Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İdmançıların dini məsələlərə bağlılığı böyük mənəvi təsirə malikdir

İslam İnqilabının Rəhbərinin “Şəhid idmançılar konqresi”nin təşkilatçıları və şəhid idmançıların analarından bir qrupu ilə 20 sentyabr 2022-ci il tarixli görüşü zamanı etdiyi çıxış bu gün səhər Tehranda sözügedən konfransın keçirildiyi məkanda yayımlandı.

Həzrət Ayətullah Xamenei Quranda şəhidlərin ölməzliyi məsələsinin açıq şəkildə vurğulandığına işarə edərək dedi: “Şəhidlər imanlı cəmiyyətə ürək-dirək verir, çətinliklərinin olmasına baxmayaraq, Allah yolunda cihadın çox gözəl aqibətə malik olmasının, qorxu və qəm-qüssə ilə müşayiət olunmamasının müjdəsini verir”.

O bu ümidverici müjdənin hərəkət və inkişafa səbəb olduğunu dedi: “İslam İnqilabı Allah yolunda cihad və şəhadət üçün ümumi cazibənin yaranmasına səbəb oldu və 5 mindən çox şəhid idmançının olması bu effektiv və hərtərəfli cazibənin böyük əlamətlərindəndir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, hazırkı idman mühiti şəhid idmançıların mənəviyyatının bəhrəsidir. Ali Rəhbər ölkəmizin idmançılarının sədaqəti və dindarlıqlarının ayrı-ayrı yönlərindən xəbər verən nümunələri sadalayaraq dedi: “İdmançı xanımın qaliblər kürsüsünə İslam hicabı ilə qalxması, yad kişi ilə əl görüşməməsi, qəhrəmanlıq medallarının şəhid ailələrinə hədiyyə edilməsi, qələbə çaldıqdan sonra alını yerə qoyub imamların adını çəkmək, idmançılar heyətinin Ərbəin ziyarətinə yollanması bu gün fəsad və günah dolu maddi dünyanın heyrətamiz və bənzərsiz hadisələrindəndir. İran xalqının ruhu və əxlaqının dərinliklərini görmək üçün bu nüanslara diqqət yetirmək lazımdır”.

O, mənəviyyatın müxtəlif sosial siniflərə inyeksiya edilməsində parlaq simaların, o cümlədən adlı-sanlı idmançıların rol oynadığına işarə edərək dedi: “İdmançılar və idman sahəsinin administrativ heyətinin dini məsələlərə bağlılığı və onların meydanlardakı mücahid iştirakının istedadlı şəxslərə böyük təsiri vardır”.

Həzrət Ayətullah Xamenei ümumi idmanın fiziki sağlamlıq və yüksək əhval-ruhiyyəyə səbəb olduğunu, hər kəs üçün lazım və vacib bir məsələ olduğunu vurğuladı: “Peşəkar idman və qəhrəmanlığın da əhəmiyyəti böyükdür. Çünki insanların idmana həvəs göstərməsinə, həm də milli qürurumuza səbəb olur. Yarışda qalibiyyət bütün xalqın sevincinə və qürur duymasına səbəb olur. Bu səbəbdən də həmişə pəhləvanlara təşəkkür edir və onları təbrik edirəm”.

O, idmanda qazanılan qələbənin dəyər qələbəsi ilə müşayiət edilməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “Bizim idmançılarımız sionist rejimin göndərdiyi idmançılarla yaraşmaqdan imtina etdikləri üçün medaldan məhrum olurlar. Amma bu özü, əslində, bir qələbədir. Çünki yarışmaq qəsbkar, cəllad, uşaq qatili olan bir rejimi rəsmən tanımaq, heç bir dəyəri olmayan zahiri və texniki qələbə xatirinə əxlaqi qələbəni ayaqlar altına atıb tapdalamaq deməkdir”.

O bildirdi ki, Ukrayna müharibəsindən sonra tətbiq edilən idman sanksiyaları imperialistlər və onların əlaltılarının siyasətin idmana heç bir qarışacağının olmaması ilə bağlı iddialarının öz qüvvəsini itirməsinə səbəb oldu: “Bu hadisə göstərdi ki, maraqları tələb etdikdə qərblilər öz qırmızı xətlərini asanlıqla tapdalayrılar”.

Həzrət Ayətullah Xamenei idmançılara yarış meydanı daxilində və xaricində öz davranışlarına diqqət yetirməklə özlərinin, xalqın və dövlətin şərəfini və heysiyyətini qorumağı tövsiyə etdi: “Keçmişdə bizim idman mühitimizi həmişə Allahın və məsum imamların adları, dini və əxlaqi məzmunlar bəzəyirdi. Amma qərblilər yeni idman növləri ilə öz mədəniyyətlərini də idman sahəsinə sirayət etdirməyə çalışdılar. Yeni idman növlərinə yiyələnərkən və bu sahədə inkişafa nail olarkən öz mədəniyyətimizi qalib etməli, idmanın qərb mədəniyyətinin sirayəti üçün bir körpüyə çevrilməsinə imkan verməməliyik”.

İnqilabın Rəhbəri habelə Müqəddəs Müdafiə dövründə İlam əyalətində bir futbol meydançasının bombalanması nəticəsində idmançılar və tamaşaçıların bir hissəsinin şəhadətə yetməsindən bəhs edən “Qırmızı düzbucaqlı” adlı filmin yaradıcı heyətinə təşəkkürünü bildirərək vurğuladı: “Həqiqətlərin incəsənət nümunələri vasitəsilə çatdırılması güclü şəkildə həyata keçirilməsi lazım olan bir işdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /