onun həyat yoldaşı və uşaqlar seyid olarsa, qeyri-seyid şəxs öz fitrə zəkatını bu xanıma verə bilərmi və xanım da pulu ailəsinə xərcləyə bilərmi?
Cavab: Əgər xanım fəqir olarsa, fitrə zəkatını ona verməyin iradı yoxdur.