İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmail Həniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Fələstinin müqavimət qüvvələri və Qəzza əhalisinin misilsiz müqavimətini yüksək qiymətləndirərək dedi: “Qərbin tam dəstəyi ilə sionist rejim tərəfindən həyata keçirilən cinayətlər və vəhşiliklərə qarşı Qəzza əhalisinin göstərdiyi tarixi səbr İslamı, həqiqətən, şərəfləndirən və düşmənin istəyinə baxmayaraq, Fələstin məsələsini dünyanın birinci dərəcəli probleminə çevirən çox böyük bir hadisədir”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, Qəzza əhalisinə qarşı törədilən kütləvi qətllər və bu regionda həyata keçirilən soyqırım hər bir vicdanlı insana təsir etdi: “İran İslam Respublikası Fələstini, məzlum və müqavimətçi Qəzza əhalisini dəstəkləməkdə tərəddüd etməyəcək”.
Həzrət Ayətullah Xamenei dünyada, eləcə də İslam, xüsusilə ərəb dünyasında formalaşan ictimai rəyin Qəzza əhalisinə dəstəkdən yana olmasının mühüm bir hadisə olduğunu bildirdi: “Bu günə qədər Fələstin müqavimətinin təbliğat və media fəaliyyətləri çox yaxşı olub və sionist düşməni qabaqlayıb. Bu məsələdə əvvəlkindən də çox addımlar atılmalıdır”.
O, həmçinin HƏMAS-ın sionist rejim tərəfindən şəhid edilmiş rəhbərlərindən biri olmuş şəhid “Əl-Arurinin” xatirəsini hörmətlə yad edərək dedi: “Bu nəcib şəhid böyük şəxsiyyət idi. Həyatının mübarək şəhidliklə sona yetməsi apardığı mübarizələr müqabilində Allah tərəfindən verilmiş bir mükafat idi”.
Bu görüşdə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri cənab İsmail Həniyə İran xalqına, İran İslam Respublikası hökumətinə Fələstinə, xüsusilə Qəzza əhalisinə verdiyi dəstəklərə görə təşəkkürünü bildirərək Qəzza müharibəsinin son meydan və siyasi vəziyyəti haqqında məlumat verdi: “Qəzza əhalisi və müqavimət qüvvələrinin bu altı ay ərzində onların möhkəm imanlarından qaynaqlanan nümunəvi səbr və mətanəti sionist düşmənin Qəzza müharibəsində qarşıya qoyduğu heç bir strateji hədəfinə nail ola bilməməsinə səbəb oldu”.
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri vurğuladı ki, “Əqsa fırtınası” əməliyyatı sionist rejimin məğlubedilməzliyi mifini darmadağın etdi. Artıq altı aydan sonra sionist düşmən ağır itkilər verib, rejimin minlərlə əsgəri ölüb və yaralanıb: “Qəzza müharibəsi bir dünya müharibəsidir və ABŞ rəhbərliyi sionist rejimin müharibəsinə birbaşa rəhbərlik etdiyi üçün sionistlərin törətdikləri cinayətlərin əsas ortağıdır”.
O, çıxışının sonunda İnqilabın Rəhbərinə dedi: “Zati-alinizi əmin edirəm ki, Qəzzada baş verən bütün vəhşiliklərə, cinayətlərə və soyqırımlara baxmayaraq, Qəzza əhalisi və müqavimət qüvvələri möhkəm dayanıb və bundan sonra sionist düşmənin öz məqsədlərinə zərrə qədər də yaxınlaşmasına imkan verməyəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir