İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gün Həzrət Əhməd ibn Musanın (əleyhiməssalam) pak hərəmində onlarla günhasız kişi, qadın və uşağın şəhadətə yetməsi və yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı ünvanladığı müraciətdə sözügedən hadisənin matəmə qərq etdiyi ailələrə, Şiraz əhalisi və İran xalqına başsağlığı verərək vurğuladı: “Təhlükəsizlik orqanları, məhkəmə, düşüncə və təbliğat sahəsinin fəalları, əziz xalqımızın bütün fərdləri xalqın canı, təhlükəsizliyi və müqəddəs dəyərlərinə etinasızlıq və hörmətsizlik edən cərəyan qarşısında vahid bir yumruq kimi birləşməlidir”.
İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Həzrət Əhməd ibn Musanın (əleyhiməssalam) pak hərəmində onlarla günhasız kişi, qadın və uşağın şəhadətə yetməsi və yaralanması ilə nəticələnən mənfur cinayət qəlbləri acı və qəm-qüssə ilə doldurdu. Bu kədər saçan cinayətin səbəbkarı və ya səbəbkarları mütləq cəzalandırılacaqlar. Amma əzizlərin acısı və Əhli-beytin (ə) hərəminə qarşı edilən hörmətsizliyin acısı yalnız sözügedən faciənin əsas səbəbkarlarının araşdırılması, tapılıb haqlarında qətiyyətli və ağıllı tədbir görülməklə soyuyacaqdır. Fitnəçi və iğtişaşçı düşmənin əli, onun xain və ya cahil və bəsirətsiz icraçılarına qarşı hamımızın vəzifələri vardır. Təhlükəsizlik orqanları, məhkəmə, düşüncə və təbliğat sahəsinin fəalları, əziz xalqımızın bütün fərdləri xalqın canı, təhlükəsizliyi və müqəddəs dəyərlərinə etinasızlıq və hörmətsizlik edən cərəyan qarşısında vahid bir yumruq kimi birləşməlidir. Əziz millət və aidiyyatı qurumlar düşmənlərin cinayətkar planına mütləq qalib gələcəkdir, İnşallah!
Mən bu hadisə səbəbilə yasa batmış ailələrə, Şiraz əhalisinə və bütün İran xalqına başsağlığı verir, yaralılara Allah-taaladan şəfa diləyirəm.
Seyid Əli Xamenei
5 aban 1401
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir