İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqavimət qüvvələri və Qəzza əhalisinin bu ana qədər meydanın qalibi olduğunu dedi: “Qəzza və Fələstin əhalisinin müqaviməti və izzətinin zirvəsi, sionist rejimin bu altı aylıq müharibədəki uğursuzluqları ilahi bir hadisədir”.
İslam İnqilabının Rəhbəri sionist rejimin Qəzza əhalisinin qətl-am edilməsi istiqamətindəki cinayətlərinə işarə edərək dedi: “Bütün hərbi imkanlarına və dünyanın zalım güclərinin verdiyi dəstəklərə baxmayaraq, sionist rejimin qadın və uşaqları qətlə yetirməsi göstərir ki, bu rejimin müqavimət qüvvələri ilə mübarizə aparmağa və onları məğlub etməyə qüdrəti çatmır”.
Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibinə xitabən dedi: “Allahın lütfü ilə siz Qəzza əhalisinin son qələbəsini görəcəksiniz”.
Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziyad ən-Nəxalə Fələstin mövzusunda göstərdiyi dəstəklərə görə İran İslam Respublikasına təşəkkürünü bildirərək şəhid Sərdar Süleymaninin xatirəsini hörmətlə andı: “Bu gün Qəzzada cərəyan edənlər, əslində, Kərbəla hadisəsinin təkrarıdır. Bütün çətinliklərə və hiylələrə baxmayaraq, Qəzza əhalisi müqavimət qüvvələri ilə birlikdə öz misilsiz müqaviməti ilə ABŞ, sionist rejim və onların himayədarlarının müqaviməti məhv etməklə bağlı planlarını iflasa uğratdı”.
O, müqavimət qüvvələri, xüsusilə HƏMAS və İslami Cihad arasındakı tam əlaqənin olduğunu vurğulayaraq dedi: “Qəzza əhalisi və müqavimət qüvvələri son qələbəyə qədər müqaviməti davam etdirməkdə qərarlıdır. Allahın lütfü ilə elə də uzaq olmayan gələcəkdə son qələbə əldə ediləcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir