Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikasının dini, rasional və insani məntiqi imperializmə qarşıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdə İslam Respublikasının imperializm cəbhəsi qarşısındakı dini, rasional və insani məntiqi və dəlilləri ilə bağlı açıqlama verdi. O, Xubriqan və İslami Şura Məclislərinə yeni seçilmiş nümayəndələrə mühüm tövsiyələr verərək vurğuladı: “Yeni tərkibli İslami Şura Məclisinin təşkili şirin, ümidverici və qiymətlidir. Seçilmişlər bunun qədrini bilməlidirlər”.

Həzrət Ayətullah Xamenei beşinci çağırış Xubriqan Məclisi ilə təşkil edilmiş bu sonuncu görüşdə izdihamlı 22 bəhmən yürüşü və 11 isfənd seçkilərinə işarə edərək builki bəhmən və isfəndin əvvəlki illərlə müqayisədə İslam demokratiyasına xas olan əlamətlərin açıq şəkildə müşahidə edildiyi aylar olduğunu dedi. O, İslam Respublikasının hegemonlar qarşısındakı mübarizə və müqavimətinin məntiqinə aydınlıq gətirərəkən dedi: “İslam Respublikasının təşkilinə qədər dünyada mövcud olan yeganə cəbhə Qərbin liberal demokratiya xəttinə bağlı olan demokratiyalar cəbhəsi olub. Amma İslam İnqilabının qələbəsi ilə İslam demokratiyası əsasında yeni bir cəbhə formalaşdı. Bu cəbhə Qərbin demokratik cəbhəsi qarşısında mövqe aldı”.

O, İranın İslam demokratiyası modelinin Qərb demokratiyasının təhlükəyə məruz qalmasına səbəb olduğunu, buna görə də onun İslam dövləti cəbhəsinə qarşı mübarizə və düşmənçiliklərə başladığını dedi: “Onların təhlükə hiss etməsi və düşmənçiliklərinin səbəbi Qərbin demokratiyasının zatında imperializm, təcavüz, xalqların hüquqlarının pozulması, güc və qüdrət əldə etmək üçün müharibə odunun alovlandırılması, hədsiz dərəcədə qanlar axıdılması olmuşdur. XIX əsrdə, yəni onların demokratiya, azadlıq və insan hüquqları ilə bağlı şüarları və iddialarının yüksək həddə çatdığı bir vaxtda Asiya, Afrika və Latın Amerikası dövlətlərinin müstəmləkəyə məruz qalması buna dəlildir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İslam demokratiyasının ən mühüm strategiyası islami mahiyyəti səbəbindən bu cür zülm və təcavüzlərlə mübarizədir. O, İslam Respublikası nə üçün imperializm cəbhəsinə qarşı mübarizə aparır? - sualına gəlincə isə dedi: “Bizim dövlətlər, hökumətlər və xalqlarla heç bir düşmənçiliyimiz yoxdur. Biz Qərbin demokratiyası bətnindəki zülm və təcavüzə qarşıyıq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, təəssüf doğuran Qəzza hadisələri imperialist cəbhəsinin bir ölkənin sahiblərinə qarşı zülm və təcavüzünün, qadın və uşaqları qəddarcasına qətlə yetirməsinin, bu ölkənin sərvətlərini və resurslarını məhv etməsinin aşkar nümunəsidir: “İslam Respublikası, əslində, belə zülmlərə və cinayətlərə qarşıdır. Bu zülm və cinayətlər hər bir insanın ağlı, düşüncəsi, qanunu, vicdanı ilə qınanıldığı halda, ABŞ, İngiltərə və bəzi Avropa ölkələri tərəfindən dəstəklənir”.

O vurğuladı: “İmperializm, zülm, təcavüz və qırğın cəbhəsinin demokratiya, insan hüquqları və liberalizm adı altında gizlənməsi məsələsinə aydınlıq gətirilməlidir”.

İnqilabın Rəhbəri vurğuladı ki, İslam Respublikası imperializmlə mübarizədə daim bayraqdar, öndər və qabaqcıl olmalıdır: “İmperializmlə mübarizə bayrağını hər gün daha geniş, daha uca etməliyik. Heç bir dövrdə bu bayrağın İslam Respublikasından alınmasına icazə verməməliyik”.

Həzrət Ayətullah Xamenei habelə İslam Respublikasının imperialistlərə qarşı mübarizə məntiqininin yeni gələn nəsillərə izah edilməsinin mühüm bir vəzifə olduğunu vurğuladı: “Xoşbəxtlikdən İslam Respublikasının qırx illik tarixində imperializmə qarşı apardığı mübarizənin əsl simasını, cəbhəsini və strategiyasını dünyaya göstərməyə nail olmuşuq”.

O, çıxışının başqa bir yerində Xubriqan Məclisinin rəhbər təyin etmək və onun səlahiyyətlərinin qorunmasına nəzarət vəzifəsinin İslam Respublikasındakı ən mühüm idarəetmə vəzifəsi olduğunu dedi: “Xubriqan Məclisinin üzvləri öz seçkilərində İslam Respublikasının sabit prinsiplərini diqqətdən qaçırmamaq üçün diqqətli olmalıdırlar”.

İslam İnqilabının Rəhbəri İslam Respublikasının sabit və dəyişməz prinsiplərinə aydınlıq gətirərkən vurğuladı: “Konstitusiya, böyük İmamın çıxışları və İslam maarifində ədalətin bərqərar edilməsi, korrupsiya ilə mübarizə, cəmiyyətdə İslam maarifi və ona əməl edilməsi səviyyəsinin qaldırılması kimi sabit prinsiplər yer almışdır. Xubriqan Məclisinin üzvləri rəhbər seçimində bu sabit prinsipləri nəzərə alaraq onlara uyğun davranmalıdırlar”.

Həzrət Ayətullah Xamenei çıxışının üçüncü hissəsində İslami Şura Məclisi üçün seçkilərin keçirilməsi, hər yeni məclisin iş başına gəlməsinin ölkə üçün yeni ümidlər doğuran, perspektivlər yaradan şirin bir hadisə olduğunu dedi: “Yeni nümayəndələrin əvvəlki dövrdən qalan nümayəndələrin yanında yer alması innovasiya ilə təcrübənin birlikdəliyi deməkdir. Bu, qiymətli sərmayə və siyasi kompleksin damaralarına vurulmuş yeni qandır”.

O, mühüm bir xatırlatma edərək ixtilaf yaradan sözlərin, düşmən sevindirən dava-dalaşların salınması, düşmənçiliklər yaradılmasının yeni parlamentin təşkilinin şirinliyinin acıya çevrilməsinə səbəb olacağını dedi: “Yeni parlamentə seçilənlər diqqətli olmalı, məclisin təşkili şirinliyinin, ölkənin təravətli siyasi fəzasının acıya çevrilməsinə imkan verməməlidirlər. Əgər parlamentdə mübahisə, dava-dalaş, qarşıdurma və müxtəlif cəbhələşmələr yaranarsa, parlament özünün əsas fəaliyyət xəttindən çıxar”.

İslam İnqilabının Rəhbəri Əmirəl-mömininin (ə) tez-tez öz valilərinə ilahi təqvaya riayət edilməsi ilə bağlı tövsiyələr verdiyini qeyd edərək İslam Respublikası rəhbərliyi və məsul şəxslərinin qəti zərurətlərindən birinin dindarlıq, halal-harama diqqət yetirilməsi, yalan, qeybət və böhtandan çəkinmək kimi məsələlər olduğunu dedi: “Şəxsi məsələlərdə də təqvaya riayət etməli, siyasət və iş mühitində də təqvaya riayət edərək haramlardan çəkinmək lazımdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, siyasi iş və fəaliyyətlərdə yanaşma fərqliliyi və siyasi təsnifatlar mövcuddur. Bunun heç bir maneçiliyi yoxdur. Amma hər kəs təqvaya riayət edərək ilahi rəhmət və bərəkətin cəlb edilməsinə zəmin yaratmalıdır”.

İnqilabın Rəhbəri Xubriqan Məclisinin mərhum üzvlərini, xüsusilə Ayətullah Kaşanini hörmətlə andı. O, şaban ayının müjdələr, sevinc və şadlıq bəxş edən hadisələr, paklanma, istiğfar, dua və minacatlar vasitəsilə mübarək ramazan ayına hazırlıq ayı olduğunu vurğulayaraq bu ayın qalan günlərində Allahdan bağışlanma dilədi.

Bu görüşün əvvəlində Xubruiqan Məclisinin sədri Ayətullah Cənnəti son iclasın keçirilməsinə işarə edərək məclis üzvləri tərəfindən səsləndirilən bəzi narahatedici məsələləri qeyd etdi.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Hüseyni Buşəhri beşinci çağırış Xubriqan Məclisinin son iclası və üzvlərin çıxışlarının əsas mövzuları ilə bağlı məlumat verdi: “Ölkə başçısı ilə bir neçə saatlıq görüş və bəzi məsələlərin müzakirəsi, iqtisadiyyat nazirinin iştirakı ilə iqtisadi məsəllərin tədqiqi, Qüds Korpusunun komandanı tərəfindən regionda baş verən dəyişikliklərlə bağlı məlumat verilməsi bu iclasın ehtiva etdiyi məsələlərdən oldu”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

 

700 /