İslam İnqilabının Aliməqamlı Rəhbəri bu gün səhər saatlarında Lorestan bölgəsinin 6555 şəhidinin anım konqresinin üzvləri ilə görüşündə zülmə məruz qalan Qəzza əhalisinin sionist rejiminin davamlı cinayətləri qarşısında dözüm və iqtidarına işarə edərək dedi: “Ağır yara alan və çökən işğalçı rejim hal-hazırda fələstinli döyüşçülərin vurduğu həlledici zərbənin intiqamını Qəzza əhalisindən almaqdadır. Amma heç şübhəsiz, dünyanın şər qüvvələrinin hərtərəfli himayələrinə və sionistlərin cinayətlərində amerikalıların danılmaz həmkarlığına rəğmən, bu qədər zülm və cinayət sonunda onlar üçün heç bir nəticə verməyəcəkdir. Bu hadisədə və gələcək hadisələrdə qələbə Fələstin xalqınındır”.
Həzrət Ayətullah Xamenei hal-hazırda Qəzzada baş verən hadisələri gələcəyi formalaşdıran hadisələr hesab etdiyini bildirdi və zülmə məruz qalan Qəzza əhalisinin iqtidarlılığına işarə edərək vurğuladı: “Vəhşi və qaniçən düşmən öz cinayətləri üçün, uşaq və qadınların, qoca və cavanların qətliamı üçün heç bir sərhəd tanımır. Qəzza əhalisi sözün həqiqi mənasında məzlumdur”.
O, məzlum Qəzza əhalisinin səbir və təvəkkülünü alqışlayaraq, onların dözüm və dönməzliyinin bir sıra təsvirlərini bəyan etdi və dedi: “Övladının şəhadətinə görə Allaha həmd-səna deyən ata, öz övladlarını Fələstinə qurban edən valideynlər, Quran ayələrini zümzümə edən yaralı yeniyetmələr və buna oxşar səhnələr Qəzza əhalisinin böyük səbir və təvəkkülünün yalnız bir guşəsini əks etdirir”.
İslam İnqilabının Aliməqamlı Rəhbəri Qəzza əhalisinin dözümünü olduqca əhəmiyyətli hesab etdi və bu dözümlülüyü fələstinliləri təslim olmağa vadar etməkdə düşmənin məğlubiyyətinin göstəricisi kimi qələmə verərək dedi: “Məhz bu dözümlülük və təvəkkül Qəzza əhalisinin köməyinə çatacaq və sonunda onları meydanın qalibi edəcəkdir”.
Həzrət Ayətullah Xamenei şənbə günü 15 mehr tarixində fələstinli döyüşçülərin qəsbkar rejimə qarşı hücumunda endirdikləri zərbənin həlledici və misli görünməyən bir zərbə olduğunu bir daha vurğulayaraq dedi: “Zaman ötdükcə bu həlledici zərbənin açdığı yaranın sağalmaz olduğu daha da aydın görünəcəkdir”.
O, Amerika rəsmilərinin və digər şər və zalım dövlətlərin, o cümlədən İngiltərə, Fransa və Almaniya rəsmilərinin Fələstinin işgal altında olan torpaqlarına bir-birinin ardınca etdikləri səfərlərin məqsədini qəsbkar rejimin məhvinin qarşısını almaqdan ötrü göstərilən cəhdlər kimi qələmə verərək dedi: “Dünyanın şər qüvvələri görürlər ki, sionist rejimi fələstinli döyüşçülərin endirdikləri çox möhkəm və həlledici zərbənin nəticəsində “dağılmaq və məhv olmaq” astanasındadır. Elə buna görə də bu səfərlər vasitəsilə öz həmrəyliklərini sərgiləyərək, habelə onlara cinayət vasitələrini, o cümlədən müxtəlif növ bombalar və silahlar verərək ağır yara alan və çökən rejimi zorla ayağa qaldırmağa çalışırlar”.
İslam İnqilabının Aliməqamlı Rəhbəri qəsbkar rejimin fələstinli döyüşçülərə gücü çatmadığını qeyd edərək dedi: “Fələstinli döyüşçülər əməliyyat üçün öz ruhiyyələrini, hədəflərini, güc və hazırlıqlarını qoruyurlar və inşallah, bundan sonra da belə olacaqdır. Qəsbkar rejim isə onlarla üzbəüz döyüşməkdə aciz olduğuna görə müdafiəsiz Qəzza əhalisindən intiqam almaqdadır”.
O, əlavə etdi: “Hər kim Qəzzadan danışırsa, mütləq, Qəzza əhalisinin dözüm və iqtidarından da söhbət açmalıdır. Əks halda, bu camaata haqsızlıq etmişdir”.
Həzrət Ayətullah Xamenei bu mühüm məsələyə də toxundu ki, Amerika sionist cinayətkarlarının cinayətinin danılmaz şərikidir. O, dedi: “Amerikalıların qolu dirsəyədək uşaqların, qadınların və Qəzzanın digər şəhidlərinin qanına batıbdır. Əslində, amerikalılar bu cinayətləri yönəltməkdədirlər”.
İslam İnqilabının Aliməqamlı Rəhbəri Amerikada, Avropada, müsəlman ölkələrində və dünyanın bir çox yerlərində insanların vicdanının oyanmasını sionist rejiminin davamlı cinayətlərinin geniş vüsət almasına və dərinləşməsinə qarşı etiraz olduğunu hesab edərək, qeyd etdi: “Avropada azadlıq və insan haqları iddiaçıları fələstinlilərə dəstək aksiyalarının təşkil edilməsini qadağan ediblər. Amma insanlar bu qadağalara əhəmiyyət verməyib, küçələrə axışmış və öz etiraz, qəzəb və narahatlıqlarını fəryad çəkirlər. Heç kim sionistlərin vəhşiliklərinə qarşı millətlərin etirazının qarşısını ala bilməyəcəkdir”.
O, müsəlman ölkələrini də Fələstin məsələsində diqqətli və ayıq-sayıq olmağa səsləyib dedi: “Müsəlman ölkələri və siyasi icmalçılar bu məsələdə qərblilərin yaratdıqları atmosferə uymamalı və onların səhvini təkrar edib, fələstinliləri terrorist adlandırmamalıdırlar”.
İslam İnqilabının Aliməqamlı Rəhbəri dedi: “Amerikalılar öz evlərini və vətənlərini müdafiə edən fələstinliləri terrorist adlandırırlar. Görəsən, fələstinlilərin evini və vətənini qəsb edən işğalçı rejim terroristdir, yoxsa öz evini-yurdunu geri almaq istəyənlər terroristdir?”
Həzrət Ayətullah Xamenei çıxışının sonunda qeyd etdi: “Hamı bilsin ki, bu hadisədə və gələcək hadisələrdə Fələstin xalqı qalibdir və gələcək – sionist rejiminin deyil, fələstinlilərindir.”
Həmçinin Aliməqamlı Rəhbər Lorestan bölgəsinin şəhidlərinin anım konqresinin üzvlərinə müraciət edərək bildirdi ki, keçmiş nəsillərin dəyərli irsini yeni gənc nəsilə ötürmək istiqamətində elmi-mədəni tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə işlərin görülməsi şəhidlərin anım konqresinin ən əsas məqsədlərindən biridir.
Həzrət Ayətullah Xamenei şücaət, dostluq, sədaqət və vəfadarlıq kimi xüsusiyyətləri Lorestan əhalisinin və lor xalqının ən qabarıq xüsusiyyətləri hesab edərək dedi: “Lor xalqının son yüz ildəki tarixi Pəhləvi rejimi dövründəki məzlumluq və repressiyadan və İslam Respublikasının qurulduğu dövrdə qəhrəmanlıqdan və müxtəlif meydanlarda parlamaqdan ibarətdir. Gənclər öz tarixlərini yaxşı bilsinlər deyə, tarixin hər iki səhifəsi qorunub saxlanmalı və müqayisə olunmalıdır”.
O, keçmiş nəsilin fədakar gəncinin dəyərli irsinin ölkənin bugünkü gəncinə ötürülməsi istiqamətində elmi-mədəni tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə işlərin görülməsi üzərində dayanaraq dedi: “Ölkə zirvəyə tərəf hərəkətdədir. Bu yolda həm iş, həm də təhlükə çoxdur. Əgər bu yolu iqtidarla qət etmək istəyiriksə, keçmiş tariximizdən bəhrələnməli və keçmiş irsimizi yeni nəsillərə ötürməliyik”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir