Ali Məqamlı Rəhbərin informasiya bloku

Rəcəb ayı ilə əlaqədar müxtəlif məsələlər

Qəza orucu
Sual: Mənim boynumda neçə illərin Ramazan ayının vacib qəza orucu vardır. Mən oruc tutmağın müstəhəb olduğu günlərdə (məsələn, rəcəb və şaban aylarında, zil-hiccə ayının ilk doqquz günündə) oruc tuta bilərəmmi?
Cavab: Boynunda qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Amma əgər oruc tutmağın müstəhəb olduğu günlərdə qəza orucunu tutarsa, həmin günün savabından da bəhrələnər, inşallah.

Sual: Boynunda Ramazan ayının qəza orucu olan şəxs müstəhəb oruc tuta bilərmi? Mənim lap köhnə illərdən qəza oruclarım vardır. Yəni mən o vaxt oruc tutmurdum. Amma oruc tutmağa başlayandan bəri qəza orucum olmayıbdır. Mən indi rəcəb ayında oruc tuta bilərəmmi?
Cavab: Əgər bir şəxsin boynunda Ramazan ayının qəza orucu vardırsa, onun müstəhəb oruc tutması – hətta sualda qeyd edilən halda belə – düzgün deyildir. O, müstəhəb oruc niyyətilə oruc tutduğu təqdirdə, orucu pozulur. Bu oruc onun qəza orucunun da yerinə hesab olunmur. Amma əgər o, oruc tutmağın müstəhəb olduğu günlərdə (məsələn, Rəcəb ayının əvvəlində) qəza orucu tutsa, eyni zamanda həmin günün orucunun da savabını əldə etməyi niyyətində tutsa, bu, həm qəza orucu hesab olunacaq, həm də o, həmin günün orucunun savabına nail olacaqdır, inşallah.

Sual: Əgər rəcəb ayının 27-si qəza niyyətilə oruc tutsaq, bütün qəzalarımız silinirmi? Deyilənə görə, bu gün oruc tutmaq 60-70 ilin orucuna bərabərdir.
Cavab: Bu gün tutulan oruc yalnız bir günün qəza orucu hesab olunur.

Sual: Mənim boynumda qəza orucları vardır və mən rəcəb ayının on beş gününü oruc tutmaq istəyirəm. Qəza oruclarını tək-tək və fasilə ilə tutmaq olarmı, yoxsa bir ay ardıcıl tutmaq lazımdır? Mən necə etməliyəm?
Cavab: Rəcəb ayının on beş gününü qəza oruclarınızı tuta bilərsiniz. Qəza oruclarını fasiləsiz tutmaq vacib deyildir, yəni fasilə ilə tutmaq olar. Amma qeyd edək ki, əgər axırıncı Ramazan ayının qəza orucunun vaxtı daralarsa, məsələn, bir şəxsin axırıncı Ramazan ayından beş gün qəza orucu olarsa və qarşıda gələn Ramazan ayınadək də beş gün qalmış olarsa, bu halda ehtiyat-vacibə görə, o, axırıncı Ramazan ayının orucunun qəzasını tutmalıdır.

Sual: Sualım müstəhəb oruc barəsindədir. Bildiyimiz kimi, əgər mömin bir şəxs müstəhəb oruc tutan şəxsin orucunu açdırsa, orucu açmaq bu şəxsə müstəhəbdir. Bəzi möminlər rəcəb və şaban aylarında demək olar ki, hər gün oruc tuturlar, amma evdə həyat yoldaşı (yaxud qardaşı, anası, atası və s.) onun orucunu açdırır. İnsanda bir növ arxayınlıq yaranır ki, orucu tutum, onsuz da evdəkilər orucumu açdırırlar. Belə olan halda, bu oruc müstəhəb oruc sayılır, yoxsa yox? “Onsuz da orucumu açdırırlar” fikri niyyətdən keçsə, orucun fəzilətinə və müstəhəbliyinə xələl gəlirmi? 
Cavab: Hər halda, əgər mömin bir şəxs onu yeməyə dəvət etsə, möminin dəvətini qəbul etmək və müstəhəb orucu açmaq şəri baxımdan bəyənilir. Qeyd etmək lazımdır ki, atanın icazəsi olmadan övladın müstəhəb oruc tutması məkruhdur. Amma əgər ata və ana övlada müstəhəb oruc tutmağı qadağan etsələr, ehtiyat-vacibə görə, övlad orucu açmalıdır.

Sual: Mənim keçən Ramazan ayından qalan qəza oruclarım vardır. Bu qəza oruclarımı rəcəb və şaban aylarında tutub, həm qəzalarımı yerinə yetirmək, həm də rəcəb ayının savabını əldə etmək istəyirəm. Yəni mən həm Ramazan ayının orucunun qəzasının niyyətini, həm də rəcəb ayının niyyətini edirəm. Bu, düzgündürmü?
Cavab: Oruc üçün iki niyyət etmək düzgün deyildir. Siz qəza orucunun niyyətini etməlisiniz. Bu halda qəza orucunu tutmaqla yanaşı, rəcəb ayının savabını da əldə edərsiniz, inşallah.

Sual: Mənim Ramazan ayının orucundan üç gün qəzam vardır. Mən rəcəb ayının müstəhəb oruclarını da tutmaq istəyirəm. Sualım budur ki, rəcəb ayının üç gününü həm qəza, həm də müstəhəb oruc niyyətilə oruc tuta bilərəmmi?
Cavab: Boynunda Ramazan ayının qəza orucu və ya başqa bir vacib oruc olan şəxs müstəhəb oruc tuta bilməz. Amma oruc tutmağın müstəhəb olduğu günlərdə həmin günün xüsusi savabını əldə etmək ümidilə qəza orucu tuta bilər.

Sual: Mənim boynumda beş gün qəza orucu vardır. İndi də rəcəb ayıdır. Əgər mən bu ayda beş gün qəza orucunu tutsam, həm qəzanı yerinə yetirmiş, həm də rəcəb ayının müstəhəb orucunu tutmuş sayılırammı? Rəcəb ayının savabı mənə yazılırmı? 
Cavab: Qəza orucunu tutmaqla, inşallah, rəcəb ayının orucunun savabını da qazanarsınız.

Sual: Boynunda qəza orucu olan şəxsin rəcəb və saban aylarında müstəhəb oruc tutmasının düzgün olmadığını bilərək, üç gün oruc tutdum. Amma niyyətim lap əvvəldən (yəni rəcəb ayından da əvvəl) qəza orucu tutmaq idi. Lakin bu ayda oruc tutmağın müstəhəb olduguna dair o qədər moizələrə qulaq asdım ki, bu ayın fəziləti eşqinə qeyri-ixtiyari olaraq oruc tutdum. Amma qərarsız qaldım ki, görəsən, tutduğum oruclar qəza orucudur, yoxsa müstəhəb orucdur? Həmin orucların hökmü nədir?
Cavab: Qəza orucunuz olduğu halda müstəhəb oruc tutmağınız düzgün deyildir və siz qəza orucu niyyəti etməlisiniz. Qəza orucu tutmaqla, inşallah, rəcəb ayının orucunun savabını da qazanarsınız. Şəri vəzifə məqsədilə tutduğunuz oruclar düzgündür və qəza orucu hesab olunur.

Sual: Mən niyyət etmişdim ki, rəcəb və şaban aylarında oruc tutacağam. İki ay oruc tutdum, amma qəza və kəffarə oruclarım olduğuna görə onları tutdum. Yəni əvvəldən niyyətim bu idi ki, qəza və kəffarə oruclarımı tutacağam. Belə olan halda oruclarım düzgündürmü?
Cavab: Orucunuz düzgündür. Əslində siz, “ma fiz-zimmə” niyyətilə, yəni “boynumda olan şəri vəzifə” niyyətilə oruc tutmusunuz.

Sual: Bir şəxs qəlbində Allahla əhd bağlayıbdır ki, ömrünün sonunadək mübarək rəcəb və şaban aylarını bütünlüklə oruc tutacaqdır. Həmin şəxs uzun illər əhdini yerinə yetirib və həmin mübarək aylarda oruc tutubdur. İndi bu şəxs bilmək istəyir ki, bu əhdini yerinə yetirməyə bilərmi? Yəni əgər bu mübarək aylarda oruc tutmasa, onun boynuna kəffarə gəlir, yoxsa yox? Yaxud da bu mübarək aylarda günortadan sonra bu şəxsi qonaqlıq süfrəsinə dəvət etsələr, o, orucunu aça bilərmi? Yoxsa sübhdən Günəş qürub edənədək oruc tutmalıdır? Bir sözlə, bu şəxsə öz əhdini yerinə yetirmək, yəni mübarək rəcəb və şaban aylarının bütün günlərində oruc tutmaq vacibdir, yoxsa yox? Əgər o öz əhdinə riayət etməsə, boynuna qəza və ya kəffarə gəlirmi?
Cavab: Sadəcə ürəkdə əhd etmək insanın üzərinə şəri vəzifə gətirmir. Odur ki, sualda qeyd olunanlara əsasən, “əhdin xüsusi cümləs” dilə gətirilmədiyinə görə, bu şəxsin üzərinə heç bir şəri vəzifə gəlmir. Əhdin xüsusi cümləsi belədir: “Allahla əhd bağlayıram ki, filan işi yerinə yetirəcəyəm.”

Müstəhəb namazların qılınma qaydası
Sual: Müstəhəb namazlardan birini qılanda, məsələn, rəcəb və şaban aylarının müstəhəb namazlarını qılanda, “Həmd”i oxuduqdan sonra ardından iki, ya üç və ya dörd “Surə” oxumaq olarmı?
Cavab: Maneəsi yoxdur.

Sual: Sualım rəcəb, şaban və Ramazan aylarının müstəhəb namazları ilə bağlıdır.
1) Bu namazları evin həyətində gəzə-gəzə, nəqliyyatda hərəkət edərkən qılmaq olarmı?
2) Əgər insanın evdə namaz qılmaq imkanı varsa, amma o, müstəhəb namazı qılmaq daha rahat olsun deyə, həyətə düşürsə, bunun maneəsi varmı? Başqa sözlə desək, gəzə-gəzə namaz qılmaq icazəsi təbii surətdə insanın yolda olduğu hala aiddir, yoxsa iradəvi məsələdir?
Cavab: 1 və 2) Bütün müstəhəb namazları əyləşən halda və ya yol gedə-gedə qılmaq olar. Hətta ayaq üstə dayanan halda və yol getmədən qılmaq mümkün olsa belə, müstəhəb namazları əyləşən halda və ya yol gedə-gedə qılmaq olar.
 
Sual: Rəcəb və şaban aylarında, eləcə də digər vaxtlarda xüsusi qaydada qılınan müstəhəb namazlar vardır. Bu namazları maşın sürə-sürə, yaxud küçədə və həyətdə gəzə-gəzə qılmaq olarmı?
Cavab: Ümumiyyətlə, müstəhəb namazları yol gedən halda və maşın sürərkən qılmaq olar. Əgər insan bu iki halda müstəhəb namaz qılsa, üzü qibləyə olması vacib deyildir. Rüku və səcdəni də işarə ilə yerinə yetirməlidir.

Zikrlər
Sual: Rəcəb ayında deyilməsi tövsiyə olunan zikrləri və ya İxlas surəsini ürəkdə demək olarmı? Yoxsa onları yüksək səslə oxumaq vacibdir?
Cavab: Ucadan oxumaq vacib deyildir, bu zikrləri və surələri astadan oxumaq olar.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər