Məsələ 912. Əgər bir şəxs bir neçə gün huşsuz vəziyyətdə olsa və vacib orucu tuta bilməsə, həmin günlərin orucunun qəzasını tutmaq lazım deyildir.
Məsələ 913. Əgər bir şəxs məst olduğuna görə vacib orucu tuta bilməyibdirsə, məsələn, oruc niyyəti etməyibdirsə, gün ərzində orucu pozan işləri yerinə yetirməsə belə, onun orucu düzgün deyildir və həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 914. Əgər bir şəxs oruc niyyəti etdikdən sonra məst olubsa və bütün gün və ya günün bir hissəsini məst vəziyyətdə olubsa – xüsusilə də ağılın aradan getdiyi bərk məstlik vəziyyətində olduğu hallarda – ehtiyat-vacibə görə, həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 915. Əvvəlki iki məsələdə bunun bir fərqi yoxdur ki, məstedici maddəni qəbul etmək onun üçün haram imiş, yaxud da xəstəliklə əlaqədar və ya qəbul etdiyi maddənin məstedici olduğunu bilmədiyinə görə onu qəbul etmək haram deyilmiş.
Məsələ 916. Ramazan ayında qadın heyzli və ya nifaslı günlərində tutmadığı orucun qəzasını Ramazan ayından sonra tutmalıdır.
Məsələ 917. Əgər Ramazan ayında bir şəxs xəstəliklə əlaqədar olaraq, yaxud qadın heyzli və ya nifaslı günlərində oruc tutmazsa və Ramazan ayı başa çatmamışdan qabaq o, dünyasını dəyişərsə, tutmadığı orucların qəzasını onun əvəzindən tutmaq lazım deyildir.
Məsələ 918. Əgər Ramazan ayında bir şəxs müəyyən üzrə görə bir neçə gün oruc tutmasa və günlərin sayını dəqiq bilməsə, üzrün hansı tarixdən etibarən başlandığını bilmədiyi təqdirdə (məsələn, bir şəxs Ramazan ayının 25-i, yoxsa 26-sı səfərə getdiyini bilmir və buna görə də altı gün, yoxsa beş gün qəza orucu tutmalı olduğunu müəyyənləşdirə bilmir), bu halda o, sayın azını götürüb, həmin sayda qəza orucu tuta bilər. Amma əgər üzrün hansı tarixdən etibarən başlandığını bilirsə, məsələn, Ramazan ayının 5-i səfərə getdiyini bilir, lakin ayın 10-u, yoxsa 11-i gecə qayıtdığını bilmir və buna görə də beş gün, yoxsa altı gün qəza orucu tutacağını müəyyənləşdirə bilmirsə, bu halda ehtiyat-vacibə görə, sayın çoxunu götürməli və həmin sayda qəza orucu tutmalıdır.
Məsələ 919. Əgər bir şəxsin boynunda bir neçə Ramazan ayının qəza orucu vardırsa, onlardan hansını birinci tutsa, düzgündür. Amma əgər axırıncı Ramazan ayının qəza orucları üçün vaxt dar olsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu olsa və qarşıda gələn Ramazan ayınadək yalnız beş gün vaxt qalsa, bu halda ehtiyat-vacibə görə, axırıncı Ramazan ayının qəza oruclarını tutmalıdır.
Məsələ 920. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutubsa və qəza orucu üçün vaxt dar deyildirsə, bu şəxs zöhrdən qabaq orucunu poza bilər. Amma əgər vaxt dardırsa, yəni qarşıda gələn Ramazan ayınadək qəza oruclarının sayı qədər gün qalıbdırsa, ehtiyata görə, bu şəxs zöhrdən qabaq orucunu pozmasın.
Məsələ 921. Əgər Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhrdən sonra orucunu bilərəkdən pozsa, on fəqirə yemək verməlidir. Əgər buna maddi imkanı yoxdursa, üç gün oruc tutmalıdır.
Məsələ 922. Əgər bir şəxsin boynunda bir neçə Ramazan ayının orucunun qəzası vardırsa və o, niyyətində hansı ayın qəzasını tutduğunu müəyyən etməzsə, tutduğu oruc birinci olan Ramazan ayının qəza orucu hesab olunacaqdır.
Məsələ 923. Əgər bir şəxs müəyyən bir üzrə görə (məsələn, xəstəliklə əlaqədar və ya səfərə getdiyi üçün) oruc tutmayıbdırsa, gələn ilin Ramazan ayınadək onun üzrü aradan qalxdığı təqdirdə, orucun qəzasını tutmalıdır.
Məsələ 924. Əgər bir şəxs xəstəliklə əlaqədar olaraq Ramazan ayının orucunu tuta bilməyibdirsə, onun xəstəliyi gələn Ramazan ayınadək davam etdiyi təqdirdə, orucların qəzası onun boynundan götürülür. Amma hər gün üçün bir müdd təam fəqirə verməlidir.
Məsələ 925. Əgər bir şəxs xəstəliklə əlaqədar olaraq Ramazan ayında oruc tuta bilməsə və Ramazan ayından sonra xəstəliyi sağalsa, amma fasiləsiz olaraq başqa bir üzr ortaya çıxsa və gələn ilin Ramazan ayınadək orucların qəzasını tuta bilməsə, bu qəza oruclarını sonrakı illərdə tutmalıdır. Həmçinin əgər xəstəlikdən qeyri bir üzrə görə Ramazan ayında oruc tuta bilməsə və Ramazan ayından sonra üzrü aradan qalxsa, amma gələn ilin Ramazan ayınadək xəstəliklə əlaqədar olaraq orucların qəzasını tuta bilməsə, bu qəza oruclarını sonrakı illərdə tutmalıdır.
Məsələ 926. Əgər bir şəxs səfər ilə əlaqədar olaraq Ramazan ayının orucunu tuta bilməsə və gələn ilin Ramazan ayınadək səfər vəziyyətində olsa, ötən ilin Ramazan ayının orucunun qəzası onun boynundan götürülmür. O, bu qəza oruclarını sonrakı illərdə tutmalıdır. Təxir kəffarəsi vermək isə ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 927. Əgər bir şəxs fiziki gücü çatmadığına görə Ramazan ayında oruc tutmağa, həmçinin gələn ilin Ramazan ayınadək orucların qəzasını tutmağa qadir deyildirsə, orucların qəzası onun boynundan götürülmür. Orucların qəzasını tutmağa qadir olduğu zaman onları tutmalıdır. Həmçinin əgər bir şəxs bir neçə il oruc tutmayıbsa və tövbə edib, orucların qəzasını tutmağı qərara alıbdırsa, tutmadığı bütün orucların qəzasını tutmalıdır. Əgər bu orucları tutmazsa, onun boynundan götürülmür və boynunda qalır.