06 dekabr 2023-cü il tarixində İslam İnqilabının Ali Rəhbərinin Şərqi Azərbaycan Əyalətinin 10 Min Şəhidinin Anım Konqresinin Mərkəzi Qərargahının üzvləri ilə görüşdə verdiyi bəyanatın tam mətni bu gün konfransın keçirildiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu görüşdə Şərqi Azərbaycanı canlarını fəda edənlər və şəhidlərin beşiyi olduğunu dedi: “Şəhidlərin qanının hərarətinin sönməsinə imkan vermək olmaz. Çünki şəhidlər İran xalqının milli kimliyidir. Xalq öz kimliyini unutmamalıdır”.
O vurğuladı ki, şəhidlərin xatirəsinin əziz tutulması onları sırf xatırlamaqdan ibarət deyil: “Şəhidlərin anım mərasimlərinin keçirilməsi və qısa zaman fasilələri ilə təkrar edilməsi lazım və zəruridir. Amma bu toplantılar şəhidlərin iman, təqva, şəhidlik eşqi, fədakarlıq və şücaət kimi üstün keyfiyyətlərinin və mənəvi dərəcələrinin gənc nəslə ötürülməsinə zəmin olmalıdır”.
Şəhidlərin gənclər üçün ən yaxşı örnək olduğunu deyən İslam İnqilabının Rəhbəri belə parlaq və misilsiz fenomenlərin İran xalqının tarixi yaddaşına həkk edilməsinin zəruriliyini vurğuladı: “Film, şeir, bədii kitablar kimi incəsənət nümunələrində şəhidlərin parlaq ruhiyyəsi və gövhəri gənc nəslə ötürülməlidir”.
Həzrət Ayətullah Xamenei şəhidlərin ailələrinin unudulmamasının, şəhidlərin ailələri və dostlarının xatirələrinin qeydə alınmasının zəruriliyini vurğuladı: “Şəhidlərə xas olan xüsusiyyətlərin və mənəvi keyfiyyətlərin gənc nəslə ötürülməsində onların hərəkətinə zəmin olmuş şərait də müəyyən edilməlidir. Gənc nəsil bilməlidir ki, İslami hərəkat və İnqilabın qələbəsindən əvvəlki dövrlərdə edilən hərəkət və qiyamların səbəbi nə olmuşdur. Yeni nəsil habelə İnqilabın qələbəsindən sonra şəhidlərin hansı rəşadət və fədakarlıqlar göstərdiklərini və buna zəmin yaradan səbəbləri bilməlidir”.
O əlavə etdi: “Biz İnqilab tarixinin mühüm hadisələrinə səbəb olan amillər və şəraitlər, şəhidlər və üstün simaların mənəvi keyfiyyətlərinin tanıtdırılması sahəsində az iş görmüşük. Buna görə də gənclərin bir çoxu onlardan xəbərsizdir. Tele-radio kimi rəsmi təbliğat qurumları bu sahədə daha çox səy göstərməlidir. Bu gün xalqın ixtiyarında olan qeyri-rəsmi media imkanlarından da yaxşı istifadə edilməlidir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Azərbaycan İranın milli kimliyində üstün yerə malikdir. O, İmam Xomeyninin (r.ə) inqilabından günümüzə qədər bu bölgənin canlarını qurban vermiş fədakar şəhidlərinə işarə edərək dedi: “Azərbaycanın qiymətinin zirvəsini və yüksək mövqeyini Müqəddəs Müdaifədə, Mehd Bakiri, Həmid Bakiri, Əli Təcəllayi və Mürtəza Bağçiyan kimi üstün şəhidlərin simasında görmək lazımdır. Yeri gəlmişkən, onu da deyim ki, ölkənin 5 mehrab şəhidindən ikisi Şərqi Azərbaycandandır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir