Ali Məqamlı Rəhbərin informasiya bloku

Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar

Məsələ 879. Əgər bir şəxs mübarək Ramazan ayında orucu pozan işləri1 bilərəkdən və ixtiyari olaraq və heç bir şəri üzr olmadan yerinə yetirsə, oruc pozulur və orucun qəzasından əlavə, ona orucu bilərəkdən pozmağın kəffarəsi də vacib olur. Bu şəxs istər orucun kəffarəsinin ona vacib olacağını bilsin, istərsə də bilməsin, fərqi yoxdur və kəffarə ona vacib olur.
Məsələ 880. Əgər bir şəxs şəri hökmü bilmədiyinə görə orucu pozan bir iş görsə, məsələn, dərman içməyin də başqa şeyləri yemək kimi orucu pozduğunu bilməsə və Ramazan ayında oruc olduğu halda dərman içsə, onun orucu pozulur. O, orucun qəzasını tutmalıdır, amma kəffarə vacib olmur.
Məsələ 881. Əgər bir şəxs müəyyən bir işin haram olduğunu bilsə, amma bu işin orucu pozduğunu bilməsə və bu işi görsə, orucun qəzasından əlavə, ehtiyat-vacibə görə, ona orucun kəffarəsi də vacib olur.
Məsələ 882. Əgər oruc tutan şəxsin daxilindən onun ağzına bir şey gəlsə, onu udmamalıdır. Əgər bilərəkdən onu udsa, orucun qəzası və kəffarəsi bu şəxsə vacib olur.
Məsələ 883. Əgər bir şəxs müəyyən gündə oruc tutmağı nəzir etsə, amma həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu pozsa, kəffarə verməlidir2.
Məsələ 884. Əgər Ramazan ayında sözünə etibar edilməyən bir şəxs şəri məğrib olduğunu desə və oruc tutan şəxs onun sözünə əsasən iftar etsə, sonra isə məğrib olmadığını başa düşsə, ona orucun qəzası və kəffarəsi vacib olur.
Məsələ 885. Əgər bir şəxs orucunu bilərəkdən pozsa, həmin gün səfərə getsə belə, kəffarə onun öhdəsindən götürülmür.
Məsələ 886. Cinsi əlaqədə hər iki tərəfin orucu pozulur və onların hər ikisinə orucun qəzası və kəffarəsi vacib olur.

_____________________________

(1) Qüsl etmədən yatan cənabətli şəxs istisna təşkil edir və onun hökmü əvvəlki məsələlərdə açıqlandı.
(2) Nəzir orucunun kəffarəsi on fəqiri yedizdirmək və ya geyindirməkdən ibarətdir. Buna maddi imkan olmadıqda, üç gün oruc tutulur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər