Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Son hadisələr sırf küçə iğtişaşları yox, hibrid müharibə idi

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər 13 aban Qlobal İmperializmlə Milli Mübarizə Günü münasibətilə yüzlərlə məktəbli ilə görüşdə 13 aban tarixinin ABŞ-ın cinayətlərinin, eyni zamanda onun zəifliyi və məğlub ola bilmə imkanının təcəssümü olduğunu dedi. O, amerikalıların özlərini həyasızcasına, guya, İran xalqının halına yanan kimi göstərmələrinə işarə edərək vurğuladı: “Son bir neçə həftədə baş verən hibrid müharibədə ABŞ, sionist rejim, Avropanın bəzi məkrli gücləri və bəzi qruplar İran xalqına zərbə endirmək üçün bütün imkanlarını səfərbər etdilər. Amma İran xalqı bədxahların ağzından vurub arzularını ürəklərində qoydular”.

İnqilabın Rəhbəri 13 abanın tarixi və təcrübə öyrədən bir gün olduğunu dedi: “Bu mühüm gün, vəhdət və birliyi göstərən toplantılar amerikalıları və amerikan meyilli insanları qəzəbləndirir, əsəblərini tarıma çəkir. Çünki bu gün həm ABŞ-ın cinayətlərini, həm də ABŞ-ın zəifliyi və məğlub oila biləcəyini təcəssüm etdirən bir gündür”.

O, 13 aban hadisələrinə, İmam Xomeyninin 1343-cü il 13 aban tarixində etdiyi ifşaedici çıxışına və sürgün edilməsinə işarə edərək belə qeyd etdi: “İmam (r.ə) Məhəmmədrza Pəhləvinin göstərişi ilə o dövrün parlamentinin qəbul etdiyi İranda yaşayan on minlərlə amerikalının toxunulmazlığı qanununa etiraz etdiyi üçün sürgün edildi”.

Həzrət Ayətullah Xamenei habelə 13 aban 1357-ci il tarixində Tehran universitetinin önündə bir neçə məktəblinin qətlə yetirilməsi və 14 aban 1358-ci il tarixində tələbələrin ABŞ səfirliyinə hücum etməsi hadisələrinə işarə edərək dedi: “Həmin hücum vaxtı tiran şah rejimi dövründə ABŞ-ın xəyanətləri, müdaxilələri və İran sərvətlərinin ABŞ tərəfindən qarət edilməsi, habelə İslam İnqilabına qarşı həyata keçirilmiş müxtəlif planları əks etdirən çoxlu sənədlər ələ keçdi. Bu məsələlərin dərslik kitablarına salınmasına israr edilsə də, təəssüflər olsun ki, gerçəkləşmədi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, amerikalıların İran xalqı ilə ABŞ arasındakı gərginliyin casus yuvasına hücumdan sonra başlandığını ifadə edən iddiaları böyük bir yalandır: “Bu gərginlik 28 mordad 1332-ci il tarixində İngiltərənin köməyi ilə ABŞ-ın Müsəddiqin Milli Hökumətini devirməsi ilə başladı”.

O, doktor Müsəddiqin ABŞ-a etimad edən nikbin bir adam olduğunu vurğuladı: “O nə Höccətül-İslam idi, nə də islamçılıq iddiasında idi. Günahı yalnız bu idi ki, İran neftinin ingilislərin və amerikalıların yox, yalnız İranın ixtiyarında olmasını istəyirdi. Amma amerikalılar öz maraqlarına görə, hətta bu adama da dözmədilər. Müsəddiq ABŞ-ın köməyinə ümid bəslədiyi halda, ona arxadan xəncər vurdular, pullar xərclədilər, bəzi xain, rəzil və alçaq adamların köməyi ilə onu devirdilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ABŞ siyasətçilərinin bu günlərdə İran xalqının yanında olduqlarını ifadə edən çıxışları riyakarlıq və həyasızlığın kuliminasiyasıdır. Daha sonra o amerikalılara belə bir sual ünvanladı “Bu 40 il ərzində sizin İran xalqına qarşı bacarıb etmədiyinz elə bir iş oldumu? Müharibə kimi birbaşa bir fəaliyyətiniz olmayıbsa, səbəbi də budur ki, ya bacarmamısınız, ya da iranlı gənclərdən qorxmusunuz”.

İnqilabın Rəhbəri İnqilabın qələbəsindən sonra Vaşinqtonun bəzi separatçı qruplaşmalara verdiyi dəstək vasitəsilə ABŞ-ın törətdiyi cinayətlər və həyata keçirdiyi məkrli planlardan danışdı, sonra Həmədanın Şəhid Noje aviabazasındakı üsyana, münafiqlərə ölkənin ayrı-ayrı yerlərində minlərlə adamın şəhid olmasına səbəb olan kor terrorizmə, məcburi müharibədə vəhşi Səddama hərətəfəli dəstək, raket hücumu, Fars körfəzi səmasında İranın sərnişin təyyarəsinin vurulması və 300 nəfərin şəhadətə yetməsi, bu sərnişin təyyarəsinə atəş açmış gəmi kapitanı olan generalın həyasıcasına mükafatlandırılması, İnqilabın qələbəsinin ilk günlərindən başlayaraq İrana qarşı sanksiyalar həyata keçirilməsi, son illərdə tarixin ən ağır sanksiyalarının tətbiq edilməsi, İranda fitnə və qarışıqlığa dəstək verilməsi hadisələrinə işarə etdi: “Obama daha öncə bizə dostluq məktubu yazdığı halda, 1388-ci ildə amerikalılar fitnəyə dəstək verdiklərini açıq şəkildə elan etdilər. Bu vasitə ilə İslam Respublikasını yox edə biləcəklərini düşünürdülər”.

Həzrət Ayətullah Xamenei iranlıların sərdarı və milli qəhrəmanı, regionun qəhrəmanı Hacı Qasim Süleymaninin şəhid edilməsi, bu cinayətlə fəxr edilməsinin ABŞ-ın məkrli planları və alçaqlıqlarından bir başqası olduğunu dedi: “Siz bizim nüvə alimlərini qətlə yetirənləri, yəni sionistləri himayə etdiyinizi elan etdiniz, İran xalqının milyardlarla dollar pulunu Amerikada və digər ölkələrdə həbs etməklə problemlərini azaltmaq istəyən İran xalqını öz sərvətindən, ondan istifadə hüququndan məhrum etdiniz”.

O əlavə etdi: “Anti-İran hadisələrin çoxunda da sizin ayaq izləriniz aşkardır. Halbuki tam bir həyasızlıqla ağ yalan danışır və İran xalqının halına yandığınızı iddia edirsiniz. Sizin acığınıza İran xalqı bu düşmənçiliklərin çoxunu puça çıxarmışdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Bəzi hadisələri əsla unutmamışıq və unutmayacağıq. Süleymaninin şəhadəti ilə bağlı verdiyimiz sözün üzərində dayanmışıq və vaxtı çatanda verdiyimiz sözə əməl ediləcək”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bu günkü Amerika dünənki, 28 mordad tarixindəki və Səddamı himayə edən Amerikadır: “Düzdür ki, onların düşmənçilik üsulları keçmişdəkindən müəyyən qədər fərqlənir və daha da mürəkkəb xarakter alıb. Amma biz gənclərimizə və fəallara güvənirik. Bilirik ki, bu mürəkkəb üsulların öhdəsindən gələ bilərlər. Onlar həm də ayıq olmalıdırlar”.

O bildirdi ki, bu günkü Amerika ilə dünənki Amerikanın fərqlərindən biri də dünyanın siyasi analitiklərinin çoxunun ABŞ-ın süqut etməkdə olması məsələsində həmfikir olmalarıdır: “Bu aşkar süqutun əlamətlərindən birini ABŞ-ın iqtisadi, sosial, əxlaqi müstəvilərdəki analoqu olmayan daxili problemlərində, ölkə daxilindəki qanlı ixtilaflarda və ikiyə bölünmələrdə görmək olar”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ-ın tənəzzülünü göstərən əlamətlərdən biri onun dünyada mövcud olan məsələlərlə bağlı yol verdiyi hesablama yanlışlarıdır: “Bu hesablama yanlışlarından biri ABŞ-ın iyirmi il bundan əvvəl Talıbanın kökünü kəsmək üçün Əfqanıstana çoxlu cinayətlər və qətllərlə müşayiət olunan hücumu idi. Məsələləri düzgün anlaya bilməmələri üzündən 20 ildən sonra Əfqanıstandan çıxıb bu ölkəni Talibana təhvil verməyə məcbur oldular”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İraqa hücum və nəzərdə tutulan məqsədə nail ola bilməmək də amerikalıların hesablama yanlışlarının başqa bir nümunəsidir: “Amerikalılar başlanğıcda amerikalıları və ya onlara bağlı olan adamları İraq rəhbərliyinə təyin etmək məqsədi güdürdülər. İraqın hazırki şəraiti və iraqlı siyasətçilərin seçki yolu ilə rəhbərlikdə təmsil olunması amerikalıların heç vaxt nəzərdə tutmadıqları bir gerçəklikdir. Bu məsələdə də onlar məğlubiyyətə uğradılar”.

O qeyd etdi ki, ABŞ-ın Suriya və Livanda, xüsusilə qaz boru xətlərinin təyin edilməsi məsələsində məğlubiyyətə uğraması hesabalma yanlışı nəticəsində baş verən uğursuzluq nümunələrindəndir: “ABŞ-ın tənəzzülündən xəbər verən nümunələrdən biri əhalinin indiki və əvvəlki prezidentinə səs verməsidir. Əvvəlki dövrdə Tramp kimi bir adam prezident seçildi. Hamı onu dəli hesab edirdi. İndi də elə bir adam prezidentlik edir ki, hamı onun hansı vəziyyətdə olduğunu bilir”.

Qeyd olunan məsələlərin bir sivilizasiyanın tənəzzül amili olduğunu deyən İslam İnqilabının Rəhbəri Qərb dövlətlərinin bir çoxunun bu cəhətlərdən ABŞ-a bənzədiyini vurğuladı: “Əxlaqi tənəzzül, rəzillik, bundan da ağır cinayətlərə əl atan qərblilər media vasitəsilə təxribat, iğtişaş, yandırıcı butulkaların və əl bombalarının düzəldilməsi dərsləri verirlər”.

Həzrət Ayətullah Xamenei son bir neçə həftədə ölkədə baş verən iğtişaşlarda Amerikanın oynadığı rola işarə edərək dedi: “İnformasiya Nazirliyi və Sepahın İnformasiya İdarəsinin iğtişaşlarla bağlı əldə etdikləri birgə məlumatlar və mühüm kəşfiyyat materialları düşmənin Tehran, habelə digər böyük və kiçik şəhərlər üçün planlar hazırladığını göstərir”.

O bildirdi ki, bəzi yeniyetmələr və gənclərin meydanlara çıxması hadisənin görünən üzüdür: “Bunlar bizim öz uşaqlarımızdır. Bizim bunlarla heç bir problemimiz yoxdur. Çünki bəzi emosiyalar, agitasiyalar, habelə bəzi məsələlərə diqqətsizlik nəticəsində meydanlara çıxıblar. Amma hazır və planlı şəkildə meydana çıxan ssenaristlərin olması ciddi məsələdir”.

İslam İnqilabının Rəhbəri ayrı-ayrı sahələrin aidiyyatı şəxslərini, xüsusilə siyasət və iqtisadiyyat sahəsinin məsul şəxslərini, əhalini, xüsusilə gəncləri əsas ssenaristlər, onların planları və proqramlarına qarşı xüsusilə diqqətli və ayiq olmağa çağırdı: “İnformasiya qurumları bu məsələyə nəzarət edir və ayıqdırlar. Düşmənin planları İran xalqına İngiltərə və ABŞ rəhbərliyinin inancını aşılayacaqıb onları öz köklərinə salmaqdan ibarətdir. Amma İran xalqı, həqiqətən, onların ağzından vurdu, bundan sonra da vuracaq”.

Həzrət Ayətullah Xamenei dedi: “Bəzi adamlar planlı şəkildə və hazır proqramla meydana atıldılar. Xarici qüvvələrlə əlaqədə olan bu adamlar cinayət törətdilər. Bu diqqət yetirilməsi vacib olan çox mühüm bir məsələdir”.

O, Şahçıraqda baş vermiş hadisənin, uşaqların və böyüklərin qətlə yetirilməsinin böyük bir cinayət olduğunu dedi: “Bu faciədə şəhid edilmiş məktəbli uşaqların nə günahı var idi? Bu cinayət nəticəsində atası, anası və qardaşını itirərək böyük bir kədərə qərq olmuş oğlan uşağı nə günah edib? Tehranda işgəncələr altında şəhid edilərək cəsədi küçənin ortasına atılmış gənc, dindar və hizbullahçı əziz Arman nə günah etmişdi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu cinayətləri törətmiş adamlar kimlərdir? Haradan əmr alırlar? Əlbəttə ki, bunlar bizim uşaqlarımız və gənclərimiz deyillər. Sözügedən cinayətlərin iştirakçıları aşkarlanmalı, bu cinayətlərdə əli olduğu sübuta yetmiş hər kəs heç şübhəsiz cəzalandırılacaq”.

Həzrət Ayətullah Xamenei insan hüquqları iddiaçılarının bu cinayətlər qarşısındakı susqunluğuna işarə edərək dedi: “Nə üçün bu iddiaçılar Şirazda baş vermiş hadisəni qınamadılar? Nə üçün reallığı əks etdirməyən yalan bir hadisəni minlərlə dəfə öz internet səhifələrində tirajlayır, amma Arşamın adının çəkilməsini qadağan edirlər? Bu iddiaçılar, həqiqətən, insan hüquqları tərədarıdırlar?”

İslam İnqilabının Rəhbəri çıxışının davamında yeniyetmələrə və gənclərə səslənərək dedi: “İndiki yeniyetmə və gənclər keçmişdəki yeniyetmə və gənclərdən fərqli olaraq yetkin, ağıllı, dərrakəli, düşüncə və analizi olan şəxslərdir. Bu, İslam İnqilabının bərəkəti sayəsində meydana gəlib. Çünki İnqilabdan əvvəlki gənclər o qədər boş-boş işlərlə məşğul olub ehtiraslarının dalınca düşürdülər ki, ölkənin əsas məsələlərinə diqqət ayırmağa vaxtları olmurdu”.

O vurğuladı: “Düşmən də indiki yeniyetmələr və gənclərin aktiv düşüncəsinin, analiz və düşüncə sahibi olması həqiqətinin fərqindədir. Bu həqiqətə qarşı mübarizə aparmaq üçün internet şəbəkələrindən istifadə edir, yalan məlumatlar hazırlayıb, böyük miqyasda təkrar-təkrar tirajlayırlar”.

İslam İnqilabının Rəhbəri gənclərin aktiv düşüncələri üçün hazırlanmış yalan, iftira və azdırıcı məlumatlar sıxlığına işarə edərək dedi: “Aydınlatma cihadı ilə bağlı tez-tez xatırlatma etməyimizin də səbəbi budur. Düşmən yalan və azdırıcı məlumat hazırlamazdan əvvəl daxildə həqiqi və düzgün məlumatlar hazırlanmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Media, rabitə və kommunikasiya sahəsinin rəhbərlərindən istəyim budur ki, məlumatların toplanması, aydınlatma cihadı və bu istiqamətdə proqram işlənib hazırlanmasına məsuliyyətlə yanaşsınlar. Düşmənin bəzi sözlərə və adlara qarşı nə üçün həssas olub onların qarşısını almağa çalışdıqlarını anlayın”.

İnqilabın Rəhbəri gəncləri iranlı gənclərin düşüncələrinin yalan məlumatlar vasitəsilə təkrar-təkrar və geniş miqyasda bombardman edilməsinə qarşı məsuliyyətli olmağa çağırdı: “Düşmənin bu proqramına qarşı məsuliyyətli olun. Həqiqətin və düz sözün yalandan ayırd edilməsinə çalışın”.

O əlavə etdi: “İnadkar olmayan, qəfləti, yanlış anlaması və informasiya mənbələrində yanlış məlumatlar eşitməsi nəticəsində düşmənlə səs-səsə vermiş adamları mübahisə etmədən, yazmaqla, mesaj göndərməklə və arqument təqdim etməklə maarifləndirin”.

O, son bir neçə həftədə baş vermiş hadisələrin sırf küçə iğtişaşları yox, bir hibrid müharibə olduğunu dedi: “Düşmən, yəni Amerika, sionist rejimi, Avrpanın bəzi xəbis və məkrli gücləri, bəzi qruplar bütün imkanları ilə meydana atıldılar, informasiya vasitələrindən, media və virtual məkandan, İranla bağlı keçmiş təcrübələrdən və bəzi ölkələrdən isitfadə edərək İrana zərbə vurmağa çalışdılar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, xalq sözün həqiqi mənasında bədxahların ağzından vurub onların arzularını ürəklərində qoydu”.

İnqilabın Rəhbəri dünyanın nizamının dyişməsi və dünyaya yeni sistemin hakim olacağından xəbər verən əlamətlərə işarə edərək gənclərə İranın və iranlıların yeni dünya sistemindəki rolunu və yerini tanımağı tövsiyə etdi: “Yeni dünya nizamının yönləri və forması dəqiq məlum deyil, amma əsas xətləri təsəvvür edilə biləndir”.

O bildirdi ki, yeni sistemin birinci əsas xətti ABŞ-ın təcrid edilməsidir: “Amerikalıların özlərini dünyanın yeganə sahibləri hesab etdikləri keçmiş vaxtlardan fərqli olaraq yeni sistemdə Amerikanın elə də mühüm rolu yoxdur, təcrid olunmuşdur. O, əlini və ayağını dünyanın ayrı-ayrı nöqtələrindən çəkməyə məcbur olacaq”.

O, məktəblilərin “Amerikaya ölüm” şüarına münasibət bildirərək dedi: “Bəziləri deyirlər ki, bu şüarı verməyin. Çünki amerikalılarla düşmənçiliyə səbəb olur. Halbuki amerikalılar İran xalqı ilə düşmənçiliyə 28 mirdad 1332-ci il tarixində İranda heç kəsin “Amrikaya ölüm” demədiyi bir vaxtda başladı. Məhz həmin hadisədən sonra tələbələr eyni ilin 16 azər tarixində Tehran Universitetində “Amerikaya ölüm” şüarı verdilər. Bu şüar 16 azərin yadigarıdır”.

İnqilabın Rəhbəri yeni dünya sisteminin ikinci və üçüncü əsas xəttinin siyasi, iqtisadi, mədəni və elmi gücün Qərbdən Asiyaya keçəcəyindən, məntiq və müqavimət cəbhəsinin genişləyəcəyindən ibarət olduğunu dedi.

O qeyd etdi ki, imperialist qüvvələrin hegemoniyasına qarşı müavimət fikri və cəbhəsinin genişləndirilməsinin təşəbbüskarı İslam Respublikası olmuşdur: “Nə şərqi, nə qərbi deyən ilk şəxs bizim böyük imamımız olmuşdur. Bu ruhiyyə və qətiyyətli söz günümüzdə o qədər geniş vüsət alıb ki, regionumuzda çoxları müqavimət məntiqinə inanaraq və əməl edərək ondan nəticə alıblar. Hizbullahın bərəkəti sayəsində livanlıların qaz boru xətləri hadisəsində əldə etdikləri nəticəni buna misal göstərmək olar”.

“Yeni dünyada İran necə və hansı mövqedə olacaq?” sualı ilə gənclərə xitab edən Həzrət Ayətullah Xamenei gəncləri bu sual ətrafında düşünməyə və özlərini yeni dünyaya hazırlamağa çağırdı: “Əziz İran zəkalı və istedadlı insan resursuna, müxtəlif və zəngin sərvətlərə, həssas və üstün coğrafi mövqeyə, hamısından mühüm isə yüksək idarəetmə və mədəniyyət məntiqi kimi üstün xüsusiyyətə malik olduğu üçün yeni sistemdə yüksək mövqe kəsb edə bilər”.

İnqilabın Rəhbəri İranın misilsiz soğrafi üstünlüyündən istifadə edilməsinin, onun çox qabaqcıl və yüksək tranzit yoluna çevrilməsinin dəmir yolu xətlərinin inkişafından asılı olduğunu dedi: “Bu sahədə çoxlu israrların olmasına baxmayaraq, Böyük İmamdan sonrakı hakimiyyət dövründə müəyyən işlər görülsə də, ayrı-ayrı hökumətlərin vaxtında bu işə səhlənkar yanaşıldı. İndiki hökumət də müəyyən işlər görmək niyyətindədir”.

O bildirdi ki, İslam Respublikası, onun hökumət və mədəni məntiqinin mühüm üstünlüyü insanların fikir və rəyləri ilə ilahi maarifin vəhdətdə olmasıdır: “Bu, asan iş deyil. Amma İslam Respublikası buna nail olub. Təbii ki, nöqsanlar da mövcuddur və bizim də onlardan xəbərimiz var. Lakin sözügedən ideya və məntiq dünyada yenidir”.

O, 1360 və 1370-ci illərin gənclərinin zəkası və istedadının səmərəsinin gözlər önündə olduğuna işarə edərək dedi: “Gələcəkdə 1380-ci illərin siz gənclərinin və 90-cı illərdə doğulanların bərəkətini də hər kəs görəcək”.

Həzrət Ayətullah Xamenei yüzlərlə məktəblinin önündə etdiyi çıxışının son hissəsinda mühüm bir nüansı qeyd etdi: “Bütün məsullar və xalqın hər bir nümayəndəsi diqqətli olmalıdır ki, atdığı hər bir addım, gördüyü hər bir iş və dediyi hər bir sözlə ölkə xaricinə hansı mesajı verir”.

İnqilabın Rəhbəri vurğuladı: “Xalq, gənclər və ölkə rəhbərliyi hegemonlara qarşı dirəniş göstərmək üçün hansı müqavimət gücünə və möhkəm iradəyə malik olduqlarını bütün dünyaya, xüsusilə düşmənlərə göstərsinlər”.

O əlavə etdi: “Bu məsələdə dövlət xadimlərinin üzərinə də ağır vəzifələr düşür. Onlar keçmişdə yol verdikləri səhlənkarlıqları təkrar etməməlidirlər. Müxtəlif qurumlar, o cümlədən təhsil və təlim-tərbiyə, elmlər, səhiyyə, maarif nazirlikləri, İqtisadiyyat Nairliyi, Prezident aparatının elmi məsələlər üzrə idarəsi öz vəzivələrinə ciddi şəkildə əməl etməlidirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əmin olun ki, harada işləməsindən və nə işlə məşğul olmasından asılı olmayaraq, hər kəs öz vəzifələrini tanıyıb onlara əməl etsə, bütün problemlər həll olar, dövlət və millət özünün son arzusuna çatar”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /