Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

40 illik nailiyyətlər İnqilabın dünya ilə bağlı təhlilinin doğruluğunu göstərdi

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər gənc elita və yüksək elmi istedadı olan gənclərin bir qrupu ilə görüşdə akademik elitanın son qırx il ərzində İranın yüksək reputasiyasına səbəb olduğunu dedi: “Hamı, xüsusilə ölkə rəhbərliyi və ölkə səviyyəsində nüfuzu olan şəxslər elmi elitanı ölkənin ən mühüm sərvətlərindən hesab etməli, onlara dəstək verməlidirlər. Elita da öz fərdi potensial və istedadlarını ölkənin inkişaf sərmayəsinə çevirməlidirlər”.

O, ölkənin gələcəyinin işıqlı üfüqünə işarə edərək dedi: “Son qırx üç ildə dəfələrlə İslam Respublikasının dağılacağı deyilib. Amma İnqilabın hərəkətinin möhkəmliyi və davamlılığı bu təhlilin səhv və qeyri-real olduğunu göstərir”.

İnqilabın Rəhbəri korona problemi yüngülləşdikdən sonra elit gənclərin ümidverici və daim yüksək əhval ruhiyyə içərisində keçən toplantılarının yenidən təşkil edilməsinə görə Allaha dərindən təşəkkür etdi: “Elit gənclərin işıqlandırdıqları məsələlər çox yaxşı, təklifləri düzgün və əsasən, əməli idi. Bütün bunlar problemlərin çoxunun idarəetmə ilə bağlı olduğunu göstərdiıər. Deməli, həll yolları mövcuddur”.

O, toplantıda iştirak edən nazirlərə elit gənclərin Nazirlər Kabinetinə göndərdikləri təkliflərə baxmalarını göstəriş verdi: “Elit gənclərə böyük mill sərvət kimi lütfkarlıq göstərmək, bu təyinedici sərvəti qorumaq və onun artmasına ciddi cəhdlə çalışmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei elmi elitanın və universitetin ölkənin mühüm sütunlarından olduğunu dedi: “Universitet hər nə qədər tətil etsə, elmi fəaliyyət prosesi pozulsa və bu istiqamətdə qüsur yaransa, düşmən üçün bir o qədər qənimət sayılar. Bu səbəbdən də təkcə dünən və bu gün yox, ayrı-ayrı dövrlərdə universitetlərin fəaliyyətlərinin dayanmasına çalışmışlar”.

İnqilabın Rəhbəri habelə, universitetin imperializmin hegemoniyasının ən böyük maneələrindən olduğunu qeyd etdi: “Dünyanın boynuyoğun gücləri başqaları üzərində hökmranlıq etmək və xalqları inkişafdan saxlamaq üçün silah, aldatma, hətta elmdən istifadə edirlər. Buna görə də ölkənin elmi səviyyəsini artıran bir universitet, həqiqətən, düşmənin hegemonluğuna mane olur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, təbii istedad və güclü zəka, qətiyyət, səy və əzmkarlıq, ilahi hidayət və uğur zəkalı bir fərdi elit və seçkin bir şəxsə çevrən əsas ünsürlərdəndir: “Təbii ki, əlverişli şəraitin olması qeyd edilən prosesin nəticə verməsinin mühüm amilidir”.

O, İslam İnqilabının qələbəsi ilə elit və seçkin insanların yetişməsinə zəmin yaranmasının qəti və şübhəsiz bir reallıq olduğunu dedi: “İnqilabdan sonra ölkənin ucqar nöqtələrindəki universitetlərin inkişafı, tələbələr və universitet müəllimlərinin sayının heyrətamiz şəkildə artması, tədqiqat və düşüncə mərkəzlərinin yaradılması ilə elmin inkişafı və elit insanların yetişməsinə zəmin yarandı. İslam Respublikasının hədəfi - onun universitetin inkişaf etdirilməsi və elmi gücün artırılması məqsədi Allahın lütfü ilə gerçəkləşmişdir”.

İnqilabın Rəhbəri vurğuladı ki, universitetlərimiz ölkənin qərblilərə möhtac olmasına imkan vermədi: “Akademik elitamız heç bir mübaliğəsiz İranın reputasiyasının yüksək olmasına səbəb oldu; alimlərimizin bütün sahələrdə yetişməsi və mərkəzləşməsi dünyanın elmi assambleyalarını heyran etdi. Buna görə də başqaları, həm də özünüz öz qədrinizi bilməlisiniz. Sizin qədrinizin bilinməsinə mənim çox ehtiyacım var”.

O, ölkənin alimləri və elit şəxslərinin uğurlarının cüzi bir hissəsinə aydınlıq gətirərək Royan Tədqiqatlar İnstitunun kök hüceyrələr və canlı heyvanın simulyasiyası sahəsində apardıqları tədqiqatlar və əldə etdikləri nailiyyətlərə, biokimya sahəsində əldə edilən inkişafa, kosmosa peyk buraxılması, nüvə sənayesi sahəsində əldə edilən əsaslı nailiyyətlərə, mürəkkəb vaksinlərin, o cümlədən korona vaksininin istehsalına, raket və dron sənayesi sahəsində əldə edilmiş heyrətamiz nailiyyətlərə toxundu.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, istedadları və elmlərindən atom bombası, kimyəvi silah və ya casusluq vasitələrinin düzəldilməsi istiqamətində istifadə edən zəkalı insanlar elit deyillər: “Elit ilahi hidayətdən bəhrələnən istedadlı və zəhmətkeş insandır”.

O, çıxışının davamında elit insanlardan nələrin gözləndiyi mövzusuna toxundu: “Elit şəxsdən öz şəxsi potensialını milli potensiala çevirməsi, bacarıqlarını ölkənin problemlərinin həlli istiqamətinə yönəltməsi gözlənilir”.

İslam İnqilabının Rəhbəri İranda inkişaf edib bu ikişafın səmərəsini xaricə daşıyan, bəzən də düşmənin bolt və qaykasına çevrilərək öz potensialını onun ixtiyarına verən bəzi elit şəxslərdən gileylənərək dedi: “Elit şəxs öz xalqının yanında qalmalıdır. Təbii ki, mühacirət edib daha üstün universitetlərdə təhsil almağın problemi yoxdur. Amma təhsilini başa vurduqdan sonra ölkəyə qayıdıb öz bacarıqlarını ölkənin inkişafı üçün sərf etməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Elitlərimiz öz vicdanları və Rəbləri qarşısında bu problemi həll etməlidirlər”.

O, qeyd etdi ki, elit şəxslərdən bir də qəflətə düşməmələri təvəqqe olunur: “Elit şəxslərin səy və fəaliyyətlərinin dayanmaması, habelə ziyanlı məşğuliyyətlərin əsirinə çevrilməmələri üçün öz bacarıqlarından qəflətdə olmamaları lazımdır”.

İslam İnqilabının Rəhbəri ölkənin böyük və geniş potensiallarını diqqətdən kənarda saxlamamağı elit şəxslərin vacib vəzifələrindən olduğunu dedi: “Təəssüflər olsun ki, elit şəxslərin çoxunun ölkənin geniş potensiallarından xəbərləri yoxdur. Prezidentin elmi məsələlər üzrə müavininin üzərinə düşən mühüm işlərdən biri gənc elitləri potensiallarla tanış etməkdir. Bu sahədə böyük işlər görülməkddir”.

Həzrət Ayətullah Xamenei dedi: “Bəziləri, hətta ölkənin böyük potensiallarının olduğunu da inkar edir, nüvə sənayesi kimi potensialın ortadan qaldırılmasını istəyir və yalandan müasir dünyanın nüvə enerjisindən üz çevirdiyini deyirlər”.

O vurğuladı: “Əgər biz nüvə sənayesinə başladığımız vaxt başlamasaydıq, 10 ildən sonra bu məsələyə başlayacaq və 30 ildən sonra nəticə alacaqdıq”.

İslam İnqilabının Rəhbəri düşmənin diqqətdən kənarda qalmasının elit şəxslərin qarşısında duran təhlükələrdən olduğunu dedi: “Etibarlı məlumatlara əsasən, casus şəbəkələri elit şəxsləri aldadıb cəlb etməkdən və ya düşüncələrini bulandırmaqdan ötürü elmi mərkəzlər örtüyünə bürünüb elit şəxsləri dəvət edir və planlarını həyata keçirə bilmək üçün özlərini də çox ədəbli və ağıllı aparırlar”.

O, elit şəxslərə görə aidiyyatı qurumlardan da gözləntilərin olduğunu bildirdi: “Bir sözlə, aidiyyatı qurumlardan elit şəxsləri müxtəlif cəhətlərə əsasən rasional və ağıllı şəkildə himayə etmələri gözlənilir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu dəstəklərdən biri budur ki, ölkə daxilində təhsil almış və ya xaricdən gəlmiş elit şəxslər öz təhsil aldıqları sahəyə uyğun işlə məşğul olsunlar, habelə tədqiqat aparmaq və dünyanın elmi mərkəzləri ilə əlaqə yaratmaq imkanına malik olsunlar. Bu, böyük bir təvəqqe deyil”.

Həzrət Ayətullah Xamenei xaricdən dönmüş elit şəxslərin yenidən mühacirət etməsinə işarə edərək məsul şəxslərə səsləndi: “Elit şəxslərin bəzi daşqalaqlar və ya uyğunsuz münasibətlər vasitəsilə ölkədəki universitetdən və fəaliyyətini davam etdirməkdən məyus olmasına imkan verməməliyik. Bu sahədə hər nə xərcləsək, xərc yox sərmayədir”.

İslam İnqilabının Rəhbəri universitet müəllimləri və elit şəxslərin qiymətləndirilməsi parametrinə düzəliş edilməsinin vacibliyini vuruğuladı: “Hal-hazırda dosentlərin və elit şəxslərin qiymətləndirmə parametri məqalələrin sayına əsaslanır. Halbuki yüksəliş parametri hər hansı problemin həlli məsələsi təyin edilməlidir”.

Həzrət Ayətullah Xamenei çıxışının son hissəsində problemlərin düzgün təhlili, baxış üfüqünün düzəldilməsi və onun əsasında hərəkət edilməsi məsələsini ehtiva edən əsaslı bir mövzu haqqında danışdı.

O, İnqilabın qələbəsinin ilk günündən bu günə qədər qərblilərin İslam Respublikasının dağılacağı ilə bağlı dayanmadan apardıqları təbliğatlara işarə edərək dedi: “Onlar bu iddiaları üçün zaman da təyin etmişdilər. Hər dəfə deyirdilər ki, bir aydan sonra, bir ildən sonra və ya beş ildən sonra İslam Respublikasının sonudur. Bir qrup insan da ölkə daxilində qəflət və ya bədxahlıqları üzündən bu iddiaları yayırdılar”.

İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) həyatda olduğu vaxt qəzetlərdən birinin “Dövlət süqut etməkdədir” manşetinə, İmamın da ona verdiyi: “Siz özünüz tənəzzülə uğramaqdasınız; dövlət möhkəm və qətiyyətlə dayanıb” məzmunlu sərt cavabına işarə edərək dedi: “İmamın vəfatından sonra 1369-cu ildə aralarında nüfuzlu və dərrakəli insanların da olduğu bir qrup şəxs bir elanda dövlətin uçurumun kənarında olduğunu dedi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Biz təslim olmadıq, dayandıq, inşallah, belə də dayanacağıq”.

O bu sahədə iki analitik sisteminin olmasına işarə edərək dedi: “Bir analitik sistem hesab edir ki, dünyanı əhatə edən qanunlar və bu qanunlardan qaynaqlanan ABŞ kimi güclər qarşısında dayanmaq fadasızdır və məhvə səbəb olur. Bu adamlar dünyanın gerçəklərinin digər təhlilini xülya hesab edirlər”.

İslam İnqilabının Rəhbəri dedi: “İkinci və gerçək təhlil bütün gerçəkləri, pis gerçəkləri yaxşı gerçəklərlə birlikdə görüb bu əsasla hərəkət edirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Zəif nöqtələri əsla inkar etmirik. Bu barədə hamıdan çox biz ramazan iclaslarında və xüsusi toplantılarda dövlət rəhbərliyinə xəbərdarlıq etmiş və geri olduğumuzu dəfələrlə qeyd etmişik”.

İnqilabın Rəhbəri dedi: “Reallıq ondan ibarətdir ki, İslam Respublikası karvanın sonundan başladığı sürətli hərəkətə davam edərək bu gün karvanın ön sırasına yaxınlaşmışdır”.

O, ölkənin elm və müxtəlif idarəetmə sahələrindəki parlaq nailiyyətlərinə işarə edərək dedi: “Zəif cəhətlər var. Bəzi məsul şəxslər və hökumətlər səhlənkarlıqlara yol veriblər, amma ümumi hərəkət inkişafa doğrudur”.

Həzrət Ayətullah Xamenei bildirdi: “Baxın, 40 ya 20 il əvvəl İslam Respublikası harada idi, bu gün haradadır. Bu müqayisə ilə hansı təhlilin – qərbyönümlü, yoxsa İnqilab təhlilinin real olduğunu anlamaq olar”.

O, motivasiyalı gənclərin və elit şəxslərin İnqilabın irəliyə doğru möhkəm hərəkətinin ən böyük əlamətlərindən olduğunu dedi: “İnqilabdan, 40 illik intensiv düşmənçiliklər və mənfi təbliğatlardan sonra iş və fəaliyyətlə ciddi məşğul olan, bu yola bağlı çoxlu sayda elit insanın olması İnqilabın dünya və inkişafın düzgün istiqaməti ilə bağlı təhlilinin düzgünlüyünə ən yaxşı dəlildir”.

Görüşün əvvəlində çıxış edən gənc elitlərdən 7 nəfəri öz görüş və konsepsiyalarını təqdim etdilər. Həmin çıxışçılar aşağıdakılardır:

- Şərif Universitetinin Texnologiya ixtisası üzrə post-doktorantı Əmir Məhəmmədzadə Lacvərdi;

- Elitlər Milli Fondunun Şəhid Əhmədi Roşən layihəsinin seçilmiş nümayəndəsi və mədən sahəsi üzrə fəal Həmid Məcid;

- Həkimlik ixtisası üzrə konkursun 65-ci yerinin sahibi, Elitlər Milli Fondunun üzvü Cavad Şəmsəddin;

- Tərbeyət Modərres Universitetinin Nəqliyyat ixtisası üzrə doktorantı Məhəmməd Təmənnayi;

- Parlaq İstedadlar Təşkilatının üzvü, Şəhid Əhməd Roşən layihəsinin seçilən nümayəndəsi Zəhra Ehtişam;

- Tehran Universitetinin Aerokosmik Mühəndislik ixtisası üzrə doktorantı Seyid Məhəmmədnəvid Qureyşi;

- Şərif Sənaye Universitetinin NATO texnologiyası ixtisası üzrə doktorantı Vəhid Zərğəmi.

Çıxışçıların təqdim etdikləri mövzular:

- Kəşfiyyat infrastrukturları sahəsində dəyişiklik aparılmasının vacibliyi və ekoloji narahatlıqların nəzərə alınaraq, özal sektordan da istifadə edərək mədənlərdən faydalanma;

- Daxili istehsalı olmayan, amma istehsalın ehtiyac duyduğu ağır tonajlı maşınların və texnikanın idxalat taariflərinin azaldılması;

- Lazım olan infrastruktur hazırlığı olmadan tibb sahəsi üzrə tələbələrin cəlb edilməsi potensialının qəfildən artırılmasının tənqidi;

- Nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi və İranın regional nəqliyyat qütbünə çvrilməsi məqsədilə strateji nəqliyyat və daşınma şəbəkəsinin təşkil edilməsinin təklifi;

- Ali təhsilin inkişaf etdirilməsi məsələsi ilə ölkənin problemlərinin həlli arasında korrelyasiya yaradılması zərurəti;

- Kosmik proqrmaların islahatının zərurliyi, xüsusilə milli miqyasda maliyyə dəstəsi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi;

- Tələb və bazara malik sahələrdə elm əsaslı şirkətlərin inkişaf etdirilməsi və xalq üçün faydalı olan investisiyaların cəlb edilməsi siyasətinin zərurliyi.

Bu görüşün əvvəlində çıxış edən Prezident Aparatının Elmi və Texnoloji Məsələlər üzrə İdarəsinin rəisi doktor Dehqan Firuzabadi ölkədəki elmi hərəkatın İslam İnqilabının Rəhbərinin ciddi nəzarəti və diskurslaşdırma yaratmasının məhsulu olduğunu dedi. O, dəyər zəncirinin gücləndirilməsi məqsədilə elm əsaslı sənayenin inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi: “İstehsal sıçrayışı qanunu əsasında elm əsaslı sənayenin yaradılıb diri saxlanması, elm əsaslı şəbəkələrlə əməkdaşlıq, texnoloji təminatı olan daxili istehsala dəstək və qeyri-zəruri idxalatın qarşısının alınması hökumətin fəaliyyət proqramına daxildir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /