Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmanlı gənclərin mübarizə meydanına atılması parlaq gələcəyin müjdəçisidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra İslami Müqavimət Hərəkatının (HƏMAS-ın) siyasi idarəsinin rəhbəri cənab İsmail Həniə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Fələstin məsələsində irəliyə doğru hərəkətin olduğuna işarə edərək Fələstinin imanlı və gənc nəslinin məsuliyyət hiss etməsinin, gənclərin fərdi və qrup halında mübarizə meydanına atılmasının çox mühüm bir hadisə olduğunu vurğuladı: “Son günlər Cenində baş verən hadisələr, sionist hərbiçilərinin fələstinli gənclər tərəfindən mühasirə olunması bu yeni səhnənin bariz nümunəsi və tam qələbə ilə müşayiət olunacaq parlaq gələcyin müjdəçisidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, Fələstin məsələsi İslam dünyası və İslam ümmətinin əsas mövzusudur: “Fələstin məsələsində hər nə qədər irəliləmə baş verərsə, İslam ümmətində bir o qədər irəliləmə olacaqdır”.

Həzrət Ayətullah Xamenei 2-3 il bundan əvvəlki vaxtlarla müqayisədə Fələstində şəraitin hiss olunacaq şəkildə dəyişdiyini bildirdi: “Yaxın keçmişdə Fələstin məsələsində durğunluğun olmasının əsl səbəbi gənclərin meydanda olmaması idi. Bu gün gənclər spontan şəkildə meydana atılırlar. Ən mühüm məsələ onların İslama əsaslanmasıdır”.

O, yenidən vurğuladı ki, fərqli qruplar arasında əvvəlkindən daha çox vəhdət və birliyin olması zəruridir: “Son Qəzza müharibəsində düşmənin müqavimət qrupları arasına ixtilaf və parçalanma salmağa, bunu təlqin etməyə çalışdığını gördük. Allahın lütfü ilə nəticə hasil olmadı. Buna görə də vəhdət və birlik məsələsi üzərində daha çox təmərküzləşmək, bu doğru yolu qüdrətlə davam etdirmək lazımdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Qəzza müqavimətin mərkəzidir: “Amma düşməni diz çökdürəcək nöqtə Qərb sahili zonasıdır. Bu zonada yaxşı nailiyyətlər də əldə edilmişdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Kim təsəvvür edə bilərdi ki, bir gün fələstinli gənclər Cenində o genişlikdə ərazini sionist ordularına dar edəcəklər və onlar mübariz gənclərin mühasirəsindən xilas olmaq üçün qırıcılardan istifadə edəcəklər? Cenində bu hadisə bir neçə gün davam etdi”.

O, bütün təzyiqlərə baxmayaraq, beynəlxalq təbliğatların Fələstin xalqının xeyrinə olduğunu dedi: “Bu il Qüds günü İslam ölkələri ilə yanaşı, hətta Avropa ölkələrində də yürüşlər keçirildi, Avropa əhalisi sionist rejimə qarşı olduğunu elan etdi. Bu, gücləndirilməsi lazım olan çox mühüm bir məsələdir”.

İslam İnqilabının Rəhbəri İslam Respublikasının Fələstinə dəstək verdiyini vurğulayaraq dedi: “İmam Xomeyni İslami hərəkatın başladığı ilk günlərdən səmimi inamı və imanı ilə Fələstinə dəstək verdi. İslam Respublikasının dəstək prinsipi taktiki və diplomatik deyil, İslam fiqhi və şəriətindən qaynaqlanır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Fələstin torpaqları bütün müsəlmanlara məxsusdur. Buna görə də onun azadlığı uğrunda meydana atılmaq bütün müsəlmanlara vacibdir; bu, dini bir vəzifədir”.

Görüşdə HƏMAS-ın siyasi idarəsinin rəhbəri cənab İsmail Həniə Fələstin məsələsinə verdiyi dəstəklərə görə İslam Respublikasına təşəkkürünü bildirərək işğal altında olan ərazilərdə, xüsusilə Qərb sahilində baş verən son dəyişikliklər haqqında məlumat verdi: “Qəzza müqavimətin ürəyidir. Amma bu gün əsas və həlledici döyüş Qərb sahilində gedir. Sionist düşmənlərin qəbul etməkdə olduğu təhlükəli qərarlara baxmayaraq, mübariz gənclərin Qərb Sahilindəki üstünlüyə malik olması səbəbindən bu rejimin qarşısında pis və daha pis seçimlərdən başqa heç bir seçim qalmamışdır”.

O qeyd etdi ki, işğal altında olan Fələstin ərazilərində baş verən ən mühüm dəyişiklik gənc nəslin mübarizə və cihadı çox yaxşı qarşılaması, Qərb sahilində spontan şəkildə silahlı müqavimət mərkəzləri yaratmasıdır: “Fələstinin işğal tarixində müqavimət cəbhəsinin əldə etdiyi nailiyyətlərin və mövcud şəraitin analoqu olmamışdır”.

Cənab İsmail Həniə İslam İnqilabının Rəhbərinə xitab edərək dedi: “Biz zati alilərinin hüzurunda bildiririk ki, müqavimət qrupları Fələstin topraqlarından bir qarşı da geri çəkilməyəcək. Mübarizə və cihad yolu Fələstinin azad ediləcəyi günə qədər davam edəcək. Allahın lütfü, Fələstinin imanlı və gənc nəslinin köməkliyi ilə yaxın gələcəkdə Məscidül-əqsa işğalçıların əlindən xilas ediləcək. Biz hamımız sizinlə birlikdə orada namaz qılacağıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /