Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hesablamaları yanlış olduğu üçün düşmənin əhatəli planı iflasa uğradı

İslam İnqilabının Rəhbəri Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludunun ildönümü ərəfəsində Əhli-beyt (ə) məddahlarından bir qrupu ilə görüşdə qeyd etdi ki, məddahlıq maarif, hisslər və rol oyununu ölkənin həssas mübarizə meydanlarına ötürən hibrid sənətdir. O, son hadisələrdə düşmənin hərtərəfli və proqramlaşdırılmış planının nəticə verməməsinin səbəbini xalqın, gənclərin və məsul şəxslərin reaksiyalarını düzgün hesablamamaları ilə izah etdi: “Bədxahları düşmənçiliklərindən məyus etmənin yolu İranın güclənməsidir”.

Həzrət Ayətullah Xamenei bu görüşdə Həzrət Siddiqeyi-Kubraya olan sevginin fərdi və ümumi fəaliyyət sahələrində çox təsirli olduğunu qeyd edərək bir neçə məsələni məddahların diqqətinə çatdırdı: “Məddahlıq şiənin mirası, gözəl səs, yaxşı şeir, uyğun musiqi ahəngi, yüksək məzmuna malik hibrid bir sənətdir. Digər qiymətli dini mətnlər kimi bunun da əsas sütunları gözəl olmalıdır”.

O, məzmunların ötürülməsində uyğun melodiyanın nə qədər əhəmiyyətli olduğuna işarə edərək dedi: “Günah məzmunu ehtiva edən mahnılar üçün spesifik olan bəzi musiqilər mədhiyyəyə uyğun deyil. Məddahlıq onlarla qarışdırılmamalıdır”.

Həzrət Ayətullah Xamenei cəmiyyətin düşüncə səviyyəsinin yüksəldilməsinin məddahlığın qarşısında duran vəzifələrdən olduğunu dedi: “Məddahlıqda maarifləndirmə ilə yanaşı, hisslərin coşdurulması da var. Təbii ki, düşüncəsiz hissin faydası yoxdur. Amma şiə mətnlərinin maarifləndirmə istiqamətindəki bənzərsiz özəlliyi ondan ibarətdir ki, hiss və emosiya yaratmaqla yanaşı, dinləyicinin bilik və düşüncə dərinliyini də artırır”.

O, məddahların ölkənin həssas mübarizə meydanlarında, o cümlədən Müqəddəs Müdafiə, gənclərin cəbhə bölgələrinə yollanmasına rəğbət yaratmaq, ölkə üçün fədakarlıq, habelə 88-ci il fitnəsi və 9 dey hadisəsində oynadıqları rola işarə edərək dedi: “Məddah kimi harada dayandığınızı bilin, böyük və cəlbedici məddahlıq fenomeni ilə İnqilab, yəni ölkənin yenilənməkdə olan həyatında, tağit, zalım, imperializm və fəsadla mübarizə mühitinin genişləndirilməsində həlledici rol oynayın”.

İnqilabın Rəhbəri mədəniləşdirmənin məddahların üzərinə düşən mühüm işlərdən biri olduğunu vurğuladı: “Düşmənin qarşısında qətiyyətlə dayanmaq və ya ona qarşı hücum, elmi inkişaf, ailə və övlad, bəsirət və ümid vermək, gənclərdə məyusluq yaradan düşmən hiylələrinə qarşı mübarizə mədəniləşdirmə, auditoriyaların fikir, düşüncə və əməl müstəvilərində yönləndirilməsi sahəsində ehtiyac duyulan məzmunlardandır”.

O, bu rolların ifasında lazım olan şərtləri qeyd edərək birinci şərtin xalqın yönləndirilməsi istəyi, pul, şöhrət və ictimai mövqeyin məddahlıq fəalliyyətini üstələməsinə imkan verilməməsindən ibarət olduğunu dedi: “Məddahların üzərlərinə düşən rolu ən yaxşı ifa edə bilmələrinin digər şərti maariflənmə və biliklərini artırmalarıdır. Buna görə də əxlaq, hədis və təfsir kitablarını, Şəhid Mütəhhəri kimi şəxiyyətlərin əsərlərini oxumaqla öz bilik bazalarını möhkəmləndirməlidirlər”.

Həzrət Ayətulah Xamenei qeyd etdi ki, mühüm qlobal hadisələr qarşısında ayıq olmaq məddahlığın başqa bir şərtidir: “Dünya tədrici şəkildə əsaslı dəyişikliklərə məruz qalmaqdadır. Biz mühüm bir tarixi dönüşlə qarşı-aqrşıyayıq və ya onun içərisindəyik. Məlumatlarımızı daim yeniləməklə dünyada və ölkədə baş verən bu mühüm dəyişiklərdən xəbərdar olmalıyıq”.

İslam İnqilabının Rəhbəri daha sonra düşmənin son hadisələrdə oynadığı rola və apardığı hesablamaya aydınlıq gətirdi: “Bu hadisələrdə düşmənin planı əhatəli olsa da, hesablaması yanlış idi”.

O vurğuladı ki, düşmən bir ölkəni dağıtmaq və xaos yaratmaq üçün lazım olan bütün amillərdən istifadə etdi. Sonra o, bu amillərə işarə edərək dedi: “İqtisadi amil var idi. Ökənin iqtisadi vəziyyəti yaxşı olmadığı üçün xalqın məişət problemi onlar üçün bir zəmin idi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Təhlükəsizlik amili, casus komandalarının nüfuzu, imperializmin müxtəlif təbliğat metod və üsullarından istifadə edərək dünyada İranofobiya hay-küyü qaldırmaq, bəzi daxili ünsürləri öz tərəflərinə çəkmək, irqi, məzhəbi, siyasi və şəxsi ambisiyaları təhrik etmək, kompleks təbliğatlar aparılması aylar öncə aktivləşdirdikləri amillərdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Mən kənardan baxan bir tamaşaçı kimi ürəyimdə düşmənin yaxşı mühəndisliyinə afərin dedim. Çünki hər şey öz yerində və qədərində hazırlanmışdı. Amma hansısa ölkələrdə effektiv ola biləcək belə bir planın olmasına baxmayaraq, uğur əldə edə bilmədilər. Çünki hesablamaları səhv idi”.

O, düşmənin səhv hesablamalarının bir neçə nümunəsini qeyd edərək dedi: “Güman edirdilər ki, İran xalqı iqtisadi problemlər səbəbindən onların spearatçı və təxribatçı planına boyun əyəcək. Güman edirdilər ki, söyüş və təhqirlərlə ölkənin rəhbər şəxslərinə təsir göstərib onları meydandan çıxaracaqlar. Güman edirdilər ki, vəsvəsə və hay-küylərlə ölkənin yüksək səviyyəli məsul şəxsləri arasında fikir ayrılqıları yaradacaqlar. Güman edirdilər ki, ABŞ-ın muzduru olan filan ölkənin dollarları ilə İslam Respublikasının iradəsinə təsir göstərəcəklər. Güman edirdilər ki, başqa ölkələrə sığınmış və İrana palçıq atan bir neçə özünü satmış ünsürün çağırışı ilə gənclərimiz ümidsizliyə qapılacaqlar. Amma səhv etdilər, heç kəs onlara etina etmədi”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Onlar səhv etdilər. Çünki İslam Respublikasının əzmi və iradəsi onların bütün güc amillərindən güclü və möhkəmdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “40 ildir ki, hər bir vasitə ilə İslam Respublikasına qarşı səy göstərirlər. Amma hesablamaları səhv olduğu üçün bu vaxta qədər məğlubiyyətə uğrayıblar, gələcəkdə də məğlub olacaqlar”.

O vurğuladı ki, düşmənin səhv hesablaması bizim qəflətimizə səbəb olmamalıdır: “Biz də diqqətli olmalıyıq. Qəflətə düşməməli, arxayınlaşmamalı və: - hadisələr sona çatdı – deməməliyik. Meydanda qalmalı, xalqın qorunma amilinin ümid və milli vəhdət olduğunu bilməliyik”.

İslam İnqilabının Rəhbəri dedi: “Ölkədə müxtəlif fikir və yanaşmalar mövcuddur. Amma xalq İslam, dövlət və inqilab məsələsində yekdildir. Buna görə də bu vəhdətin pozulmasına imkan verməməli, etnik və məzhəb ixtilaflarının, bir qrupun digər qrupa qarşı olan hissələrinin təhrikinə kömək etməməliyik”.

O vurğuladı ki, milli vəhdətə zərər vuran hər kəs düşmənin sahəsində, onun xeyrinə və planı üzrə hərəkət etmiş sayılır: “Hamı, o cümlədən minbərdə xütbə oxuyanlar, məddahlar, universitet fəalları, yazıçılar, şairlər bu məsələdə diqqətli olmalı, düşməni kiçik görməməlidirlər”.

Həzrət Ayətullah Xamenei bildirid ki, güclənmə düşmənin məyus olmasına səbəb olan əsas amildir: “Düşməni məyus edəcək bir şəkildə güclənsək, rahatlığa çıxmaq olar. İranın güclənməsinin zəruriliyi ilə bağlı tez-tez xatırlatma etməyimin səbəbi də məhz həmin məsələdir”.

O, mühüm məzmunların ötürülməsi üçün mahnının mədhiyyə ilə sintez edilməsini yüksək qiymətləndirərək dedi: “İnqilabın sızıntıları ölkə sərhədləri xaricində hər gün daha çox müşahidə edilir. Bunun nümunəsi “Səlam fərmandeh” mahnısının digər ölkələrə yayılması, müxtəlif dillərdə, hətta fars dilində ifa edilməsidir. Bu amillər ölknin iqtidarına kömək edə bilər”.

Bu görüşün əvvəlində məddah və şairlərdən səkkiz nəfər Həzrət Fatimeyi-Zəhranın (s.ə) fəzilətlərinə həsr edilmiş şeir və mədhiyyələrini oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /