Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fars şeirinin üstün cəhəti maarif və mənəvi sərmayələr yaratmaqdır

Əhli-beytin kərim şəxsiyyəti İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi fars dili və ədəbiyyatı üzrə mütəxəssislər, gənc və öndər şairlərdən bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.

Ölkədə poeziyanın geniş yayılmasından məmnun olduğunu bildirən Həzrət Ayətullah Xamenei poeziyanın effektiv və qalıcı bir media vasitəsi olduğunu dedi. O, İslam tarixinin ayrı-ayrı dövrlərində şeirin əvəzsiz əhəmiyyətə malik olması və əhatəliliyinə işarə edərək bildirdi: “Fars poeziyasının üstün cəhətlərindən biri maarif və mənəvi sərmayələr yaratmasıdır. Fars poeziyasının zirvələrində, Firdovsi, Nizami, Mövləvi, Sədi və Hafiz kimi üstün şairlərin hikmətamiz və maarifləndirici şeirlərində bunun nümunələrini görmək olar”.

İnqilabın Rəhbəri fars poeziyasının sərmayəsi və cövhərinin hətta İran tarixinin monqollar tərəfindən hücum və qarətlərə məruz qaldığı ən ağır şəraitlərdə qorunduğuna işarə edərək dedi: “Müasir dövrün monqolları olan qərblilərin zahiri görünüşləri və hücumları fərqlidir. Müstəmləkə dövründəki cinayətlərinin qara tarixi bir tərəfə, müasir dövrdə də İrana hücum etməsi üçün Səddam kimi quduz itləri müxtəlif silahlarla, xüsusilə kimyəvi silahla təchiz ediblər. Ondan sonra da sanksiyalar həyata keçirərək hücumlar edirlər”.

O qeyd etdi ki, dərman preparatlarına sanksiya qoyulması və müxtəlif bəhanələrlə vaksinin verilməsinə maneələr yaradılması qərblilərin İrana qarşı hücumlarının digər nümunələridir: “Əgər onların əlindən İran İslam dövlətini və İran xalqını qida məhsullarından məhrum edəcək bir iş gəlsəydi, əllərindən gələni əsirgəməzdilər”.

Həzrət Ayətullah Xamenei bədxahların İrana qarşı müxtəlif hücumlarının bir formasının media hücumu, yalan, şayiə və dezinformasiya yaymaq üçün minlərlə media vasitəsindən istifadə edilməsindən ibarət olduğunu dedi: “Düşmənin bu hücumdan məqsədi fikir, düşüncə və elm sahəsinin güclü tərəflərini sıradan çıxarmaq, milli müstəqilliyi və qətiyyət ruhiyyəsini, İslamı vəhdəti və davranışı zəiflətməkdir”.

O qeyd etdi ki, düşmənin anti-İran hədəflərindən biri qadının dindarlığını zəiflətməkdir. O, qadınların İslam İnqilabının qələbəsi və ondan sonrakı mərhələlərdə oynadıqları rola işarə edərək bildirdi: “Qərblilər iranlı qadına və onun hüquqlarına qarşı mərhəmətli deyillər. Onlar iranlı qadına qarşı kinlidirlər. Yalandan özlərini qadın azadlığı və hüquqlarının tərəfdarı kimi göstərirlər”.

İnqilabın Rəhbəri vurğuladı ki, qərblilər heç bir vəchlə insan hüquqları iddialarını şüar etməyə layiq deyillər: “Qərblilər, əsasən, insan hüquqlarının düşmənidirlər. Onların insan hüquqlarını hər kəs İŞİD-də, insanların diri-diri yandırılması və ya suda batırılmasında, münafiqlərin və Səddamın himayə edilməsində, Qəzza və Fələstinə qarşı törədilən cinayətlərdə gördü”.

O bildirdi ki, Qərbin terroru, Tehranın küçələrində mömin gənclərin qətlə yetirilməsini dəstəkləməsi insan hüquqlarının müdafiəsi iddialarının yalan olduğunu göstərən başqa bir nümunədir: “Bizim Arman Əliverdi və Ruhullah Əcəmyan kimi ən pak gənclərimiz qərblilərin media təlimləri və təhrikləri ilə işgəncə altında qətlə yetirildilər”.

Həzrət Ayətullah Xamenei vurğulaıd ki, düşməni, onun hədəflərini, metodlarını və hədəfə aldığı nöqtələri öyrənmək zəruridir: “Düşmənin yumşaq müharibəsinin yönlərini öyrənmək hamıya lazımdır. Amma mədəniyyət və incəsənət fəalları üçün hər kəsdən artıq lazımdır ki, həm özləri passivləşməsinlər, həm də digərlərini düşmənin hücumundan xəbərdar etsinlər”.

O, ölkədə pak təbiətli, mömin və inqilabçı şairlərin sayının çox olmasından məmnun olduğunu dedi: “Şairin ruhiyyəsi emosional ruhiyyədir. Amma problemlərlə qarşılaşdıqda emosional davranmaq olmaz. Vəziyyəti düzgün qiymətləndirmək, fikir və düşüncə ilə davranmaq, vəzifəni incəsənətdən isitfadə edərək yerinə yetirmək lazımdır”.

Bu görüşdə onlarla gənc və qabaqcıl şair İslam İnqilabının Rəhbərinin hüzurunda öz şeirlərini səsləndirdi.

Görüşün əvvəlində İnqilabın Rəhbərinin rəhbərliyi ilə məğrib və işa namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /