Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə Azərbaycan əhalisinin İranın birlik və azadlıq bayraqdarı olduğunu dedi. O, bu ilin tarixi 22 bəhmən yürüşünü yaratdığı üçün əzəmətli İran xalqına hörmət və ehtiramını bildirdi: “Bu coşqulu, məzmunlu və həqiqi qəhrəmancasına hərəkət millətin İnqilab xəttində möhkəm dayanmasının və bu xətdən sapmamasının nəticəsidir. Bu inkişaf və iqtidar yolu milli birlik, problemlərə irticaçı yox, inqilabçı baxışla, yəni nailiyyətlər yaradan səy və fəaliyyətlərlə davam etdiriləcək. Məsul şəxslərin iqtisadi inkişafa nail olmaq, çətinliklərə, xüsusilə inflyasiyaya əlac etmək üçün gecə-gündüz bilmədən göstərdikləri mücahid fəaliyyəti buna zəmin yaradacaq”.
İnqilabın Rəhbəri xalqın çox qiymətli 22 bəhmən hərəkətinin ayrı-ayrı yönlərindən danışarkən düşmənlərin hay-küylü təbliğatlarına, əhalinin bütün varlığı ilə hiss etdiyi problemlərə, havanın soyuqluğu və motivasiyanı azaldan digər amillərə işarə edərək dedi: “İmanlı və ayıq xalq bunların hamısını görməzdən gəldi, əziz İranın şərqindən qərbinə, şimalından cənubuna qədər hər kəs meydana çıxaraq öz uca səsini hər kəsə eşitdirdi. Yalnız mükafatlandıran Allah bu böyük milli hərəkətin həqiqi şükranlığını yerinə yetirməyə qadirdir”.
O, millətin tarixi şənbə yürüşünün milli dayanıqlığın davamlılığının bir nümunəsi olduğunu dedi və inqilab hərəkatlarının əsas xəttindən tədrici sapmalara işarə edərək vurğuladı: “İslam İnqilabında da bəziləri müxtəlif səbəblərdən İnqilabın düz yoluna qarşı mövqe aldılar, fəaliyyətləri İnqilabın əsli və dəyərlərinə qarşı çıxmaqla nəticələndi”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu ünsürlərdən fərqli olaraq millət usanmadan, ümidsizliyə qapılmadan, düşmənin zərbələri, təhdidləri və qışqırtısından qorxmadan düz yolu - kimliyini, şəxsiyyətini və əzəmətini qoruyaraq davam etdirdi. Bu ilin 22 bəhmən günü ölkənin dörd bir yanında küçələrə axışan insanlar müxtəlif motivasiyalarla dözümlülüyünü və inadkar düşmənlə dirənişini nümayiş etdirdi”.
İnqilabın Rəhbəri düşmənin və ölkə daxilindəki bəzi ünsürlərin millətin sarsılmaz əzmini süstləşdirmək və İnqilabın rolunun unutdurulması üçün çalışdıqlarını bildirdi: “Payız iğtişaşalarının mühüm məqsədlərindən biri xalqa 22 bəhməni unutdurmaq idi. Daxildə də bəziləri zəif dəlillər və səhv sözlərlə həmin xətti qəzetlərdə və virtual məkanda izlədilər. Əlbəttə, xalq onların arzularını ürəklərində qoydu”.
İnqilabın Rəhbəri məmnuniyyət hissi ilə qeyd etdi ki, xalqın təhlillə müşayiət edilən iştirakı əzəmətli 22 bəhmən yürüşünə xas olan cəhətlərdən idi.
O dedi: “Xalqın verdiyi müsahibələrdən aydın olurdu ki, onlar analiz edərək bu yürüşə çıxıblar. Onlar ABŞ-ın onların iştirakından qorxduğunu anladıqları üçün öz əsas strategiyalarını, yəni İslam İnqilabına və İslam Respublikasına tam dəstəklərini coşqu və sevinclə, yüksək əhval-ruhiyyə, motivasiya, və məzmunlu şüarlarla nümayiş etdirdilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “ABŞ və sionizmin media imperiyası bu uca səsin digər xalqların qulağına çatmaması üçün çalışırlar. Amma eşitməli olanlar, yəni ABŞ və İngiltərədəki siyasi qurumlar, düşmənlərin xüsusi xidmət orqanları bu səsi mütləq eşidiblər”.
İnqilabın Rəhbəri 22 bəhmən ərəfəsi düşmənin media vasitələri və virtual məkanlarındakı təbliğat hay-küylərinə işarə edərək dedi: “Müxalif və etirazçı səs də var idi. Bu media vasitələri onu şişirtməyə çalışırdı. Amma millətin səsi və hayqırtısı digər səsləri boğdu”.
İnqilabın Rəhbəri çıxışının başqa bir yerində düşmənlərin İslam Respublikası ilə bağlı iddialarının yalan və zəif olduğunu vurğuladı.
O dedi: “Bəzən açıq-aşkar yalan danışaraq deyirlər ki, dövlət geriləməkdədir. Halbuki ölkə problemlərin olmasına baxmayaraq, əvvəlki iyirmi-otuz ildən tamamilə fərqlənir və çox inkişaf etmişdir. Bəzən deyirlər ki, İslam Respublikası dalana dirənib. Əgər bu iddia doğrudursa, onda dalana dirənən adam özü taqətdən düşərək yerə yıxılır. Bəs onda nə üçün onu yerə vurmaq üçün bu qədər xərc çəkirsiniz?”.
Həzrət Ayətullah Xamenei düşmənin hücumlarına rəğmən, İranın hərbi gücünün olmaması zərurəti ilə bağlı ortaya atdığı təkrar şübhələrə işarə edərk dedi: “Əvvəla, bu qədər düşməni olan bir dövlət özünü və millətini düşünməlidir. İnqilabın əvvəllərində bir qrupun F-14 təyyarələrini satmaq fikrinə düşdüyünü anladıqda müsahibə və açıqlama verdim. Həmin hərəkət hədəfinə çatmadı”.
İnqilabın Rəhbəri vurğuladı: “Ağıl və şəriətə əsasən, müdafiə cəhətlərini tamamilə diqqət mərkəzinə almışıq. Quranın hökmünə əsasən, gələcəkdə də bu sahədə əlimizdən gələn səyləri göstərəcəyik”.
O dedi: “Ölkə digər sahələrdə, o cümlədən sənaye, yolların çəkilməsi, bəndlərin tikilməsi kimi infrastrukturların yaradılması və digər sahələrdə hərbi işlərdən qat-qat artıq işlər görüb investisiya yatırımı edib. İranın dronlarəndan açıq şəkildə qorxuya düşmüş düşmən digər nailiyyətləri inkar edib müdafiə məsələlərini qabardır”.
İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Allahın lütfü ilə xalq bədxahların vəsvəsələrinə etina etməyib, etməyəcək də. Xalq bilir ki, İranın güclənməsi üçün olan hər bir hərəkət və inkişaf düşmənləri qəzəbləndirir. Quran ayəsinə əsasən, onlara demək lazımdır ki, bu qəzəbinizdən ölün”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin nailiyyətləri qürurverici və sevindirici bir reallıqdır: “Əlbəttə, biz təbliğat işi və media fəaliyyətində zəifik, bu nailiyyətləri göstərmək üçün lazımi bacarığımız yoxdur. Amma İranın sərgilərini və ya nailiyyətlərini görənlər sanksiyaların olduğu bir şəraitdə bu səviyyələrdə nailiyyət əldə edilməsindən heyrətə gəldiklərini deyirlər. Belə ki, raket sistemləri üzrə sionist komandan bir neçə il bundan əvvəl demişdi ki, biz İranla düşmənik, amma iranlı alimlər tərəfindən istehsal edilmiş o mütərəqqi raket istehsalı qarşısında deməyə söz tapmıram”.
O vurğuladı ki, nailiyyətlərdən danışmaq zəif cəhətlərin olduğunu inkar etmək demək deyil: “Ölkədə müxtəlif səbəblərdən zəif cəhətlər və çatışmazlıqlar var. Onların bəzisi, bahalıq, inflyasiya və milli valyutanın qiymətinin aşağı düşməsi xalq tərəfindən hiss ediləndir. İdari və digər sahələrdə də zəifliklər var. Amma bu zəif cəhətlərə iki formada baxmaq olar”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Birinci baxış və strategiya budur ki, mövcud nailiyyətləri əldə etdiyimiz eyni əzmkarlıqla zəif cəhətləri də ortadan qaldırmaq gücündə olduğumuzu anlamalıyıq. Bu, inqilabi baxışdır”.
O, irticaçı baxış adlandırdığı digər baxışdan danışarkən dedi: “Zəif cəhətlərə irticaçı nəzərlərlə baxmaq bizə “heç bir xeyri yoxdur, heç nə etmək olmaz, buna görə də əlimizi əlimizin üzərinə qoyub gözləməli, ya da bəhanələr uydurmaq, zəif cəhətləri yüksək səslə car çəkməli, hətta bəziləri kimi əsl İnqilabı və İslam Respublikasını inkar etməliyik” nəticəsini təlqin edir”.
O: “Əgər hər hansı xalqın hansısa zəif cəhəti varsa, nailiyyətləri inkar edilməlidirmi? Zəif cəhəti olmayan xalq varmı?” sualını səsləndirən Ayətullah Xamenei dünyanın ABŞ, İngiltərə və Fransa kimi böyük və inkişaf etmiş ölkələrində yoxsulluq, xəstəlik, irqi ayrıseçkilik, sosial adalətin olmaması kimi mühüm problemlərin olmasına işarə edərək dedi: “Bu ölkələrdə də İrandan qat-qat artıq zəif cəhətlər var. Amma zəif cəhətlərin ortadan qaldırılmasının həlli yolu əsasları və kökləri dağıtmaq deyil. Düzgün istiqamət zəif cəhətlərin inqilabçı baxış əsasında ortadan qaldırılmasıdır”.
İnqilabın Rəhbəri ölkənin əldə etdiyi inanılmaz nailiyyətlərə işarə edərək dedi: “İnqilabın ilk illərində bir neçə on milyon ton polad istehsal edilməsi kimi nailiyyətlərin əldə edilməsinə heç kəs inanmırdı. Amma bu nailiyyətlər xalqın, gənclərin və yaxşı məsullarımızın qətiyyətli fəaliyyətləri sayəsində əldə edildi. Bu gün həmin qətiyyət və əzmkarlıq var”.
O bildirdi ki, iqtisadi inkişaf və inflyasiyanın idarə edilməsi ən mühüm işlərdəndir. O, hamının, xüsusilə məsul şəxslərin gecə-gündüz bilmədən mücahidcəsinə fəaliyyət göstərmək məsuliyyəti daşıdıqlarını dedi: “İqtisadi fəaliyyətlər bu gün ən mühüm işlərdəndir. Çünki iqtisadi inkişaf olmadan ölkə irəli gedə bilməz. İqtisadi inkişaf da sabitlik, inflyasiyaya nəzarət və qiymətlərin sabitliyi ilə şərtlənir. İnflyasiya həll edilə bilən bir problemdir. Müxtəlif sahələrin məsul şəxsləri bu problemi həll etməlidirlər”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, məsul şəxslərlə yanaşı, əhalinin müxtəlif təbəqələri, o cümlədən tələbə, müəllim, din alimi, fəhlə, tacir və fermer müxtəlif sahələrdə rol oynaya bilər: “Siyasi fəal da rol oynaya bilər. Qeyd edim ki, siyasi fəaliyyət heç də oturmaq, hökumətdə və ya hər hansı qurumda zəif bir nöqtə tapmaq, məsxərə etmək, həmin zəif nöqtəni virtual məkanda şişirtmək demək deyil. Siyasi fəaliyyət dünyanın və regionun siyasi vəziyyətini şərh etmək, düşmənlərin hədəflərini və dostların strategiyalarını izah etməkdir”.
O qeyd etdi ki, xalqın ifa etdiyi effektiv rollardan biri də sosial fəaliyyət və xidmətlər sektoruna aiddir: “Biz dəfələrlə xalqın köməyi ilə böyük zəiflikləri ortadan qaldıra bilmişik. Bunun nümunələrindən biri korona hadisəsi və mömincəsinə yardımlarda xalqın oynadığı rol olmuşdur. Habelə xalqın sosial fəaliyyətlərdəki yüksək əhval-ruhiyyə yaradan şövqü və iştirakı dövlətə dəstək və inkişafın təmin edilməsinə səbəb olur”.
İnqilabın Rəhbəri milli birliyin ölkənin güclənməsində rol oynayan effektiv amillərdən biri olduğunu vurğuladı: “Təbii ki, fikir ayrılıqları mövcuddur. Amma xırda məsələlərdə münaqişə yaranmamalıdır. Mədrəsə, universitet və KİV-lərdəki mübahisə və debatların ədəb və bir-birinə hörmət çərçivəsində həyata keçirilməsi yaxşıdır. Dava-dalaş, düşmənçilik etmək, ağızı ədəbdən kənar sözlərlə bulaşdırmaq yaxşı deyil”.
O, İran xalqının ümumi istəyinin inqilab olduğunu dedi: “Ölkədə bir qrup adam var ki, onların bəzi siyasi məsələlərlə bağlı fikirləri xalqın və məsul şəxslərin fikirlərinə müxalifdir. Ancaq bu adamlar İran xalqının düşməni deyil. İran xalqının düşməni imperializmdir. İslam və əziz İran qarşısında imperializmə və onun maşalarına köməklik göstərməkdən ehtiyatlı olamq lazımdır”.
Həzrət Ayətullah Xamenei həmişəki kimi gələcəyin parlaq olacağını dedi: “Ölkənin önündə işıqlı üfüq olduğu zaman bir neçə müddətdən sonra ona nail olmuşuq. Səbəbi də millətin imkanları və ölkənin potensillarının çox yüksək olmasıdır. Buna görə də bu millət daha böyük nailiyyətlər əldə edəcək”.
Həzrət Ayətullah Xamenei bu görüşdə Təbriz və Azərbaycan əhalisinin imanı, qeyrəti və səfasını yüksək qiymətləndirərək təbrizlilərin 29 bəhmən qiymanın təyinedici bir dönəm və İran tarixinin yeni bir səhifəsnin açıldığı gün olduğunu vurğuladı: “Əgər Təbriz əhalisi Qum qiyamının qırxıncı günü qalxmasaydı, həmin qiyam unudulacaqdı. Amma təbrizlilər Qum hadisəsini bir ildən də az müddət sonra istibdad və asılı rejimin devrilməsi ilə nəticələnən qiyama və milli hərəkata çevirdi, İranın azadlıq bayrağını əlinə alaraq tarixi bir mərhələ yaratdı”.
O qeyd etdi ki, despot hökumətin xalqı və alimləri əzmək üçün Təbrizin küçələrinə tank çıxarması o rejimin əl-ayağa düşdüyünü göstərdi: “Təbrizin qeyrətli əhalisi tankdan da qorxmadı. Müqvimət göstərdi, qanından və canından keçərək böyük bir hərəkət yaratdı. Əlbəttə, Azərbaycan tarixində bu hərəkət dəfələrlə baş vermişdi”.
İnqilabın Rəhbəri qeyd etdi ki, səfəvilər dövrünün başlanğıcında azərbaycanlıların, o cümlədən Təbriz və Ərdəbilin əhalisinin hərəkəti İranın tayfa təfriqələri və idarəçiliyindən xilas olmasına zəmin yaratdı: “O tarixi hərəkət İranı birləşdirdi, müstəqil və bütöv bir dövlətə çevirdi. Buna görə də İranın vəhdət bayrağı da azərbaycanlılaırn əlindədir”.
O bildirdi ki, Azərbaycan tarixini düzgün çatdırmaq mütəxəssislərin vəzifələrindəndir və bu eyni zamanda İran tarixinin mühüm bir hissəsinin çatdırılmasıdır: “Tənbəki və məşrutə hadisələrində də bu regionun əhalisi öz imanını və müqavimət gücünü göstərdi. Azərbaycanlılar İnqilabın qələbəsi, Müqəddəs Müdafiə, sonrakı onilliklərin hadisələri və son hadisələrdə də ayıq və qətiyyətlə meydanda olmuşlar”.
Həzrət Ayətullah Xamenei Azərbaycanın mədəni cəhətdən ölkənin qərbinin mədəniyyət və sivilizasiya mərkəzi olduğunu bildirərək bu regionun mədəni şəxsiyyətlərindən söz açdı: “Bu görkəmli şəxsiyyətlərin ölkənin ədəbiyyatı və mədəniyyəti sahəsində göstərdikləri böyük xidmətlər saya gəlməz”.
İnqilabın Rəhbəri bildirdi ki, Təbriz əhalisinin 1356-cı il 29 bəhmən qiyamı kimlik yaradan bir hadisə olmuşdur. Gələcəyin parlaq yolunu qət etmək üçün bundan dərs götürmək lazımdır.
Bu görüşün əvvəlində çıxış edən Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Ali Haşim elitlər və gənclərlə davamlı və effektiv əlaqələrin yaradılması, iqtisadi fəalların problemlərinin həllinin nəzarətdə saxlanması, heç bir vasitə olmadan əhalinin arasında olub xalqla birbaşa əlaqə yaratmaq, dinsiz və separatçı cərəyanlarla mədəni və siyasi mübarizə aparılması Vəliyyi-fəqihin nümayəndəliyinin əyalətdə həyata keçirdiyi fəaliyyətlərdən olduğunu dedi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir