Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın planı Qasim Süleymaninin bayraqdarlığı ilə iflasa uğrayacaq

İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər yüzlərlə bəsici ilə görüşdə Bəsicin yaradılmasının İmam Xomeyninin (r.ə) ən mühüm və ən böyük təşəbbüslərindən biri olduğunu dedi. O, Bəsicin ayrı-ayrı meydanlardakı varlığının bərəkətli nəticələrinin müəyyən hissələrini qeyd edərək son qırx ili xüsusilə vurğuladı: “Bəsic hərbi təşkilatdan daha üstün və daha layiqli bir mövqeyə, əsl həqiqətdə, xalqın böyük hərəkəti üzərində ölkəni böyük addımlarla irəliyə doğru aparacaq imkana malik bir mədəniyyət, təfəkkür və diskursdur”.

Həzrət Ayətullah Xamenei Bəsicin İslam dünyasındakı mövqeyinin və ABŞ-ın strateji planının İran xalqı qarşısındakı iflasının makroanalizini verdikdən sonra İran və ABŞ arasındakı böyük mübarizə zonasının dəqiq şəkildə dərk edilməsinin Bəsic üçün bir zərurət olduğunu dedi: “Bu gün İranı istəməyən bədxahların ən mühüm metodu yalan uydurub beyinlərə nüfuz etməkdir. Bununla öz məqsədlərini gerçəkləşdirmək istəyirlər”.

Bəsic günü münasibətilə canlı şəkildə ölkənin bütün bəsici cəmiyyətlərinə nümayiş etdirilən bu görüşdə İslam İnqilabının Rəhbəri təhdidlərin fürsətlərə çevrilməsinin Allah tərəfindən İmam Xomeyniyə (r.ə) verilmiş xüsusiyyətlərdən olduğunu dedi: “İmam 1358-ci ilin azər ayında casus yuvasının ələ keçirilməsindən və amerikalıların təhdidlərindən bir neçə həftə sonra əksər dövlətlərin başçıları kimi bu təhdidlərdən qorxmaq əvəzinə ölkədə 20 milyon bəsicinin olmasının zəruriliyini vurğulayaraq xalqı ümumi bir səfərbərliklə meydana çıxardı”.

O, İmamın 1367-ci ilin azər ayı, yəni Bəsicin yaranmasından 9 il sonra verdiyi möhtəşəm və fəsahətli açıqlamasına, Bəsici mədh edən maraqlı və fəxarət dolur ifadələrinə işarə edərək bildidi: “Bəsici elə bir fəaliyyət göstərdi ki, İmam Xomeyni (r.ə) həmin bəyanatında övladlarına sevgi izharı edən bir ata kimi Bəsici eşq mədrəsəsi, adsız şəhidlər və şahidlər məktəbi adlandırdı. Dünyanı və tarixi silkələyən bir əzəmətə malik olmasına baxmayaraq, bəsiciliyi özünə fəxr hesab etdi və bəsicilərin hər tək-təkinin əllərindən öpdüyünü dedi”.

İnqilabın Rəhbəri İmamın eşq və sevgi dolu bəyanatının keçmiş, indiki və gələcək bəsicilərə aid olduğunu dedi: “İmam həmin bəyanatının universitet və mədrəsələrin bəsici tələbələrinə aid olan hissəsində bildirir ki, bəsici İmamın baxış bucağında təkcə hərbi sahəyə aid deyil, bəsici bütün meydanlarda, o cümlədən dini və maddi elm sahəsində də olmalıdır”.

Həzrət Ayətullah Xamenei Bəsicin Müqəddəs Müdafiədəki mövcudluğunun çox məhsuldar, həlledici və parlaq bir mövcudluq, əzəmətli sınaqda əldə edilmiş müvəffəqiyyət olduğunu dedi: “Buna rəğmən, Bəsicin mövqeyi hərbi təşkilatdan daha üstün bir mövqedir. Bəsic, əslində, bir mədəniyyət, diskurs və təfəkkürdür”.

Həzrət Ayətullah Xamenei Bəsici mədəniyyətinə xas olan xüsusiyyətləri qeyd edərkən cəmiyyətə və ölkəyə göstərilən fasiləsiz və riyasız xidmətdən söz açdı: “Bəsici, hətta təşəkkür belə gözləmədən cihad və xidmət meydanına atılaraq, təhlükələrə öz canını sipər edir”.

O bu xidmətlərin konkret nümunələrini qeyd edərkən təbii fəlakətlər, o cümlədən sel zamanı görülən ağır və çətin işlərə, canın korona xəstəliyinə yoluxma təhlükəsinə sipər edilməsi, xəstələrin canını xilas etmək üçün ölümə getmək, mömincəsinə yardımların daha da geniş vüsət almasında təşəbbüskar üsullarla göstərilən və yorulmaq bilməyən fəaliyyətlərə işarə etdi: “Elm və təhsil sahəsində olan bəsici mədəniyyətinə malik gənclər də çox uğurlara imza atdılar. Nüvə şəhidləri və Royan müəssisəsinin banisi mərhum Kazım Aştiyani də onlardandır”.

İnqilabın Rəhbəri düşmənlə mübarizə meydanlarındakı qorxusuz və var gücü ilə iştirakın bəsici mədəniyyəti və təfəkkürünün digər cilvələrindən olduğunu dedi: “Bəsici mədəniyyəti heç bir gözləntisi olmayan, təhlükələri öz üzərinə çəkən, bütün varlığını ölkəyə xidmət yolunda sərf edən, başqalarını xilas etmək üçün zülmə məruz qalan adsız mücahidlər mədəniyyətidir. Son hadisələrdə də bəsicilər meydanda məzlumiyyəti qəbul etdilər ki, xalq iğtişaşçılar, qafil insanlar və ya muzdurların zülmünə məruz qalmasın”.

Həzrət Ayətullah Xamenei bütün şəraitlərdə ümidsizliyə qapılmamağın bəsici mədəniyyətinin mühüm xüsusiyyətlərindən olduğunu dedi: “Bəzi ziyalıların səsləndirdiyi fikirlərin əksinə olaraq bəsicdə nəsil qırıqlığı yoxdur. Günümüzün gənc və yeniyetmə bəsiciləri İmamı və Müqəddəs Müdafiəni görməsələr də altmışıncı illərdəki əhal-ruhiyyə ilə iş, fəaliyyət və cihad meydanına atılırlar ”.

Ölkənin bəsicin yetişdirilməsi, yeni-yeni artımların olması imkanına malik olmasının, habelə Bəsicin ölkəni inkişaf etdirmə potensialına malik olmasının iki üstün xüsusiyyət olduğunu deyən Ali Rəhbər İran xalqının əvvəlki nəsillərinin bəsici ruhiyyəsi, şücaəti və meydana atılma qorxusunun olmaması xüsusiyyətindən söz açdı: “Diktatura hakimiyyəti dövründə bu ruhiyyə yadların və ya korrupsioner hökumətlərin əli ilə əzilirdi”.

İnqilabın rəhbəri əlavə etdi: “Bəsicinin həqiqi mənasına əsasən, Şeyx Məhəmməd Xiyabani, Məhəmməd Tağı Pəsyan, Mirzə Kuçek xan Cəngəli, Ağa Nəcəfi, Hacıağa Nurullah, Seyyid Əbdülhüseyn Lari və Rəisəli Dilvarini də bir növ bəsici hesab etmək olar”.

Həzrət Ayətullah Xamenei İnqilabın qələbəsinin bəsici ruhiyyəsi və mədəniyyətinin azadlığına səbəb olduğunu qeyd etdi: “İnqilab ümid verməklə xalqın anti-müstəmləkə və anti-istibdad ruhiyyəsini azad etdi. Xalqa ruh və can vermiş İmam Xomeyninin varlığının işığında bəsici mədəniyyəti və təfəkkürü çiçəkləndi”.

O, Müqəddəs Müdafiənin bəsici şəhidlərinin bioqrafiyası və onlar haqqında yazılmış əsərlərin heyrətamiz hadisələrlə dolu olduğunu dedi: “Döyüş meydanının o böyük şəxsiyyətləri sadə bəsicilər olsalar da, onların əzəməti insanı heyrətə gətirir”.

Həzrət Ayətullah Xamenei Bəsicin İslam dünyasındakı uzantısının olmasının Bəsicin bərəkətlərindən biri olduğunu bildirdi: “Allahın lütfü ilə İmamın bu yadigarı bu gün ölkədə və İslam dünyasında fəaldır. Gələckdə də o qalacaq və onun səmərələri görünəcək”.

O, İmamın Quran ayələrinə əsasən, Bəsic haqqında işlətdiyi “Pak ağac” ifadəsini xatırladaraq bu ağacın hər bir dövrdə öz şirin meyvələrini verəcəyini qeyd etdi: “İnqilabın diri olduğunu və yenidən doğulduğunu göstərmək, mücahid və gözləntisiz fəaliyyət sayəsində ölkəni inkişaf etdirmək, bəsic ruhiyyəsi ilə həyata keçirilən hər bir fəaliyyətdəki mənəvi ünsürün daha da üstünlük təşkil etməsi, əməlmərkzəliliklə yanaşı idealmərkəzlilik bəsici ruhiyyəsinin bərəkətlərindəndir. Cəmiyyətdəki bu ruhiyyə qorunmalı və məğrurluq bəlasına düçar olmamalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında Bəsicin İslam dünyasının siyasi coğrafyasındakı mövqeyinin təhlilini verdi: “Bəsicin mövqeyinin gündəlik məsələlərin və son iğtişaşlarla mübarizənin fövqündə olduğunu bilmək lazımdır”.

O, müstəmləkənin nə üçün Qərbi-Asiya regionunu hədəfə almasının səbəbini təhlil edərkən əlavə etdi: “İlk bağlanğıcda Avropada, ondan sonra Amerikada təzahür edən Qərb müstəmləkəçiliyi bizim regionumuzu xüsusilə diqqət mərkəzində saxlamış və saxlamaqdadır. Səbəbi də budur ki, Qərbi-Asiya neft, enerji, təbii sərvətlərin əsas mərkəzi, Şərqlə Qərbin kəsişdiyi nöqtədir. Bu səbəbdən sözügedən regionda qondarma və qəsbkar sionist rejim təsis edildi ki, Qərbin Qərbi-Asiya regionunda sərvətləri qarət etmək, müharibə yaratmaq və təfriqə salmaq üçün bazası olsun”.

İnqilabın Rəhbəri vurğuladı ki, Qərbi-Asiya regionunda ən mühüm və həssas nöqtə İrandır: “Bu səbəbdən də əvvəlcə ingilislər, daha sonra da amerikalılar İranı tam şəkildə ələ keçirmək üçün burada muzdurlar yetişdirmək üçün xüsusi sərmayə yatırımları etdilər”.

Həzrət Ayətullah Xamenei amerikalıların İrana və İnqilabdan əvvəlki hakimlərə olan təzyiqlərini və onlar üzərindəki hegemonluqlarına aydınlıq gətirərkən dedi: “Pəhləvi dövrünün siyasət adamlarının xatırladığı kimi, bu təzyiq elə bir həddə idi ki, hətta Məhəmmədrza Pəhləvi ABŞ-ın günbəgün artan bac və xərac tələbindən zara gəlsə də, cürət edib bunu dilə gətirə bilmirdi”.

O, Qərbi-Asiya regionunda İslam İnqilabının Qərbin hazırki müstəmləkə nöqtəsində çaldığı qələbəyə işarə edərək dedi: “İnqilabın baş verməsi gözlənilmədən müstəmləkəçilərin yuxusunu pozdu, onların əmin-amanlıq adasındakı müstəmləkə siyasətlərinə həlakedici, gicəlləndirici və qəfil zərbə vurdu”.

İnqilabın Rəhbəri vurğuladı ki, İslam İnqilabı ABŞ və Qərbin regiona gəlişinin qarşısına möhkəm bir sədd çəkərək yeni bir kimlik yaratı: “İslam İnqilabı ölkənin asılı kimliyini müstəqil, möhkəm, öz ayaqları üzərində dayanmaq, qüdrətli mövqedən danışmaq və bac verməmək ruhiyyəsinə malik bir kimliyə çevirdi. Bu təfəkkür təkcə İranla məhdudlaşmadı, regiona da təsir göstərdi”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının qələbəsinin əvvəllərində inqilabın ixracı ilə bağlı mübahisələrə işarə edərək dedi: “Mən İnqilabın ilk illərində Cümə namazında dedim ki, inqilab gül qoxusuna və bahar təravətinə bənzəyir, özü havada dolaşaraq hər kəsin burnuna yetişir, kimsə onun qarşısını ala bilmir. Bu səbəbdən də İslam İnqilabı təbii şəkildə region əhalisini dəyişdi, onları ayıltı. Buna görə də qərblilər, xüsusilə amerikalılar bir çarə fikirləşməli idilər. Çünki İnqilab fidanı onların İran üzərindəki ağalığına son qoymuş və regionu silkələmişdi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İnqilabın qələbəsinin ilk vaxtalarında İslam dövləti ilə mübarizədə Qərbin ən böyük problemi xalqın və inqilabçı qüvvələrin səhnədə olması idi. Səkkiz illik Müqəddəs Müdafiə Səddam və onun qərbli himayədarlarının məğlubiyyəti məhz bunun əyani təzahürü idi.

İslam İnqilabının Rəhbəri amerikalıların 15 il bundan öncə ölkənin böyük şəxsiyyətləri tərəfindən ifşa edilən planına işarə edərək dedi: “Onların planı altı ölkəni - İraq, Suriya, Livan, Liviya, Sudan və Somalini süquta uğradıb sonda İranın regiondakı strateji uzantısını və dərinləşməsini yox etmək, ölkəni zəiflətməklə sonda İran İslam Respublikası sisteminin özünü çökdürmək idi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amma İslam İnqilabı təfəkkürü və onun üç ölkəyə - İraq, Suriya və Livana olan uzantısı bəhrə verdi, böyük və mühüm bir iş baş verdi, ABŞ bu ölkələrin hər üçündə məğlubiyyətə uğradı”.

O, ABŞ-ın Livanda Hizbullah və AML-i məhv etmək üçün olan planının iflasına və milyardlarla dollar pul xərcləməsinə, yüzlərlə mütəfəkkirdən istifadə edərək minlərlə saat düşünməsinə baxmayaraq, İraq və Suriyada uğursuzluq yaşamasına işarə edərək dedi: “Regionla bağlı olan bu məkrli plan İslam Respublikasının böyük və məhsuldar qüvvəsi ilə puça çıxarıldı. Bu qüvvənin siması və bayrağı Hacı Qasim Süleymani adlı bir şəxsiyyət idi. Buradan da Hacı Qasimin adının İran xalqı tərəfindən nə üçün bu qədər sevilməsi, düşmənləri bu qədər narahat etməsi məlum olur”.

İnqilabın Rəhbəri bəsicilərə bu geniş mübarizə meydanını daha böyük miqyasda anlayıb təhlil etməyi, öz baxışlarını bir neçə zidd-inqilab ünsürlə məhdudlaşdırmamağı tövsiyə etdi: “Bu makro təhlillə düşmənin 2 və 3-cü HBFP-larında nə üçün israrlı olmasının, daxildə də bir qrup insanın məlumatsızlıq üzündən onların sözlərini təkrarlamasının səbəbini anlamaq olar”.

O dedi: “İkinci BHFP, yəni İran regiondak varlığına tamamilə son qoymalıdır, üçüncü BHFP, yəni İran heç bir mühüm və strateji silah, raket və dron istehsal etməməli, nəticədə də hücum qarşısında əliboş qalmalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Bəsicin ölkədəki varlığının mənası bu cür böyük planlara qarşı sinə gərməkdir: “Siz bəsicilər bu döyüş meydanında Hərəmi müdafiə etdiniz, ABŞ-ın yaratdığı İŞİD-lə mübarizə apardınız, Livanın cəsur döyüşçülərinə və fələstinlilərə bacardığınız köməyi etdiniz, yenə də kömək edəcəksiniz”.

O vurğuladı ki, Bəsicin döyüş meydanı bir neçə küçə iğtişaşçısı ilə mübarizə yox, bu cür geniş və dərin meydandır: “Təbii ki, bu da Bəsici iğtişaşçılarla mübarizə aparmaqdan yayındırmaq demək deyil. Çünki bu problem də həll edilməli, hər bir iğtişaşçı və terrorçu cəzalandırılmalıdır. Amma bəsic özünün və bəsicin qədrini bilməli, xırda işlərlə məhdudlaşmamalı və bilməlidir ki, iğtişaşçı da böyük planı iflasa uğradığı üçün burada meydana atılmış həmin əlin barmağının ucudur”.

İslam İnqilabının rəhbəri vurğuladı: “Bəsic unutmasın ki, əsl mübarizə beynəlxalq imperializmlədir. Bu bir neçə nəfər ya qafil, ya cahil, ya səhv analiz edən məlumatsız, ya da muzdurdur”.

O, bəzilərinin zəif və əsassız təhlillərindən təəssüf hissi keçirdiyini dedi: “Bu adamların bəzisi qəzetlərdə və virtual məkanda bildirirlər ki, iğtişaşlara son qoymaq üçün ABŞ-la olan probleminizi həll etməli və xalqın səsini eşitməlisiniz”.

Həzrət Ayətullah Xamenei – “ABŞ-ın İranla olan problemi necə həll olar?” - deyə bir sual ünvanlayaraq dedi: “Bu, ciddi və real bir sualdır. Mübahisə etmək niyyətim yoxdur. Problem oturub müzakirə etməklə və ABŞ-dan öhdəlik almaqla həll olurmu?”

O, 1359-cu ildə girovların azad edilməsi ilə bağlı əlcəzairlilərin amerikalılarla apardıqları danışıqlara, ABŞ-ın İran sərvətlərini buraxacağı və ölkəmizin daxili işlərinə müdaxilə etməyəcəyi ilə bağlı öhdəliyinə işarə edərək dedi: “Biz bütün girovları azad etdik, amma ABŞ öz öhdəliklərinə əməl etmədi, o cümlədən sanksiyaların ortadan qaldırılması və bloklanmış sərvətlərin buraxılması ilə bağlı öhdəliyə əməl etmədi”.

İnqilabın Rəhbəri bildirdi ki, ABŞ-ın BHFP məsələsi, yəni nüvə sənayesi fəaliyyətinin azaldılması qarşılığında sanksiyaların ortadan qaldığrılması məsələsində üzərinə götürdüyü öhdəliyə əməl etməməsi ABŞ-la olan planın müzakirələr yolu ilə həll edilə bilmədiyini göstərən başqa bir nümunədir: “Müzakirə bizim ABŞ-la olan problemimizi həll etmir. Bəli, ABŞ-a bac vermək problemi həll edir. Onlar da bir dəfə bac ödənliməsi ilə qane olmurlar və hər dəfəsində yeni bir xərac istəyəcəklər”.

O əlavə etdi: “Əvvəlcə deyirlər ki, 20% zənginləşdirməni dayandırın, sonra 5% zənginləşdirməni, ardınca bütün nüvə sənayesinin dayandırılmasını, daha sonra da konstitusiyanın dəyişdirilməsini, sonra sərhədlər arxasında həbs olunmanı, İranın tərki-silah olmasını və müdafiə sənayesindən əl çəkməsini tələb edirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, kimsə, hətta İslam Respublikasını da qəbul etməyə bilər, amma heç bir qeyrətli iranlı bu cür bac və xəracları verməyə hazır deyil: “Buna görə də ABŞ-la müzakirə heç bir problemi həll etmir. Yalnız bütün əsas sahələrdə bac veriləcəyi və qırmızı xətlərin aşılacağı təqdirdə - Pəhləvi dövründə olduğu kimi - ABŞ-ın ölkəmizlə işi olmayacaq. Məgər xalq bunun üçün inqilab edib bu qədər şəhid verdi?”

O, bəzi iddiaçıların “xalqın səsinin eşidilməsi” ilə bağlı reseptinə işarə edərək dedi: “Xalqın ildırımı xatırladan səsi bu il 13 aban tarixində ucaldı. Həmin səsi eşitdinizmi? Siz xalqın səsini eşidin. Bu əzəmətli cəmiyyət və Şəhid Süleymaninin dəfnində iştirak edən 10 milyondan çox adam xalqın səsi idi. Bu gün ayrı-ayrı şəhərlərdəki şəhid dəfnləri xalqın terrorizmə və işğtişaşçıya qarşı səsləndirdiyi şüarlar xalqın səsidir. Siz xalqın səsini eşitmirsiniz?”

İnqilabın Rəhbəri çıxışının son hissəsində bəsicilərə bir neçə tövsiyə verdi: “Bəsici qalın, özünüzdəki bəsici ruhiyyəsini və imanını qoruyun, öz qədrinizi bilin. Əlbəttə, fəxr etməmək bəsiciyə xas olan bir cəhətdir. Amma bu ilahi lütfün qədrini bilin. Düşməni, onun zəif nöqtələrini, planlarını tanıyın. Özünü böyük və güclü göstərməklə sizi qəflətə salmağa çalışan bir düşmənə qarşı ayıq olun. Öz inkişafınızdan muğayat olun, onu ölçün”.

O, bəsicilərə ünvanladığı beçinci tövsiyəsində dedi: “Bu gün bədxahların ən mühüm metodu telekanallar və ya virtual məkan vasitəsilə yalan uydurmaqdır. Bu hiylə qarşısında öz açıqlama cihadı vəzifənizə əməl etməklə ayıqlığınızı artırın, torpaqlardan çox beynilər üzərində hökmranlıq etmək istəyən bir düşmənin bu məqsədə çatmasına imkan verməyin”.

İnqilabın Rəhbəri altıncı tövsiyəsində vurğuladı ki, öz əməli hazırlığınızı qoruyun və qəflətə düşməyin: “Hamı, xüsusilə ölkə rəhbərliyi ölkə ətrafında cərəyan edən hadisələrə qarşı diqqətli olmalıdır. Çünki bizim üçün həm Qərbi-Asiya, həm Qafqaz, həm də ölkənin şərq regionu mühüm əhəmiyyət daşıyır. Düşmənin nə etmək istədiyini bilmək üçün bütün bunlara qarşı diqqətli olmalıyıq”.

Həzrət Ayətullah Xamenei imperialistlərin dünya çempionatı fürsətindən istifadəsinə, digər işləri görmək üçün (bu çempionatdan əvvəlki dövrlərdəki kimi) bütün gözlərin buraya dikilməsindən qaynaqlanan qəflətə, bu mərhələdəki ayıqlığa və diqqətliliyə işarə edərək vurğuladı: “İndi ki, dünya çempionatından söz düşüdü, dünən milli komandamızın uşaqları xalqın gözünü aydınlatdılar. Xalqı sevindirdikləri üçün, inşallah gözləri aydın olsun”.

O, yeddinci tövsiyəsində layiq olmayan yanlış insanların Bəsicə nüfuzundan ehtiyatlı olmağı tövsiyə etdi. O, sonuncu tövsiyəsini Quranın bir göstərişi ilə ifadə etdi: “Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz!”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /