Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın hərtərəfli yardımları olmasa, sionist rejim iflic olacaq

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə şagird və tələbə ilə görüşdə ABŞ-ın İran xalqına qarşı düşmənçiliyinin səbəblərinə aydınlıq gətirərək sionistlərin və amerikalıların Qəzzada törətdikləri faciələrin tarix boyu analoqunun olmadığını vurğuladı. O, Qəzza əhalisinin səbr və müqavimətinin qondarma qəsbkar rejim və onun imperialist himayədarlarının hörmət və heysiyyətinə endirdiyi alçaldıcı zərbələrə işarə edərək dedi: “Əgər ABŞ-ın hərtərəfli köməkləri olmasa, sionist rejim bir neçə gün ərzində iflic olar. İslam dünyası sionist rejim ilə olan iqtisadi əməkdaşlıqlarına son qoyaraq bu rejimə qarşı səfərbər olmalı, səsini yüksəltməli, Qəzzada törədilən cinayətlərin və bombardmanın dərhal kəsilməsini israrla tələb edərək haqq cəbhəsinin batil cəbhəsi ilə bu qarşıdurmasında öz mühüm vəzifələrinə əməl etməlidir”.

Həzrət Ayətullah Xamenei sionistlərin ABŞ tərəfindən edilən köməklərə arxalandıqlarına işarə edərək dedi: “Əgər ABŞ-ın yardımları və silah dəstəyi olmasaydı, qondarma, yalançı və çürük sinosit dövləti elə ilk həftədə məhv olardı. Buna görə də sionistlərin Qəzzada törətdikləri faciələr amerikalıların köməkliyi, daha doğrusi, əli ilə baş verir”.

İnqilabın Rəhbəri üç həftə ərzində dörd min uşağın qətlə yetirilməsinin tarixdə analoqunun olmadığını dedi. O vurğuladı ki, İslam ümməti, əslində, haqla batilin, imanla imperializmin qarşı-qarşı gəldiyi Qazzada baş verən hadisələrə ayıq baxmalıdır: “İmperializmin qüdrəti özünü bomba, hərbi təzyiq, faciə və cinayətdə göstərir. Amma imanın qüdrəti Allahın yardımı ilə bütün bunlara qalib gələcək”.

O, Qəzza əhalisinin səbr və dözüm sayəsində əldə etdiyi nailiyyətlərə aydınlıq gətirərək dedi: “Qəlbimiz Fələstin, xüsusilə Qəzza əhalisinin başına gətirilən müsibətlərə görə qan ağlayır. Amma səhnəyə dərindən baxdıqda məlum olur ki, bu meydanın qalibi böyük işlər görmüş Qəzza və Fələstin əhalisidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qərblilərin üzündəki yalançı insan hüquqları pərdəsinin yırtılması və rüsvay olmaları Qəzza əhalisinin səbrinin, müqavimətinin və təslim olmamasının nəticələrindəndir: “Qəzza əhalisi öz səbri ilə bəşəriyyətin vicdanını hərəkətə gətirdi. Gördüyünüz kimi, hətta ABŞ və Qərb ölkələrinin küçələrində böyük insan kütlələri İsrailə, bir çox yerlərdə ABŞ-a qarşı şüar səsləndirirlər”.

İnqilabın Rəhbəri bəzi qərb mənbələri tərəfindən səsləndirilən “İngiltərədə İran tərəfindən təşkil edilən Fələstinə dəstək aksiyaları” kimi fikirlərin əlacı olmayan abırsızlıqdan qaynaqlandığını dedi. O, bu cür gülüş doğuran təhlillərə kinayəli şəkildə belə münasibət bildirdi: “Bu aksiyalar, yəqin ki, “London və Paris bəsicilərinin” işidir”.

O, dünyanın yalançı güclərinin rüsvay olduqlarına işarə edərək fələstinli mübarizlərin terrorçu adlandırılmasının qərb siyasətçilərinin və media vasitələrinin əsl həyasızlığının əlaməti olduğunu vurğulayaraq belə bir sual ünvanladı: “Öz evini, vətənini müdafiə edən adam terrorçudurmu? İkinci Dünya Müharibəsində Parisdə almanlara qarşı mübarizə aparmış fransızlar terroçu idilərmi? Onlar Fransanın qəhərmanları və qürur mənbəyi hesab edildikləri halda, mücahid gənclər və HƏMAS necə terrorçu olur?”

Həzrət Ayətullah Xamenei vurğuladı ki, az imkanları, amma iman və qətiyyəti sayəsində kiçik bir qrupun düşmən üzərindəki qələbəsi “Tufanul-Əqsa”nın verdiyi böyük dərsdir: “Bu imanlı dəstə düşmənin illərlə göstərdiyi cinayətkarcasına fəaliyyətlərin məhsulunu bir neçə saatın ərzində külə döndərib havaya sovurmağı bacardı”.

O, işğalçı rejimin cinayətləri qarşısında İslam dünyasından ikiqat gözləntinin olduğunu dedi: “İslam ölkələri bu gün Fələstinə kömək etməsələr, əslində, İslamın və insanlığın düşməni olan Fələstinin düşmənini gücləndirmiş olurlar. Sabah bu təhlükə onların özlərini təhdid edəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam dünyasının səfərbər olmasının, İslam ölkələrinin Qəzzada törədilən cinayətlərin və bombardmanın dərhal dayandırılmasında israrlı olmasının zəruri olduğunu dedi. O, bu ölkələrdən sionist rejimə neft və ərzaq ixracının dayandırmalarını, onunla iqtisadi əməkdaşlıq etməmələrini, bütün beynəlxalq iclaslarda qəsbkar rejimin cinayətlərini və törətdiyi faciələri açıq şəkildə, kəkələmədən, ikibaşlı danışmadan yüksək səslə qınamalarını istədi.

İnqilabın Rəhbəri sionist rejimə endirilmiş zərbənin vurduğu zərərin aradan qaldırla bilməyəcəyini, qəsbkar rejimin rəhbər şəxslərinin özlərinin bunu etiraf etdiklərini yenidən vurğuladı: “İşğalçı rejim o qədər başını itirib, çarəsiz və çaşqın vəziyyətə düşüb ki, öz xalqına da yalan danışır. Məsələn, öz əsirləri ilə bağlı narahatlıq hissi keçirdiklərini deyirlər. Bu, bir yalandır. Çünki bombardman nəticəsinə öz əsirlərini də öldürə bilərlər”.

Həzrət Ayətullah Xamenei İslam dünyasından bir məsələyə diqqət yetirməsini istədi. Belə ki, İslam və məzlum Fələstin xalqı qarşısında dayanan təkcə sionist rejim deyil, ABŞ, Fransa və İngiltərə də bu cəbhədə yer alıb. Müsəlmanlar öz təhlil və analizlərində bu həqiqəti unutmamalı, yaddan çıxarmamlıdırlar.

O, Qurani-Kərimin: “Allahın vədi haqdır. İmanı olmayanlar səndə tərəddüd yaradıb zəiflətməsinlər” ayəsinə isitnad edərək vurğuladı: “İnşallah ki, qələbə tezliklə Fələstinin və fələstinlilərin olacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində 13 aban ayının üç hadisəsinə işarə edərək dedi: “Amerikalılar iki hadisədə İran xalqına zərbə vurdular. İmam Xomeyni utancverici kapitulyasiya, yəni “amerikalıların İranda istənilən cinayətlə bağlı məhkəmə təqibindəki toxunulmazlığı” qərarına kəskin etirazını bildirdikdən sonra 13 aban 1343-cü il tarixində onu sürgün etdilər. 13 aban 1357-ci il tarixində ABŞ-ın İrandakı kukla rejimi bir qrup tələbəni Tehran universitetinin önündə qanına qəltan etdi”.

O əlavə etdi: “Amma üçüncü hadisəyə, yəni ABŞ səfirliyinin tələbələr tərəfindən nəzarətə götürülməsinə gəlincə, İran xalqı ABŞ-a zərbə vurdu, səfirliyin gizli sənədlərini və sirlərini ifşa etməklə dünyada ABŞ-ı biabır etdi”.

İnqilabın Rəhbəri gənc nəslin hiss və emosiyalarla kifayətlənməməli, ayrı-ayrı məsələləri öyrənib təhlil etmək üçün çalışmalı olduqlarını vurğuladı: “İnqilab, Müqəddəs Müdafiə, 60-cı illərin ayrı-ayrı hadisələri, 70-ci illərin ayrı-ayrı dəyişkən prosesləri, 80 və 90-cı illərin müxtəlif hadisələri düzgün təhlil edilib qiymətləndirilməlidir”.

Həzrət Ayətullah Xamenei daha sonra ABŞ-ın İran xalqı ilə düşmənçiliyinin ən mühüm səbəbinin analitik izahını verdi.

O dedi: “Amerikalılar və onların sözlərini sadəlövhcəsinə və ya hər hansı səbəblərdən təkrarlayan adamlar ABŞ-ın düşmənçiliyi və məkrli planlarının bu ölkənin səfirliyinin tutulmasından sonra başladığını deyirlər. Bu iddia tamamilə yalandır. Çünki tarixi həqiqətlər göstərir ki, amerikalıların İran xalqı ilə düşmənçiliyi səfirliyin tutulması hadisəsindən 26 il əvvəl, yəni 28 mordad 1332-ci il tarixində doktor Müsəddiqin milli hökumətinə qarşı həyata keçirilmiş qəddarcasına çevrilişdən sonra başlayıb”.

İnqilabın Rəhbəri habelə ABŞ səfirliyinin sənədlərinə istinad edərək dedi: “Bu sənədlər göstərir ki, ABŞ səfirliyi İnqilabın qələbəsinin ilk günlərindən, yəni səfirliyin tutulmasından on ay əvvəl çevriliş, daxili müharibə, anti-inqilab planlarının hazırlandığı agentura və casus şəbəkəsinin mərkəzi olmuşdur. Deməli, ABŞ-ın İran xalqı ilə düşmənçiliyinin başqa bir səbəbi var”.

O, bu düşmənçiliklərin kökünün ingilislərin qacarlar dövründəki nüfuzundan qaynaqlandığını dedi: “İngilislər Hindistan müstəmləkəsi modelinə əsaslanaraq əvvəlcə İranın iqtisadi mərkəzləri və mənbələrini, ardınca siyasi mərkəzi və hakimiyyəti ələ keçirmək istəyirdilər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, “Tütünün əkini, alışı və satışı manapoliyası” müqaviləsi və “Vüsuqu-dövlənin müqaviləsi” ingilislərin İranın iqtisadi resursları üzərində nəzarəti ələ keçirmək üçün çalışdıqlarını göstərən iki nümunədir: “Bu iki hərəkət alimlərin ayıq-sayıqlığı və xalqın dəstəyi sayəsində nəticə vermədi. İngilislər Rza xan adlı çox rəhmsiz, qəddar, həyasız, savadsız, quldur təbiətli, imansız bir qazaxı hakimiyyət başına gətirməklə İrana nəzarəti ələ keçirdilər. Rza xan da alimləri əzməklə, təqib etməklə, xalqda böyük bir qorxu yaratmaqla ingilislərin məqsədlərini gerçəkləşdirdi, bu yolda qərbpərsət və ya asılı ziyalılar onun çirkin hökumətini yağlı boyalarla rəngləyərək cinayətlərinə şərik oldular”.

İnqilabın Rəhbəri ikinci dünya müharibəsi vaxtı ingilislərin Rza xanın oğlunu atasının yerinə gətirmək üçün göstərdikləri fəaliyyətlərə, 20-ci illərin ortalarında İngiltərənin zəifləməsi və Amerikanın tədricən onun yerinə keçməsinə işarə edərək dedi: “Amerikalılar əvvəlcə müstəmləkəçi iddialardan çəkinərək mülayim üz göstərdilər. Amma Müsəddiq hökumətinin İranı asılı etməmək üçün çalışdığını gördükdə mülayim maskalarını bir kənara qoydular, 28 mordad çevrilişi ilə ölkənin idarəçiliyini ələ keçirərək İranı tamamilə özlərindən asılı etdilər”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın İran üzərindəki hegemonluğunun acı nəticələrinə, o cümlədən sionist rejimin ölkəyə ayaq açması, qorxulu SAVAK-ın yaradılması, bütün hərbi işləri nəzarət altına almaq üçün İran xalqının pulu ilə on minlərlə müşavir ezam edilməsi, gənc nəsli xaraktersiz etmək məqsədilə planlı şəkildə fəsadın yayılması, İranı elmi cəhətdən gerilətmək, dəhşətli sinfi ayrıseçkilik yaradılması kimi nəticələrə işarə edərək dedi: “Amerikalılar, hətta İnqilabın zirvə nöqtədə olduğu günlərdə də general Hayzeri göndərərək çevrilişə və İran xalqını qırğına verməyə qalxdı. Amma İmamın qətiyyəti və xalqın müqaviməti bu planı iflasa uğratdı. Amerikalı general İran xalqının qırğına qurban getməsindən ümidini kəsib geri dönmək məcburiyyətində qaldı. Amerikalılar bu gün eyni işi Qəzzada görürlər”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən vurğuladı: ““Amerikaya ölüm!” bir şüar deyil, keçən 70 il ərzində ABŞ-ın İran xalqına qarşı bitməyən düşmənçiliyindən, məkrli planlarından qaynaqlanan bir xətdir”.

Bu görüşün əvvəlində tələbə və şagirdlərdən üçü – Respublika Tələbə Məclisinin nümayəndəsi Mubina Şekərləb, İranda təhsil alan fələstinli tələbə İbadə İzzət Əmin və Tələbə Təşkilatlarının nümayəndəsi Burhan Dəlilifər ölkənin problemləri və Qəzzada baş verən hadisələrlə bağlı çıxış etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /