Məsələ 787. Orucu vacib edən şərtlər aşağıdakılardır:
1- Şəri həddi-büluğa çatmaq; 2- Ağıllı olmaq; 3- Oruc tutmağa qadir olmaq; 4- Huşsuz vəziyyətdə olmamaq; 5- Səfərdə olmamaq; 6- Qadının heyzli və nifaslı olmaması; 7- Orucun ziyanlı olmaması; 8- Orucun əziyyətli olmaması.
Məsələ 788. Oruc tutmaq yuxarıdakı şərtlərə malik olan şəxslərə vacib olur. Deməli, həddi-büluğa çatmayan uşağa, dəli insana, huşunu itirən şəxsə, oruc tutmağa qüvvəsi çatmayan insana, səfərdə olan şəxsə, heyzli və nifaslı qadına, oruc tutmağın ona ziyanı və ya əziyyəti (çox böyük çətinliyi) olan şəxsə oruc tutmaq vacib deyildir.
Məsələ 789. Əgər uşaq Ramazan ayında sübh azanından qabaq həddi-büluğa çatsa, həmin günün orucunu tutmalıdır. Amma əgər sübh azanından sonra həddi-büluğa çatsa, həmin günün orucu ona vacib olmur.
Məsələ 790. Şəri büluğ yaşına yeni çatan qızlara oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.
Məsələ 791. Heyzli və ya nifaslı qadının orucu düzgün deyildir. Hətta əgər bir qadın şəri məğribə bir neçə dəqiqə qalarkən heyz olsa və ya uşaq dünyaya gətirsə, onun orucu pozulur. Həmçinin əgər bir qadın sübh namazının vaxtı daxil olduqdan bir neçə dəqiqə sonra heyzdən və ya nifasdan paklanarsa, həmin günün orucu düzgün deyildir.
Məsələ 792. Əgər bir şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi ehtimal etsə (yəni orucun ona ziyanı olacağından qorxsa), oruc tutmaq ona vacib olmur. Əksinə, bəzi hallarda oruc tutmaq ona haramdır. Bu yəqinlik və ya qorxu, istər şəxsi təcrübə əsasında, istər etibarlı həkimin sözləri əsasında hasil olsun, istərsə də bunun başqa bir məntiqi əsası olsun, fərqi yoxdur. Əgər bu şəxs oruc tutsa, orucu düzgün deyildir. Yalnız o halda düzgün olar ki, qəsdi-qürbət ilə oruc tutmuş və sonradan orucun ona ziyanı olmadığı məlum olmuşdur.
Məsələ 793. Əgər bir şəxs orucun ona ziyanı olmadığını bilib oruc tutsa, amma məğribdən sonra orucun ona ziyanı olduğunu başa düşsə, onun orucu düzgün deyildir və orucun qəzasını tutmalıdır.
Məsələ 794. İnsanın özü müəyyən etməlidir ki, oruc tutmaq onda xəstəlik yarada bilər, yaxud onun xəstəliyini ağırlaşdıra bilər, yaxud oruc tutmağa onun qüvvəsi çatmır və ya orucun ona ziyanı vardır. Deməli, əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı vardır” – desə, amma həkimin sözü bu şəxsdə orucun ona ziyanı olacağına dair əminlik və ya qorxu yaratmasa, yaxud da bu şəxs öz təcrübəsi əsasında orucun ona ziyanı olmadığını bilsə, bu şəxs oruc tutmalıdır. Həmçinin əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı yoxdur” – desə, amma bu şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi bir əsasla orucun ona ziyanı olacağından qorxsa, bu şəxs oruc tutmamalıdır. Oruc tutmaq ona haramdır.
Məsələ 795. Əgər xəstə bir insan Ramazan ayında gündüz vaxtı sağalsa, həmin gün oruc niyyəti edib oruc tutması lazım deyildir. Amma əgər zöhrdən qabaq sağalarsa və bu vaxtadək orucu pozan bir iş görməyibdirsə, niyyət edib oruc tutması ehtiyat-müstəhəbə müvafiqdir. Ramazan ayından sonra isə bu orucun qəzasını tutmalıdır.