İslam İnqilabının Rəhbəri bu gün rəbiül-əvvəl ayının 17-si İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlud ildönümü günü dövlət rəhbərləri və Vəhdət Konfransında iştirak etmiş xarici qonaqların bir qrupu ilə görüşdə qeyd etdi ki, İslam ümmətinin yeni güc həndəsəsində aparıcı rol oynaması və yüksək dərəcəyə nail olması üçün vəhdət və birliyə böyük ehtiyacı var. O, bu mühüm amilin gerçəkləşməsində İslam dünyasının müdrik şəxsiyyətlərinin, parlaq simalarının və ayıq gənclərinin çox mühüm rola malik olduğunu qeyd etdi: “İslami vəhdət və yeni dünyada efektiv təsirə malik olmaq mümkündür. Amma bir şərtlə ki, çətinliklər və təzyiqlər qarşısında müqavimət göstərmək və əməli şəkildə çalışmaq lazımdır. Bunun ən bariz nümunəsi qüdrətlər qaşısında təslim olmayıb müqavimət göstərən, artıq kökündən qoparılıb çıxarılması, hətta təsəvvür belə edilməyəcək iri gövdəli ağaca çevrilmiş İslam Respublikası sistemidir”.
İslam İnqilabının Rəhbəri bu görüşdə hər kəsi əzəmətli Peyğəmbərin (s) və İmam Sadiqin (ə) əziz mövludu günü münasibətilə təbrik etdikdən sonra İslam Peyğəmbərinin (s) özünəməxsus bir şəxsiyyətə malik olduğunu vurğulayaraq bu özünəməxsusluğun ən yüksək zirvəsinin o cənabın peyğəmbərliyə seçilməsi olduğunu dedi: “İslam Peyğəmbərinin (s) mövlud gününü bayram etmək İslam ümmətinin o cənabdan dərs alması və gözəl bir nümunə kimi onu özünə nümunə təyin etməsi üçün bir fürsət olmalıdır”.
Həzrət Ayətullah Xamenei İslam ümmətinin əziyyət və çətinliklərinin Peyğəmbərin (s) narahatlığına, müsəlmanların düşmənlərinin sevinc və şadlığına səbəb olduğunu ifadə edən Quran ayələrinə işarə edərək İslam ümmətinin müasir dünyada qarşılaşdığı çətinliklərin səbəbinin təhlil və izahını verdi: “İslam dünyasının problem və çətinliklərinin müxtəlif səbəbləri var. Amma onların ən mühümlərindən biri müsəlmanlar arasındakı təfriqə və ayrılıqdır”.
O, zillət və izzətdən uzaq düşməyin təfriqə və ayrılığın qaçılmaz nəticəsi olduğunu dedi: “İslam dünyasının parlaq simaları və nüfuzlu şəxsiyyətlərinin vəzifəsi müsəlmanların vəhdəti və birliyi istiqamətində əməli yollar axtarıb tapmaq və zəminlər hazırlanması məsələsi üzərində təmərküzləşməkdir. Çünki əks tərəfdə dayanmış düşmən regionda və Fələstin torpağında qondarma sionist rejimi adlı bir xərçəng hüceyrəsi yaradıb xəbis, cinayətkar, qatil və qəddar sionistləri oraya yerləşdirərək müsəlmanlar və İslam ölkələri arasında daha çox ixtiaf yaratmağa çalışır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bəzi İslam ölkələrinin sionist rejimlə əlaqələri adiləşdirməsi xəyanətlərin ən böyüyüdür: “Bəziləri deyə bilərlər ki, bəzi İslam ölkələrinin rəhbərlərinin mövcudluğu ilə hazırkı şəraitdə vəhdəti gerçəkləşdirmək mümkün deyil. Halbuki İslam dünyasının ziyalıları, alimləri, müdrik və nüfuzlu şəxsiyyətləri vəziyyəti düşmənin istəmədiyi bir şəkilə sala bilərlər. Belə olan surətdə vəhdətin gerçəkləşməsi daha asan olacaq”.
Həzrət Ayətullah Xamenei: “Vəhdət deyilərkən nə nəzərdə tutulur?” – deyə bir sual ünvanlayaraq belə qeyd etdi: “İslam dünyasında vəhdət deyilərkən irqi və coğrafi vəhdət yox, İslam ümmətinin mənafeyinin qorunması istiqamətində gerçəkləşdirilən vəhdət nəzərdə tutulur”.
O əlavə etdi: “İslam ümmətinin mənafeyinin düzgün başa düşülməsi, müsəlmanların kiminlə və necə dostluq və düşmənlik etmələrini bilmələri, imperializm qarşısında birlikdə fəaliyyətə nail olmaları vəhdətin gerçəkləşdirilməsi üçün çox mühümdür”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, birgə fəaliyyətdə ən mühüm və əsas nüans dünyanın siyasi həndəsəsinin dəyişdirilməsi ilə bağlı ortaq dərkə nail olmaqdır: “Dünyanın siyasi xəritəsi dəyişməkdədir və təkqütblü sistem rədd edilməkdədir. Qlobal imperializmin hökmranlığı da günü-gündən öz qanuniliyini itirməkdədir. Buna görə də yeni bir dünya formalaşmaqdadır. Mühüm sual budur ki, İslam dünyası və İslam ümmətinin bu yeni dünyadakı yeri haradadır?”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Belə bir şəraitdə İslam ümməti yüksək mövqeyə malik ola, yeni dünyada nümunə və öndər ola bilər; bir şərtlə ki, söz birliyinə nail olub özünü təfriqədən, Amerika, sionistlər və böyük kompaniyaların vəsvəsələrindən xilas etsin”.
O, “Müsəlmanların söz birliyi və dəyişməkdə olan dünyada yüksək mövqeyə malik olmaq mümkündürmü?” – deyə bir sual irəli sürərək dedi: “Bəli, müsəlman xalqların vəhdəti mümkündür. Amma təzyiqlər və çətinliklərə qarşı müqavimət göstərməyə, səy və əməli fəaliyyətə ehtiyac var”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu sahədə ən böyük ümid İslam dünyasının nüfuzlu şəxsiyyətlərinə və ayıq gənclərinə, onların ictimai rəyin istiqamətləndirilməsində oynayacaqları roladır: “Təsirin gerçəkləşməsinin mümkünlüyünün bir nümunəsi İran İslam Respublikasıdır. Kiçik bir fidan İmam Xomeyninin (r.ə) rəhbərliyi o dövrün iki böyük qüdrətinin qarşısında dayandı. Həmin fidan hal-hazırda elə bir iri gövdəli ağaca çevrilib ki, kimsə qələt eləyər onu kökündə qazıb çıxarmaq fikrinə düşər”.
O əlavə etdi: “Biz dayandıq və irəlilədik. Təbii ki, müqavimətin də bütün digər işlər kimi çətinlikləri var. Məsələ burasındadır ki, təslim olanlar da çətinliyə düşməli olurlar. Aralarındakı fərq bunandır ki, müqavimət inkişafa, təslimçilik isə geriləməyə səbəb olur”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslami vəhdətin gerçəkləşməsi üçün məzhəb ixtilaflarının münaqişə və qarşıdurmaya çevrilməsinin qarşısını almaq lazımdır: “Əslində, İslamın özünə qarşı olan ABŞ və ingilis siyasətçiləri öz toplantılarında şiə və sünni məsələsini müzakirə edirlər. Bu isə çox təhlükəlidir”.
O özünün daha əvvəllər qeyd etdiyi “ingilis şiəsi” və “amerikan sünnisi” ifadələrini xatırladaraq bəzilərinin bu ifadələri təhrif etməyə çalışdıqlarını dedi: “İngilis şiəsi və amerikan sünnisi deyilərkən istənilən ölkədə və hər məqamda İŞİD kimi düşmənə xidmət edən qarşıdurma, təfriqə və təkfirçilik yaradan şəxs nəzərdə tutulur”.
İslam İnqilabının Rəhbəri İŞİD-in İraq və Suriyada törətdiyi cinayətlərdən, xüsusilə Əfqanıstanda məktəblilərin qətlə yetirilməsindən təəssüfləndiyini dedi: “Həm şiə, həm də sünni tərəfdə sünniliyə və şiəliyə aidiyyatı olmayan radikallar var. Bu radikallar əsl məzhəblərin ittiham edilməsinə zəmin olmamalıdırlar. Bir məzhəbin tərəfdarı kimi çıxış edərək digər tərəfin hislərinə toxunan adamlara ciddi reaksiyalar göstərilməlidir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Fələstin və İslam dünyasının digər nöqtələrində mövcud olan çətinliklər, hər gün artmaqda olan təzyiqlər və qırğınlar İslam ümmətindəki təfriqələrin nəticəsidir. O, müsəlmanlar arasında çoxlu sayda ortaq nöqtələrin olduğuna işarə edərək dedi: “İran İslam Respublikası indiyə qədər İslami vəhdətin əməli şəkildə gerçəkləşməsi üçün əlindən gələni etmişdir. Bunun ən bariz nümunəsi Fələstindəki əhli-sünnə qardaşlara hərtərəfli dəstək verilməsidir. Bu dəstək bundan sonra da var gücü ilə davam etdiriləcək”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam dünyasında formalaşan müqavimət cəbhəsinə İslam Respublikası tərəfindən dəstək verilir: “Biz Allahın lütfü və yardımına inanırıq və böyük İslami vəhdət arzusunun əməli şəkildə gerçəkləşəcəyinə ümidvarıq”.
Görüşün əvvəlində çıxış edən ölkə başçısı əzəmətli Peyğəmbərin (s) bəşəriyyəti ədalətə, rasionallığa, mənəviyyata və ilahi etikaya dəvət edən ən böyük dəvətçi olduğunu dedi. O qeyd etdi ki, peyğəmbər hərəkatının düşmənləri Peyğəmbərin (s) şəxsi, şəxsiyyəti və dəvətini terror etmək üçün çox səylər göstərirlər: “Bu gün də anti-İslam cəbhəsinin sıralarında yer alanlar Peyğəmbərin (s) ardıcıllarına qarşı mədəni və iqtisadi terror kontekstində çox səylər göstərirlər. Amma keçmişdə peyğəmbərin hərəkatının dünyaya yayılmasına mane ola bilmədikləri kimi, bu gün də Peyğəmbərin (s) dəyərlərinə bağlı olan xalqı dayandıra bilməyəcəklər”.
Höccətül-İslam vəl-müslimin Rəisi düşmənin İran xalqına kin bəsləməsinin səbəbinin gözqamaşdıran hərətərfli nailiyyətlər olduğunu dedi: “Nyu-Yorka son səfərimdə BMT-nin baş katibi bizimlə xüsusi görüşündə üzr istəyərək dedi: “Göstərdiyimiz səylərə baxmayaraq, korona məsələsində İrana qarşı tətbiq edilən sanksiyaları ortadan qaldıra bilmədik”. Ona: “İran xalqı həmişə təhdid və sanksiyanı fürsətə çevirmişdir. Korona məsələsində də altı vaksin istehsal edən mərkəzi fəallaşdırmaqla ixracatçıya çevrildik. Bu gün sözügedən xəstəliklə mübarizədə dünyanın ən qabaqcıl dövlətlərindənik”, - deyə cavab verdim”.
Prezident elmi və iqtisadi inkişaf, inflyasiyanın azalması, ölkəmizin beynəlxalq və ticari əməkdaşlıqlarının artması ilə bağlı statistikalara işarə edərək, xüsusilə islahatların icrasında hökumətə kömək etdiyi üçün xalqa səmimi qəlbdən təşəkkür etdi: “İran düşmənləri son iğtişaşlarda da ölkə üçün problem yaratmaq istəyində idilər. Amma xalq keçmişdə olduğu kimi səbr və dözümlə onların arzularını ürəklərində qoydu”.
Höccətül-İslam vəl-müslimin Rəisi həqiqətlərin gizlədilməsi və modern cahiliyyətin genişlənməsinin İslam dünyasının pisliyini istəyən bədxaharın müasir hiylələrindən olduğunu dedi: “Bu hiylə ilə mübarizənin yolu İslami vəhdət və təfriqədən qorunmaq istiqamətində ayıqlığın artırılmasıdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir