Ali Məqamlı Rəhbərin informasiya bloku

Mehriyyə

Sual: Mehriyyə nədir? Mehriyyənin məbləği nə qədərdir? Mehriyyənin məbləğini qadın, yoxsa kişi təyin edir? Mehriyyəni kəbinə qeyd etmək vacibdirmi? Mehriyyə hansı halda kəbinə qeyd edilmir?
Cavab: Mehriyyə – daimi və ya müvəqqəti izdivacda qadına verilən maldır. Mehriyyənin miqdarı tərəflərin razılığı ilə təyin edilir. Müsəlman kişi sahibi olduğu malı mehriyyə verə bilər. Qeyd edək ki, əgər müvəqqəti izdivacda mehriyyə təyin edilməzsə, izdivac əqdi düzgün deyildir.

Sual: Daimi izdivac əqdi bağlanarkən mehriyyə üçün müəyyən miqdar qoyulubdurmu? Qadın pul ilə ölçülməyən və maddi olmayan (yəni mənəvi bir şeyi) mehriyyə kimi istəyə bilərmi? Məsələn, mehriyyə olaraq: “Təhsilimdə, işimdə hər zaman mənə dəstək ol” – desə, bu, düzgündürmü? Ümumiyyətlə, mehriyyə istənilən bir şey (istər maddi, istərsə də mənəvi bir şey) ola bilərmi?
Cavab: 1) Ümumiyyətlə, İslam şəriətində mehriyyə üçün vacib bir miqdar və məbləğ təyin olunmayıbdır. Amma mehriyyə nə qədər az olsa, bir o qədər yaxşıdır. Mehriyyənin “mehrus-sunnə”dən çox olmaması, yəni beş yüz dirhəmdən çox olmaması müstəhəbdir. Hər halda, əgər tərəflərin razılığı ilə böyük məbləğdə mehriyyə təyin olunarsa, mehriyyə düzgündür və onu vermək kişinin öhdəsindədir.
2) Mehriyyə maddi dəyəri olan bir şey olmalıdır. Həmçinin mehriyyənin nədən ibarət olduğu müəyyən edilməlidir. Deməli, maddi dəyəri olmayan və ya qeyri-müəyyən olan bir şey mehriyyə ola bilməz.

Sual: Mehriyyə nədir? Əgər bir kişi ailə quranda mehriyyənin nə olduğunu bilməyibsə və onu verməyibsə, nə etməlidir?
Cavab: Mehriyyə – istər daimi, istərsə də müvəqqəti izdivacda kişinin qadına verdiyi pul-maldır. Bu, kişinin öhdəsində olan borcdur və onu verməlidir. Qadın kişiyə mehriyyəni bağışlaya bilər. Amma kişinin mehriyyəni verməməsi izdivac əqdinin düzgünlüyünə xələl gətirmir.

Sual: İstər daimi, istərsə də müvəqqəti izdivacda əgər qadın mehriyyəni istəməməkdə israrlı olarsa, oxunan kəbinin düzgünlüyünə xələl gəlirmi?
Cavab: Əgər daimi izdivacda mehriyyə təyin edilməsə, izdivac əqdi düzgündür, amma bu halda mehriyyə “mehrul-misl” olur. Müvəqqəti izdivacda isə mehriyyə təyin edilmədiyi halda izdivac əqdi düzgün deyildir. Ümumiyyətlə, hər iki izdivacda mehriyyə təyin edildikdən və əqd oxunduqdan sonra qadın mehriyyəni bağışlamaq hüququna malikdir.

Sual: Gənc yaşında ailə quran bir xanıma toy gecəsi həyat yoldaşı deyib ki, mehriyyəni bağışla, bu işin çox savabı vardır. Bu barədə heç bir məlumatı olmayan xanım da, savab olduğuna görə, mehriyyəni ona bağışlayıb. Hal-hazırda onlar boşanırlar. Xanımın maddi vəziyyəti çox pisdir. Həmin xanım aldadıldığını başa düşüb. O, mehriyyəsini ərindən geri tələb edə bilərmi?
Cavab: Hər bir halda, əgər qadın öz mehriyyəsini həqiqətən ərinə bağışlayıbsa və onu mehriyyə borcundan azad edibsə, daha mehriyyəni tələb edə bilməz.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər