Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın iştirakı, istəyi və fəaliyyəti İslamda bir əsas prinsipdir

İslam İnqilabının Rəhbəri bu gün səhər respublikanın imam cümələri ilə görüşdə xalqın iştirakı, istəyi və fəaliyyətinin İslamda bir əsas prinsip olduğunu dedi. O, İran xalqının sədaqəti, səbri, sevgisi, zəkası və fədakarlığının tərifəlayiq olduğunu vurğuladı: “Bu xalq hətta zahiri cəhətdən bir-birilərindən fərqlənsə də, mömindir, qəlbləri Allahladır. Sözün həqiqi mənasında qədri bilinməli və sevilməlidir”.

O, habelə Qəzza əhalisinin müqavitməti və təvəkkülünün dünya əhalisi tərəfindən alqışlandığını, İslamın yayılmasına, insanların Qurana diqqət göstərməsinə, Yəmən xalqının və Ənsarullah hökumətinin Qəzza əhalisinin müdafiəsində Allah yolunda cihadın bariz nümunəsinə çevrilməsinə səbəb olduğunu dedi.

Həzrət Ayətullah Xamenei görüşün əvvəlində rəcəb ayının günlərinin ilin ən fəzilətli günləri olduğunu vurğulayaraq xalqı, mömin insanları Allahın bu böyük nemətindən mümkün qədər çox istifadə etməyə çağırdı, onun gözəl məzmunlu dualarını oxumağı, təvəssülü, tövbə və bağışlanma diləməyi tövsiyə etdi.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, imam cüməlik ən ağır işlərdəndir. Çünki Allahın vacib buyurduğu Cümə namazının imamının həm diqqəti Allahda olmalı, həm onun razılığını məqsəd seçməli, həm də xalıqn mənafeyini və razılığını nəzərdə tutmalıdır.

O, Cümə namazında insanlara diqqət göstərilməsinin insanların İslamda, İslamın həyatı və dinamikasında çox böyük rola malik olduğunu göstərdiyini dedi: “İslam dövlətində insanların haqqı və rolu elə bir həddədir ki, Əmirəl-mömininin (ə) təbirincə desək, əgər insanlar istəməsələr və gəlməsələr, hətta onun kimi bir haqq sahibinin də üzərindən məsuliyyət götürülür. Amma insanlar istəsələr, məsuliyyəti qəbul etmək ona vacib olur”.

İnqilabın Rəhbəri Qurani-Kərimin Peyğəmbərə (s) yardım edilməsindən bəhs edən ayəsinə istinad edərək dedi: “Allah-taala möminlərin yardımını Özünün Peyğəmbərə kömək və yardımı ilə eyni sırada tutur. Bu da onu göstərir ki, hansı vəzifəni tutmasından asılı olmayaraq, hər kəsin öz üzərinə düşən vəzifənin icrasında insanlara ehtiyacı var”.

O, xalqın səhnəyə çıxması və aktiv fəaliyyətə cəlb olunmasında məsul şəxslərin və cəmiyyətdə nüfuz sahibi olan insanların fərqli vəzifələr daşıdığını dedi: “Cümə namazının ilahi hikməti insanların iştirakı prinsipinin təmin edilməsi və bu iştirakın inkişaf etdirilməsindən ibarətdir. Bu səbəbdən imam cümə xütbələrdə insanlarla danışmaq, onlara fikir, yol və proqram təqdim etmək vəzifəsi daşıyır”.

Həzrət Ayətullah Xamenei moizənin daha geniş mənada namazın xütbələrinin əsas mərkəzi olduğunu dedi: “Moizə təkcə mənəvi və əxlaqi məsələlərə xas deyil, siyasi və ictimai məsələlərə də şamil olur”.

O qeyd etdi ki, insanları ölkədə və dünyada baş verənlərdən, düşmənin planlarından, hiylələrindən, cəmiyyətin ehtiyaclarından, gerçəklərindən xəbərdar etmək xütbələrin zəruri məzmunlarındandır.

Ayətullah Xamenei sosial məzmunlu moizələrin nümunələrindən danışarkən dedi: “Əhalinin artım zərurəti, ölkənin işçi qüvvəsinin artması, uyğun yaşda evlənmək məsələsinə aydınlıq gətirilməsi, müxtəlif sahələrdə, həqiqətən, ziyanverici israfdan çəkinməyin zəruriliyinin çatdırılması sosial məzmunlu moizələrin lazım olduğu yerlərdəndir”.

Əxlaqi moizələrin də çox zəruri, ruhun zərifliyinə səbəb olduğunu deyən İnqilabın Rəhbəri çıxışının bu yerini yekunlaşdırarkən dedi: “Siyasi, sosial və əxlaqi xütbə və moizələrin məqsədi dinləyicilərin intellketual zəinginliyidir. Bununla onların fərdi və sosial həyatda mövcud olan problemlərin öyrənilməsi və həll yollarının tapılması ilə bağlı düşüncələri güclənir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Cümə namazının dinləyiciləri qadın, kişi, yaşlı, cavan, müxtəlif savad səviyyələrinə malik olan insanlardır. İmam cümənin bacarığı ondadır ki, dinləyicilərinin hamısı ondan faydalana bilsin.

O, gənclərin düşüncələrinin fərqli fikir axınlarına məruz qaldığına işarə edərək ehtiyac duyulan məsələlərə düzgün şəkildə cavab verilməsinin onları düşündürən məsələlərin öyrənilməsi ilə şərtləndiyini dedi: “Ehtiyacların təyin edilməsi və auditoriyanı düşündürən məsələlərin düzgün şəkildə öyrənilməsi üçün imam cümələrin insanlarla ünsiyyəti və xalqın arasında olması zəruridir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Quran, hədis və maarif kitablarının mütaliə edilməsi, onlarla sıx ünsiyyəti Cümə namazlarının xütbələrinin zənginləşdirilməsi və dinləyicilərin ehtiyaclarına düzgün şəkildə cavab verilməsi üçün mühüm bir zərurətdir: “İmam cümə vəzifəsinin icrasında mühüm rolu olan digər bir zərurət xalqa can yandırmaq və sevgi bəsləməkdir”.

O, dərindən sevilmələyə layiq bir xalq kimi İran xalqının misilsiz xüsusiyyətlərindən danışarkən dedi: “Bizim xalqımız çox yaxşı və mömin bir xalqdır. Hətta bəzi üzdə olan məsələlərə o qədər də əməl etməyən insanlar belə, qəlbən Allaha, mənəviyyata və mənəvi dəyərlərə bağlıdırlar. Qeyd edim ki, əməli məsələlərə tam şəkildə riayət etməmək hamımızın bəzi davranışlarında bu və ya digər şəkildə mövcuddur”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İran və İslam dövlətini bədxahların müxtəlif tipli təbliğat, əməli, siyasi və iqtisadi hücumlarından qorumaq üçün müxtəlif müdafiə meydanlarında fəaliyyətə hazır olmaq xalqın üstün cəhətlərindəndir: “Ölkə və inqilab müdafiəyə ehtiyac duyduğu hər məqamda xalq küçələrə çıxmaqla, səbir nümayiş etdirməklə, şüar və dəstək verməklə, hətta döyüş meydanına yollanmaqla öz sədaqətini göstərir. Bu səbəbdən də böyük İmam qətiyyətlə deyirdi ki, xalqımızın imanı İslamın ilk vaxtlarının müsəlmanlarının imanından daha üstündür”.

O əlavə etdi: “Sözün həqiqi mənasında sevgi dolu, mömin, vəfalı və zəkalı İran xalqının qədrini bilməli və onu dərindən sevməliyik. Yeri gəlmişkən, xalqı sevmək sözlərinizin xalqa təsir göstərməsinə səbəb olan bir iksir kimidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Cümə namazlarının xütbələrində təqvaya çağırış fərdi məsələlərlə məhdudlaşmamalıdır: “Quranda xeyirli işlərdə və təqvada əməkdaşlığa və yardımlaşmaya çağırış edilmişdir. Deməli, təqva sosial məsələdir”.

O vurğuladı ki, İslam siyasi bir dindir, bütün müsəlmanlar siyasət səhnəsində olmalıdırlar: “Əlbəttə, siyasət meydanı sürüşkəndir. Sapmaların qarşısını almaq üçün siyasi təqva, özünü qoruma, və gözüaçıqlıqla təchiz olunmaq zəruridir. Belə olan surətdə düşmənin psixoloji müharibəsi də təsirsiz olacaq”.

İnqilabın Rəhbəri bildirdi ki, hər yaxşı söz və iş qarşısında qınaq və məzəmmətlərin ortaya atılması düşmənin psixoloji müharibə nümunələrindəndir: “Quranın göstərişinə əsasən, məzəmmətlərdən qorxmaq lazım deyil”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bütün xalqın müxtəlif siyasi və sosial meydanlara təşviq edilməsi Cümə namazlarının xütbələrinin zərurətlərindəndir: “Xalqı məktəb, xəstəxana tikintisi, məhbusların azad edilməsinə yardım göstərilməsi kimi sosial xarakterli xeyir işlərə, seçkilər kimi siyasi meydanlarda iştiraka təşviq etmək lazımlı bir işdir”.

O, seçkilərdə iştirakın xalqın həm vəzifəsi, həm də haqqı olduğunu dedi: “Xalqın seçkilərdə iştirakı sözün həqiqi mənasında lazımdır. Əlbəttə, sırf seçkilər özü vəzifə deyil, haqdır. Xalq bu haqq vasitəsilə qanunvericiləri, qanun icraçılarını və ya Xubriqan Məclisinin üzvlərini seçir”.

İnqilabın Rəhbəri vurğuladı ki, xalqın səhnədə olmağa təşviq edilməsində aydınlatma cihadı effektivdir. Sırf sözlə məhdudlaşan çağırış kifayət deyil: “Əməl, xoşüzlülük, cavablandırma, xalqın, xüsusilə gənclərin toplaşdığı müxtəlif yerlərdə olmaq zəruridir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı ki, bu gün Allahın beynəlxalq səviyyəli Qəzza məsələsinə yardımı aşkar şəkildə görünməkdədir: “Qəzzanın məzlum, eyni zamanda qüdrətli əhalisi dünyanı öz mübarizələrinin təsirinə məruz qoya bildi. Bu gün dünya bu xalq, onun mübarizlərinə və müqavimətçi dəstələrinə qəhrəman gözündə baxır”.

O qeyd etdi ki, Qəzza əhalisinin zülmə məruz qalması, eyni zamanda qalibiyyətinin dünya əhalisinin gözündə aşkar müşahidə edilməsi bu xalqın səbri və təvəkkülünün bərəkəti və nəticəsidir: “Digər tərəfdən isə, bu gün hər kəs qəsbkar və xəbis sionist rejimin müharibədə qalib gəlmədiyi qənaətindədir. Dünya əhalisi və siyasətçilərin gözündə bu rejim məğlubiyyətə uğramış, dağılmış zalım və qəddar bir varlıq, yırtıcı canavardır”.

İnqilabın Rəhbəri vurğuladı ki, Qəzza əhalisi öz müqaviməti ilə İslamı dünyanın axtarışda olan insanlarının gözündə ucaltdı, Qurana sevgi yaratdı. Allah-taaladan müqavimət cəbhəsinin, xüsusilə Qəzza əhalisi və mübarizlərinin daim artmaqda olan yüksəlişini istəyirik.

O, Qəzza əhalisinə dəstək verilməsində Yəmən xalqı və Ənsarullah hökumətinin göstərdiyi fəaliyyətin tərif və təqdirəlayiq olduğunu dedi: “Yəmənlilər sionist rejimin həyat damarına zərbə endirdilər, ABŞ-ın təhdidindən qorxmadılar. Çünki Allahdan qorxan insan Allahdan qeyrisindən qorxmaz. Onların bu işi, həqiqətən və insafən, Allah yolunda cihadın nümunəsidir”.

Həzrət Ayətullah Xamenei ümidvar olduğunu bildirdi: “Allahın izni ilə bu mücadilələr, müqavimətlər, fəaliyyətlər qələbə çalana qədər davam edəcək. Allah öz yardımını Onun razı qaldığı yolda hərəkət edən heç kəsdən əsirgəməsin”.

İnqilabın Rəhbərindən əvvəl çıxış edən Cümə İmamları Siyasət Şurasının rəhbəri Höccətül-İslam Hacı Əli Əkbəri 900 cümə imamının iştirakı ilə baş tutmuş XXVI Ümumrespublika İmamlar Qurultayı ilə bağlı hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /