İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Özbəkistanın prezidenti cənab Şavkat Mirziyoyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İranla Özbəkistan dövlətləri arasında mövcud olan bənzərsiz tarixi, mədəni və elmi yaxınlığa işarə edərək dedi: “Müxtəlif sahələrdəki əlaqələrin inkişaf etdirilməsində bu ortaq cəhətlərdən istifadə edilməlidir”.
İslam İnqilabının Rəhbəri uzun bir fasilədən sonra iki ölkə arasındakı əlaqələrin yenidən canlanmasından məmnun olduğunu dedi: “Təəssüflər olsun ki, İranla Özbəkistan arasındakı əlaqələr uzun illər çox məhdud olmuşdur. Bu səfərin və Tehranda baş tutmuş danışıqların iki ölkənin əlaqələrində daha gözəl bir gələcəyin başlanğıcı olacağına ümidvarıq”.
Həzrət Ayətullah Xamenei dedi: “İran İslam Respublikası Özbəkistanı Türkmənistan və Əfqanıstan vasitəsilə asanlıqla azad sulara çıxarmaq imkanına malikdir. Yeri gəlmişkən, əməkdaşlıq potensialları ticarət və nəqliyyat hüdudlarından daha yüksəkdir; elm, texnologiya və digər sahələrdə müxtəlif təşəbbüskar fəaliyyətlər vasitəsilə əməkdaşlığı daha da artırmaq olar”.
O vurğuladı: “Əlbəttə, İran və Özbəkistanın əlaqələrinin inkişafına qarşı olanlar da var. Amma bu narazılıqlara etina etmədən, hər iki ölkənin mənafeyi əsasında qərar qəbul etmək və əməkdaşlıqları mümkün olduğu qədər inkişaf etdirmək lazımdır”.
Ölkə başçısı Höccətül-İslam vəl-müslimin cənab Rəisinin də iştirak etdiyi bu görüşdə cənab Şövkət Mirziyayev İnqilabın Rəhbəri ilə olan görüşün tarixi bir görüş olduğunu bildirdi: “Biz də iki ölkə arasında yaranmış fasiləyə və əməkdaşlıqların azalmasına görə təəssüflənirdik. Tehranda baş tutmuş danışıqlarda böyük addımlar atılacağına, ticarət, nəqliyyat, elm, texnologiya və turizm sahələrindəki əməkdaşlıqların özünün layiqli səviyyəsinə yetişəcəyinə ümidvarıq”.
Özbəkistan prezidenti İran xalqının sanksiyalar qarşısındakı müqavimətini yüksək qiymətləndirərək əlavə etdi: “İran xalqının elm və texnologiya sahəsindəki, xüsusilə ayrı-ayrı hissələrini sərgidə gördüyümüz nailiyyətləri göstərir ki, bir xalq ağıllı bir rəhbərin rəhbərliyi altında birləşərək bütün təzyiqlərə baxmayaraq, böyük məqsədlərə yetişə bilər”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir