Sual: Talaq nədir?
Cavab: Talaq – izdivaca şəri şəkildə son qoyulması və ər-arvadın ayrılması deməkdir. Talaq verildikdən sonra ər və arvadın evlilik dönəmində olan qarşılıqlı haqlarına və vəzifələrinə də son qoyulur. Əlbəttə, sözügedən haqlar və vəzifələr baxımından “ric`i talaq”da istisnalar mövcuddur. Talağın qisimləri və şəri hökmləri barəsində geniş məlumat əldə etmək üçün “Şəriət hökmlərinin izahı” adlı kitablara müraciət edə bilərsiniz.
Sual: Əgər ər arvadının talağını oxuduqdan bir müddət sonra peşman olsa, o, qadına geri dönə bilərmi? Bu halda, o, qadınla yenidən kəbin kəsdirməlidirmi? Ümumiyyətlə, talaq oxunduqdan sonra ərin neçə müddət ərzində qadına geri dönmək haqqı vardır?
Cavab: Əgər “ric`i talaq” olubdursa və qadın iddə dövründədirsə, yeni əqd oxunmadan kişi qadına geri qayıda bilər.
Sual: Qadın kişiyə boşanmağı təklif edə bilərmi? Yaxud qadın kişini boşanmağa məcbur edə bilərmi?
Cavab: Talağı vermək kişinin ixtiyarındadır. Amma əgər qadın ərinə nifrət etsə və ondan zəhləsi getsə, ərinin ona talaq verməsi üçün qadın öz mehriyyəsinin bir hissəsini və ya hamısını, yaxud da başqa bir malı kişiyə verə bilər. Bu talaq “xul talağ” adlanır.