Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Güclü İran, güclü idman

İslam İnqilabının Rəhbəri bu gün səhər Hançjou Asiya və Para-Asiya oyunlarının medalçılarını, digər qəhrəmanlar, idmançılar, idman sahəsinin fəalları və veteranlarından bir qrupu ilə səmimi görüşdə ölkə idmançılarına, qürur gətirən məşqçilərə dərindən təşəkkür edərək onların idman arenalarındakı hörmətə layiq davranışlarının İran xalqının parlaq simasının təzahürü olduğunu dedi.

O vurğuladı ki, məsul şəxslərin idman qəhərmanlarının yaşayış vəziyyətini ciddi nəzarətə götürməsi zəruridir. Sonra o dedi: “Sionist rejim “Əl-Əqsa fırtınası” hadisəsində HƏMAS tərəfindən əks-fəndə düşdü. Bütün cinayətlərinə rəğmən, bu ağır məğlubiyyətin altından qalxa bilməyib, gələcəkdə də bunu bacarmayacaq”.

Həzrət Ayətullah Xamenei bu günkü görüşün çox şirin olduğunu vurğulayaraq medalçılara göstərdikləri əzmkarlığa, möhkəm iradə və səylərə görə təşəkkürünü bildirdi: “Habelə Asiya oyunlarında İran karvanına bayraqdarlıq edərkən hicaba tam şəkildə riayət edən o möhtərəm xanıma, medal təqdimatında naməhrəm kişi ilə əl görüşməyən o idmançı xanıma, habelə öz uşağı ilə birlikdə təqdimat kürsüsünə qalxan, nümunəvi hərəkəti ilə ailə və anaya hörməti dünyaya nümayiş etdirən xanıma səmimi qəlbdən təşəkkür edirəm”.

O, bu cür hərəkətlərin idmanın özü qədər dəyərli olduğunu dedi: “Səcdə etmək, dua etmək üçün əlləri göyə qaldırmaq, bayrağı öpmək, iranlı-müsəlman idmançısını tərənnüm edən və İran xalqının məntiq və özgüvənə sahib olduğunu bütün dünyaya göstərən digər davranışlar, həqiqətən, təqdirəlayiqdir”.

İnqilabın Rəhbəri İordaniyada keçirilən dördtərəfli oyunlar çərçivəsində məzlumu müdafiə məqsədilə “çəfyə” (mücahidlərin boyun yaylığı) ilə meydana çıxmış milli futbol komandasına təşəkkürünü bildirərək dedi: “Öz medallarını Qəzzadakı uşaqlara və sionistlərin bir xətəxanada faciəli şəkildə qətlə yetirdiyi şəhidlərə hədiyyə edən, habelə sionist rejimin idmançıları ilə yarışmaqdan imtina edən idmançılara təşəkkür edirəm”.

Həzrət Ayətullah Xamenei bu qəbildən olan tərifəlayiq hərəkətlərin İranın milli qüdrətinin bir hissəsi olduğunu vurğuladı: “Əksər ölkələrin idmançıları öz xalqlarına fəxarət hissi yaşadırlar. Amma bu gözəl və məzmunlu davranışlar idman fəxarətlərindən daha üstündür. Çünki insanlığın fəxarətləridir”.

İnqilabın Rəhbəri qəhrəmanlara xalqı sevindirdikləri üçün də təşəkkür etdi: “Mənim üçün çox mühümdür ki, siz öz rəngarəng medallarınızla xalqı sevindirib qürurlandırdınız”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, güclü İranın güclü idmanı olmalıdır. O, idman sahəsi üzrə məsul şəxslərlə keçirilən ümumi və xüsusi iclaslara işarə edərək dedi: “İdman nazirinin bu iclasda qeyd etdiyi məsələlər ciddi şəkildə nəzarətə götürülməlidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, məşqçi və milli komandanın tərkib hissəsinin seçimində düzgün tədbirlərin seçilməsi, iqtisadi korrupsiya, daxili mafiya yaradılması və əxlaqi problemlər kimi bəlalarin qarşısını almaq ölkənin idman sahəsinin məsul şəxslərinin vəzifələrindəndir.

O əlavə etdi: “İdman problemlərinin ortadan qaldırılması, hökumətin idmanda rolu, özəlləşdirmə, idman müqavilələri, xarici məşqçi və sairlə bağlı suallara cavab vermək üçün peşəkar prinsiplərə əsaslanan proqram işlənib hazırlanmasına ehtiyac var. Bununla da sözügedən suallara birdəfəlik cavab verilməlidir”.

İnqilabın Rəhbərinin bu görüşdə vurğuladığı digər məsələ idmançıların yaşayışına nəzarət edilməsi ilə bağlı oldu.

O dedi: “İdmançılardan beynəlxalq yarışlarda qalibiyyət gözləyib, ehtiyaclarına uyğun şəkildə yanaşılmaması doğru deyil. Məsul şəxslər elə davranmalıdırlar ki, idmançıların öz yaşayışları ilə bağlı narahatlıqları olmasın. Bunların ən mühümü mənzil və məşğulluqdur”.

Rəhbərin məsul şəxslərə verdiyi digər tövsiyələr müxtəlif idman sahələrinin idmaçıları ilə ünsiyyət yaradılması, şikayətlərinin dinlənilməsi, onlara cavab verilməsi ilə bağlı oldu.

Çıxışının davamında idmançılara öz tövsiyələrini verən İnqilabın Rəhbəri vurğuladı ki, sevgi və şöhrət daha ağır məsuliyyət yaradır: “İdman simalarının danışığı, davranışı və yaşayış tərzi bir çox gənclər üçün nümunədir, onlara konstruktiv təsir göstərə bilər. Bunun əksi də mümkündür. Buna görə də idmançılar qeyd olunan məsələdə diqqətli olmalıdırlar”.

O, başqa bir tövsiyəsində idmançıları verdiyi fiziki güc, əzmkarlıq və iradə qüdrətinə görə Allaha şükür etməyə çağırdı: “Bu nemətlərə şükür etmək onların artmasına səbəb olur”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Qəzzada baş verən hadisələri bir növ idman ifadəsi qəlibində ümumiləşdirərək dedi: “Sionist rejim “Əl-Əqsa fırtınası” hadisəsində əks-fəndə düşdü. HƏMAS böyük imkanlara malik olan bir dövlət və ölkə kimi deyil, mübariz bir qrup kimi qəsbkar sionist rejimi bütün imkanlarına rəğmən, əks-fəndə saldı”.

O, sionistlərin bu biabırçı məğlubiyyətin utancı və təzyiqi altından xilas ola bilməməsinə işarə edərək dedi: “Onlar bu vəziyyətdən xilas olmaq üçün Qəzzadakı xəstəxanalara və məktəblərə hücum edirlər. Amma bu, meydanda məğlub olub məğlubiyyətinin əvəzini öz rəqibinə söyüş söymək və əl-qol atmaqla çıxmağa çalışan idmançının işinə bənzəyir”.

İnqilabın Rəhbəri vurğuladı ki, sionist rejimin ağır məğlubiyyəti bu cinayətlərlə ortadan qalxmayacaq: “Bislinlər ki, bu zülm və qəddarlıqlar cavabsız qalmayacaq. Bombardmanlar qəsbkar rejimin ömrünü daha da qısaldacaq”.

O, iranlı idmançıların sionist rejimin idmançıları ilə yarışmaqdan imtina etməsinə işarə edərək dedi: “Bu gün bütün dünya idmançılarımızın bu davranışının səbəbini anlamışdır. Çünki onlar terrorçu və cinayətkar bir rejim üçün meydana daxil olurlar”.

O, çıxışının başqa bir yerində imperialist güclərin nüfuzu altında olan beynəlxalq idman mərkəzlərinin rəhbərlərini tənqid edərək əlavə etdi: “Müharibə bəhanəsi ilə siyasi gediş edərək bir ölkəni bütün idman meydanlarından məhrum edənlər hal-hazırda 5 min fələstinli uşağın ölümünü görməzdən gəlirlər. Siyasətin idmana qarışmadığını bəhanə edərək sionist rejimi soyqırım və müharibə cinayətlərinə görə qınamır, yarışdan məhrum etmirlər. Ümidvarıq ki, bir gün bu irqçi addımlarla bağlı ədalətli ölçü götürüləcək”.

O, habelə bir neçə gənc və yeniyetməyə bu görüşün əvvəlində qədim idman növlərini tərənnüm edən gözəl hərəkətlər nümayiş etdirdiklərinə görə təşəkkür etdi: “Keçən illərdə idman sahəsinin məsul şəxslərinə deyildiyi kimi, qədim idman növlərinin beynəlxalq bir idman növünə çevrilmə potensialı var. Bu istiqamətdə çalışmaq lazımdır”.

Görüşün əvvəlində idman və gənclər naziri ölkəmizin idmançılarının beynəlxalq arenalarda Qəzza məzlumlarının müdafiəsinə həsr olunmuş göstərilərinə, habelə onların simvolik mənəvi hərəkətlərinə işarə edərək İran karvanlarının medal əldə etməsi haqqında məlumat verdi, 131 medalla Para-Asiya oyunlarında ikinci yerin qazanılmasının ölkəmizin güclü veteran idmançılarının böyük uğuru olduğunu dedi.

Cənab Kəyyumərs Haşimi qəhrəmanların rifahı və məişətinin yaxşılaşdırılması, ümumi idman növlərinin inkişaf etdirilməsi, idman imkanaları və təchiztlarının ədalətli şəkildə inkişaf etdirilməsi, ölkənin milli idman sənədinin tərtib edilməsi ilə bağlı proqram işlənib hazırlandığını dedi.

Bu görüşdə İranın oturaq voleybol üzrə qadınlardan ibarət milli komandasının kapitanı Məzumə Zarei və sərbəst güləş üzrə milli qəhrəmanı Əmirhüseyn Zarei idmançıların mənzil probleminin həlli ilə bağlı narahatlıqlarını dilə gətirərək idman infrastrukturlarının inkişaf etdirilməsi və idman sahəsi ilə bağlı kreditlərin artırılmasından danışdılar.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /