Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhra (s.ə) aydınlatma cihadının banisidir

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə Əhli-beyt (ə) məddahı və dini mövzuda yazan şairlə görüşdə həzrət Fatimeyi-Zəhranın (s.ə) aydınlatma cihadının banisi olduğunu vurğuladı: “Əhli-beyt (ə) məktəbinin məddahları Fatimeyi-Zəhranın (s.ə) böyük dərsini və bu işıqlı sünnəni rəhbər tutaraq aydınlatma cihadının iki xüsusiyyətini – qəlbləri riqqətə gətirmək bacarığı və hərəkət yaratmaq; düzgün və dəqiq mövqe tutmaq xüsusyyətlərini özlərinin əsas vəzifəsi bilib günümüzün seçkilər kimi mühüm hadisələrində aydınlatma və cihadla məşğul olsunlar”.

Həzrət Ayətullah Xamenei Həzrət Siddiqeyi Tahirənin (s.ə) mübarək mövludu münasibəti ilə təbriklərini qeyd etdikdən sonra İmam Xomeyninin miladını Fatimi cihadının bayraqdarı timsalında təbrik etdi. O, Sərdar Süleymaninin şəhadət ildönümünə təsadüf edən bu görüşdə Hacı Qasimin xatirəsini əziz tutdu.

O, aydınlatma cihadının Həzrət Fatimənin (s.ə) çox üstün xüsusiyyətlərindən olduğunu vurğulayaraq o xanımın məşhur xütbələrinə işarə etdi: “Sistemli fikir və düşüncə, güclü məntiq, ifadə mətinliyi, gözəl nitq, ədəbi gözəlliklər Həzrət Siddiqeyi-Kubranın (s.ə) maarifi və həqiqətləri ilə dolu olan xütbələrini Nəhcül-bəlağənin xütbələri ilə eyni sırada qərarlaşdırmış və ədəbiyyat öndərlərini heyrətə salmışdır”.

İnqilabın Rəhbəri aydınlatma cihadının əzəmətli sünnəsinin pak imamların kəlamları, Əhli-beyt xütbələri, habelə birinci dərəcəli ərəbdilli şairlərin şeirlərində davam etdirildiyinə işarə edərək dedi: “Dövrümüzdə İmam Xomeyni aydınlatma cihadının bayrağını qaldırdı, öz nitqi, məntiqi, xalqı hərəkətə gətirmə hərəkatı ilə biabırçı korrupsioner, irsi diktatura hökumətini darmadağın edərək İslam və xalq hökumətini qurdu. Bu tarixi hadisə aydınlatma cihadının misilsiz əhəmiyyət və imkanını aşkara çıxardı”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, məddahlığın həqiqi rolu və imkanı aydınlatma meydanının mücahidlərinin imamların zamanından bu günə qədər olan işıqlı yolunun davam etdirilməsidir: “Məddahlıq bacarığı, əsas mərkəzində məddah və vaiz olan heyət müsəlman cəmiyyətinin yumşaq gücünün mühüm hissələrindəndir”.

O, yumşaq gücün sərt gücdən daha təsirli və nüfuzedici olduğunu dedi: “Bu səbəbdəndir ki, ABŞ bütün mütərəqqi silahlara malik olmasına baxmayaraq, ən böyük invesitisiya yatırımlarını media, incəsənət, ədəbiyyat və kino sahələrinə edir”.

İnqilabın Rəhbəri sərt gücün təsirinin periodik və keçici olduğunu bildirərək ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə qaçdığını, İraqın Ağ Evə dərin nifrəti olduğunu dedi: “Sərt güc ABŞ-ı bu iki ölkədə qalıcı edə bilmədi. Amma yumşaq güc Fələstin xalqı kimi üzdə az görünən bir qrupu dünyanın diqqət mərkəzində saxlamağa müvəffəq oldu. Bunun səbəbi Fələstin xalqının məzlumiyyəti, səbri və müqavimətidir”. 

O, İslam maarifi, Quranın məntiqi və Əhli-beytin tarixi və başına gətirilmiş müsibətlərin məddah fəaliyyətinin əsas məzmunu olduğunu dedi: “Bu məzmunun ən gözəl dildə, üslubda, aydınlatma cihadı tarixinə xas olan xüsusiyyətlərlə insanlara təqdim edilməsini təvəqqe edirik”.

İnqilabın Rəhbəri İslam Respublikasının yumşaq gücə əsaslanmasının ölkənin son 45 il ərzindəki əsas strategiyası olduğunu vurğuladı: “Ölkənin ehtiyacına uyğun, düşmənlərin imkanlarına qarşı təsirli və mütərəqqi təchizatlara malik olacağımıza inanırıq. Amma yumşaq gücün, yəni intellektual, verbal və məntiqli təchizatların daha təsirli gücə malik olduğuna, buna görə də inkişaf etdirilməli olduğuna dərindən inanırıq”.

İnqilabın Rəhbəri qeyd etdi ki, maraq və hərəkət yaratmaq imkanı, dəqiq və düzgün məqsəd seçmək aydınlatma cihadının qiymətləndirilməsi üçün iki mühüm parametrdir: “Aydınlatma cihadında qəlbləri riqqətə gətirmək və hərəkət yaratmaqla yanaşı, məqsədə doğru dəqiq istiqamətlənmə çox mühümdür. Məsələn, İslam dünyasının vəhdətə ehtiyacı olduğu bir şəraitdə diqqətsizlik ixtilaf və parçalanmaya səbəb olur”.

O, keçmişlə müqayisədə məddahlar cəmiyyətinin elmi inkişafını yüksək qiymətləndirərək məddahlara dini maarifi dərindən anlamağı və çatdırmağı təkidlə tövsiyə etdi: “Məddahlar sinfi uca və ali bir sinifdir. Məddahlardan gözləntimiz budur ki, dini maarifi mədhiyyə və mərsiyə qəlibində daha dəqiq şəkildə ötürsünlər”.

Həzrət Ayətullah Xamenei məddahları hədis kitabları, Nəhcül-bəlağənin hərəktverici, maarifləndirici xütbələri, Səhifeyi-Səccadiyyənin duaları ilə daha çox ünsiyyət qurmağa çağırdı: “Əhli-beyt məktəbinin qəribə fenomeni olan Səhifeyi-Səccadiyyədə İmam Səccad (ə) İslam sərhədçilərinə dua edir. Bu gün İslam dünyasının sərhədi və atan damarı Qəzzadır”.

O əlavə etdi: “Qəzza əhalisi bu gün təkcə sionist rejimi deyil, küfür, hegemoniya, imperializm, ABŞ qarşısında dayanıb. ABŞ prezidenti açıq şəkildə deyir ki, mən sionistəm. Bu o deməkdir ki, sionistlərə xas olan xəbislik və çirkin məqsədlər onda da var”.

İnqilabın Rəhbəri qeyd etdi ki, aydınlatma mücahidlərinin vəzifələrindən biri aktual məsələlərdən, o cümlədən Qəzza məsələsi və bədxahların düşmənçiliklərindən xəbərdar olmaqdır: “Sinəmizi ABŞ və quyruqlarının İslam və İslam dövlətinə qarşı yönəlmiş yalançı təbliğatlarına qarşı sipər etməliyik”.

Qarşıdan gələn seçkilərin aydınlatma cihadının başqa bir mühüm meydanı olduğunu qeyd edən İnqilabın Rəhbəri məyusluq yaradanlar və seçkilərin faydasız olduğunu təlqin edənlər qarşısında aktiv fəaliyyət göstərilməsinin zəruriliyini vurğuladı: “Bəziləri böyük İmamın sözü və ideyasını, ilahi vədi yalan çıxarmaq üçün seçkilərin və dini demokratiyanın gerçəkləşməsinin sübutu olan seçkiləri və xalqın iştirakını zəiflətmək istəyirlər. Aydınlatma cihadının mücahidləri bu düşməncəsinə hərəkət qarşısında həqiqətləri açıqlamaqla dayanmalı və öz vəzifələrinə əməl etməlidirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Seçkilər bir vəzifədir. Seçkilərə qarşı çıxan hər kəs İslam Respublikası və İslama qarşı çıxmışdır”.

O qeyd etdi ki, dövlətin güclü tərəflərini zəfilətmək insanlarda dövlətə qarşı bədbinlik və gələcəklə bağlı ümidsizlik yaratmağa çalışan bədxahların tədbirlərindən biridir: “İslam dövlətinin güclü cəhətlərindən biri korrupsiya ilə mübarizədir. Amma haradasa bir problem yarandıqda hökumət, hüquq-mühafizə orqanları və digər qurumlar onunla mübarizəyə qalxdıqları halda bir qrup insan pozuntu olduğunu deyir. Bəli pozuntu var, sadəcə zəif cəhət həmin pozuntuya qarşı səssiz qalıb ona kömək etməkdir. Fəsadla mübarizə güclü cəhətdir”.

İnqilabın Rəhbəri bildirdi ki, böyük İmamın metodu düşmən təlqinləri qarşısında heç nəyə baxmadan açıq şəkildə dayanmaq, məsələləri insanlara aydın şəkildə çatdırmaq idi: “İmam bu aydınlatma metodu ilə İslam dövlətinin əsaslarını elə möhkəmlətdi ki, dövlət bu günə qədər həmin əsaslar üzərində dayanıb ucalmış, gələckdə də çox yüksələcəkdir”.

O, İran xalqının milli şərəfi, müstəqilliyi və inkişafı sevən, amerikalılar və onun quyruqlarının özündən razı davranışına nifrət bəsləyən bir xalq olduğunu dedi: “Xalqın İslam Respublikasının ayaqları üzərində dayanmasının səbəbi onların bu dəyərlərə qarşı sevgisidir. Bu yol Allahın yoludur. Heç bir qüdrət xalqı bu yolda hərəkətdən saxlamaq iqtidarında deyil”.

Bu görüşün əvvəlində Əhməd Vaizi, Müctəba Ramazani, Möhsün İraqi, Livandan olan Seyid Hicazi, Məhəmməd Rəsuli, Tahir Qələndəri, Əmir Kermanşahi və Əliəkbər Hairi məsum Əhli-beytə (ə) həsr edilmiş şeir və mədhiyələrini oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /