Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhid və şəhidlik bütün dini, milli, insani və əxlaqi dəyərləri əhatə edir

İslam İnqilabının Ali Rəhbərinin 8 aban 1401-ci il (30 oktyabr 2022) tarixində Qum şəhidlərinə həsr edilmiş konqresin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün (çərşənbə) səhər sözügedən Qum konqresinin təşkil edildiyi məkanda yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə şəhidlərin xatirəsinin yaşadılması və verdikləri mesajların dinlənilməsinin zəruriliyini vurğulayaraq Qumun “qiyam edən və qiyam yaradan” şəhər olduğunu dedi: “Qum həm qiyam etdi, həm də İranı qiyama vadar etdi. Bu, Həzrət Fatimeyi-Məsumənin hərəmi, Elmi-Teoloji Mərkəzin və bu şəhərin mübarizə yolunda çoxlu şəhidlər vermiş əhalisinin bərəkətindən idi. Mütəhhəri, Behişti və Bahünər kimi şəhidlər də Qumun yetirmələridir. Əslində, İranın bütün şəhidləri Qum şəhidləri hesab edilir. Belə ki, Böyük İmamın çağırışına cavab verib hərəkatı başladan məhz Qum olmuşdur”.

O, Qum əhalisinin İnqilabın qələbəsində və Müqəddəs Müdafiədə oynadığı parlaq rola, habelə günümüzə qədər verdiyi ardıcıl imtahanlara işarə edərək şəhidlərin üstün xüsusiyyətlərinin incəsənət dili ilə təqdim edilməsinin vacibliyini vurğuladı: “İnqilabdan əvvəl və sonra baş vermiş parlaq hadisələrin hər biri parlaq bir tarixi nöqtə və ulduza bənzəyir. Son günlər Şahçıraqda baş vermiş hadisə də bu ulduzlardan biridir. Qeyd olunan hadisə bir qrup insanın matəmə batmasına səbəb olub, hamımızın ürəyini qəm-qüssə ilə doldursa da, ölkə tarixində əbədilik qazandı. İran xalqının diriliyindən xəbər verən bu hadisə fəxr və başıucalıq səbəbidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şəhid və şəhidlik bütün milli, dini, insani və əxlaqi dəyərləri əhatə edir: “Şəhid həqiqi imanın, saleh əməlin, Allah yolunda cihadın təzahürüdür; milli kimliyi yüksəldir. Bu gün şəhidlər, onların ata və analarının fədakarlıqları İran xalqının əzəmətinə səbəb olur”.

O, habelə şəhidliyin fədakarlıq və şücaətin məzhəri olduğunu dedi: “Müqəddəs Müdafiənin şəhidi öz canını qurban verdi ki, xəbis və zalım düşmən Tehranı alıb İran xalqını zillətə sürükləyəcəyi ilə bağlı verdiyi vədi gerçəkləşdirə bilməsin. Təhlükəsizlik yolunun şəhidi öz canını xalqın təhlükəsizliyi və asayişi uğrunda qurban verir. Bu fədakarlıqlar şəhid və şəhidlik məzmununda gizlənmiş bütün əxlaqi maarifi təcəssüm etdirir”.

İnqilabın Rəhbəri bildirdi ki, şəhidlik Allahla ticarətdir və milli maraqları təmin edir: “Şəhidlik həmrəyliyə səbəb olur; o, müxtəlif etnosları və dilləri vətən məzmununda bir-birinə bağlayan təsbeh sapına bənzəyir. Hər bir şəhərdə İslamın izzəti, İslam Respublikasının əzəməti və İranın güclənməsi uğrunda digər həmvətənləri ilə çiyin-çiyinə və bir hədəf yolunda şəhadətə yetişmiş şəhidlərin adı ucadır”.

O, Müqəddəs Müdafiənin bütün xırdalıqları, şəhidlər, onların ata və analarının bioqrafiyası ilə bağlı məlumat verilməsinin zəruri olduğunu dedi: “Bunun üçün incəsənət dilinə, film və seriallar çəkilməsi, sənədli verilişlər hazırlanması və şeirlər yazılması kimi incsənət fəaliyyətlərinə ehtiyac var”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda İslama, İnqilaba və xalqa ürək bağlamış bütün insanların uşaqlar, yeni nəsillər və əziz İran üçün bütün güclərini və imkanlarını səfərbər edəcəklərinə, şəhidlərin xatirəsi və mesajlarının yaşadılmasına və təbliğinə çalışacaqlarına ümidvar olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /