Sual: Talaq verildikdən sonra iddədə olan xanımın mehriyyəsi tam ödənilməlidirmi? Ümumiyyətlə, mehriyyəni nə zaman ödəmək vacibdir? Mehriyyəni (istər talaqdan öncə, istərsə də talaqdan sonra) hissə-hissə ödəmək olarmı?
Cavab: Əgər tərəflər mehriyyənin ödənilməsi üçün müəyyən bir vaxt təyin etməyiblərsə, bu halda qadın mehriyyəni nə zaman tələb etsə, ər mehriyyəni ödəməyə qadir olduğu təqdirdə, onu ödəməlidir. Mehriyyəni hissə-hissə ödəməyə gəlincə, əgər buna razılıq əldə olunarsa, iradı yoxdur.
Sual: Bir oğlanla bir qızın daimi nikahı vardır, amma onların hələ toyları olmayıb və aralarında cinsi əlaqə də olmayıbdır. Qızın mehriyyəsi Məşhəd ziyarəti olub. Onun mehriyyəsi verilməyibdir. İndi isə aralarında ciddi mübahisə olduğuna görə ayrılırlar. Qızla oğlanın və həmçinin ailələrinin bir-birini görməyə gözü yoxdur, talaq verilməlidir. Oğlan və onun ailəsi tərəfindən qıza müxtəlif hədiyyələr və qızıl üzük alınıb, indiyə qədər onun bir çox xərcləri oğlan tərəfindən verilib. Bütün bunlara rəğmən, talaq verəndə qızın mehriyyəsi hökmən verilməlidirmi?
Cavab: Əgər ər-arvad arasında cinsi əlaqə olmayıbsa, kişi qadına talaq verdiyi zaman mehriyyənin yarısını ona ödəməlidir. Əlbəttə, əgər qadın mehriyyəni bağışlasa, kişiyə mehriyyə ödəmək vacib olmur. Hədiyyələrə gəlincə, oğlan və onun ailəsi hədiyyələri geri ala bilərlər. Amma əgər hədiyyəni qəbul edən şəxs hədiyyə verən şəxsin qan qohumu olarsa, bu halda hədiyyəni geri almaq olmaz.