İslam İnqilabının Ali Rəhbərinin 22 mordad 1402-ci il (13 avqust 2023) tarixində “Ərdəbil əyalətinin 3400 şəhidi” adlı Milli Konqresin üzvləri ilə görüşündə verdiyi bəyanatın mətni bu gün səhər Ərdəbildə, konfransın keçirildiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu görüşdə şəhidlərin yolunun qorunması, sabitləşdirilməsi və onların həyatlarının praktiki yönlərinin gənc nəslə ötürülməsinin mühüm bir vəzifə olduğunu dedi.
İslam İnqilabının Rəhbəri dedi: “Biz şəhidlərin müasiri olmuşuq, onların cihadlarını, fədakarlıqlarını, problemləri necə həll etdiklərini, böyük güclər qarşısında necə müqavimət göstərdiklərini görmüşük. Amma gənc nəsil bunu bizim gördüyümüz kimi aşkar şəkildə görmür. Buna görə də alim, ziyalı, akademik təhsillilər və dövlət işçiləri tutduqları mənsəbə uyğun aparıcı rol oynamalıdırlar”.
Həzrət Ayətullah Xamenei şəhidlərin mübarizəsinin problemlərin həlli, xüsusilə səkkiz illik “Müqəddəs Müdafiə” dövründə maneələrin ortadan qaldırılması sahəsində oynadığı rola işarə edərək vurğuladı: “İslam İnqilabının düşmənləri cəbhəsinin informasiya, iqtisadi, siyasi və təhlükəsizlik müharibəsində mübarizə yolu şəhidlərin yolunu davam etdirmək, onların cihad, duruş və müqavimət dərslərinə əməl etməkdir”.
O, Quran ayələrinə istinad edərək şəhidlərin məqamının çox yüksək olduğunu, Allah dərgahında xüsusi ruzilərdən ruziləndiklərini dedi: “Allah şəhidlərin qanına bərəkət verir. Bu qanın ən yüksək və bariz nümunəsi Həzrət Əba Əbdillahın qanıdır. Bu qan Kərbəla hadisəsinin tarixdə diri qalmasına, günbəgün daha da şölələnməsinə, o cənaba olan sevginin hərarətinin müsəlmanlar, hətta qeyri-müsəlmanlar arasında artmasına səbəb oldu”.
İslam İnqilabının Rəhbəri düşmənlərin məhərrəm məclislərini gözdən salmaq üçün göstərdikləri bütün səylərə baxmayaraq, bu ilin məhərrəm ayının ilk ongünlüyü mərasimlərinin izdihamlı təşkilinin, habelə əzəmətli Ərbəin yürüşünün Allah-taalanın Kərbəla şəhidlərinə verdiyi yüksək qiymətin nümunələrindən olduğunu qeyd edərək şəhidlərin yolunun qorunması və sabitləşdirilməsinin zəruriliyini vurğuladı.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şəhidlərin ad və yollarının qorunması üçün effektiv metodlardan istifadə edilməsi zəruridir. O dedi: “Ən yaxşı və lazımlı metod incəsənət sahələridir”.
O, Ərdəbil əhalisinin cihad meydanının ön sıralarında yer alanlardan olduğunu dedi: “Müqəddəs Müdafiə dövründə 35 min döyüşçünü cəbhəyə göndərmək, 3400 şəhid vermək Ərdəbil əhalisinin fədakarlığı və mücahidliyini təsdiq edir. Məhz elə sözügedən xüsusiyyətlər də bu regionun gənc nəslinə tanıtdırılmalıdır”.
İslam İnqilabının Rəhbəri Ərdəbilin elmi keçmişindən söz açaraq Mühəqqiq Ərdəbili kimi böyük alimlərin məhz bu regiondan çıxdığını qeyd etdi: “Hər bir regionun həqiqi kimliyi onun coğrafi və ölkə hüdudlarından kənardır. Bu əsasla Ərdəbil əhalisinin elmi, cihad və qəhrəmanlıq keçmişi, habelə milli həyatın yenilənməsinə zəmin yaradan meydanlardakı varlığı Ərdəbilin həqiqi şəhadətnaməsi hesab edilir”.
Həzrət Ayətullah Xamenei dedi: “Milli və islami aspektlərdən Ərdəbilin İran xalqının üzərində böyük haqqı var. Çünki İranın vəhdəti və bütövlüyü, habelə İranda “Əhli-beyt məzhəbinin” yayılması Ərdəbildə səfəvilər dövründən başlamışdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir