İslam İnqilabının Ali Rəhbəri bu gün səhər ölkənin dörd bir tərəfindən toplaşmış minlərlə bəsici ilə görüşdə qeyd etdi ki, İmam Xomeyninin (r.ə) Bəsici yaratmaqda məqsədi İranın təhdidlər və təhlükələrə qarşı müqavimətini maksimum dərəcəyə çatdırmaq olmuşdur. O, bəsici mədəniyyəti və təfəkkürünə xas olan xüsusiyyəttrlərə aydınlıq gətirdikdən sonra mühüm əməli tövsiyələr verdi: “İmamın qlobal müqavimət mərkəzlərinin təşkili ilə bağlı proqnozu və müjdəsi gerçəkləşdi. Dayanmaz Əl-Əqsa fırtınası Qərbi Asiya regionunda yeni bir siyasi coğrafiyanın təşəkkülünü asanlaşdırdı. Amerikasızlaşma, məcburi və qondarma ikiliklərin əvəzinə müqavimət və təslimçilik ikiliyinin yaradılması, Fələstin probleminin həlli istiqamətində sürətlənmə yeni siyasi coğrafiyanın mühüm xüsusiyyətləridir”.
Həzrət Ayətullah Xamenei Bəsicin ölkə üzrə bütün müqavimət mərkəzlərində birbaşa yayımlanan çıxışının əvvəlində vurğuladı ki, Bəsic İmam Xomeyninin (r.ə) qiymətli yadigarıdır. O bildirdi ki, İmam Xomeyninin bəsici olması ilə fəxr etməsi Bəsicin yüksək dərəcəyə malik olduğunu göstərir.
O bildirdi ki, Bəsicin yaranma məntiqi İmamın xalqdan ibarət böyük bir qüvvəyə təcili ehtiyacın müəyyən edilməsi istiqamətindəki uzaqgörənliyindən doğdu: “Ölkənin bütün təhlükə və təhdidlərə qarşı müqavimət imkanının maksimum həddə çatdırılması məntiqi bu gün də, sabah da qəti və aktualdır. Milli kimliyin maddi və mənəvi cəhətdən hərtərəfli müdafiəsi, İranın təhlkəsizliyinin və milli maraqlarının təmin edilməsi üçün Bəsicin mövcud olması tamamilə zəruridir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, Bəsicin son 24 illik fəaliyyət tarixi bu xalq institunun yaradılmasında İmamın təyin etdiyi məqsədin nə qədər dəqiq olduğunu göstərir: “Bəsicin “Müqəddəs müdafiə” dövründəki həlledici və qələbəyə səbəb olan fəaliyyəti İmamın uzaqgörənliyinin parlaq bir nümunəsidir”.
O, İmamın məktəbində Bəsicin hansı yerdə olması məsələsinə aydınlıq gətirərkən İmam Rahilin iki cümləsinə istinad etdi: “Bəsic İmamın nəzərində Allahın ixlaslı qoşunu və eşq məktəbidir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, İmamın qoşun sözündən istifadə etməsi Bəsicin döyüşçü xüsusiyyətini göstərir: “Döyüşçü xüsusiyyəti deyilərkən maddi, cismani, ruhi və mənəvi qüdrətin, iradə, şücaət və təfəkkür qüdrəti ilə, yəni tədbirlə müharibə taktikasının birləşməsi nəzərdə tutulur”.
Həzrət Ayətullah Xamenei “Allahın ixlaslı qoşunu” ifadəsini izah edərkən dedi: “İmam: “Bəsic və Bəsici Allah üçün ixlasla döyüşür və döyüşdə “kəskindirlər” ifadəsinin təzahürüdür”, - deyə buyururdu”.
O qeyd etdi ki, İmam Xomeyni Bəsicdən danışarkən “eşq məktəbi” ifadəsindən istifadə edirdi. Bu, Bəsicin haqq yolunda Allaha, mənəviyyata və xalqa qarşı sevgi ilə hərəkət etdiyini, həqiqi eşqi öyrətdiyini, tədris etdiyini göstərir.
İslam İnqilabının Rəhbəri Bəsicin bu məzmunların təcəllası olduğunu dedi: “Bəsic müqəddəs müdafiə dövründə Sərdar Süleymani, Səyyad Şirazi, Himmət, Babayi, Şirudi, Həmədani və yüzlərlə digər generallar kimi parlaq zirvələrlə böyük işlərə imza atdı və bu proses Hərəmin müdafiəsi və digər meydanlarda da davam etdi”.
O, Bəsicin sevgi, xidmət, səy və fəaliyyət meydanları, o cümlədən quruculuq, sağlamlıq, təbii fəlakətlər, elm və tədqiqat sahələrindəki aşkar mövcudluğuna işarə edərək elm və bilik sahəsinin iki bəsicinin - Şəhid Fəxrizadə və mərhum Kazimi Aştiyaninin (Ruyan Tədqiqat Mərkəzinin təsisçisi) ölkənin elmi sərhədlərini müəyyən etdiklərini dedi.
Həzrət Ayətullah Xamenei Bəsicin geniş bir məna ifadə etdiyini dedi: “Bəsic bir təşkilatdan çox bir mədəniyyət, bir təfəkkürdür. Bəsicdə olmasa belə, bu mədəniyyətə və təfəkkürə sahib olan hər kəs bir bəsicidir. Bu səciyyə ilə əhalinin böyük bir hissəsi Bəsic təşkilatına üzv olmasa belə, bəsicidir”.
İnqilabın Rəhbəri bəsici mədəniyyətinin mühüm xüsusiyyətlərinə aydınlıq gətirdi.
O, bəsici mədəniyyətini şərh edərkən Bəsicin xalqdan olmaq, öhdəlik və məsuliyyət hissinə malik olmaq, ölkənin cari və gələcək məsələlərinə etinasız olmamaq, inqilabın mənasını dərk etmək, inqilabçı olmaq, nizam-intizamsız olmamaq, qanundan qaçan olmamaq, normaları pozmamaq kimi xüsusiyyətlərə malik olduğunu dedi.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəsici bir məsələyə, şəxsə və ya hadisəyə etiraz edə bilər, amma düşmənlə ortaq məxrəcdə olmamaq üçün bu etirazı normaları pozaraq etmir”.
İnqilabın Rəhbəri bəsici mədəniyyətinə xas olan xüsusiyyətlərdən danışarkən məzmunsuz, vitrin və göstəriş xarakterli işlərdən çəkinmək, zəif adamlara köməklik göstərmək, zalımla mübarizə, təkəbbürdən uzaq durmaq, inqilab, dövlət və xalqdan nə isə tələb etməkdən çəkinmək, vəzifə və məsuliyyətyönümlülük, təşkilatın imkanlarından şəxsi məqsədlər üçün istifadə etməkdən çəkinmək və əmanətdarlığın bu mədəniyyətin digər xüsusiyyətlərindən olduğunu dedi.
O, başqa bir mühüm məsələyə də toxundu: “Təbii fəlakətlər vaxtı xalqa göstərilən yardımlar vaxtı şahidi olduğumuz kimi, bəsici mədəniyyəti bütün xalqa xidmət etməkdən ibarətdir. Bu, din, etnos və siyasi baxışın sərhədlərini aşır”.
O, İmam Xomeyninin bəsici mədəniyyətinə xas olan bütün xüsusiyyətlərin simvolu olduğunu dedi: “İmam özünü həmişə xalqa borclu bilir, özünü xalqdan aşağı tuturdu. Ömrünün heç bir anını öz mənafelərinin təmininə sərf etmədi”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Bəsicə xas olan başqa bir cəhət transmilli xüsusiyyətə malik olmasıdır: “Böyük İmamın qlobal müqavimət mərkəzlərinin yaranması ilə bağlı müjdəsi bu gün regionda gerçəkləşdi. Müqavimət mərkəzləri regionun taleyini dəyişməkdədir. Bunun bir nümunəsi Əl-Əqsa fırtınasıdır”.
O, amerikalıların Qərbi Asiyanın siyasi-coğrafi xəritəsini dəyişmək planının iflasa uğradığına işarə edərək dedi: “Onlar bir neçə il bundan əvvəl dedilər ki, özlərinin qeyri-qanuni maraqları və ehtiyacları əsasında “Yeni Orta Şərq” yaratmaq istəyindədirlər. Bu istəkləri ürəklərində qaldı”.
O, yeni region xəritəsinin yaradılmasında ABŞ-ın uğradığı məğlubiyyətlərdən bir neçəsini qeyd edərək dedi: “ABŞ Hizbullahı məhv etmək niyyətində idi. Amma Hizbullah 33 günlük müharibədən sonra keçmişdəkindən 10 dəfə artıq gücləndi”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ABŞ-ın işğaldan sonra amreikan bir hökumət yaradaraq amerikalı bir generalı və ya sivili, hətta ABŞ-a bağlı bir iraqlını rəhbər təyin etməklə İraqı öz kamına çəkmək planı iflasa uğradı. Bu, Yeni Orta Şərq xəritəsinin yaradılması planının iflasa uğradığını göstərən cəhətlərdən biridir: “Onlar İraqı öz kamlarına çəkib məhv etmək niyyətində idilər. Bu gün Fələstin hadisəsində müqavimət mərkəzləri meydana atılıb”.
İnqilabın Rəhbəri bildirdi ki, amerikalıların İŞİD və Ənnüsrə kimi proksi amillər vasitəsilə Suriyanı ələ keçirmək planının iflasa uğraması onların istəklərinə çatmamasının başqa bir nümunəsidir: “Onların Yeni Orta Şərq layihəsi ilə bağlı başqa bir planı Fələstin məsələsini Fələstin adında heç bir şey qalmayacaq şəkildə qəsbkar rejimin xeyrinə tamamlamaq idi. Amma daha öncədən təsdiq etdikləri iki hökumətlilik layihəsi gerçəkləşmədi. Fələstin, HƏMAS və digər müqavimət qruplarının bu günkü nailiyyəti və mövqeyi 20 il bundan əvvəllə müqayisəedilməzdir”.
O, çıxışını yekunlaşdırarkən vurğuladı: “Əlbəttə, regionun siyasi coğrafiyası dəyişməkdədir, amma ABŞ-ın deyil, müqavimət cəbhəsinin xeyrinə”.
Həzrət Ayətullah Xamenei yeni xəritənin xüsusiyyətlərini qeyd edərək Qərbi Asiyanın formalaşmaqda olduğunu dedi: “Yeni Qərbi Asiyaya xas olan birinci xüsusiyyət amerikasızlaşma, yəni ABŞ-ın region üzərindəki hegemonluğuna son qoymaqdır. Əlbəttə, bu, ölkələrin ABŞ-la olan əlaqələrinin kəsilməsi demək deyil, ABŞ-ın siyasi qüdrəti və hökmranlığına son qoymaqdır. Gördüyümüz kimi, yüz faiz tam tabeçiliyi olan bəzi ölkələr də ABŞ-dan uzaqlaşmaqdadır”.
O bildirdi ki, ABŞ-ın region üzərində hökmranlıq etmək üçün yaxın və uzaq keçmişdə həyata keçirdiyi tədbirlərdən biri sionist rejimi gücləndirmək və ölkələri onunla əlaqə yaratmağa təşviq etməkdir: “Regionun amerikasızlaşdırılmasının aşkar əlamətlərindən biri dərin tarix yazan Əl-Əqsa fırtınasıdır. Bu hadisə sionist rejimə qarşı olsa da, amerikasızlaşdırma istiqamətlidir. Buna görə də ABŞ-ın regionla bağlı siyasətlər cədvəli bir-birinə dəyib. Bu gedişlə ABŞ-ın regionla bağlı siyasətlərinin cədvəli məhv olacaq”.
İnqilabın Rəhbəri qeyd etdi ki, yeni Qərbi Asiyaya xas olan xüsusiyyətlərdən biri regionda qondarma və məcburi ikitirəlik planının darmadağın olmasıdır: “Ərəb və qeyri-ərəb, şiə və sünni ikitirəliyi, şiə hilalı əfsanəsi artıq öz qüvvəsini itirib. Bunun ən bariz nümunəsi özünü Fələstin hadisəsində göstərdi. Əl-Əqsa fırtınasında və ondan qabaq fələstinlilərə ən böyük köməkləri ərəb və qeyri-ərəb şiələr etdilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Zorla təlqin edilən həmin ikiliklər qarşısında “müqavimət və təslimçilik” ikiliyi regiona hakim kəsilib. Bu gün müqavimət, yəni ABŞ-ın zorakılığı, hegemonluğu və müdaxilələri qarşısında təslim olmamaq regionda müşahidə edilən ən bariz cərəyandır”.
O, Fələstin probleminin həllinin yeni və formalaşmaqda olan Qərbi Asiyanın digər bir xüsusiyyəti olduğunu dedi: “Fələstin məsələsi Allahın köməkliyi ilə həll olmaq istiqamətindədir, yəni bütün Fələstin topraqlarında fələstinli hökumət qurulmaqdadır”.
İnqilabın Rəhbəri İslam Respublikasının Fələstinlə bağlı təklif etdiyi sivil, məqbul, dünyanın bəyəndiyi layihə və məntiqə, yəni fələstinlilərin referendumu təklifinə işarə edərək dedi: “İşğalçılar istisna olmaqla bütün fələstinlilər – istər Fələstin sakinləri olsun, istərsə də qonşu ölkələr, regionlar və düşərgələrdə məskunlaşmış fələstinlilər – Fələstinin idarəçiliyinə səs verə bilməlidirlər. Bəziləri deyirlər ki, sionist rejim bu layihəni qəbul etmir. Amma iradə buna köklənməlidir. Əgər sözügedən layihə izlənsə, inşallah ki, izlənəcək, əgər müqavimət mərkəzləri öz əzmi və iradəsini ciddi şəkildə davam etdirsə, bu məqsəd reallaşacaq”.
O, bəziləri tərəfindən İran İslam Respublikasına aid edilən Fələstin problemini həll etmək üçün yəhudi və sionistlərin dənizə tökdürülməsi yalanına işarə edərək dedi: “İslam Respublikası kimisə dənizə tökmək fikrində deyil. İslam Respublikasının təklifi budur ki, Fələsitn xalqının səsləri əsasında bir hökumət qurulmalıdır. Bu cür adamlar haqqında da həmin hökumət qərar verməlidir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, mühüm və misilsiz Əl-Əqsa fırtınası hadisəsi hədəflərin yaxınlaşmasına və yolun asanlaşmasına səbəb olmuşdur: “Bu fırtına nəticəsində əsəbləri pozulan sionist rejim fırtınanı yatırtmaq üçün xəstəxanalar, məktəblər və əhalinin gur olduğu məkanların bombalanması və uşaqların qətlə yetirilməsi cinayətinə əl atıb. Amma bu cinayətlərlə Əl-Əqsa fırtınasını yox edə bilməmiş, edə bilməyəcək də”.
O, sionist rejimin bu müharibədə heç bir hədəfinə çata bilməməsinə işarə edərək dedi: “Bu məğlubiyyətdən əsəb və vəhşiliklərlə yaxa qurtara bilməyəcəklər. Əslində, bu cür addımlar sionist rejimin, ABŞ-ın, hətta Qərb mədəniyyətinin daha çox rüsvayçılığına səbəb olur”.
O, Qərb dövlətlərindən birinin başçısının sionist rejimin cinayətlərinə don geyindirərək onları özünümüdafiə adlandırması mövqeyini pisləyərək dedi: “Qərb mədəniyyəti və sivilizasiyası budur: 5 min fələstinli uşağın qətlə yetirilməsini və fosfor bombasından istifadəni özünümüdafiə adlandırırlar. Bu səbəbdən də Qərb mədəniyyəti bu hadisədə rüsvay oldu”.
İnqilabın Rəhbəri qeyd etdi ki, keçən 50 gün ərzində baş verən faciələr sionistlərin 75 il ərzində Fələstində törətdikləri cinayətin icmalı idi: “Xalqı, qadın və uşaq bilmədən qətlə yetirmək, evindən-eşiyindən didərgin salmaq, fələstinlilərin evlərini və əkin sahələrini dağıdaraq qəsəbələr salmaq işğalçıların 75 il ərzində törətdikləri davamlı cinayətlərdəndir. Bütün bu cinayətlərin hamısını icmal şəkildə son 50 gün ərzində həyata keçirdilər”.
Həzrət Ayətullah Xamenei habelə vurğuladı: “Əl-Əqsa fırtınası yatmayacaq. İnşallah vəziyyət belə də qalmayacaq”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda Bəsic təşkilatına və bütün bəsicilərə əməli tövsiyələr verdi.
Bəsirətin artırılması, mühüm məsələlərdə təşəbbüskar davranmaq, düşmən sahəsində oynamaqdan çəkinmək, sanksiyalar və təzyiqlərin daha kəskin olduğu vaxtlarda ölkənin əldə etdiyi həqiqi nailiyyətlərə əsaslanaraq gələcəyə davamlı şəkildə ümidvar olmaq, təkəbbürdən çəkinmək, bəsici olmaq nemətinin qədrini bilmək, onu Allahın qiymətli əmanəti görmək, Allaha daimi təvəkkül, əməliyyatçı qruplarla yanaşı layihəçi qrupların da cəlb edilməsi, tədbir, təfəkkür və layihələşdirməyə daha çox əhəmiyyət verilməsi onun Bəsic və bəsicilərə verdiyi tövsiyələrdən oldu.
İnqilabın Rəhbəri yalançı ikiqütblülükdən çəkinmənin zəruriliyini də vurğuladı: “Virtual məkanda verilən bəzi açıqlamalar, xalqı bunun və onun tərəfdarı adı altında bölmək, həqiqətən, arzuolunmazdır. Dini, prinsipləri, inqilabı və vilayəti-fəqihi qəbul edənlər istənilən növ yanaşma fərqinə malik olsalar belə, sizin qardaşlarınızdır, qruplaşmaya düşmək olmaz”.
Bu görüşün əvvəlində Bəsic təşkilatının (Məzlumların Səfərbərliyi Təşkilatı) rəhbəri general Qulamrza bu təşkilatın mədəni, sosial, təhlükəsizlik və elmi sahələrdəki son fəaliyyətləri haqqında məlumat verərək “Açıqlama cihadı”, “Xidmət cihadı” və “Ümid yaratmaq cihadı”nın bəsicilərin 3 əsas strategiyası olduğunu dedi. O vurğuladı ki, bu təşkilat ölkə əleyhinə olan hər növ təhdidə və sionist rejimin cinayətlərinə qarşı mübarizəyə hazırdır.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir