Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqa və gənclərə arxalanaraq İraqın inkişafının düşmənləri qarşısında dayanın

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya əl-Sudani ilə görüşdə dedi: “İraqın inkişafı, layiq olduğu üstün və həqiqi mövqeyə nail olması İslam Respublikasının xeyrinədir. Biz inanırıq ki, zati-aliniz İraqın daxili işlərini və xarici əlaqələrini inkişaf etdirmək, dövləti layiq olduğu müstəqil tarixi və mədəni mövqeyinə çatdırmaq iqtidarındasınız”.

İslam İnqilabının Rəhbəri cənab Şiya əl-Sudanini İraqın baş naziri seçilməsi münasibətilə təbrik edərək onun mömin və bacarıqlı bir insan olduğunu, onun kimi bir adamın İraq hökumətinin başında yer almasının sevindirici bir hal olduğunu dedi.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İraq təbii və insani sərvətləri, habelə mədəniyyəti, tarixi və sivilizasiyasının qədimliyi baxımından regionun ən üstün ölkəsidir: “Təəssüflər olsun ki, belə bir tarixə malik olmasına baxmayaraq, özünün layiq olduğu üstün mövqedə qərarlaşa bilməmişdir. Zati-alinizin varlığı ilə İraqın inkişaf edəcəyinə və özünün layiq olduğu yerə nail olacağına ümid edirik”.

O qeyd etdi ki, İraqın özünün layiq olduğu həqiqi mövqeyinə yetişə bilməsinin əsas zərurətlərindən biri İraqın daxilindəki qrupların birliyi və vəhdətidir: “Bu inkişafın zəruri amillərindən digəri İraqın motivasiyalı və gənc qüvvələrindən maksimum dərəcədə istifadə edilməsidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əlbəttə, İraqın inkişafını istəməyən düşmənlər var. Ola bilsin ki, üzdə düşmənçilik etmirlər, amma sizin hökumətiniz kimi bir hökuməti qəbul etmirlər. Xalqa, böyük və ölümcül İŞİD təhlükəsi qarşısında sınaqdan çıxmış gənc və motivasiyalı qüvvələrə söykənərək düşmənin iradəsi qarşısında möhkəm dayanmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İraqın iqtisadiyyat və xidmətlər sahəsində, hətta virtual məkandakı inkişaf etmək, İraq xalqına məqbul bir hökumət siması təqdim etmək üçün hökuməti dəstəkləyən həqiqi bir ordudan - iraqlı gənclərin böyük potensialından istifadə etmək lazımdır: “İraqın yeni hökuməti belə bir dəstəklə, bu ölkədə mövcud olan resurslar və yüksək maliyyə imkanlarından istifadə etməklə müxtəlif sahələrdə, xüsusilə xalqa xidmət sahəsində yeni bir dəyişiklik yarada bilər”.

O, İraqın baş nazirinin: - konstitsuyaya əsasən, İranın təhlükəsizliyini pozmaq üçün heç bir tərəfin İraq torpağından istifadə etməsinə icazə vermərik, - deyə səsləndirdiyi fikrə toxunaraq dedi: “Təəssüflər olsun ki, İraqın bəzi regionlarında bu hal baş verməkdədir. Bunun yeganə həlli yolu budur ki, mərkəzi İraq hökuməti bu regionlardakı iqtidarını artırsın”.

İslam İnqilabının rəhbəri vurğuladı: “İraqın təhlükəsizliyi ilə bağlı bizim düşüncəmiz budur ki, əgər hər hansı tərəf İraqın təhlükəsizliyini pozmaq istəsə, biz İraqı qorumaq üçün öz sinəmizi ona qarşı sipər edəcəyik”.

Həzrət Ayətullah İraqın təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu, habelə İranın təhlükəsizliyinin İraqın təhlükəsizliyində rol oynadığını vurğulayaraq İraqın baş nazirinin bu gün Tehranda apardığı müzakirələrə toxundu: “Əvvəlki dövrlərdə də yaxşı müzakirələr olmuş, qarşılıqlı anlaşmalar əldə edilmişdi, amma çox az hissəsi əməl mərhələsinə sirayət etmişdi. Buna görə də bütün anlaşmalar əməli şəkildə həyata keçirməli, xüsusilə iqtisadi əməkdaşlıqlar, əmtəəə mübadiləsi və dəmir yolu əlaqələri sahəsində əməli işlər görülməlidir”.

O. İranla İraq arasındakı anlaşmalar və əməkdaşlıqların həyata keçməməsi istiqamətində bəzi iradələrin olduğuna işarə edərək dedi: “Əməl və əməli fəaliyyətlə bu iradələrə qalib gəlmək lazımdır”.

Ölkəmizin başçısı Höccətül-İslam vəl-müslimin Rəisinin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri cənab Şiya əl-Sudani İran və İraq arasındakı tarixi və strateji əlaqələrə işarə edərək dedi: “İranla İraqın bir-birlərinin yanında olmasının bariz nümunəsi İŞİD-lə müharibədə iranlılarla iraqlılqarının qanının eyni səngərdə bir-birinə qarışmasıdır”.

İraqın baş naziri şəhid Sərdar Süleymani və şəhid Əbumehdi əl-Mühəndisinin xatirəsini hörmətlə anaraq bu iki böyük şəhidin İran və İraq xalqının bir-birinin yanında olmasının başqa bir nümunəsi olduğunu dedi.

Cənab əl-Sudani İraqın yeni hökumətinin iki ölkə arasındakı razılaşmaları həyata keçirmək, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat sahəsindəki əlaqələri inkişaf etdirmək əzmi və istəyində olduğunu bildirdi: “İranla İraqın təhlükəsizliyi bir-birindən ayrı deyil. Biz konstitusiyaya əsasən, heç bir tərəfə İranın təhlükəsizliyini pozmaq üçün İraq torpağından istifadə etməsinə icazə verməyəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /