Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin güclü və izdihamlı seçkilərə əsaslanan inkişafı və güclü parlamenti

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər seçkilərdə ilk dəfə iştirak edəcək minlərlə vətəndaş və möhtərəm şəhid ailələrindən bir qrupu ilə görüşdə xalqın seçkilərdəki güclü və izdihamlı iştirakının milli gücün təzahürü, milli təhlükəsizliyin təminatçısı və İrana göz dikmiş düşmənlərin məyusedicisi olduğunu dedi. O, daha yaxşı namizədə xas olan xüsusiyyətləri qeyd edərək izdihamlı seçkilərin problemlərin ortadan qalxmasına, İranın inkişafına zəmin yaradan düzgün idarəetmə sütunlarından olduğunu vurğuladı, İranı, İslam Respublikasını, İnqilabı, milli iqtidarı və inkişafı istəyən hər kəsdən Cümə günü seçki məntəqlərinə gəlməsini istədi.

O qeyd etdi ki, İnqilabdan sonrakı gənc nəsil əvvəlki gənc nəsildən daha çox tədqiqatçı, dəlil, sübut və məntiqə əsaslanan, düz və səhvi yoxlayan bir nəsildir: “Əziz gənclər bilsinlər ki, həqiqi səsvermə qutusu, xalqın motivasiyalı, məlumatlı, ümidli və gözləntili iştirakı asanlıqla əldə edilməmişdir. Bu, xalqın uzun illər istibdad və tağut rejiminə qarşı mübarizədə göstərdiyi fəaliyyətlər və fədakarlıqların nəticəsidir”.

İnqilabın Rəhbəri bəzi tağut ünsürlərinin İnqilabdan əvvəlki seçkilərin görüntü xarakterli olması ilə bağlı yazılarına işarə edərək bildirdi ki, onlar özləri etiraf etdikləri kimi, seçkilərin qaliblərinin siyahısı öncədən sarayda, hətta bəzən xarici ölkələrin səfirliklərində tərtib edilirdi və seçki qutularından məhz həmin siyahı çıxmalı idi.

Həzrət Ayətullah Xamenei Böyük Fransa İnqilabı və Sosialist İnqilabı kimi böyük inqilablardan sonra diktator qrupların hakimiyyət başına gəlməsinə işarə edərək vurğuladı ki, İmam Xomeyni (r.ə) isə xalqa tam etimad göstərdiyi və seçki qutularına böyük əhəmiyyət verdiyi üçün İnqilabın qələbəsindən cəmi 50 gün sonra ölkənin və İnilqbın sahibi olan xalqın bütün mühüm məsələlərdə söz sahibi olması üçün hakimiyyət formasını referenduma çıxardı.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 12 fərvərdin 1358-ci il tarixli referendumdan sonra, elə həmin il 4 seçki və başqa bir referendum da keçirildi. Bütün bunlar ölkənin sütunlarının xalqın istəyi və səsi əsasında formalaşması məqsədi daşıyırdı.

O, xalqın seçkilərdə güclü iştirakına inanmayan, seçkilərin bir qrup tərəfindən keçirilməsi, parlament və hökumətin bu şəkildə müəyyən edilməsi təklifini irəli sürənlərin baxış bucaqlarının doğru olmadığını vurğulayaraq bildirdi ki, seçkilər izdihamlı keçirilməlidir. Çünki xalqın izdihamlı iştirakı xalqın mühüm idarəetmə səhnələrindəki iştirakının əlaməti və İran xalqının böyük sərvətidir.

İnqilabın Rəhbəri seçkilərin ölkənin hər yerində yüksək əhval ruhiyyə içərisində keçəcəyindən xəbər verən əlamətlərin hiss olunduğuna işarə edərək xalqın səhnədəki iştirakının möcüzə yaratdığını dedi. O, əziz İranı və Cümə gününün seçkilərini dörd gözlə gözləyən xəbis düşmənlərə işarə edərək dedi: “ABŞ, əksər Avropa siyasətçiləri, xəbis sionistlər, müxtəlif maraq və səbəblərdən İrana aid məsələləri diqqətlə izləyən böyük kompaniyalar və investorlar hər şeydən çox xalqın seçkilərdəki iştirakından və iqtidarından qorxurlar”.

O bildirdi ki, düşmənlər xalqın təyinedici gücünün ABŞ və İngiltərə tərəfindən himayə edilən tağut rejimini məhv etdiyini, məcburi müharibədə Qərb, Şərq və regional dəstəkçilərinə baxmayaraq, Səddamı yerinə oturtduğunu yaxşı bilir. Bu səbəbdən də seçkilər ölkənin milli gücünün nümayişidir.

Xalqın seçkilərdəki güclü iştirakının milli gücün təzahürü, milli gücün isə milli təhlükəsizliyin təminatçısı olduğunu qeyd edən Ali Rəhbər bildirdi ki, milli təhlükəsizlik olmadan heç nə olmaz. Düşmən milli güc məsələsində iranlıların zəif olduğunu görərsə, müxtəlif cəhətlərdən milli təhlükəsizliyi təhdid edəcək.

İnqilabın Rəhbəri dedi ki, düşmənlərin builki fərvərdinə qarşı olması onu göstərir ki, onlar xalqın seçkilərdə işatirakından narahatdırlar. Bədxahlar bir neçə aydır ki, radio-televiziyalarda, virtual məkanda xalqı seçkilərdən soyutmağa, seçkilərin nəticələrindən məyus etməyə çalışırlar.

O, ölkə daxilində bəzilərinin seçkilərə laqeyd yanaşdıqlarına işarə edərək dedi: “Heç kəsi ittiham etmirəm. Amma hamıya xatırlatma edirəm; seçkilərə hər hansı cinahdan və qrupların pəncərəsindən deyil, milli təhlükəsizlik aspektlərindən baxmaq lazımdır. Ölkəni, xalqı və milli təhlükəsizliyi istəyən hər kəs bilməlidir ki, seçkilər zəif keçərsə, hamı zərər görəcək və heç kəsə faydası olmayacaq”.

İnqilabın Rəhbəri bildirdi ki, güclü və izdihamlı seçkilər güclü şəxslərin seçilməsi, güclü parlamentin təşkili, nəticədə problemlərin ortadan qalxması və ölkənin inkişafı ilə nəticələnir: “Güclü parlament böyük işlər görməyə, iri addımlar atmağa qadir olacaq. Eyni şəkildə güclü və izdihamlı prezident seçkiləri prezidentə böyük işlər görmək imkanı verəcək”.

O qeyd etdi ki, iştirakçıların, xüsusilə gənclərin siyasi inkişafı seçkilərin digər nailiyyətidir: “Seçkilər prosesində gənclərin siyasi inkişafı və analiz gücünün artması çox qiymətlidir. Bu, düşmənin özünün, üsullarının, atdığı addımların, nəticədə bədxahlarla mübarizə və planlarının pozulması yollarının öyrənilməsinə səbəb olur”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən xalqa səsləndi: “Bilin ki, sekçi qutusuna bülleten atmaq nəticələri böyük olan asan bir işdir. Buna görə də sözügedən fürsətdən isitfadə etmək lazımdır”.

O, gənclərin müxtəlif meydanlardakı aparıcı və hərəkətverici rola malik olduqlarına inandığını qeyd edərək onların seçkilər meydanında həlledici və stimullaşdırıcı rolunda çıxış etməsinin zəruriliyini vurğuladı: “Gənclər həm seçkilərdə iştirak etsinlər, həm də məntiqli izahları ilə ataları, anaları və ətraflarında olan insanları seçkilərdə iştiraka stimullaşdırsınlar”.

İnqilabın Rəhbəri vurğuladı ki, hər hansı səbəbdən, həqiqətən, seçkilərdə iştirak edə bilməyənlərə heç bir sözümüz yoxdur, amma seçkilərə laqeyd yanaşanlar haqqında deyirik: “Təəssüflər olsun ki, bəzi insanlar seçkilərə maraq göstərmir, başqalarını da seçkilərdə iştirak etməməyə təşviq edirlər. Məncə, bu adamlar bir qədər düşünsələr, yaxşı olar”.

O, bu cür insanlara səslənərək dedi: “Səs verməməyin heç bir faydası yoxdur. Amma ən azı səs verməkdə fayda ehtimalı var. Baxmayaraq ki, biz səs vermənin mütləq faydası olduğuna inanırıq”.

Həzrət Ayətullah Xamenei səs verməməyin konkret bir nəticəsinə aydınlıq gətirərək dedi: “Səs verməmək ölkənin heç bir problemini həll etmir. Üstəlik fərdin özünə zərər vurur. Çünki siz səs verməsəniz, başqaları səs verəcək və seçilməsini istəmədiyiniz adam seçiləcək. Halbuki siz öz səsinizlə həmin adamın seçilməsinin qarşısını ala bilərdiniz”.

İnqilabın Rəhbəri daha yaxşı namizəd meyarlarına aydınlıq gətirərkən Keşikçilər Şurası və nəzarət orqanlarında təsdiq edilmiş namizədlərin yaxşı olduğunu dedi: “Daha yaxşı namizəd isə dinə bağlılığı, dinin qanunlarına tabeçiliyi daha yaxşı və daha öndə olan, ölkənin müstəqiliyi, digər dövlətlərdən asılı olmamaqda daha çox israrlı olan, korrupsiya ilə mübarizəyə ciddi şəkildə inanan, milli maraqlara ciddi yanaşan, yəni milli maraqlar, ölkənin şərəfi, asayişi və inkişafını özünün şəxsi maraqları və cinah təəssüblərindən üstün tutan şəxslərdir”.

O, daha yaxşını tanımağın, bu meyarların namizədlərə tətbiqi yollarının tədqiqat, araşdırma, məlumatlı və ayıq insanların açıqlamasına diqqət və onlarla məsləhətləşməkdən ibarət olduğunu dedi: “Bu, çətin və mümkünsüz deyil. Məsələn, Tehranda müxtəlif siyahılar var, siyahıda olanların bəzisini tanıyırıq, bəzisini başqalarından soruşuruq, bəzisinə də tanıtdıranlar əsasında etimad edir, adlarını bülletendə qeyd edirik. Odur ki, bu sahədə mümkün olduğu qədər çalışmalıyıq”.

O, Allahın İran xalqına arzuolunan və layiqli seçkilər bəxş edəcəyinə ümidvar olduğunu dedi.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Qəzza probleminin İslam dünyasının əsas məsələsi olduğunu dedi: “Qəzza məsələsi İslamı dünyaya tanıtdı. Məlum oldu ki, İslam və din amili xalqın iqtidarı, müqaviməti, sionistlər tərəfindən törədilən faciələr, yağdırılan bombalar qarşısında təslim olmamasının səbəbidir. Bu məsələ Qərb mədəniyyəti və sivilizasiyasının həqiqətini bütün dünyaya göstərdi. Məlum oldu ki, bu mədəniyyətdən çıxmış siyasətçilər sionistlərin fələstinlilərə qarşı soyqırım törətdiklərini hətta etiraf etmək belə istəmirlər və bəzi danışıqların olmasına baxmayaraq, əməldə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyaraq cinayətlərin dayanmasının qarşısını alırlar”.

O bilidrdi ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin bir zabitinin sionist rejimin cinayətlərinə etiraz əlaməti olaraq özünü yandırması ABŞ anti-insani siyasətləri və Qərbin çürük və zalım mədəniyyətinin rüsvayçılığının zirvə nöqtəsini göstərdi. Qərb mədəniyyətində tərbiyə almış bu adam bu mədəniyyətin eyiblərinin dərinliyini dərk etdi. 

O, ümidvar olduğunu dedi: “Allah İslama, müsəlmanlara, Fələstinə, xüsusilə Qəzzaya tam qələbə bəxş etsin”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində şaban və ramazan ayının əhəmiyyətini vurğulayaraq Allah-taalaya yaxınlaşmağın zəruri olduğunu dedi: “Şaban ayının qalan günləri, ondan sonra ramazan ayı dua, minacat, Allahla rabitəni gücləndirmək üçün qiymətli fürsətdir. Xüsusilə pak və saf qəlbli gənclərə tövsiyəm budur ki, pak imamlardan (ə) gələn duaları, bağışlanma diləməyi, salavat göndərməyi unutmasınlar. Çünki bu dualar ali maarif və məzmunları ehtiva edir, sizin Yaradanla olan ünsiyyətinizi artırır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /