Ali Məqamlı Rəhbərin informasiya bloku

Talağın qaydası və şərtləri

Sual: Xanımla bəyin daimi nikahı vardır, amma aralarında cinsi əlaqə olmayıbdır. Onlar hal-hazırda bir-birindən ayrılıblar və buna görə də, hər iki tərəf, eləcə də onların ailələri bir-birini əsla görmək istəmirlər. Belə olan halda talaq vermək üçün nə etmək lazımdır, şərtləri nədir?
Cavab: Talaq kişinin ixtiyarındadır və qadının razılığına və iştirakına ehtiyac yoxdur. Odur ki, kişi talağın şərtlərinə riayət edərək qadına birtərəfli olaraq talaq verə bilər.
Talaq cümləsi ərəbcə düzgün oxunmalıdır və iki ədalətli kişi də şahid qismində bu cümləni eşitməlidirlər. Əgər ər talağı özü oxumaq istəsə və onun arvadının adı, məsələn, Fatimə olsa, kişi belə deməlidir:
زَوْجَتِى فٰاطِمَةُ طَالِقٌ
[Zəvcəti Fatimətu taliqun] 
Yəni “Zövcəm Fatimə boşdur”.
Əgər kişi bu iş üçün başqa bir şəxsi özünə vəkil etsə, vəkil belə deməlidir:
زَوْجَةُ مُوَکِّلِى فَٰاطِمَةُ طٰالِقٌ
[Zəvcətu muvəkkili Fatimətu taliqun.] 
Yəni “Müvəkkilimin zövcəsi Fatimə boşdur”.
Talağın şərtlərinin bir neçəsini qeyd edirik:
1) Arvadına talaq verən kişi ağıllı olmalıdır, ehtiyat-vacibə görə, həddi-büluğa çatmış olmalıdır və ixtiyari şəkildə talaq verməlidir. Əgər arvadına talaq verməsi üçün onu məcbur etsələr, talaq düzgün deyildir.
2) Talaq verən şəxs talaq vermək niyyətində olmalıdır. Deməli, əgər bir şəxs zarafatca talaq cümləsini desə, talaq düzgün deyildir.
3) Qadına talaq verilən zaman qadın heyzli olmamalıdır. Amma üç hal istisna təşkil edir:
1- İzdivacdan sonra kişi qadınla cinsi əlaqədə olmayıbdır.
2- Qadın hamilədir. Qeyd edək ki, əgər qadının hamilə olduğunu bilməsələr və əri heyz halında qadına talaq versə, amma onun hamilə olduğunu sonradan bilsələr, bunun iradı yoxdur.
3- Qadınla heç bir vəchlə əlaqə saxlaya bilmədiyinə görə kişi qadının heyzdən pak olduğunu öyrənə bilmir, yaxud qadının pak olduğunu öyrənmək kişi üçün olduqca çətindir.
4) Əgər ər və arvad arasında cinsi əlaqə olmayıbsa, ər mehriyyənin yarısını qadına verməlidir. Amma əgər cinsi əlaqə olubsa, mehriyyənin hamısını verməlidir.

Sual: Ər arvadını kəbindən çıxarmaq üçün nə etməlidir ki, arvad ərindən boşanmış sayılsın? Talağı oxumaq üçün nə demək lazımdır? Talaq necə oxunur?
Cavab: Talağın xüsusi cümləsi iki ədalətli şahidin qarşısında oxunmalıdır. Talaq oxunarkən qadın heyz və nifas qanından pak olmalı və əri bu paklıqda və ya bu paklıqdan qabaqkı heyz və ya nifas halında qadınla cinsi əlaqədə olmamalıdır. Talaq məsələləri mərcəyi-təqlidlərin “Şəriət hökmlərinin izahı” adlı kitablarında geniş açıqlanıbdır. Talağın xüsusi cümləsi ərəbcə düzgün şəkildə oxunmalıdır.

Sual: Dini nikahdan boşanmaq ücün qadına üç dəfə “Səni boşadım” demək kifayət edirmi? Əgər bunu demək kifayət etmirsə, mən nə etməliyəm? Hansısa bir cümlə oxunmalıdırsa, onu özüm oxuya bilərəmmi? Boşandıqdan bir müddət sonra mən həmin qadınla yenidən nikah bağlaya bilərəmmi?
Cavab: Talaq cümləsi ərəbcə düzgün şəkildə oxunmalıdır və iki ədalətli kişi şahid qismində bu cümləni eşitməlidirlər. Əgər ərin özü talaq cümləsini oxumaq istəsə və onun zövcəsinin adı, məsələn, Fatimə olsa, kişi belə deməlidir:
زَوْجَتِی فَاطِمَةُ طَالِقٌ
[Zəvcəti Fatimətu taliqun] 
Yəni “Zövcəm Fatimə boşdur”.
Əgər kişi başqasını özünə vəkil etsə, vəkil belə deməlidir:
زَوْجَةُ مُوَکِّلِی فَاطِمَةُ طَالِقٌ
[Zəvcətu muvəkkili Fatimətu taliqun.] 
Yəni “Müvəkkilimin zövcəsi Fatimə boşdur”.
Qeyd edək ki, əgər həmin qadın başqa kişi ilə nikah bağlamayıbsa və ya başqa kişinin iddəsində deyildirsə, sizin onunla yenidən izdivac etməyinizin maneəsi yoxdur.

Sual: Mən bir ildir ki, ərimdən rəsmi şəkildə ayrılmışam, amma şəri kəbinimiz hələ də qalıb. Kəbini geri oxutdurmaq ücün nə etməliyik? Biz hansısa məscidə gedib, talağı axunda və ya bu işi bilən bir şəxsə oxutdurmalıyıq, yoxsa kişi özü üç dəfə: “Boşadım səni” – desə kifayət edir? Bizim iki ilə yaxındır ki, cinsi münasibətimiz yoxdur. Mən talaqdan sonra iddə saxlamalıyammı?
Cavab: Talağın xüsusi cümləsi müəyyən şəri şərtlər daxilində, o cümlədən iki ədalətli şahidin qarşısında düzgün şəkildə oxunmalıdır. Əks halda, talaq gerçəkləşmir və siz ər-arvad sayılırsınız. Şəri talaq verildikdən sonra, hətta sualda qeyd edilən halda belə, siz iddə saxlamalısınız.

Sual: 1) Talaq zamanı ortada dörd vəkil vardır. Yəni ər bir şəxsi özünə vəkil edib və o da başqa bir şəxsi vəkil edib, həmin şəxs də başqa birisini vəkil edib. Bu halda talağın sözləri necə oxunmalıdır?
2) Ərəb dilini bilməyən şəxs talağı ana dilində oxuya bilərmi, yoxsa mütləq başqasını vəkil etməlidir?
3) Qadın talağın verilməsi üçün kişiyə müraciət edir və kişi də qadına deyir ki, “Talağı oxutdura bilərsən”. Bu, vəkalət sayılırmı? Bu halda qadın talaq oxutdura bilərmi? Yoxsa kişi mütləq “Səni vəkil edirəm” cümləsini deməlidir?
Cavab: 1) Vəkil ona tapşırılan bir işi görmək üçün başqa bir şəxsi özünə vəkil edə bilməz. Amma əgər müvəkkil ona başqa bir vəkil tutmasına icazə versə, bu halda vəkil müvəkkilin tapşırdığı şəkildə rəftar edə bilər. Deməli, əgər müvəkkil vəkilə: “Mənə başqa bir vəkil tut” – desə, vəkil onun tərəfindən başqa bir vəkil tuta bilər, amma öz tərəfindən başqa bir şəxsi vəkil edə bilməz. Bu halda əgər vəkil vəkalətliyi yerinə yetirmək məqsədilə ona tapşırılan şəkildə talaq cümləsini desə, məsələn, “ric`i talaq” üçün vəkil olsa və “Fulanətu taliqun” desə, talaq düzgündür. 
2) Talaq yalnız talağın xüsusi cümləsini oxumaqla gerçəkləşir. Bunun üçün aşağıdakı cümlələrdən biri deyilməlidir:
أَنْتَ طَالِقٌ. فُلَانَةُ طَالِقٌ. هٰذِهِ طَالِقٌ
Yaxud da talağı verilən qadını təyin edən bir söz ilə yanaşı “taliqun” sözü işlədilməlidir. 
Talağın xüsusi cümləsini ərəbcə oxumaq mümkün olduğu təqdirdə, bu cümlənin başqa dillərdə tərcüməsini oxuduqda, talaq gerçəkləşmir. Amma əgər bu cümləni ərəbcə oxumaq heç bir vəchlə mümkün olmazsa, bu halda onun tərcüməsini demək olar və talaq düzgündür.
3) Kişinin bu işə öz razılığını bildirməsi qadını talaq üçün vəkil etdiyinə dəlalət edir.

Sual: Bir şəxs axundun sözü əsasında xanımına talaq vermək üçün telefonda ona üç dəfə “Ənti taliqun” deyib və niyyəti də xanımını boşamaq olub. Onlar ürfən də boşanmış hesab olunublar. İndi xanım başqa bir kişi ilə ailə həyatı qurub və ondan övladı vardır. Bu deyilənlərə əsasən aşağıdakı sualları cavablandırın:
1) Onların talağı düzgündürmü?
2) Xanımın ikinci izdivacı düzgündürmü?
3) İkinci kişidən dünyaya gələn uşaq halalzadədirmi?
Cavab: 1 və 2) Əgər ər iki ədalətli kişinin qarşısında və talağın digər şərtlərinə riayət edərək telefon vasitəsilə xanımına “Ənti taliqun” cümləsini deyibdirsə, bu talaq düzgündür, həmçinin qadının sonrakı izdivacı da düzgündür. Amma əgər iki ədalətli kişinin qarşısında deməyibdirsə, yaxud talağın digər şərtlərinə riayət olunmayıbsa, bu talaq və qadının sonrakı izdivacı düzgün deyildir.
3) Suala əsasən, onlar şəri məsələni bilmədiklərinə görə, uşaq halalzadədir.

Sual: Bir kişi həyat yoldaşı ilə dava edib və kəbin kağızını cıraraq qadının üstünə atıb. Sonra axunda zəng edib və deyib ki, “Mən bu qadını boşadım”. Həmin gündən sonra onlar ayrılıblar. Bu hadisənin üstündən on il keçib. Onlar hal-hazırda kəbinli sayılırlarmı, yoxsa kəbin pozulubdur?
Cavab: Sualda qeyd edilən hərəkət talağa səbəb olmur. Şəri talaq cümləsi müəyyən şərtlər daxilində oxunmayanadək, onlar ər-arvad sayılırlar.

Sual: Bir kişi yoldaşını boşayıb və ayrılanda ona: “Sənin talağını verdim, talağı bir nəfərə oxutduracağam, sən get” – deyib. Qadın atası evinə qayıdıb və iddəsini gözləyib. Bir ildən sonra qadın yenidən ailə qurub. Bu bir il içində kişi də ailə qurub. Kişi xəbər tutanda ki, qadın ailə qurubdur, ona xəbər göndərib ki, “Mən sənə talaq verməmişəm, yalandan demişdim ki, talağını verəcəyəm”. Qadın nə qədər danışsa da, kişi inadkarlıq edib və talağı verməyəcəyini deyib. Qadın nə qədər cəhd göstərsə də, kişinin hansı sözünün doğru, hansı sözünün yalan olduğunu müəyyən edə bilmir. Əgər kişinin ilk dediyi söz doğru olsa, qadının talağı verilmiş sayılır və problem yoxdur. Amma əgər həqiqətən də kişi talağı oxutdurmayıbsa, bu qadın talağının oxunduğunu zənn etdiyi üçün iddəsini gözləyib, ailə qurubdur. Kişinin inadkarlığı üzündən “talağı verməmişəm” dediyi də ehtimal edilir. Hər halda, Sizin nəzərinizi bilmək istəyirdik. Bu qadın nə etməlidir? Kişinin birinci sözünə etimad edib, özünü boşanmış saymalıdır, yoxsa ikinci sözünü əsas tutmalı və özünü boşanmamış hesab etməlidir?
Cavab: Əgər kişi “Talaq verdim” deməyibsə və yalnız talaq verəcəyini vəd edibsə, qadına talaq verildiyi şəri yolla sübuta yetməyənədək, o, talaq verilmiş hesab olunmur və başqa bir kişi ilə izdivac edə bilməz.

Sual: Ər həyat yoldaşına deyib ki, “Mən sənə talaq vermişəm”. Amma 3-4 ay keçdikdən sonra deyib ki, “Mən sənə talaq verməmişəm və əsəbimdən belə demişəm”. Belə olan halda, qadının vəzifəsi nədir? O, boşanmış sayılırmı?
Cavab: Suala əsasən, qadın talaq verilmiş və boşanmış hesab olunmur.

Sual: Əgər qadın hicabdan çıxsa, onu boşamaq lazımdırmı?
Cavab: Onu boşamaq vacib deyildir.

Sual: Müvəqqəti izdivacda kişi xanımın xəbəri olmadan onu boşaya və ona talaq verə bilərmi? Xanımı boşayıb talaq verdikdən sonra ona: “Neçə gün əvvəl sənin talağını vermişəm” deyə bilərmi? Bu, şəri baxımdan mümkündürmü?
Cavab: Ümumiyyətlə, müvəqqəti izdivacda talaq yoxdur. İzdivacın müddəti başa çatmamışdan qabaq kişi müddətin qalanını qadına bağışlaya bilər. Qadına xəbər verməsi də lazım deyildir.

Sual: Ər və arvad 7-8 il bundan qabaq məhkəmə yolu ilə dövlət nikahından boşanıblar və hazırda ayrı yaşayırlar, hər kəs öz ehtiyacını özü ödəyir. Onlar boşandıqdan sonra şəri vəzifəni bilmədiklərinə görə, dini kəbini pozmayıblar. Bir neçə il əvvəl qadın ərindən talağın verilməsini istəyib, lakin əri ona hədə-qorxu gəlib ki, “Əgər başqası ilə ailə qursan, səni öldürərəm”. İndi qadın başqası ilə izdivac etmək istəyir. O, ərindən talaq almalıdırmı?
Cavab: Əgər onlar arasında şəri izdivac əqdi oxunubsa, qadın öz ərindən düzgün şəri qaydada talaq almayanadək və talaq iddəsi saxlamayanadək, başqa bir kişi ilə izdivac edə bilməz. Əgər ər talaq verməyə razı deyildirsə, amma ailə həyatının davam etməsi çox böyük çətinliklər yaradır və qadın da bu vəziyyətə dözə bilmirsə, qadın şəri-hakimin bu məsələdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilər. Vəziyyət aydınlaşdırıldıqdan sonra (şəri və qanuni şərtlər daxilində) talaq icra oluna bilər.

Sual: Əgər ər arvadına zarafatca: “Get atan evinə, qayıtma” – desə, yaxud arvadı ilə mübahisə edərkən əsəbləşərək: “Səni istəmirəm, get atan evinə, qayıtma” – desə, yaxud da qadın atasıgildə ikən telefonda ona: “Qal atan evində, gəlmə” – desə, onlar boşanmış olurlarmı?
Cavab: Bu kimi sözlərlə talaq həyata keçmir.

Sual: Bir kişinin iki həyat yoldaşı var. Müəyyən səbəblərə görə, o, ikinci həyat yoldaşını boşamaq istəyir. Lakin ikinci xanım hansı günlərdə heyz və hansı günlərdə pak olduğunu bildirmir. Bu kişinin vəzifəsi nədir? Kişi hansı gündə qadına talaq versin ki, talaq düzgün hesab olunsun?
Cavab: Suala əsasən, əgər qadın heyzli olsa belə, talaq düzgündür.

Sual: Mən ərimə demişdim ki, mənə talaq versin. O da talağı özü oxuyub. Ondan: “Talağı düzgün oxudunmu? İki şahid də vardımı?” – deyə soruşdum. O da: “Bəli” – dedi. Mən iki dəfə ardıcıl olaraq ondan talağı düzgün oxuduğu barədə soruşdum və o da dedi ki, “Narahat olma, düzgün oxudum”. Mən onun sözünə əmin ola bilərəmmi? 
Cavab: İradı yoxdur. Onun sözü etibarlı sayılır.

Sual: Qadının kəbini oxunub, amma onun kəbindən xəbəri olmayıb. Ümumiyyətlə, qadın kəbinin nə olduğunu bilməyib və ona kəbin haqqında məlumat verilməyib. Kişi ilə cinsi əlaqəsi olub, indi isə ayrılıblar. Bu cür evlilikdən sonra talaq oxunmalıdırmı?
Cavab: Sualda qeyd olunanlara əsasən, oxunan əqd “fuzuli əqd”dir. Amma əqddən sonra qadının özünü kişinin ixtiyarında qoyması və özünü həyat yoldaşı bilməsi qadının bu əqdə razılığını göstərir. Odur ki, əqd düzgündür və ər-arvadın ayrılması üçün talaq oxunmalıdır.

Sual: Bir xanım ərindən səkkiz ildir ki, rəsmi olaraq boşanıb. Kişi də başqa bir xanımla ailə qurub. Lakin kişi inadkarlıq edərək və xanıma əziyyət vermək məqsədilə talaq oxutdurmur. Qadının talaq ala bilməsi üçün vəzifəsi nədir?
Cavab: Qadın şəri-hakimin bu məsələlərdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilər. Məsələ (şəri və rəsmi şərtlər daxilində) aydınlaşdıqdan sonra talaq icra oluna bilər.

Sual: Arvadından boşanan kişi talaq verməyə razıdır, amma özü qadınla birlikdə talağın oxutdurulması üçün axundun yanına getmir. Qadın talağın oxutdurulması üçün axundun yanına tək getsə, bu halda talaq düzgündürmü?
Cavab: Talaq icra olunarkən kişi və qadının orada olması vacib deyildir. Suala əsasən, əgər talağın digər şərtləri də mövcud olarsa, məsələn, talaq cümlələri iki kişinin şahidliyi ilə oxunarsa, talaq düzgündür.

Sual: Qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib və məhkəmə onları rəsmi olaraq boşayıb. Onlar faktiki olaraq da ayrılıblar və bir ildən çoxdur ki, bir yerdə yaşamırlar. Talaq verilməsi üçün məhkəmənin sənədi kifayət edirmi, yoxsa mütləq ərin razılığı alınmalıdır?
Cavab: Sualda qeyd olunanlara əsasən, siz şəri-hakimin bu məsələdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilərsiniz. Məsələ şəriət və dövlət qanunları çərçivəsində araşdırıldıqdan sonra həmin nümayəndə talağı oxuya bilər.

Sual: Əgər bir qız bir oğlan ilə nişanlanıb onunla kəbin kəsdirsə, amma sonra nişanlı ola-ola başqa bir oğlanla qoşulub qaçsa, birinci oğlanla kəsdirdiyi kəbin pozulurmu, yoxsa talaq oxunmalıdır?
Cavab: Sualda qeyd olunanlara əsasən, onlar arasında talaq icra olunmayanadək ər-arvad hesab olunurlar.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər