Etikaf
Gündəlik həyat və maddi məşğuliyyətlərin çoxluğu bəzən insana özünü və Allahını unutdurur. Bu kimi durumlarda insanın özünü tapması və özü ilə hesabat aparması üçün ələ düşən fürsətlər olduqca dəyərlidir. Etikaf məhz belə fürsətlərdən biridir. İnsan ardıcıl bir neçə gün özünü dünya işlərindən təcrid edərək, ibadət və dua etməklə ruhunu cilalandırır və canını paklaşdırır.
Məsələ 982. Etikaf odur ki, insan Mütəal Allaha ibadət etmək niyyətilə məsciddə qalsın və oradan xaric olmasın.
Məsələ 983. Etikaf müstəhəb bir əməldir. Amma bəzən nəzir, əhd və and nəticəsində, yaxud əcir olmaq nəticəsində vacib olur1.
Məsələ 984. Oruc tutmaq hansı hallarda düzgündürsə, etikaf etmək də həmin hallarda düzgündür. Amma etikaf üçün ən yaxşı zaman Ramazan ayı, xüsusilə də Ramazan ayının axırıncı ongünlüyüdür.
Etikafın şərtləri
Məsələ 985. Etikafın düzgün olmasının yeddi şərti vardır:
1- Ağıl;
2- Niyyət;
3- Oruc tutmaq;
4- Eyni məsciddə qalmaq;
5- Etikafın üç gün ardıcıl davam etməsi;
6- Məsciddə davamlı surətdə qalmaq;
7- Etikaf etmək üçün icazənin olması.
Məsələ 986. Büluğa çatmaq etikafın düzgün olmasının şərtlərindən deyildir. Odur ki, müməyyiz uşaq (yaxşı və pisi ayırd edən uşaq) da etikaf edə bilər.
1- Ağıl
Məsələ 987. Etikaf edən şəxs ağıllı olmalıdır. Deməli, dəli insanın, məst bir şəxsin və bu kimi şəxslərin etikafı düzgün deyildir.
2- Niyyət
Məsələ 988. Başqa ibadətlərdə olduğu kimi, etikafda da niyyət və Allaha yaxınlaşmaq məqsədi şərtdir. Yəni insan yalnız Mütəal Allaha yaxınlaşmaq niyyətilə məsciddə qalmalı, hər növ riya və özünü göstərməkdən uzaq olmalıdır.
Məsələ 989. Etikafın birinci günü fəcr doğan zaman etikafin müddəti başlanır. Buna görə də, fəcr doğanadək etikaf üçün niyyət edilməlidir. Amma əvvəlki gecənin əvvəlindən və ya gecə əsnasında etikafa başlamaq və həmin vaxt niyyət etmək olar. Etikaf üçüncü günün məğribinədək davam edir.
Məsələ 990. Etikaf edən şəxs niyyət edərkən bu şərti qoya bilər ki, əgər etikaf əsnasında hansısa bir üzr ilə qarşılaşarsa, hətta üçüncü gün olsa belə, etikafı pozub məsciddən xaric ola bilər.
3- Oruc tutmaq
Məsələ 991. Orucsuz etikaf düzgün deyildir. Amma məhz etikaf üçün oruc tutmaq vacib deyildir, əksinə, etikaf edən şəxs hər bir vacib və ya müstəhəb orucu, hətta əcir orucunu tutsa belə, kifayət edir.
Məsələ 992. Oruc tuta bilməyən şəxsin, məsələn, xəstə və ya müsafir şəxsin etikafı düzgün deyildir.
Məsələ 993. Əgər etikaf etməyi qərara alan müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara alsa, yaxud səfərdə oruc tutmağı nəzir etsə, o, səfərdə etikaf edə bilər. Amma əgər müəyyən bir yerdə on gün qalmağı qərara almayıbdırsa, yaxud səfərdə oruc tutmağı nəzir etməyibdirsə, səfərdə onun orucu düzgün deyildir. Oruc düzgün olmadıqda, etikaf da düzgün deyildir.
4- Eyni məsciddə qalmaq
Məsələ 994. Bu dörd məsciddə – Məscidul-həram, Məscidun-Nəbi, Kufə məscidi və Bəsrə məscidində etikaf etməyin fəziləti daha çoxdur. Amma bütün cami məscidlərdə (yəni şəhərin mərkəzi məscidlərində) etikaf etmək olar. Həmçinin camaat namazı qılınan və ədalətli imam-camaatı olan digər məscidlərdə də qəsdi-rəca ilə etikaf etmək düzgündür.
5- Etikafın üç gün ardıcıl davam etməsi
Məsələ 995. Etikaf üç ardıcıl gündən az olmamalıdır. Amma ikinci gün başa çatmamış etikafı tərk etməyə icazə verilir. Əgər etikaf edən şəxs iki gün qalarsa, üçüncü gün qalmaq vacib olur. Üç gündən artıq (bir gün və ya bir gecə) qalmağın isə maneəsi yoxdur. Bunun üçün müəyyən bir hədd qoyulmayıbdır. Amma hər iki gündən sonra üçüncü gün etikafda qalmaq vacib olur.
Məsələ 996. Etikafın üç günü birinci gün fəcr doğandan üçüncü gün məğribədək hesablanır. Odur ki, ikinci və üçüncü gecələr etikafdan sayılır və məsciddən xaric olmaq olmaz. Amma birinci və dördüncü gecələr etikafdan sayılmır.
6- Məsciddə davamlı surətdə qalmaq
Məsələ 997. Əgər etikaf edən şəxs bilərəkdən və ixtiyari şəkildə (zəruri hallar istisna olmaqla) məsciddən xaric olsa, onun etikafı pozulur, baxmayaraq ki, o, bu hökmü bilməyibdir.
Məsələ 998. Əgər etikaf edən şəxs unutqanlıq üzündən, yaxud məcburi şəkildə, yaxud məntiqi, ya ürfi və ya şəri baxımdan zəruri sayılan iş üçün məsciddən xaric olsa, onun etikafı pozulmur. Burada işin vacib və ya müstəhəb olmasının, yaxud dünya və ya axirət işi olmasının bir fərqi yoxdur.
Məsələ 999. Əgər etikaf edən şəxs zərurət üzündən məsciddən xaric olmaq məcburiyyətində qalsa, yersiz yubanmalardan, o cümlədən əyləşmək, kölgədə dincəlmək və bu kimi işlərdən çəkinməlidir. Zərurət həddindən artıq məsciddən kənarda qalmamalıdır.
Məsələ 1000. Əgər zərurət halında məsciddən kənarda qalmaq etikafın surətini pozacaq həddə uzun çəkərsə, etikaf pozulur.
7- Etikaf etmək üçün icazənin olması
Məsələ 1001. Əgər övladın etikaf etməsi ata və ananın əziyyət çəkmələrinə səbəb olarsa, övlad öz valideynlərindən icazə almalıdır. Hətta əgər onların əziyyət çəkmələrinə səbəb olmasa belə, etikaf etmək üçün valideynlərdən icazə almaq ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 1002. Əgər qadının etikaf etməsi ərin haqqının tapdalanmasına səbəb olarsa, ehtiyat-vacibə görə, qadın öz ərindən icazə almalıdır.
Etikafda haram olan işlər, qəza və kəffarə
Məsələ 1003. Etikaf edən şəxsə aşağıdakı işlər haramdır:
1- Həzz almaq üçün xoş qoxulu şeyləri və ətirli bitkiləri qoxulamaq;
2- Cinsi əlaqədə olmaq və ehtiyata görə, şəhvətlə həyat yoldaşına toxunmaq və onu öpmək (bu iş haram olmaqdan əlavə, etikafın pozulmasına da səbəb olur);
3- Ehtiyat-vacibə görə, istimna etmək;
4- Alış-veriş etmək və ehtiyat-vacibə görə, hər növ sövdələşmə (məsələn, nəyisə icarəyə verib-almaq);
5- Dünya və din məsələlərində mübahisə etmək (Əlbəttə, əgər məqsəd qarşı tərəfə qalib gəlmək və insanın öz üstünlüyünü və elmini göstərmək olarsa, bu iş haramdır. Amma əgər məqsəd haqqı çatdırmaq və qarşı tərəfi səhv yoldan döndərmək olarsa, mübahisə etməyin maneəsi yoxdur).
Məsələ 1004. Etikafda haram olan işlər təkcə gündüzə aid deyildir, gecəyə də aiddir və onlardan çəkinmək lazımdır.
Məsələ 1005. Əgər etikafda olan şəxs yemək və içmək üçün nəyisə alıb-satmaq məcburiyyətində qalsa və bunun üçün özünə bir vəkil tuta bilməsə, yaxud nəyisə alıb-satmadan lazım olan ərzaqları əldə etsə, alıb-satmanın maneəsi yoxdur.
Məsələ 1006. Əgər vacib etikaf pozularsa, günü müəyyən olan vacib etikaf olduğu təqdirdə, onun qəzası yerinə yetirilməlidir. Amma əgər günü müəyyən olan etikaf olmazsa, onu yenidən yerinə yetirmək lazımdır.
Məsələ 1007. Əgər etikaf edən şəxs müstəhəb etikafı ikinci gündən sonra pozarsa, onun qəzasını yerinə yetirməlidir. Amma əgər birinci və ya ikinci gün pozarsa, onun qəzası vacib olmur.
Məsələ 1008. Etikafın qəzası və ya onu yenidən yerinə yetirmək (əvvəlki iki məsələdə qeyd olundu) o halda vacib olur ki, şəxs etikafa başlayarkən hansısa bir üzr ilə qarşılaşdığı zaman etikafı pozacağını şərt etməmişdir.
Məsələ 1009. Etikafı pozmağın kəffarəsi Ramazan ayında orucu bilərəkdən pozmağın kəffarəsi ilə eynidir. Yəni bir qul azad etmək2, yaxud iki ay oruc tutmaq (onun otuz bir günü ardıcıl olmalıdır), yaxud da altmış fəqirə yemək verməkdən ibarətdir.
_________________________________________
(1) Əslində, vacib olan əməl nəzir, əhd və anda, yaxud əcirliyə əməl etməkdir. Yəni burada müstəhəb etikaf vacib etikafa çevrilmir.
(2) Amma hazırkı dövrdə qul azad etmək məsələsi aradan qalxmışdır.