Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

22 bəhmən milli birliyin və düşmənin strategiyasının iflasının simvolu olacaq

Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin yüzlərlə komandanı və şəxsi heyəti 1357-ci ilin 19 bəhmən hadisəsi və Hərbi Hava Qüvvələrinin humafərlər dəstəsindən bir qrupunun İmam Xomeyni (r.ə) ilə görüşünün ildönümü münasibətilə bu gün Ali Baş Komandanla görüşdü.

İslam İnqilabının Rəhbəri bu görüşdə əziz, mömin, inqilabçı, xalqla olan, böyük və heyrətamiz işlər həyata keçirən ordunun fəaliyyətini yüksək qiymətləndirərək 1357-ci il 19 bəhmən hadisəsinin İslam İnqilabının 22 bəhmən tarixində çaldığı qələbədə mühüm və dalğa yaradan bir amil, habelə İnqilabdan sonrakı illərin 22 bəhmənlərinin bayraqdarı və ilham mənbəyi olduğunu dedi. O, İslam Respublikasını diz çökürtmək, ixtilaf və etimadsızlıq yaratmaqla onu yox etmək istəyən düşmənin əsl məqsədini bəyan edərək vurğuladı: “Bu çirkin plan qarşısındakı mühüm vəzifəmiz vəhdət strategiyasını qorumaqdır. Allahın köməkliyi ilə bu ilin 22 bəhməni milli vəhdət və etimadın simvolu olacaq. Xalq bütün bədxahlara etimadsızlıq yaratmaq və milli vəhdəti yox etmək üçün göstərdikləri səylərin boşa çıxdığını açıq şəkildə mesaj verəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 19 bəhmən hadisəsi xalqda 22 bəhmən ruhiyyəsi yaratmaq, İran xalqının əzəməti və milli şərəfini göstərmək üçün effektiv bir müqəddimə idi: “22 bəhmən İran xalqının qürurverici hərəkətinin zirvə nöqtəsi, İran xalqının tarixinin ən əzəmətli gününü xatırladan bir hadisədir. Xalq həmin gün öz şərəfi, əzəməti və qüdrətinə qovuşdu”. 

O vurğuladı ki, 22 bəhmən bu günə qədər qorunub saxlandığı kimi, gəlcəkdə də diri saxlanmalıdır: “Diri inqilab öz zinətlərini diri saxlayan, hər bir dövrdə həmin dövrün ehtiyaclarını, təhlükələrini müəyyən edərək ehtiyacları təmin edən, təhlükələri zərərsizləşdirən bir inqilabdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Fransa və SSRİ kimi böyük dünya inqilablarının məğlubuyyətə uğraması, sərt və acı diktaturaların yenidən qayıtmasının səbəbi əsas ehtiyaclar və təhlükələrin unudulması, şəxsi məsələlər və iddialarla məşğul olmaqdır: “İslam İnqilabı özünü bu bəladan qorudu. Əlbəttə, bizim də problemlərimiz oldu, hökumətlərin diaqnozları və səyləri eyni olmadı. Amma ümumi hərəkət zirvəyə doğru irəliləmə, maddi və mənəvi inkişaf olmuşdur”.

O, İran xalqının müxtəlif sahələrdəki təşəbbüsü, irəliləyişi, nailiyyəti və güclü inkişafına işarə edərək 80-ci illərin gənclərinin bu ilin etikaf mərasimlərindəki yüksək iştirakının milli inkişafın bir nümunəsi olduğunu dedi: “Səksəninci illərə dair nə qədər istehza dolu lətifələr qoşulduğunun şahidi olmusunuz. Amma bu ilin etikafı ilə bağlı statistika və hesabatlarda mərasimlərdə iştirak edənlərin çox hissəsinin 80-ci illərdən olduğu bildirildi”.

İnqilabın dinamikası və həyatının zəruri şərtinin - ehtiyacların təmin edilməsinə diqqət göstərilməsindən ibarət olduğunu deyən Ali Rəhbər ən əsas və mühüm ehtiyacın milli vəhdət olduğunu vurğuladı: “Milli birlik İnqilabın qələbəsi və inkişafında çox mühüm rol oynadı. O, düşmənin qarşısında başı göylərə çatan möhkəm və hündür bir səd çəkdi. Bu gün imkanımız çatdığı qədər bu vəhdəti daha da möhkəmləndirməliyik”.

O bildirdi ki, düşmənin İslam dövlətinə qarşı açıq hədəfi İnqilabı diz çökdürməkdir: “Əlbəttə, onlar bunun əksini deyirlər. Belə ki, 15 il bundan əvvəl o vaxtın ABŞ prezidenti mənə göndərdiyi məktubda açıq şəkildə qeyd etmişdi ki, bizim dövlət sistemini dəyişmək niyyətimiz yoxdur. Amma həmin vaxt bizim onların öz mərkəzlərində İslam Respublikasını devirmək üçün planlar hazırladıqları ilə bağlı məlumatlarımız var idi”.

Həzrət Ayətullah Xamenei bədxahların İslam Respublikasını yox etmək istəmələrinin səbəbinə aydınlıq gətirərkən dedi: “İslam Respublikası bu mühüm, zəngin və strateji əhəmiyyətə malik regionu onların əlindən çıxarıb. Bundan əlavə, müstəqillik və bac verməmək səsini siyasi bir məsələ kimi deyil, bir inam və dini etiqad kimi ucaltmışdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Digər ölkələrin də bəzisi ABŞ-dan asılı olmayan müstəqil bir siyasətə sahib olmaq istəyə bilərlər. Amma bu siyasət ticarət, danışıqlar, müzakirə masasının arxasında əyləşmək, adətən, nüfuzlu şəxslərə masa altı ödəmələr edilməklə əvəzlənir. Dünyada bunun nümunələrini görməkdəyik. İslam Respublikasının müstəqilliyi və bac verməməsi prinsipi alqı-satqı edilə bilməz, o, imandan, Qurani-Kərimin imperialistə etibar edilməməsi ilə bağlı göstərişindən qaynaqlanır. Bu iman və inancdan keçməyə hazır olan adam İslam Respublikasında vəzifə tutmaq səlahiyyətini itirir”.

Düşmənin İslam Respublikasını diz çökdürmək məqsədi güddüyünü qeyd edən İnqilabın Rəhbəri düşmənçiliklərin səbəbinə aydınlıq gətirdikdən sonra bu məqsədin gerçəkləşdirilməsi planından danışdı: “Onların planı ixtilaf yaratmaqdır. Çünki ixtilaf və təfriqə düşəcəyi təqdirdə gələcəyə ümid itir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Siyasi qruplar arasında bədbinlik yaratmaq, insanların bir-birinə və hökumətə qarşı etimadsızlığı, idarələrdə bədbinlik yaratmaq bədxahların məqsədlərinin gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən strategiyalardandır”.

O dedi: “İxtilaflar, təbii ki, var, amma onları parçalanma ilə nəticələnməyə qoymaq olmaz. Bir dəfə qadın problemini ortaya atırlar, başqa bir vaxt sinni-şiə məsələsini qabardırlar, digər vaxt da nəsillərin ixtilafı məsələsinin qızışdırırlar”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ixtilafı daha da genişlətmək üçün mühüm taktika yalançılıq və şayiə yaymaqdır: “Düşmən milli vəhdəti öz hücumlarının hədəfinə çeviribsə, bu vəhdəti və birliyi qorumaqla onun çirkin planının qələbə çalmasına imkan verməməliyik”.

Həzrət Ayətullah Xamenei bu ilin 22 bəhməninin milli birliyin simvolu olduğunu dedi: “Allahın köməkliyi ilə bu ilin 22 bəhməni xalqın iştirakı, izzəti, bir-birinə etimadı və milli birliyin simvolu olacaq”.

O vurğuladı: “Mənim əziz xalqımıza tövsiyəm budur ki, bu yürüşü, böyük günü və əzəmətli hərəkəti milli birlik və etimad simvoluna çevirsin, düşmənə milli birliyi yox etmək üçün göstərdiyi səylərin puça çıxdığını, xalqı bir-birindən və dövlətdən ayıra, dövlətdə xalqa qarşı bədbinlik yarada, müxtəlif xalq qruplarını bir-biri ilə müharibəyə sürükləyə bilməyəcəyini açıq şəkildə mesaj versin”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, fikir ayrılığının və siyasi ixtilafların təbii olaraq heç bir problemi yoxdur: “Amma bu ixtilaflar dava-dalaşla, böhtan və iftiraların atılması ilə nəticələnməməlidir. Düşmənin strategiyasına qarşı hamımız vəhdət strategiyasını seçməliyik”.

Həzrət Ayətullah Xamenei çıxşının başqa bir yerində 1357-ci ilin 19 bəhmən hadisəsinin İnqilabın qələbəsi üçün dalğa yaradan effektiv bir müqəddimə olduğunu dedi: “Həmin gün humafərlərin böyük İmama beyət etməsinin görüntüsünün yayılması vəziyyəti ciddi şəkildə dəyişdi. Zalım və cılız pəhləvi rejiminin xalqı əzmək üçün yeganə vasitəsi ordu idi. Amma xalq və inqilabçılar ordunun inqilabla eyni cəbhədə yer almasından ruhlandı, əks cəbhədə isə rejimin rəhbərləri və onların amerikan himayədarları böyük bir ruhi sarsıntıya uğradılar”.

O bildirdi ki, 1357-ci il 19 bəhmən hadisəsinin ən böyük mesajı inqilabın gələcək ordusunun hansı tərkibdə olacağını göstərmək idi: “Humafərlərin İmamla beyət etmək üçün hər gün minlərlə nəfər adamın axın etdiyi Ələvi mədrəsəsinə getməsi göstərdi ki, gələcək ordu xalqla olan inqilabçı, mömin, dövlətə bağlı və təhlükələri öz üzərinə alan bir ordu olacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ordunun yeniyetmə əsgərlərinin İnqilabın taleyi hələ məlum olmadığı bir şəraitdə o dövrün təcavüzkarları olan ABŞ rejimi və pəhləvi ünsürləri qarşısında təhlükələrə sinə gərmələri İnqilabdan sonra uzun illər davam etdi. Ordu sinəsini bütün təcavüzkarlara qarşı sipər etdi”.

O qeyd etdi ki, İmamın 19 bəhmən günündəki şəkli qüdrət, izzət, Dəmavəndin zirvəsi kimi möhkəm, sabit imanın, şahlıq dövrünün ordusunda qulluq edən gənclərə mehriban ata baxışının simvolu idi: “Ordu xalqın yanında yer aldı və inqilabçı qaldı. İnqilabçı qalmaq mühüm bir məsələdir. Bəziləri inqilabçı olsa da, inqilabçı qalmadı. Amma İslam Respublikasının ordusu ilk günlərlə müqayisədə bu gün daha inqilabçı, daha mömin, daha xalisdir. Harada lazım oldusa, mərdliklə, fədakarcasına xalqın yanında dayanaraq mühüm rol ifa etdi, ölkəni müdafiə etmək üçün müqavimət göstərdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu günün ordusu ilə pəhləvi dövrünün ordusunun müqayisəsi İnqilabın böyük işlər görmək gücü və qüdrətində olduğunu göstərir. O, 1320-ci il şəhrivər hücumu qarşısında Rzaxanın iddialı və dəbdəbəli ordusunun, habelə 1332-ci il 28 mordad tarixində Məhəmmədrzanın ordusunun amerikan və ingilis casusları ilə milli hökumətə və xalqa qarşı əməkdaşlığının bir neçə saat ərzində darmadağın olması kimi nümunələrə işarə edərək dedi: “O dövrdə ordu yadların boyunduruğu altında olan mahiyyətsiz və xar bir ordu idi. Ordu generalının ABŞ-ın kiçik bir zabiti qarşısında söz deməyə cürəti çatmırdı”.

O, bu günkü ordunun müstəqilliyin və möhkəmliyin rəmzi, xalq və məsul şəxslərin güvəndiyi izzətli bir ordu olduğunu dedi: “Bu gün ordu xalqladır, xalqın yanındadır və xalqdandır. Keçmişdə amerikalılardan alınmış təyyarə parçasına hətta əl vurmağa belə haqqı yox idi. Bu gün sanksiyaların olmasına baxmayaraq, özü təyyarə yaradır, istehsal edir, xalqa başıucalıq gətirəcək böyük işlərə imza atır. Bunun bir nümunəsi dünən nümayiş etdirildi”.

Bu səylərin mənəvi nəticəsinin daha üstün dəyərə, yəni Allah yanında daha da sevimli olmaq dərəcəsinə yetişməkdən ibarət olduğunu deyən İnqilabın Rəhbəri ordu mənsublarına səslənərək dedi: “Əzizlər, fəxr edin ki, İslam Respublikasının ordusunun mənsubusunuz. Həm xalq, həm də məsul şəxslər ordunun qədrini bilir. Siz də ordunun güclü nöqtələrini gücləndirməklə və zəif cəhətlərini ortadan qaldırmaqla öz qədrinizi bilin”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Suriya və Türkiyədə baş vermiş son zəlzələdən zərər görmüş insanların dərdinə şərik olduğunu bildirərək dünyasını dəyişənlərə Allahdan rəhmət dilədi: “Şükürlər olsun ki, bizim ölkənin də aidiyyatı qurumları yardımlar göstərmiş və yenə də göstərəcəklər”.

Bu görüşün əvvəlində Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Vahidi ümidverici istehsalların olması, bu qüvvələrin müxtəlif elmi və elm əsaslı sahələr, təchizatların yaradılması, döyüş hazırlıqları, təhsil, quruculuq və yardım sahələrində də effektiv işlər görülməsi barəsində məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /