Orucun niyyəti
Məsələ 801. Başqa ibadətlərdə olduğu kimi, orucda da niyyət etmək vacibdir. Yəni Allahın əmrinə itaət etmək niyyətilə yeyib-içməkdən və orucu pozan digər işlərdən çəkinmək lazımdır. Əlbəttə, bu işi yerinə yetirməyi qərara almaq kifayət edir və onu dilə gətirməyə ehtiyac yoxdur.
Məsələ 802. Mübarək Ramazan ayının orucunu tutarkən mükəlləfin hansı orucu tutduğunu müəyyən etməsi lazım deyildir və təkcə oruc niyyəti etməsi kifayət edir. Amma Ramazan ayının orucundan qeyri bir orucu tutarkən mükəlləf, ümumi də olsa, hansı orucu tutduğunu müəyyən etməlidir. Məsələn, əgər bir şəxsin boynunda təkcə qəza orucu varsa, o, ya birbaşa qəza orucunun niyyətini etməli, ya da ümumi olaraq boynunda olan orucu tutduğunu niyyət etməlidir. Əgər onun boynunda bir neçə oruc, məsələn, qəza və nəzir orucu varsa, hansı orucu tutduğunu müəyyən etməlidir.
Məsələ 803. Əgər mükəlləf boynunda hansısa bir orucun olduğunu bilsə, amma dəqiqliklə hansı oruc olduğunu bilməsə, o, “ma fiz-zimmə” (boynumda olan vəzifə) niyyəti edə bilər.
Məsələ 804. Əgər şaban ayının axırıncı günü, yoxsa Ramazan ayının birinci günü olduğu məlum olmasa (bu gün “şəkk günü” adlanır)1, həmin gün oruc tutmaq vacib deyildir. Əgər bir şəxs həmin gün oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz. Şaban ayının axırıncı gününün müstəhəb orucu, yaxud qəza orucu və ya bu kimi oruc niyyəti edib, oruc tuta bilər. Amma əgər sonradan Ramazan ayı olduğu məlum olsa, bu oruc Ramazan ayının orucu hesab olunacaq və onun qəzasını tutmaq lazım deyildir. Əgər o, gün əsnasında Ramazan ayı olduğunu başa düşsə, həmin andan etibarən Ramazan ayının orucunun niyyətini etməlidir.
a) Ramazan ayının orucunun niyyəti
Məsələ 805. Nəzərə alsaq ki, oruc “sadiq fəcr” doğan andan etibarən başlanır, orucun niyyətini etməyin vaxtı da həmin an başa çatır. Daha yaxşı olar ki, fəcr yaxınlaşmamışdan qabaq orucun niyyəti edilsin.
Məsələ 806. Oruc tutan şəxs Ramazan ayının hər gecəsində sabahkı günün orucu üçün niyyət edə bilər. Amma yaxşı olar ki, ayın birinci gecəsi bütün ayın orucu üçün niyyət etsin və hər gecə niyyətini yeniləsin.
Məsələ 807. Əgər bir şəxs gecənin əvvəlində sabah oruc tutacağını niyyət etsə, daha sonra yatsa və sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, yaxud da bir işlə məşğul olduğuna görə sübh namazının vaxtının daxil olduğundan xəbərsiz olsa və bunu sonradan başa düşsə, onun orucu düzgündür.
Məsələ 808. Ramazan ayında Ramazan orucundan qeyri bir orucun niyyətini etmək olmaz. Ramazan ayının orucunu tuta bilməyən müsafir şəxs isə istisna təşkil edir, belə ki, o, səfərdə müstəhəb oruc tutacağını nəzir etmişdir və buna görə də Ramazan ayında onun tutduğu müstəhəb oruc düzgündür2.
Məsələ 809. Əgər bir şəxs Ramazan ayının gecəsində bilərəkdən fəcr doğanadək oruc niyyəti etməsə, o, gün əsnasında oruc niyyəti etsə belə, orucu düzgün deyildir. Amma həmin gün məğribədək orucu pozan bütün işlərdən çəkinməli və Ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 810. Əgər bir şəxs Ramazan ayında unutduğuna və ya məsələni bilmədiyinə görə oruc niyyəti etməsə və bunu gün əsnasında başa düşsə (istər şəri zöhrdən qabaq başa düşmüşdür, istərsə də şəri zöhrdən sonra başa düşmüşdür), orucu pozan bir iş gördüyü təqdirdə, oruc niyyəti edə bilməz. Amma əgər orucu pozan bir iş görməyibdirsə, zöhrdən sonra başa düşdüyü təqdirdə, oruc niyyəti etməsi düzgün deyildir. Buna baxmayaraq, məğribədək orucu pozan işlərdən çəkinməlidir. Amma əgər zöhrdən qabaq başa düşsə, ehtiyat-vacibə görə, oruc niyyəti edib oruc tutmalı və sonradan həmin günün orucunun qəzasını tutmalıdır.
b) Ramazan ayının orucundan qeyri bir orucun niyyəti
Məsələ 811. Əgər bir şəxs Ramazan ayının orucundan qeyri bir “günü müəyyən olan vacib oruc” tutmalıdırsa, məsələn, müəyyən bir gün oruc tutmağı nəzir edibdirsə, o, bilərəkdən fəcr doğanadək oruc niyyəti etmədiyi təqdirdə, orucu düzgün deyildir. Amma əgər oruc niyyəti etməyi unudubdursa və şəri zöhrədək bunu xatırlayarsa, oruc niyyəti edə bilər.
Məsələ 812. Əgər bir şəxs “günü müəyyən olmayan vacib oruc”, məsələn, kəffarə və ya qəza orucu üçün şəri zöhrədək (istər bilərəkdən, istərsə də səhvən) niyyət etməsə, həmin vaxtadək orucu pozan bir iş görmədiyi təqdirdə, oruc niyyəti edə bilər və orucu düzgündür. Amma zöhrdən sonra oruc niyyəti düzgün deyildir.
Məsələ 813. Müstəhəb oruc üçün günün istənilən vaxtı niyyət etmək olar, amma bu şərtlə ki, oruc tutmaq istəyən şəxs niyyət etdiyi vaxtadək orucu pozan bir iş görməyibdir.
Niyyətin davam etməsi
Məsələ 814. “Günü müəyyən olan vacib oruc”da (məsələn, Ramazan ayının orucu və ya günü müəyyən olan nəzir orucunda) niyyət fəcr doğandan şəri məğribədək davam etməlidir. Beləliklə, əgər bir şəxs gün əsnasında oruc niyyətindən dönsə və orucu davam etdirmək niyyətində olmasa, orucu pozulur. Hətta orucu davam etdirmək üçün yenidən niyyət etməsinin faydası yoxdur. Amma eyni zamanda Ramazan ayında şəri məğribədək orucu pozan işləri görməməlidir.
Məsələ 815. Əgər bir şəxs “günü müəyyən olan vacib oruc”da orucu davam etdirib-etdirməməkdə tərəddüd etsə, yaxud orucu pozan işlərdən birini yerinə yetirməyi qərara alsa, amma bu işi yerinə yetirməsə, ehtiyat-vacibə görə, orucu başa çatdırmalı və sonradan orucun qəzasını da tutmalıdır.
Məsələ 816. Əgər bir şəxs müstəhəb orucda və ya “günü müəyyən olmayan vacib oruc”da orucu kəsməyi və ya orucu pozan işlərdən birini görməyi qərara alsa, yaxud da orucu kəsib-kəsməməkdə tərəddüd etsə, orucu pozan bir iş görmədiyi təqdirdə, şəri zöhrədək “günü müəyyən olmayan vacib oruc”un niyyətini və şəri məğribədək müstəhəb orucun niyyətini edə bilər.
______________________________________
(1) Əgər qəməri ayının iyirmi doqquzuncu günü ayın hilalını hava buludlu olduğuna və ya başqa bir səbəblə əlaqədar görə bilməsələr, yaxud ayın göründüyünə dair fikirayrılığı yaransa, həmin gün “şəkk günü” adlanır. Beləliklə, əgər şaban ayının axırıncı günü, yoxsa Ramazan ayının birinci günü olduğuna dair şəkk edilsə, həmin gün şaban ayının axırıncı günü hesab olunacaq. Həmin gün müstəhəb və ya qəza orucu niyyətilə oruc tutmaq olar, amma Ramazan ayının orucu niyyətilə oruc tutmaq olmaz və haramdır. Həmçinin əgər Ramazan ayının axırıncı günü, yoxsa şəvval ayının birinci günü olduğuna dair şəkk edilsə, Ramazan ayının axırıncı günü hesab olunacaq və oruc tutmaq vacibdir.
(2) Bunu da bilməlisiniz ki, Ramazan ayında tutulan nəzir orucu Ramazan ayının orucu hesab olunmur və onun qəzasını sonradan tutmaq lazımdır.